“Talışların
talış dilində 10-15 min kitabın yer aldığı
kitabxanası var”
Ölkəmizin sosial-iqtisadi həyatında mühüm
yer tutan Lənkəran- Astara bölgəsi özünün zəngin
etnoqrafik, maddi- mədəniyyət nümunələri ilə diqqəti daha çox
cəlb edir. Ərazisində
yaşadığı azsaylı xalqlar və etnk azlıqlara
görə müxtəlif güllərin çələnginə
bənzəyən Azərbaycanımızın cənub
bölgəsi əhalisinin ümumilikdə maddi mədəniyyəti
özünəməxsus məhəlli xüsusiyyətləri ilə daha
çox seçilir. Burada tarixən sosial-iqtisadi, mədəni-texniki,
təbii-coğrafi amillərin təsiri altında ümumazərbaycan mədəniyyətinin
məhəlli xüsusiyyətləri ilə seçilən zəngin və hər sahəsi bir dissertasiya təşkil
edə biləcək maddi mədəniyyət təşəkkül
tapmışdır. Bu ərazidə kompakt halda yaşayan özünəməxsus
xüsusiyyətləri ilə seçilən qədim etnik
qruplardan biri də talışlardır. Talış Mədəniyyət Mərkəzinin
sədri, şair Əli
Nasir ilk olaraq
talışların tarixinə qısa nəzər salaraq
bunları dedi:
-Talışlar iki hissəyə bölünür
. Belə ki, Azərbaycan ərazisində Lənkəran
zonasında, İran ərazisində 14 talış şəhəri
var. Talışlar məskunlaşan
bölgə Azərbaycanın cənub şərq
hissəsində yerləşir.
Bölgə
şərqdən Xəzər dənizi ilə, cənubdan,
cənub-şərqdən
İranla həmsərhəddir. Bölgənin relyefi bir-birindən
fərqlənən iki sahəsi ovalıq və dağlıq
sahələrə ayrılır. Bu relyef əhalinin
məşğuliyyətinə də cidid təsir edir.
Belə ki, ovalıq ərazidə əhali daha çox əkinçiliklə
məşğul olduğu halda, Talış dağlarının yüksək yerlərində
maldarlıqla məşğul olublar.Bölgənin Xəzər
dənizinə yaxınlığı bu ərazinin iqliminə
ciddi təsir edir. Suyun
bolluğu isə əhalinin çəltikçiliklə
məşğul olmasını asanlaşdırıb. Bu bölgənin iqlimi
respublikanın digər
bölgələrinin iqlimindən özünün
rütubət subtropik
olması ilə ciddi fərqlənir.
Lənkəran
ovalığı iqliminin mülayimliyi, yağmurun və
günəşin çoxluğu rütubətli hava kütləsinin
olması, bitki örtüyünün zənginliyi və rəngarəngliyi
etibarıyla Azərbaycanın digər bölgələrindən
fərqlənir. Bölgənin
bitki mənşəli yeməklərinin hamısından
respublikamızın digər bölgələrində istifadə
olunur.
Hazırda Azərbaycanda bütün sahələrdə
talışlar fəaldırlar və təmsil olunurlar. Bircə biznes sahəsində nədənsə axsamalar olur.
Elm, mədəniyyət və tibb sahəsində Azərbaycanda
kifayət qədər tanınan talışlar var. Ədəbiyyat
sahəsinə, gədikdə isə talışların
çoxlu sayda yazıçı və şairləri var.
Bundan başqa kənd təsərrüfatını
inkişaf etdirmək üçün talışlar
yaşadıqları rayonlarda
çox əlverişli təbii-iqtisadi şərait var.
Rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət
qədər əmək ehtiyatları kənd təsərrüfatının
intensiv inkişafı üçün böyük imkanlar
yaradır. Kənd təsərrüfatının
strukturunda faraş tərəvəzçilik,
çayçılıq, üzümçülük,
taxılçılıq üstünlük təşkil edir.
