"Dövlət Kənd Təsərrüfatı Muzeyi həm elmi idarədir"

 

Muzeydə dənli bitkilərdən hazırlanmış Azərbaycan xəritəsi saxlanılır

 

 

ADKTM- daxil olduqda insan sanki əsrarəngiz bir aləmə düşür, zaldan-zala keçdikcə bu aləmin rəngləri gözəllikləri dəyişir.  Bu  maraqlı məkan haqqında ətraflı öyrənmək üçün Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin direktoru  Natiq Qurbanovla həmsöhbət olduq.   O, xatırlatdı ki,  muzey  1923-cü ildə Respublika Hökuməti Torpaq Komissarlığının təşəbbüsü ilə yaradılıb:” Əvvəlcə kənd təsərrüfatı sənaye-ticarət satışı sərgisi kimi təşkil edilib. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyətə başlayıb. Muzeyin 6 ekspozisiya zalı Azərbaycanda kənd təsərrüfatının tarixini bu gününü əks etdirən eksponatlarla zəngindir”.

Bir maraqlı  faktı qeyd edim  ki, bu muzeyə daxil  olanda özünü qədim Azərbaycan kəndindəki kimi hiss edirsən. Çox gözəl tikilmiş  milli geyimli bələdçilər qonaqları ekspozisiya zalları ilə tanış edirlər. Hər zalda ab-havaya uyğun musiqi səslənir.     

Muzeyin girişini qədim “İpək Yolu”nun xəritəsi, dənli bitkilərdən hazırlanmış Azərbaycan xəritəsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə həsr olunmuş rəsm əsərləri və s. bəzəyir. Qədim “İpək Yolu”nun xəritəsi ilə tanış olarkən qonaqları Soltan Hacıbəyovun “Karvan” simfonik süitası müşayiət edir. Ecazkar musiqinin sədaları altında insan sanki neçə əsr keçmişə qayıdır və özünü qədim “İpək Yolu” ilə hərəkət edən karvanda hiss edir.

   Muzeyin birinci zalında Azərbaycanda qədim insan məskənlərindən olan Qobustan qayalıqlarının maketi yerləşdirilib. Burada yel dəyirmanı, əkinçi, darı bitkisi və kənd təsərrüfatı alətlərinin təsvirləri verilib. Bu təsvirlər Azərbaycanda kənd təsərrüfatının qədim tarixini sübut edir.

Zalda XVIII-XIX əsrlərə aid daxma diqqət çəkir. Daxmanın taxta qapısı xüsusi maraq doğurur. Bu qapı həmin dövrün Azərbaycan kənd evləri üçün xarakterik idi. Qapının üzərində böyük və kiçik iki rəzə var. Rəzələrin səsinə görə evə gələn qonağın qadın və ya kişi olduğu müəyyən edilərək qapıya ev sahibi və yaxud sahibəsi çıxardı. Daxmanın divarları gildən və qamışdan hazırlanıb, üstü isə qamışla örtülüb:” Burada XVIII-XIX əsr kəndlisinin sadə məişəti öz əksini tapıb. Daxmada geyim və bəzək, gündəlik məişət əşyaları, gildən və taxtadan hazırlanmış qablar, nehrə, taxta tərəzi və xurcunlar, yun saplardan toxunmuş palaz və xalçalar, cəhrə, kiçik əl dəyirmanı (kirkirə) və s. nümayiş olunur”.     

 Növbəti zala keçdikdə bələdçilər qeyd etdilər ki, bu zalda  XIX əsrin sonu - XX əsrin əvvəllərə aid eksponatlar, rəsm əsərləri sərgilənir:”Burada Azərbaycanın tanınmış alim-nəbatatçı, görkəmli ictimai xadim Həsən bəy Zərdabiyə həsr olunmuş xüsusi guşə də yaradılıb. Zalda 1925-ci ildə Amerikadan ölkəmizə gətirilmiş “Fordzon” markalı traktor haqqında məlumat da verilir”.

