“İctimai
Televiziya etnik mədəniyyətlərin
carçısıdır”
Rauf Rəcəbov: “Azərbaycan hökuməti
etnik azlıqların qorunması ilə bağlı kifayət
qədər ardıcıl siyasət aparır, dini və etniki
azlıqlara qarşı dövlət səviyyəsində kifayət
qədər tolerantlıq nümayiş etdirilir”
Azərbaycan müxtəlif etnik və
dini qrupların ənənəvi dözümlülük və
harmonik birgəyaşayışı
üzərində qurulmuş
siyasətin aparıldığı
çoxetnoslu və
çoxdinli ölkədir. Qanun
sosial, etnik və dini mənşəyindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə
əsr ərzində
etnik və
dini azlıqlara mənsub olan
şəxslər respublikamızda
etnik çoxluq olan azərbaycanlılarla
sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Azərbaycan tarixən unikal çoxetnoslu cəmiyyət olduğu üçün
bu multimədəniyyətli, multietnik irs bu
gün də Azərbaycanda qorunub
saxlanılmaqdadır. Bu baxımdan İctimai Televiziya və Radio Yayımları Şirkətinin də həyata keçirdiyi təbliğat işlər təqdirəlayiqdir.
Bunu üçün
İctimai Televiziyanın Milli
Azlıqlar
üçün Verilişlər departamenti fəaliyyət göstərir. Departamentin direktoru Rauf Rəcəbovla görüşüb
bu vaxta
kimi görülmüş işlər və
perspektiv planlarla bağlı söhbət apardıq.
- Rauf
müəllim,
Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələri buranı
nə dərəcədə öz
doğma vətənləri kimi qəbul edirlər?
- Dünyanın əksər dövlətləri
çoxetnosludur. Azərbaycan Respublikası da bu
mənada istisna hal təşkil etmir. Bu torpağı
özünə əbədi məskən seçən
xalqların əksəriyyəti zaman keçdikcə
doğmalaşıb, bəziləri isə yerli xalqlarla
qaynayıb qarışıblar və bu gün haqlı olaraq
bu torpaqda yaşayanlar
Azərbaycanı özlərinə doğma və əbədi
vətən hesab edirlər. Azərbaycanın
yeraltı, yerüstü sərvətləri kimi etnomədəni
tərkibi də əsrlər boyu zəngin olub. Və bu zəngin tərkib güclü, qüdrətli,
istiqanlı təbiətə malik bir millətin-Azərbaycan
millətinin formalaşmasında böyük rol oynayıb.
Yüz illərlə bu odlar diyarında
yaşayan xalqlar çətin gündə də, xoş
gündə də dostluq, qardaşlıq şəraitində
yaşayıblar.
Hazırda Azərbaycanda ləzgilər, talışlar,
tatlar, avarlar, buduqlar,
qırğızlar, hapıtlar, ceklər, xınalıqlar,
ingiloylar, axıskalılar, kürdlər, dağ yəhudiləri,
ruslar, ermənilər, ukraynalılar, belaruslar, gürcülər,
başqırdlar, tatarlar, osetinlər,
krım tatarları, gürcü yəhudiləri, tabasaranlılar
kimi milli və etnik azlıqlar
yaşayırlar.
Azərbaycan Respublikasında sayının
azlığından çoxluğundan aslı olmayaraq həmçinin
özbəklər, qazaxlar, litvalılar, latışlar,
moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər,
abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardalılar,
komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar,
çeçenlər, çuvaşlar, adıgeylər,
çərkəzlər, qaquazlar, Buxara yəhudiləri,
qaraçılar, ərəblər, aysorilər, əfqanlar,
bolqarlar, macarlar, vyetnamlılar, yunanlar, koreyalılar,
kubalılar, almanlar, farslar, polyaklar, uyğurlar da
yaşayırlar.
Bu xalqların nümayəndələrinin Azərbaycanı
öz doğma vətənləri kimi qəbul etmələri
ilə yanaşı, özlərini müstəqil Azərbaycan
dövlətinin bərabərhüquqlu vətəndaşı
kimi hiss etmələrində ümummilli lider Heydər Əliyevin
rolu danılmazdır. Elə bu məntiqlə
çıxış edərək tam məsuliyyətlə
söyləmək olar ki, bu gün Azərbaycan dövlətinin
ərazisində yaşayan bütün etnosların vəhdətini
təşkil edən bu buketin hər bir çələnginin
çiçəklənməsinin bünövrəsi
müasir Azərbaycanın banisi olan Heydər Əliyevin
adı ilə bağlıdır.
