“Bu gün səhnədə dörd populyar
dini qrup var”
“Məqsədimiz
xalqımızın mənəvi islahı yoluna
çalışmaqdır”
“Nur” ilahilər
qrupu 2003-cü ildə Bakı şəhərində
yaradılıb. Bu qrup fəaliyyətə
başladığı ilk dövrlərdən
yaradıcılıq axtarışında olub. Hər il vətənimizin müxtəlif şəhər
və rayonlarında keçirilən tədbir və mərasimlərdə
uğurla iştirak edib. Üç nəfərdən
ibarət qrupun rəhbəri Rahim Dərvişdir. Qrupun digər üzvləri isə Hacı Əlzaman
Əliyev və Samir Süleymanovdur.
- Necə oldu ki, belə bir qrup yaratmaq qərarına gəldniz?
Rahim:
- Bismillahir-rəhmanir-rəhim! Biz
uşaqlıq çağımızdan
üçümüzdə, xüsusən də Hacı Əlzamanla
mən kiçik yaşlarımızdan dini məclislərdə
mərsiyə və növhələr demişik. Təbii ki, tədricən
bu baxımdan inkişaf etmişik, üstəlik də
İslam Universitetində təhsil almışıq. Ona görə sözümüz, amalımız bir
olub və qərara gəlmişik ki, belə bir qrup yaradaq.
İlk vaxtlar müsiqisiz oxuyurduq, sonra zamanın
tələbinə uyğun olaraq, necə deyərlər, halal
yolla, oynaq musiqi olmadan fəaliyyətimizi davam etdirmişik.
-İslamın musiqi ilə bağlı
müəyyən qadağaları var. Bəs, İslamın
icazə verdiyi musiqi hansıdır?
Əlzaman:
-Dinimzə görə, kef və əyləncə
xarakteri daşımayan musiqiləri ifa etməyin, eləcə
də dinləməyin heç bir eybi yoxdur. Yəni
musiqi düşündürən, həzin, tərbiyəvi və
məlahətli olmalı, sözlər və ahəngi
bir-birini tamamlamalıdır. Mümkündür
ki, ana barəsində musiqi olsun. Amma o
musiqi hamını şənləndirib rəqs etmək səviyyəsinə
çatdırmasın. Buna İslam dini
icazə vermir.
Qadınların kişi məclislərində
oxumasına İslam icazə vermir. Qadınların
yalnız qadın məclisində oxumasına icazə verilir.
Çünki qadının müəyyən
bir səs telləri var ki, kişini özünə cəlb edə
bilər.
-Demək, sizin mahnılarda rəqs etməyə yer
yoxdur?
Rahim:
- Bəziləri var ki, Allah (c.c.), Məhəmməd Peyəğəmbər
(s) haqqında mahnı ifa edirlər. Görürsən
ki, dini mahnı olsa da bunu oynaq ritmdə oxuyurlar. Bu da haramdır. Hansısa musiqidə
bir balaca ritmi çox etsək, ona oxşayar, amma əksinə
biz onun ritmini aşağı salırıq ki, oynaqlıqdan
tamam uzaq olsun. Çünki musiqidə hər
bir şeyi təyin edən ritmdir.
Əlzaman:
- Məsələn, Sami Yusif estrada
müğənnisidir. Özü də Azərbaycana
gələrkən etiraf etdi ki, sırf ilahi musiqilər üzərində
çalışan insan deyil. Amma onun bəzi
dini musiqilərində bayağılıq diqqətə
çarpır. Ona görə biz mediada
çıxış edərək onun bu cür
mahnılarına qarşı etiraz etmişdik. Çünki, əgər O, Allahdan, (c.c.) Peyğəmbərdən
(s) oxuyursa bu tərzdə oxumaq haramdır. (Deyilənə
görə, Sami Yusifin “Allahu Allah” mahnısını barlarda oxuyub-oynayanlar
da var-H.F)
-Bu işdə özünüzə rəqib bildikləriniz
varmı?
