“Qız qalası” əfsanəsi əcnəbilərdə əfsanəvi təəssürat yaradıb

 

“Bilik Günü” ilə bağlı Norveçdə iki diasporumuzu birləşdirən mədəni layihə keçirilib

 

 Belə bir fikir var: ”Hər bir ölkənin mədəniyyəti onun pəncərəsidir, o pəncərədən baxdıqda həmin ölkənin nəyə qadir olduğunu asanlıqla görmək olar”. Çox sevindirici haldır  ki, kənardan Azərbaycanın zəngin və qədim mədəni  pəncərəsindən ölkəmizə baxdıqda  çox rəngarəng və göy qurşağı kimi əsrarəngiz görünür. Elə bu əsrarəngizlik səbəb olub ki, xaricdəki bəzi diaspor təşkilatlarımızın səyi nəticəsində mədəni dünyamız daha geniş əcnəbi auditoriyaya təqdim edilir. Bu günlərdə də  Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşəbbüsü və dəvəti ilə Estoniyada fəaliyyət göstərən və  Azərbaycan teatr ənənələrini  yaradıcılığında hər zaman qoruyan  “Rauf Avşar adına kukla teatrı”  15 sentyabr “Bilik Günü” münasibəti ilə  Norveçdə kiçik yaşlı uşaqlar və gənclər üçün  maraqlı proqramla çıxış edib.

“Paritet” qəzetinin əməkdaşı ilə söhbətində iki Azərbaycan diasporunu birləşdirən bu mədəni layihə haqqında məlumat verən “Rauf Avşar adına kukla teatrı”nın rəhbəri, həmyerlimiz Rauf Avşarov  dedi ki, kuklalarla işləmək daha asandır, nəinki insanlarla. Çünki, kuklalar arasında intriqa yoxdur, onlar nə danışır, nə etiraz edir, nə də bir-birlərinə paxıllıq duyurlar. Kuklaları çamadanda gizlədib, lazım olanda götürmək olur. Baxmayaraq ki, kuklalar hərdən “xəstələnir” və bərpa tələb edir.

 

”Qız qalası” əfsanəsini pantomim  tamaşa kimi  hazırlamışıq”

 

-Maraqlıdır  bu günə qədər “çamadanda” gizlətdiyiniz kuklalarla neçə xarici  ölkədə çıxış edərək Azərbaycan mədəniyyətini təbliğ etmisiniz?

-  Getdiyimiz qastrol səfərləri Estoniya Respublikası çərçivəsində, ya da yaxın qonşu ölkələrə - Rusiya, Latviya, Litvaya olur. Çünki tamaşalarımızı əsasən rus və eston dilində nümayiş etdiririk. Uzaq ölkələrə getmək üçün dil baryeri təəssüf ki, mane olur.

-Bu il deyəsən dil baryerini aradan qaldırmısınız, bu dəfə sorağınız Norveçdən gəldi. Bu ölkədə tamaşanı hansı dildə təqdim etdiniz?

-Əvvəla onu qeyd edim ki, bu il biz  iki yeni tamaşa üzərində işlədiyimizə görə, işimiz çox oldu. Bu səbəbdən də  xarici ölkələrdə qastrol səfərlərində ola bilmədik. Yalnız Norveçə qastrol səfərinə  getdik. Bu səfərimiz də Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) sədri Ramil Əliyevin təşəbbüsü ilə gerçəkləşdi. Bu mədəni layihə  NAYO ilə bizim  çoxdankı planımız idi. Nəhayət,  bu il NAYO ilə əl-ələ verib sözügedən layihəni reallaşdırdıq.

 Dil  baryerinə gəldikdə isə, “Qız qalası” əfsanəsi əsasında hazırladığımız  tamaşa pantomim olduğundan  bu səfərdə dil problemimiz olmadı və proqramımız  norveçlilər tərəfindən çox maraqla qarşılandı.  Belə ki, biz  Norveçin paytaxtı Oslo şəhərində uşaq baxçasında,  orada yaşayan azərbaycanlı uşaqlar, gənclər  və xarici tələbələr qarşısında çıxış etdik.

 

“Azərbaycan dilində uşaqlar üçünŞokolad şou” hazırlamışdıq”

 

-Deyirlər, güc birlikdədir. İki Azərbaycanlı diaspor təşkilatını birləşdirən bu mədəni layihənin əsas məqsədi nə idi?

-Azərbaycan diaspor təşkilatları olaraq bizim  başlıca məqsədimiz Azərbaycanın zəngin və qədim mədəniyyətini başqa ölkələrə, əcnəbi tamaşaçılara  ətraflı təqdim və təbliğ etməkdir. Qürbətdə yaşayan şimali və cənubi azərbaycanlıların  “kiçik yaşlı” uşaqlarına mədəniyyətimiz haqqında məlumat vermək və  harda yaşamalarından asılı olmayaraq onların qəlbində Azərbaycana-Vətənə, mədəniyyətimizə sevgi yaratmaqdır. Eyni zamanda Avropa uşaqlarına və gənclərinə möcüzə dolu mədəni irsimiz haqqında məlumat verməkdir.

