Milli azlıqlarla bağlı “Fərqli olsaq da, birlikdəyik” adlı layihə həyata keçirilib

 

Elnur Axundov: “Layihəmizin əsas məqsədi müxtəlif etnik qruplardan olan gənclərin bir-birini tanıyıb öz fikir və təşəbbüslərini bölüşməyə, liderlik bacarıqlarını inkişaf etdirməyə kömək etməkdir”

 

Bu gün Azərbaycan tolerant ölkə kimi dünyada tanınıb. Belə ki, ölkəmizdə müxtəlif dinlərə, adət-ənənələrə  mənsub olan etnik qruplar yaşayırlar. Hətta bu qruplara öz milli bayramlarını, mədəniyyətlərini  s. təqdim etmək üçün imkanlar da  yaradılır. Milli azlıqlarla bağlı  festival  bir sıra qeyri hökumət təşkilatları tərəfindən tədbirlər, təlimlər həyata keçirilir. Bir  müddət əvvəl Gənclər üçün Təhsil Mərkəzi də Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fərqli olsaq da, birlikdəyik” adlı layihəsi çərçivəsində ölkəmizin müxtəlif regionlarında yaşayan  milli azlıqlar üçün təlim proqramı həyata keçirib. Bu haqda ətraflı məlumat əldə etmək üçün Gənclər üçün Təhsil Mərkəzinin  direktor müavini Elnur Axundovla həmsöhbət olduq. O, ilk olaraq Mərkəzin yaradılması  əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi.

“Gənclər üçün Təhsil Mərkəzi yarandığı vaxtdan bu günədək gənclər və təhsil sahəsində 500-dən çox proqram və layihə həyata keçirib”

-Gənclər üçün Təhsil Mərkəzi 2000-ci ilin dekabr ayında Bakı şəhərində təhsil alan bir qrup aktiv tələbə tərəfindən yaradılıb. Ümumiyyətlə, həmin dövrədək gənclərin təhsil problemləri ilə, eləcə də onların qeyri-formal təhsil prosesinə cəlb olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı mövcud deyildir. Bu baxımdan mərkəzin yaranması zəruri idi. Ümumiyyətlə, Gənclər üçün Təhsil Mərkəzi yarandığı vaxtdan bu günədək gənclər və təhsil sahəsində 500-dən çox proqram və layihə həyata keçirib. Təbii ki, bu layihələrin hər biri mövcud ehtiyaclar əsasında meydana gəlmiş və həmin ehtiyacların qarşılanması məqsədilə reallaşdırılıb.

İcra edilən layihələrin böyük əksəriyyəti gənclərin qeyri-formal təhsil imkanlarının genişləndirilməsinə, məşğulluq probleminin həllinə, beynəlxalq təcrübənin öyrənilməsinə, müxtəlif peşə kursları və asudə vaxt mərkəzlərinin yaradılmasına həsr edilib.

Belə ki, Mərkəzin ötən illərdə Sabirabad rayonunda yaratdığı Gənclər Klubu, Mingəçevir şəhərində yaratdığı Bələdiyyə Gənclər Mərkəzi, Füzuli rayonunda yaratdığı Uşaq Hüquqları Məktəbi, Şagird İnkişaf Komitəsi, Biləsuvar, İmişli və Beyləqan rayonlarında yaratdığı kompyuter mərkəzləri, Göygöl rayonunda bərpa etdirdiyi orta məktəb binası, Azərbaycan Təhsil Portalının yaradılması və s. qeyd etdiyim layihələrə misal ola bilər.

Bu gün də Mərkəz öz missiyasına uyğun olaraq gənclərin hüquqi, iqtisadi və sosial sahələrdə maarifləndirilməsi, dünya təcrübəsinin öyrənilməsi, ölkə gənclərinin intellektual potensialının artırılması və s. istiqamətlərdə layihələrini reallaşdırır.

- Necə oldu ki, mərkəziniz etnik azlıqlar üçün layihə həyata keçirməyi qərara aldı?

-Ümumiyyətlə, Mərkəzimiz hazırda ölkəmizin 30-dan çox regionunda müxtəlif proqram və layihələr keçirir, oradakı gənclərlə birbaşa ünsiyyətdə olur. Milli azlıqların icmalarından olan gənclərlə işləmək məsələsi də bu formada yaranıb. Belə ki, həmin gənclərin həm öz təşəbbüsü, həm də bizim Mərkəzin təşəbbüsü ilə etnik azlıq olan gənclərlə xüsusi layihələrin həyata keçirilməsinə qərar verdik.