Rahim:
- Sağlam rəqabət hər işdə olmaldır. Hazırda dini qruplar çoxdur. Amma bu gün səhnədə
4 populyar dini qrup var. Bu qrupların
arasında sağlam rəqabət gedir. Bu da təbiidir.
Hər birinin də məqsədi fəaliyyət
göstərib inkişaf etməkdir. Hətta
bir-birimizlə məsləhətləşmələr də
aparırıq. Məsələn, “Muminun”
qrupu ilə fikirləşirik ki, necə edib birgə layihə
həyata keçirək.
- Sizin qrupun bu vaxta kimi ən
çox sevilən mahnısı hansıdır?
Rahim:
- Müxtəlif ilahilərimiz var ki, biz onlarla gündəlikdəyik.
Konsertlərdə və toylarda elə musqilərimiz
var ki, çox sələnir. Məsələn,
“Haradasan” mahnısı buna misal ola bilər.
Bu mahnının klipi də çəkilmişdi
və televiziya kanallarında da dəfələrlə
yayımlanıb. Təbiidir ki, hər il
biz yeni-yeni mahnılar da ifa edirik. Deyərdim ki,
həm ibadət əhlini, həm də namaz qılmayanları
bu mahnı özünə daha çox cəlb edib. Bununla yanaşı 2010-cu ildə efir mahnısı səviyyəsindən
enməyən Həzrəti Məhəmməd Peyğəmbərə
(s) həsr olunmuş yeni “Məhəmməd” mahnımız da
var. Biz onu efirdə bir dəfə oxumuşuq. O da sevilir,
hara getsək onu da oxumağımızı istəyirlər. Belə çıxır ki, bizim 2010-cu ilin
mahnısı “Məhəmməd” mahnısıdır.
Əlzaman:
- “Nur” qrupunun əsas məqsədi
xalqımızın mənəvi islahı yoluna
çalışmaqdır. Eyni zamanda öz Allahına (c.c.), Peyğəmbərinə
və Əhli-beytinə məhəbbətini daha da
artırmaqdır. Ona görə də “Haradasan”
mahnısını bir neçə il əvvəl ifa etsək
də,yenə də könülləri fəth
etdiyinə görə hər dəfə bizdən onun
ifasını istəyirlər. Çünki mənəviyyata
aid olan bir mahnıdır.
Rahim:
- Bizim yolumuz dini musiqidir. Həm azərbaycanlı,
həm vətənpərvər, həm bir müsəlman və
Əhli-beyt davamçısı olaraq borcumuzdur ki, öz vətənimizə,
ümumiyyətlə dünya müsəlmanlarına xidmət
edək. Çalışırıq ki,
gücümüz çatan qədər bizim üzərimizə
düşəni insanlara çatdıraq.
Əlzaman:
- Xüsusilə də, vətənpərvərlik
mövzusunda bizim bir neçə musiqimiz var. İki il bundan əvvəlki albomumuzda vətən barəsində
iki mahnımız yer almışdı. Onu
xalqın qarşında sevə-sevə ifa edirik. Xüsusən
də “Azərbaycan” mahnısının sözləri
xalqı düşündürür,eyni
zamanda ermənilərin mənfur niyyətini ortaya qoyur.
- Ölkədən kənarda keçirilən tədbirlərdə
də iştirak etmisinizmi?
Rahim:
- Əsasən iki ölkədə;
Gürcüstanda və İranda bizim tədbirlərimiz olub. İstər toy şənlikləri,
istərsə də dini tədbirlərdə iştirak
etmişik. Ümuiyyətlə, bir
neçə ölklərə dəvətlər
almışıq. İnşallah, Ukrayna və
Türkiyəyə səfərlərimiz gözlənilir.
-Toy üçün Bakıdan, yoxsa bölgələrdən
daha çox dəvətlər alırsınız?
Rahim:
-Demək olar ki, bütün regionlarda toylarda olmuşuq. Düzdür, Bakıda fəaliyyətimiz daha
genişdir.