Onu da qeyd edim ki, biz  oradakı azərbaycanlı uşaqlara tamaşa göstərməklə yanaşı, Azərbaycan dilində “Şokolad şou” hazırlamışdıq. Bu şou proqramda  uşaqlara müxtəlif  Azərbaycan tapmacaları deyilirdi və cavabı düzgün deyən körpələrə şokolad hədiyyə edirdik. Bu kiçik şou uşaqların çox xoşuna gəldi və maraqlarına səbəb oldu. Belə bir proqramı hazırlamaqda əsas məqsədimiz Azərbaycandan kənarda yaşayan uşaqlarda dil baryerini aradan qaldırmaq və onlarla doğma dilimizdə  ünsiyyət yaratmaq idi.

-Azərbaycan nağılları əsasında hazırladığı  tamaşalarla  eston uşaqlarının qəlbini riqqətə gətirən “Rauf Avşar adına kukla teatr”nın təqdim etdiyi “Qız qalası”əfsanəsi norveçli uşaqlarda da əfsanəvi  təəssürat yaratdımı?

- Mən norveçliorda yaşayan azərbaycanlı uşaqların və gənclərin  təəssüratını sözlə ifadə etməkdə çox  çətinlik çəkirəm. Bircə onu deyə bilərəm ki, istər norveçli, istər azərbaycanlı və istərsə də  xarici tələbələr tamaşa boyu  bizi gurultulu alqışlara qərq etdilər.  Tamaşadan sonra  bizə yaxınlaşıb təəssüratlarını bölüşdülər və minnətdarlıqlarını bildirirdilər.

-Norveç səfəri yadınızda  neçə qaldı.

-Bu  səfər yaddaşımızda çox gözəl bir xatirə kimi qaldı. Onu qeyd edim ki, Norveçdə fəaliyyət göstərən  Norveç Azərbaycanlıları Gənclər Təşkilatının həqiqətən Azərbaycanı tanıtmaq üçün  böyük işlər gördüyünün şahidi olduq. Maraqlıdır ki, Norveçdə yaşayan 7-8 yaşlı fars qızı Azərbaycan dilini öyrənir.  Tamaşamız göstərilən gün valideynləri o balaca qızı  başqa bir tədbirə aparmaq istəyirmişlər.O isə mən teatra baxmaq istəyirəm deyibbunun üçünonu gətirdilər  tamaşaya baxdı. Həmin uşağın tamaşamıza və dilimizə  bu cür sevgisi  bizi çox sevindirdi. Norveçdə sevindirici hallardan biriodur ki, şimali və cənubi azərbaycanlılar birgə işləyirlər, gənclərimiz çox mehribandırlar. Bu  cür birliyin yaranması mən deyərdim ki, NAYO-nun  zəhmətinin nəticəsidir.

Norveçdə maraqlı məqamlardan biri də şəhərdə gözlənilməyən yerlərdə qeyri-adi heykəllərə olması idibu bizim üçün  çox maraqlıydı.

 

EstoniyadaOrta əsr kukla teatrı orta və yaxın şərq ölkələrində”adlı  kitabım nəşr edilib

 

-Sizinaktyorlar”-kuklalar  hansı materialdan hazırlanır və Norveçdə tamaşa zamanı neçə  kukladan istifadə etmişdiniz?

- Kuklalarımı papye-maşedən (yapışqan, gips və təbaşirlə qarışdırılmış kağız kütləsindən ibarət bərk maddə ) hazırlayıram. Hazırlanma prosesilə tanış olanlar üçün bu, çətin deyil. Sadə, hərəkətsiz üz cizgiləri olan kuklalarla yanaşı, bəzən, gözü, dodaqları hərəkətə gətirən xüsusi mexanizmlər də əlavə etmək lazım olur. Ümumiyyətlə, kukla sənəti Estoniyada inkişaf etməkdədir. Bu sənətin ən maraqlı özəlliyi isə eksperimentlər üçün imkanların mövcudluğudur.

Norveçdə göstərilən “ Qız qalası” əfsanəsi isə  yeddi kuklanın  iştirakı ilə qurulmuşdu.

-Bildiyimizə görə, Estoniyada sizin kukla teatrının tarixi ilə bağlı kitabınız işıq üzü görüb?

-Düzdür, Oslodan qayıtdıqdan sonra mənim Estoniyada müəllifi olduğumOrta əsr kukla teatrı orta və yaxın şərq ölkələrində”adlı  kitabım işıq üzü görüb.Bu kitabın hazırlanmasında tanınmış teatrşünas Aydın Talıbzadənin   kitabından istifadə olunub.  Eyni zamanda kitabda kuklarla bağlı maraqlı şəkillərdə yer alıb.

 

 

Günay

 

Paritet.- 2010.- 16-17 sentyabr.- S. 10.