Onu da qeyd etmək lazımdır ki, bu günə qədər çox az sayda qeyri-hökumət təşkilatı, xüsusilə də gənclər təşkilatı etnik azlıqlarla işləməyə üstünlük vermişdir.

- Sizin layihənin adı çox maralıdır “Fərqli olsaq da birlikdəyik” …. Bu layihə çərçivəsində keçirdiyiniz təlimlər nəticəsində etnik azlıqların gəncləri arasında hansı fərqləri gördünüz və birliyinizin nəticəsində nələrə nail oldunuz?

-Biz bu layihəyə qədər bir neçə dəfə etnik azlıq qruplarından olan gənclərlə müxtəlif layihələrdə bir araya gəlmişik. Həmin vaxtlarda apardığımız müşahidələr nəticəsində görmüşük ki, onlar həqiqətən də dillərində, mədəniyyətlərində, dünyagörüşlərində fərqli olsalar da, amma bizimlə birlikdədirlər. Buna görə də layihəmizin adı belə meydana gəlib. Həm də bu ad onlara stimul verib, onlarda birgə işləməyə, müxtəlif layihələrdə təmsil olunmağa həvəs verib.

İcra olunan layihəmiz çərçivəsində etnik azlıqların gəncləri arasında  xeyli fərqlilik hiss etmişik. Belə ki, onların dünyagörüşü, mədəniyyəti, yaşam tərzləri, dilləri və s. fərqlər ilk tanışlıqdan hiss olunur. Amma onlarla birbaşa işlədikcə fərqliliyin daha çox olduğu hiss edilir.

Bizim layihənin bir məqsədi də məhz etnik azlıqlardan olan gəncləri bir araya gətirmək idi. Bizim yaratdığımız bu birlik müxtəlif qruplardan olan gənclərin bir-birini tanımasına, ünsiyyətdə olmalarına, öz fikir və təşəbbüslərini bölüşməyə, liderlik bacarıqlarını inkişaf etdirməyə, yeni dostlar qazanmağa və s. kömək etdi.

“Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən, Qax və başqa rayonlarda yerli təlim proqramları həyata keçirilib”

- Bu təlimləriniz nə qədər müddət davam etdi və təlimlər əsas hansı istiqamətdə aparılırdı?

-Layihənin əsas hissəsini müxtəlif regionlardan olan etnik azlıqların Bakı şəhərində bir araya gəldiyi 1 həftəlik milli təlim proqramı oldu. 1 həftə davam edən bu təlimlərdə gənclərə liderlik, komanda işi, ehtiyacların qiymətləndirilməsi, şəbəkləşmə, layihələrin hazırlanması və idarəolunması, könüllülük işi və s. istiqamətlərdə praktiki biliklər verilmişdir.

Daha sonra isə bu təlimdə hazırlanmış təlimçilər vasitəsilə Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən, Qax və başqa rayonlarda yerli təlim proqramları həyata keçirilmişdir.

- Etnik azlıqlarla bağlı olan təlim proqramlarınız hansı regionları əhatə edirdi və onlardan neçə nəfər təmsil olunurdu?

Ümumiyyətlə, layihəmizin əsas hədəf qrupu respublika ərazisində yaşayan bütün etnik azlıq gəncləri idi. Lakin onların hamısının bu layihə haqqında məlumat alması bəlkə də mümkün olmamışdır. Amma biz maksimum dərəcədə çalışaraq əsas regionlar kimi Lənkəran, Astara, Masallı, Xaçmaz, Quba, Qusar, Şəki, Qəbələ, Balakən, Zaqatala, Qax, Oğuz və İsmayıllı rayonlarında yaşayan etnik azlıqlardan olan gəncləri əhatə edə bildik.

Layihəmizin müddəti və fəaliyyətlərinə uyğun olaraq biz adları çəkilən regionların hər birindən 60-70 gənclə işləyə bildik.

- Etnik azlıqların təmsilçiləri olan gəncləri bir araya gətirməkdə əsas məqsədiniz nə idi?

-Məqsədimiz etnik azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması idi. Biz bu məqsədə az da olsa nail ola bildik və bu işi başladıq. Ümid edirəm ki, tez bir zamanda yerlərdə bu işi davam etdirəcək gənclər təşkilatlarımız formalaşacaq.

“Etnik azlıqlardan olan gənclərin aktual sayıla biləcək problemi yoxdur”

- Bu təlimlər çərçivəsində mili azlıqlardan olan gənclərə imkan verildimi ki, onlar öz mədəniyyətlərini, adət-ənənələrini göstərsinlər?