- İctimai Televiziya və Radio
Yayımları Şirkətinin Milli Azlıqlar
üçün Verilişlər departamentinin
yaradılması hansı zərurətdən irəli gəlib?
- Ümumavropa dəyərlərinə qovuşmaq və
sivil bəşəriyyətin tərkib hissəsinə
çevrilmək istəyi 5 il öncə
İctimai Televiziya və Radio Yayımları Şirkətinin
yaradılmasını labüdləşdirdi. Televiziyanın
ilk efir düyməsini basan Azərbaycan Prezidenti İlham Əliyev ölkədə
demokratiyanın inkişafına, milli - mənəvi dəyərlərimizin
qorunmasına, plüralizmə və digər məsələlərə
dair bir sıra tövsiyələr verdi. Bu
tövsiyələr İctimai Televiziyanın demokratik ab-hava ilə
fəaliyyətinə zəmanət verirdi. Qanunda deyildiyi
kimi İctimai Televiziya və Radio yayımının məqsədi
respublika əhalisinin - bütövlükdə cəmiyyətin
habelə onun ayrı-ayrı təbəqələrinin sosial,
elm, təhsil, mədəniyyət, əyləncə və digər
sahələrdəki ümumi maraqlarını təmin etməyə,
söz və fikir azadlığını, müxtəlif
baxış və əqidələri əks etdirməyə
yönəlmiş, doğru məzmunlu, informasiyaları
müasir texniki və keyfiyyət standartlarına uyğun
şəkildə yayımlamaqdadır. Elə həmin
vaxtdan da İctimai teleradio həyatımızın
bütün sahələrinə nüfuz etməyə, cəmiyyətimizin
mövqeyinin ortaya qoyulmasına, dünya mədəniyyətinə
inteqrasiya edilməsinə yönələn layihələrin
hazırlanıb yayımlanmasına səy göstərdi.
Bu layihələrin tərkib hissəsini həm
də ölkəmizdə yaşayan azsaylı xalqların,
etnik qrupların və milli azlıqların adət-ənənələrinin,
milli özünəməxsusluğunun yayımlanması təşkil
edir.
Məlum olduğu kimi, İctimai Televiziya yaranan gündən
bu şirkətdə Milli Azlıqlar üçün
Verilişlər departamenti fəaliyyət göstərir.
Bir çox əsrlər boyu Azərbaycanda
80-dən çox etnosun nümayəndələri ən
çoxsaylı yerli etnos olan azəri türkləri ilə
yanaşı yaşayıb çalışırlar. Bu tarixi təcrübə
azsaylı etnosların və etnik qrupların yoxa
çıxması təhlükəsinin aradan
qaldırılmasına, etnik və konfessional fərqlərə
baxmayaraq, sülh və həmrəylik şəraitində
yaşamasına parlaq nümunədir. Etnik
çoxluqla yan-yana yaşayan digər xalqlara münasibətdə
tolerantlıq ölkə əhalisinin əksəriyyətinin
etiqad etdiyi İslam dininə xas dözümlülüklə,
müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül
tapmış birgəyaşayışı ilə izah olunur.
Azərbaycanın və Azərbaycan
xalqının bütün tarixi ərzində bir dəfə
də olsun dini və etnik ədavət, sayından
asılı olmayaraq, etnik azlıqlara münasibətdə
ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə, ona görə ki, Azərbaycan
dövləti onların hər birinə eyni dərəcədə
qayğı göstərir.
Bayaq qeyd
etdim ki, Azərbaycan Respublikası çoxetnoslu və
çoxdinli bir ölkədir. Bu ölkənin
milli siyasəti müxtəlif xalq, etnik qrup və dini
azlıqların birgə yanaşı yaşaması və
dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.