Əlzaman:
- İldən ilə çox fərq var.
İnsan bir şeyin qarşında məlumatsız olsa təbiidir
ki, ona soyuq münasibət göstərəcək. Mümkündür ki, ikrah
hissi də onda oyadır. Amma indi illər
keçdikcə geniş məlumat verdikcə görürlər
ki, İslam fanatiklik deyil. Biz mədh, tərif edirik,yəni Allahın həmdü-sənası və
tərifi gedir orada. Xalqın mənəviyyatı
oyanır və güclənir. Toy məclisində
başqa ancaq mənəvi atmosfer olur. Biz
toy şənliklərində əsasən xalqımıza nəyin
yasaq və xeyrli olması barədə məlumat veririk. Hətta, şərabın ziyanlı olması haqda
da qəsidələr oxuyuruq. Torpaq, vətən,
ana və atanın dəyərli olması barədə klassik
və müasir şairlərimizin qəsidələrindən
istifadə edirik.
- İfa etdiyiniz
mahnıları bəstələmək üçün musiqi
təhsili ilə bərabər dini təhsil də
olmalıdır, işlədiyiniz xüsusi bəstəkarlar
varmı?
Rahim:
- Bizim musiqilərin 80 faizinin bəstəkarı və
aranjimançısı, demək olar ki,
özümüzük. Bəlkə də
müraciət etsək, əldə edərik və kimsə də
bizə təqdim etsə alarıq. Amma hələ
ki bunu özümüz edirik.
Əlzaman:
- Bəstəkar əgər ilahi zəmində Peyğəmbər
(s) ailəsinə həsr olunan mənəvi xəzinələrimizə
bəstə yaratmaq istəyirsə, o sözlərin mənasına
varmalıdır. Bəstəkarın Allaha məhəbbəti
yoxdursa, ateistdirsə,təbii ki, onun
musiqisi xalqın qəlbində yer tutmayacaq və sevilməyəcək.
Ateizm dövründə bir çox bəstəkarların
musiqiləri olub. Öz zamanına görə
çoxunun da xoşuna gəlib,amma solub
getdilər. Çünki mənəviyyata xidmət
göstərməyiblər. Niyə Nizami, Nəsimi,
Füzuli qalıb? Ona görə ki, mənəviyyatdan
qaynaqlanan şeirlər yazıblar və dünya durduqca da bu əsərlər
yaşayacaqlar. Yaradanımız əbədiyaşardır.
Onun barəsində bəstələnən
sözlər də əbədi yaşayacaq.
-Belə başa düşdüm ki, sizin musiqi müəlliminiz
olmayıb. Siz elə
özünüz-özünüzün müəllimi
olmusunuz?
Əlzaman:
- Bizim ilk növbədə Quran müəllimlərimiz
olub. Musiqi ayrı bir şeydir, mahnı ayrı
bir şey. Musiqi təbii doğan səslərdir.
Yarpağın, dalğanın, küləyin
öz musiqisi var. Bunlar təbii musiqilərdir. Mahnı insanın musiqi ahənglərini
qarışdırıb yaratdığı əsərdir.
Bir var Yaradının ona verdiyi səs, bir də
insanın özünün düzəltdiyi səs. İndi Allahın (c.c.) bizə verdiyi səs
özü başdan ayağa muğamdır. Azərbaycan muğamatında olan “Segah” Quran qiraətində
olan “Segah”la eynidir. Amma başqa muğamlar
deyəndə adlar fərqlənir. Məsələn,
“Bayatı-Şiraz” dediyimiz muğam Quran qiraətində “Nəhavənd”
adlanır. Adlar fəqlidir, amma kök
eynidir, yəni muğamatdır. Ona görə
də hər nə oxusaq, muğam üzərindədir. Bizim ilahi mahnıların əksəriyyəti
“Şur” üzərindədir. “Segah” və
“Çahargah” üzərində də var. Amma “Şur”
muğamatı daha çox zəngin muğamdır. Həm də onda ifa etmək daha asandır.