-Əlbəttə, verildi. Elə əsas məqsədlərimizdən biri də bu idi ki, onlar öz mədəniyyətləri, adət və ənənələrini həm bir-birilərinə, həm də ictimaiyyətə təqdim edə bilsinlər. Buna görə də biz Bakıdakı təlim zamanı hər gün bir etnik azlıq qrupunun gecəsini elan edirdik. Onlar bu gecədə öz mətbəxlərini, adət-ənənələrini, mədəniyyətlərini və s. təqdim edirdilər. Həmçinin biz belə bir şərait də yaratdıq ki, onlar mətbuat nümayəndələri ilə görüşə bilsinlər və öz təqdimatlarını edə bilsinlər. Buna görə də təlimlərin yekunu ilə əlaqədar Mətbuat Mərkəzində görüş keçirildi və onlar jurnalistlərin suallarını cavablandırdılar.

- Etnik azlıqlardan olan gənclərin bu gün əsas problemi nədir?

-Bizim fikrimizcə etnik azlıqlardan olan gənclərin aktual sayıla biləcək problemi yoxdur. Amma elə problemlər mövcuddur ki, onların həlli təbii ki, bizim kimi ictimai qurumlardan asılıdır. Məsələn, onların özlərini bir qədər yad hiss etmələri, məlumatsızlıqları, dil problemi, gənclər üçün asudə vaxt mərkəzlərinin olmaması və s.

Təbii ki, bu problemlər zamanla həll ediləcəkdir. Biz də bunun üçün çalışırıq ki, Azərbaycan ərazisində yaşayan hər bir xalq özünü burada yad hiss etməsin və dövlətimizin inkişafına töhfə versin.

- Regionlarda da etnik azlıqların nümayəndələri üçün təlimlər təşkil ediləcəksinizmi?

-Biz bu işi mütəmadi olaraq həyata keçiririk. Belə ki, Mərkəzimizin bir neçə regionda ofisləri fəaliyyət göstərir və onlar mütəmadi olaraq, həm yerli gənclərə, həm də etnik azlıqlardan olan gənclərə müxtəlif xidmətlər göstərirlər. Göstərilən xidmətlər içərisində də əsas yeri təlimlər tutur ki, bunlar da həmin gənclərin inkişafına, maariflənmələrinə, savadlanmalarına, cəmiyyət üçün yararlı vətəndaş olmalarına kömək edir.

Bundan sonra da biz gördüyümüz işləri, eləcə də təlim proqramlarımızı davam etdirəcəyik.

“Hazırda etnik azlıqlardan olan təqribən 130 nəfər gənc bizim mərkəzimizin regionlardakı ofislərində üzvdürlər”

- Bildiyimizə görə sizin təşkilat tərəfindən etnik azlıqlardan olan gənclərlə bağlı layihələr keçirəcəksiniz. Bu barədə məlumat verməyiniz maraqlı olardı.

-Biz hər bir işimizdə olduğu kimi davamlılığı hər zaman təşviq edirik. Ona görə də bu işlərimizin də davamı və yeniləri var.

Biz yaxın vaxtlarda etnik azlıqlardan olan gənclər üçün regionlarda asudə vaxt mərkəzlərinin, müxtəlif maraq klublarının, peşə kurslarının, müxtəlif məsləhət xidmətlərinin, müxtəlif internet portalların yaradılması, onların hüquq, iqtisadiyyat, mədəniyyət və digər sosial təşəbbüslərinin inkişaf etdirilməsi və s. layihələrin həyata keçirilməsini planlaşdırırıq.

Əslində bu barədə çox danışmaq istəmirəm, ümid edirəm ki, sizlər də bunun nəticələrinin şahidi olacaqsınız.

- Etnik azlıqların təmsilçiləri olan gənclərin yerlərdə gənclərlə bağlı təşkilatları varmı?

Çox təəssüf ki, hələ belə təşkilatlar yoxdur. Amma onların digər gənclərlə birgə təmsil olunduqları təşkilatlar var.

Hazırda bizim də çalışdığımız odur ki, etnik azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artıraq və onlar öz sosial problemlərinin həlli istiqamətində işlər görsünlər.

- Hazırda etnik azlıqları təşkil edən gənclərdən sizin təşkilatın üzvü varmı?

Hazırda təqribən 130 nəfər etnik azlıqlardan olan gənc bizim Mərkəzin regionlardakı ofislərində üzvdürlər və aktiv olaraq orada fəaliyyət göstərirlər.

Həyata keçirilən hər bir layihəmizdə isə onların sayı get-gedə artır.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 9-13 sentyabr.- S. 8-9.