Bütövlükdə Azərbaycan
xalqı çox tolerant bir xalqdır, heç zaman etnik
azlıqlara münasibətdə ayrı-seçkilik etməyib. Ən azsaylı xalqlar da Azərbaycanda
öz dillərini mədəniyyətlərini qoruyub saxlaya
biliblər. Milli məsələ, adətən,
dövlətlərin kifayət qədər həssaslıqla
yanaşdığı siyasi istiqamətlərdəndir. Şübhəsiz ki, etnik azlıqlarla zəngin Azərbaycanda
da situasiyanın nəzarətdə saxlanması milli təhlükəsizlik
maraqları baxımından müstəsna əhəmiyyət
daşıyır. Bu gün Vətənimizdə
yaşayan azsaylı xalqlar Azərbaycan türkləri kimi
öz etnik mənsubiyyətini qoruyub saxlayaraq vahid Azərbaycan
xalqının ayrılmaz tərkib hissəsi kimi bütün
hüquqlardan bərabər səviyyədə istifadə edirlər.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik
xüsusiyyətlərini saxlamaqla bərabər, digər xalqların və etnik
qrupların həyat tərzində, məişətində,
adət və ənənəsində, mədəniyyətindəki
bir çox mütərəqqi xüsusiyyətləri əxz
edib və onları qarşılıqlı şəkildə
inkişaf etdirib. Ümumi birgə
yaşayış qaydalarına əməl olunan zamanlarda bu
xalqlar bir-birinə daha da yaxınlaşıblar. Bunun da nəticəsində Azərbaycanda yaşayan
etnik azlıqların demək olar ki, hamısı öz
müstəqil dillərini, etnoqrafik xüsusiyyətlərini
saxlayıblar və bu gün də onları inkişaf etdirirlər.
- Mümkünsə departamentin
hazırladığı verilişlər haqda məlumat
verərdiniz?
- Artıq hər hansı bir dövlətin demokratik
inkişafının bir ölçüsü də onun
öz ərazisində yaşayan azsaylı xalqlara olan
münasibətidir. Bu gün Azərbaycan yerli
aborigen tayfa birləşmələri və xalqlarla
yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra
etnik azlıqların və azsaylı xalqların da doğma vətəninə
çevrilib. Azərbaycan dövlətinin demokratikliyinin
və tolerantlığının nəticəsidir ki, ilk dəfə
olaraq İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər
Departamenti yaradılıb. Və bu televiziya
yaranan ilk gündən departamentimiz fəaliyyətə
başlayıb. Ölkə teleməkanında
ilk dəfə olaraq məhz İctimai Televiziyada Azərbaycanda
yaşayan xalqların və etnik qrupların maddi mədəniyət
nümunələrini, milli məişətini geniş
ictimaiyyətə çatdırmaqla biz uzun əsrlər boyu
ölkəmizdə yaşayan, hətta onun bir və ya bir
neçə kəndində məskunlaşan, sayı bir
neçə mindən artıq olmayan, bu zəngin etnik müxtəlifliyi
dünya ictimaiyyətinə catdırırıq. İctimai Televiziya etnik mədəniyyətin
carçısıdır. Mən deyərdim ki, məhz
İctimai Televiziyada belə bir
departamentin yaradılması Qərb, Şərq və
Avropa, Asiya mədəniyyətlərini özündə birləşdirən
və yüksək tolerantlığa malik olan, demokratik
inkişaf yolunu seçən müstəqil Azərbaycanın
hərtərəfli inkişafından xəbər verir. Avropa
öyünməsin ki,bütün məsələlərdə
öndə gedir və inkişaf
etməkdə olan dövlətlərə örnəkdir.Milli
azlıqlar məsələsində müstəqil Azərbaycan
gənc olmasına baxmayaraq nəinki Avropanı üstələyib,
hətta bir sıra Qərb ölkələrinə nümunə
sayıla bilər.
Departamentin əməkdaşları tərəfindən
hazırlanan “Azərbaycanlılar” verilişində etnik və dini azlıqların, azsaylı
xalqların və etnik qrupların tarixi, adət-ənənəsi,
dini, dili, mədəniyyəti, folkloru, mətbəxi
haqqında məlumatlar öz əksini tapır.İndiyə
kimi departamentin təqdimatında efirə gedən “Azərbaycanlılar”
verilişində ölkəmizdə yaşayan azsaylı
xalqların, etnik azlıqların və etnik qrupların adət-ənənəsi,
folkloru, etnoqrafik mətbəxi, dili, dini və inanc yerləri
haqqında 300-ə yaxın silsilə verilişlər və
filmlər hazırlanıb. Azərbaycanın etnik xəritəsində
xüsusi yeri olan ölkəmizin şimal bölgəsində
yaşayan ləzgilər, tatlar,taleyini bu
torpağa bağlayan ölkəmizin cənub bölgəsində
yaşayan talışlar, etnik rəngarəngliyinə görə
fərqlənən
Zaqatala və Qax rayonlarında
yaşayan avarlar, ingiloylar,axaklar, Qafqaz dilləri ailəsinə daxil
olan saxurlar, Qəbələ
rayonunda yaşayan udilər, Azərbaycanda
yaşayan milli azlıqların nümayəndələrindən
olan polyaklar, almanlar, ruslar, ukraynalılar,gürcülər,moldovanlar,
əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və
dostluq şəraitində yaşayan
dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə
qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz
qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska
türkləri eləcə də ölkəmizdə
yaşayan digər xalqlar haqqında hazırlanan verilişlər
təkcə həmin xalqların
nümayəndələri tərəfindən deyil,
bütövlükdə cəmiyyətimiz
tərəfindən də
çox maraqla qarşılanır. Həm də
bu verilişlər İctimai Radionun efirində də dinləyicilərə
təqdim olunur.