Rahim:
- Təbii ki bizim musiqilərimizdə də muğam
muğamdır, not notdur, musiqi musiqidir. Yəni
Azərbaycan milli muğamı nə üzərində
qurulursa, bizim musiqlər də bu formadadır.
-Bu vaxta kimi neçə albomunuz işıq üzü
görüb?
Rahim:
- Rəsmi albom şəklində 4 albomumuz var. İlk
albomumuz “Eşq əhli” adlanır və 2004-cü ildə
çıxıb. İkinci isə 2006-cı ildə
“Yoluna canlar fəda” eyni adlı klip və albom işıq
üzü gördü. Üçüncü
albom Peyğəmbərimizə (s) həsr olunan “Könlüm
arzular səni” adı ilə 2008-ci ildə 10 musiqi ilə
çıxdı. 2009-cu ildə isə sırf musiqisiz “Qardaş
Əbəlfəz” adıyla dinləyicilərimizə təqdim
etdik. İndiyə qədər isə 11 klipimiz
var. Bunun 3-4-ü efirdə nümayiş olunub. Qalanlarsa disk şəklində satış mərkəzlərinə
vermişik. Qeyd edim ki, “Nur” ilahilər
qrupunun www.nurqrupu.com adlı saytı və eləcə də
wap xidməti fəaliyyət göstərir. Hər ikisində də bizim ifa etdiyimiz mahnı,
növhə, mərsiyə, rövzə, şeir, qəzəl
və video kliplər yerləşdirilib.
- Mümkünsə həyata
keçirdiyiniz layihələr və gələcək planlarınız haqda da məlumat verərdiniz?
Əlzaman:
- Biz milli və dini əlamətdar günlərdə
maddi imkanımıza uyğun olaraq tədbirlər
keçiririk. Qeyd edim ki,
Xocalı soyqırımı günün də müstəqillik
tariximizdə ilk dəfə olaraq “Muminun”, “Kövsər” və
bizim qrupun bir birgə dəstəyi ilə “Aktyorlar Evi”ndə
“Ravilərin görüşü” adlı şəbeh-tamaşa
səhnəyə qoyuldu. Burada Xocalı
soyqırımı Kərbəla faciəsinin davamı kimi
göstərilmişdi. Bu tamaşa, izləyicilərin
hədsiz marağına və rəğbətinə səbəb
oldu. Eyni zamanda səhnə əsəri
çox böyük hüznlə, bəzən
hıçqırıqlarla ağlama səsləriylə, bəzən
hönkürtülü və bəzən də həzin
ağlamaqlarla müşayiət olundu.
Rahim:
- Mütəmadi olaraq qocalar evində və kimsəsiz
uşaqlar üçün xeyriyyə konsertləri də təşkil
edirik. Yalnız musiqi oxumuruq. Bir neçə dostlarımızla məsləhətləşib
gedirik imkanımız çatan qədər ehsanat
paylayırıq. Həm köməklik
göstəririk, həm də aktyorlar vasitəsilə
onların könüllərini şad edirik. Məsələn, iyunun 27-də Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadənin
dəstəyi ilə Bakı Əyləncə Mərkəzində
kimsəsiz uşaqların əl işlərindən ibarət
sərgi keçirdik. Həmin gün Həzrəti
Əlinin (ə) doğum gününə təsadüf edirdi. Əli (ə) həmişə
kimsəsiz uşaqlara yardım etdiyindən ona “Yetimlərin
atası” deyərdilər deyə, biz də
çalışdıq ki, bununla əlaqələndirək.
Həm öz albomlarımızı, həm də
uşaqların əl işlərini təqdim etdik.
Yaradıcılıqla
bağlı müxtəlif yeni planlarımız var. İnşəallah,
nəzərdə tutduğumuz tədbirlərimizi gələcəkdə
reallaşdırmağa çalışacağıq.
FUAD
Paritet.- 2010.- 28-29
sentyabr.- S. 12.