Üçüncü ekspozisiya zalı Azərbaycanın əsas kənd təsərrüfatı sahələrindən olan taxılçılığa və pambıqçılığa həsr olunub. Burada Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış  və eramızın 1-ci əsrinə aid edilən buğda dənəsinin nümunəsi, 1926-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Əsgəran qalası yaxınlığındakı Xocalı qəbiristanlığından tapılmış e.ə. I minilliyə aid edilən və qulpunda arpa, buğda şəkilləri təsvir olunmuş dolçanın şəkli, qədim kənd təsərrüfatı alətləri sərgilənir. Zalda 100-150 il bundan əvvəl buğdanı üyüdüb un əldə etmək üçün istifadə olunan və atla hərəkətə gətirilən dəyirman daşı da nümayiş olunur.

   Zalın pambıqçılığa aid bölməsində arxeoloji qazıntılar zamanı Mingəçevirdə tapılan və V-VI əsrlərə aid edilən pambıq toxumlarının nümunəsi nümayiş olunur. Bölmədə tanınmış əmək qabaqcılları, sosialist əməyi qəhrəmanları Bəsti Bağırova, Şamama Həsənova, Sərdar İmrəliyev, ilk qadın mexanizator Sevil Qazıyeva və digərlərinin şəkilləri yerləşdirilib. Azərbaycanda yetişdirilən pambıq sortlarından ibarət kiçik pambıq tarlası da maraq doğurur.

Muzeyin dördüncü ekspozisiya zalında Azərbaycanın dağətəyi zonasında yerləşən bir kənd həyatı təqdim olunur. Burada kənd təsərrüfatının əsas sahələrinə - heyvandarlıq, arıçılıq, meyvəçilik, üzümçülük, ipəkçilik, tütünçülük və çayçılığa dair maraqlı guşələr hazırlanıb.

   Beşinci ekspozisiya zalında Azərbaycan xalqının etnosunu, məişətini göstərən eksponatlar nümayiş olunur. Burada XVIII əsrin sonu -XIX əsrin əvvəllərinə aid kəndli qadının və kişinin iş, toy-bayram, mərasim geyimləri, bəzək əşyaları, sandıq və digər məişət əşyalarını görmək mümkündür. Heyvandarlıqla məşğul olan kənd əhalisi yaylağa köçərkən özlərinə alaçıqlar düzəldirdilər. Zalda həmin alaçıq nümunələri ilə də tanış olmaq mümkündür.

Sonuncu zalda isə əsasən muzeyə verilən hədiyyələr nümayiş olunur. Bundan əlavə, taxta tərəzi, kəfkir, mis qazan, gil bardaq, taxta tabaqlar və digər məişət əşyaları ilə tanış olmaq mümkündür. Burada həmçinin bəzi heyvanların dərisi, onlardan hazırlanan məmulatlar, qoyun dərisindən düzəldilmiş motal, cəhrə, yun darağı və s. ziyarətçilərin diqqətinə təqdim olunur. Zalda həmçinin əkinçilik alətləri - ikidişli və beşdişli yaba, oraq, vəl, dırmıq və s. var.

 Natiq Qurbanov bildirdi ki,  bu muzey həm də elmi idarədir:”Azərbaycan kənd təsərrüfatı ensiklopediyasının olmamasını nəzərə alaraq uzun illərdir ki, muzey əməkdaşları kənd təsərrüfatının ayrı-ayrı sahələrinin tarixinə aid materialların toplanması ilə məşğuldur. Hazırda bu materiallar qruplaşdırılaraq, ensiklopediya halına salınıb. Beynəlxalq əlaqələrimizi də inkişaf etdiririk. Muzeyimiz  YUNESKO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür”.

 Muzey tərəfindən müxtəlif nəşrlər, “”Novruz bayramı və kənd təsərrüfatı”, “Şagirdlərin muzey dünyası” aldı kitabçaların  hazırlandığını deyən direktor qeyd etdi ki, muzeyin nəzdində “Gənc rəssamlar” dərnəyi  də yaradılıb.

Məlumat üçün bildirək ki, çoxlu sayda ziyarətçilərin gəldiyi bu muzeyə giriş pulsuzdur.

 

 

G.Əsədova

 

Paritet.- 2010.- 25-27 sentyabr.- S.16.