Tarixi eksponatlara yeni həyat bəxş edən bərpaçı

 

 “Əvvəl əşya haqqında məlumatı toplayıram, sonra o dövrün təsiri altında işləyirəm”

 

 Hər  bir ölkənin  milli mədəniyyəti, tarixi, adət-ənənəsi onun  ən dəyərli sərvətidir. Bu sərvəti qoruyub saxlamaqda muzeylər və belə demək olarsa çətin və məsuliyyətli peşənin sahibləri olan bərpaçıların üzərinə böyük düşür.  Bizdə xeyli müddətdir ki, tarixi eksponatları bərpa edərək yaşadan,  Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçısı  İlhamə Rəhimova ilə həmsöhbət olduq.

Bərpa konservasiyanın  çətin, eyni zamanda  zövqlü bir olduğunu deyən bərpaçı qeyd etdi ki,  yeddi ildir ki, Milli Azərbaycan Tarixi Muzeyində etnoqrafik parçaların bərpası ilə məşğuldur:” Bu işə Nailə xanımın mərhum Ətiqə xanımın xeyir-duası, məsləhəti ilə başlamışam. Hər hansı əşyanı bərpa etməzdən əvvəl onun haqqında əsas məlumatı toplayır, hansısa bilgiyə sahib olduqdan sonra bir növ o dövrün təsiri altında işə başlayıram”.

Bərpa etdiyi ilk eksponatdan danışan  bərpaçı bunları söylədi:” Bərpa etdiyim ilk geyim İrəvan xanlığında istifadə olunmuş moruğu rəngli tumandır. Uzunluğu 96 sm, eni 90 sm olan tumanın beli, ətəyi süzülmüş və cırılmışdı. Tumanın əvvəlki və bərpadan sonrakı vəziyyəti arasındakı fərq  aydın görünür. Tumanın bərpası dörd aya başa gəlib”.

Rəqsanə xanımla birlikdə bərpa konservasiya etdiyim ikinci eksponat Muzeyə yeni alınmış mahud parçadan təkəlduz tikmədir. Uzunluğu 4 metr, eni 3 metr olan tikmənin konservasiyası üç ay müddətinə başa çatıb”- deyən İ. Rəhimova bildirdi ki,  tikmənin üzərindəki irili-xırdalı 33 ədəd (güvə yemiş) deşik uyğun şəkildə tikilib əvvəlki vəziyyətinə qaytarılıb. Konservasiya prosesində tikmənin arxa hissəsinə bez parça çəkilməsi də daxil idi. Həmin tikmə hal-hazırda ekspozisiyada nümayiş etdirilir.

 XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan məxmər yəhərüstü üzərində bərpa işlərini davam etdirdiyini deyən bərpaçı dedi  ki, yəhərüstünün çox hissəsi süzülüb, piləklərinin sapları çürüdüyünə görə 50-60 %-i tökülüb:” Piləklərin bərkidilməsi çox vaxt apardığına görə işimi iki hissəyə bölmüşəm. Monitorda ilk başladığım və hal-hazırda başa çatdırdığım hissəni görürsünüz. Bərpa zamanı sökülmüş astar təmizlənəndə müəyyən qədər at tükü aşkara çıxarıldı”.

Sonda isə bildirdi ki, bundan sonra da  konservasiya bərpa işlərini  mütəmadi olaraq davam etdirəcək:” Bu işlərin daha səmərəli görülməsi üçün beynəlxalq təcrübəni öyrənməyə ehtiyac vardır. Xüsusilə zəngin etnoqrafik parçaların bərpa edildiyi Türkiyə bərpa mərkəzlərində təcrübə keçmək istədiyimizi qeyd etmək istəyirəm. Bu, dil problemini də bizə hiss etdirməz.

Onu da qeyd edim ki,  bir müddət əvvəl, ilk dəfə olaraq biz bərpa etdiyimiz eksponatların sərgisini keçirmişik. Bu, ölkə və muzey rəhbərliyinin bizə etimadının və gördüyümüz işə verilən qiymətin göstəricisidir”.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 4-6 sentyabr.- S. 16.