Onu da deyim ki, Departamentin təqdimatında “Körpü”,
“Bura vətəndir”, “Danışan tarix” və s. verilişləri də
tamaşaçılar böyük maraqla gözləyirlər.
- İctimai
Televiziya olaraq etnik və dini azlıqlarla bağlı hansı
dövlət orqanları ilə birgə layihələr həyata
keçirirsiniz?
- Etnik azlıq və qrupların mədəni irsinin
qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə
xalqlar arasında qarşılıqlı anlaşma və
tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi
məqsədilə Mədəniyyət və Turizm
Nazirliyi İctimai Televiziya ilə
birgə “Azərbaycan doğma diyar” devizi altında hər iki
ildən bir Azsaylı
Xalqların İncəsənəti festivalını
keçirir. Bu münasibətlə respublikanın müxtəlif
bölgələrindən - Lənkərandan, Astaradan,
Masallıdan, Balakəndən, Zaqataladan, Qaxdan, Şəkidən,
Qubadan, Qusardan, Saatlıdan, İsmayıllıdan, Dəvəçidən
azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət
edilirlər. Ümumilkdə isə festivalın 500-ə
yaxın iştirakçısı olur.Və İctimai Televiziya bu festifalı ətraflı
işıqlandıraraq Azərbaycanın bu
palitrasını bütün
dünyaya nümayiş etdirir.
- Bəs, hansısa xarici ölkənin ictimai televiziyası
ilə birgə həyata keçirdiyiniz layihəniz varmı?
-Azsaylı xalqların adət- ənənəsini, mətbəxini,
folklorunu əhatə edən filmlər və verilişlər
ingilis dilinə tərcümə olunaraq gecə saatlarında
Avropa tamaşaçılarına təqdim olunur. Bilirsiz ki, Macarıstan Avropanın mərkəzində
yerləşən və öz prinsipləri olan, beynəlxalq
aləmdə sözü keçən bir ölkədir.
Bu ölkənin ictimai televiziyası ilə Azərbaycan
ictimai televiziyasının birgə layihələri ona gətirib
çıxarmışdır ki, “DUNA” televiziyası müxtəlif
vaxtlarda ildə iki gün Azərbaycan həqiqətlərini
dünyaya catdırır. Və “DUNA”
televiziyasında Azərbaycanda yaşayan xalqlar haqqında filmlər
də nümayiş etdirilir.
- Azərbaycan hökumətinin
etnik azlıqların qorunması istiqamətində
apardığı siyasəti necə qiymətləndirirsiniz?
- Dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq vətəndaşların hüquq və
azadlıqlarının beynəlxalq standartlara uyğun olaraq tənzimlənməsi,
milli azlıqların, milli-mədəni müxtəlifliyin
qorunması Azərbaycanda dövlət siyasətinin prioritet xəttini
təşkil edir. Azərbaycan hökuməti
milli azlıqların qorunması ilə bağlı kifayət
qədər ardıcıl siyasət aparır, dini və milli
azlıqlara qarşı dövlət səviyyəsində
kifayət qədər tolerantlıq nümayiş etdirilir.
“Azərbaycan bütün xalqların
böyük, gözəl ailəsidir. Azərbaycanda heç vaxt dini, etnik zəmində
ayrı-seçkilik olmayıb və olmayacaq. Bu,
Azərbaycan dövlətinin siyasətidir”. Prezident İlham Əliyevin bu fikirləri ölkəmizdə
yaşayan milli azlıqların, azsaylı xalqların və
etnik qrupların çox mehriban və qarşılıqlı
anlaşma şəraitində yaşadığını bir
daha sübut edir və təsdiqləyir.
Fuad
HÜSEYNZADƏ
Paritet.- 2010.- 14-15 sentyabr.- S. 1-3.