Yəni talışlar təsərrüfatın
bu sahələri üzrə də ixtisaslaşıblar.
-Mətbəxdən söz düşmüşkən,
talış mətbəxi haqqında məlumat verməyiniz
maraqlı olardı.
-Əvvəla, onu qeyd edim ki,
Lənkəran ovalığında səthi və qrunt sularının çox olması
burada balıqsevən yabanı
qamışın, cilin, bağayarpağının, təbii
nanənin, əvəliyin bitməsi
əhalinin onlardan qida məhsulu
kimi istifadə etməsinə
şərait yaradıb
(Xatırladaq ki, eyni bitkilər həm İranın, həm
də Azərbaycanın bütün bölgələrinin mətbəxində
istifadə edilir və Ön Asyanın əksər yerlərində
bitir-red.).
Talış mətbəxinin və təsərrüfatının əsasını təşkil edən
düyüdən onlar 20 plov
növü və digər
düyü xörəkləri
bişirirlər.Ümumiyyətlə, bölgədə əkilib-becərilən mədəni bitkilərə aid olan
çəltik, arpa, buğda, darı, qarğıdalı,
noxud, mərci, lərgə, lobya, sarımsaq, soğan,
yemiş, və s. bitkilərin əkilib becərilməsinədə
geniş yer verilib. Bu bitkilərdən çəltik ovalıq
əhalisinin məişətdə qida kimi ön planda
durduğu halda, buğda, arpa, darı isə dağlıq ərazidə
olan əhalinin əsas
qida məhsuludur. Bölgədə yabanı
şalğamdan xüsusi içki hazırlanır ki, bundan əsasən
qış mövsümündə soyuqluq və rütubətli
bədəndən çıxarmaq üçün istifadə
olunur.
Onu da qeyd edim ki, Lənkərən- Astara bölgəsi əhalisi
təkcə bitkilərdən hazırladığı yeməklərlə
özünün mətbəxini zənginləşdirməyib,
eyni zamanda zəngin
heyvanat aləmindən də məharətlə
istifadə edir. Bu bölgəyə məxsus elə heyvan mənşəli
xörəklər var ki, onlar
respublikanın digər etnoqrafik
bölgələrində əhaliyə məlum deyil.Məlumat
üçün bildirim ki, bölgənin heyvanat aləmi ilə ilk dəfə 1773-cü ildə Lənkəran-Astara
zonasına səfər etmiş
S.Q. Qimmeli maraqlanıb. Tarixi-geoloji məlumatlardan aydın olur
ki, bölgədə yaşayan sultan toyuğu, qızıl
qaz, oxlu kirpi, üçüncü geoloji dövrdən bu ərazidə
yaşayan heyvanlardır. Bu ərazidə yaşayan
quşların növ etibarı ilə sayı 180-ə
çatır. Bu quşların ətindən müxtəlif yeməklər
hazırlayırlar. Quşlardan savayı Xəzər
dənizindən, bölgə gölləri və
çaylarından tutulmuş müxtəlif növ balıqlardan müxtəlif
xörəklər hazırlamaqla yanaşı, onların
şorlanması və qurudulması ilə məşğul
olurlar.
Talışlar
düyüdən savayı, bayaq adlarını qeyd etdiyimiz
yabanı bitkilərdən də müxtəlif yeməklər hazırlanmasında geniş
istifadə edir. Belə ki, hələ qədimlərdə
suzaq, bataqlıq yerlərdə şəkər
qamışı yetişdirilmiş və ondan bəkməz bişirilib. Hazırda
talış əhalisinin Novruz bayramı süfrəsində
mütləq tərə xörəyi olmalıdır. Ümumiyyətlə,
talışların maddi mədəniyyətinin bir qolu
sayılan ənənəvi yeməklərin tarixi-etnoqrafik
baxımdan tədqiqi, eyni zamanda Azərbaycanın mətbəx
mədəniyyətinin tam öyrənilməsi nöqteyi nəzərindən
də əhəmiyyətlidir.
-Rəhbəri olduğunuz Talış Mədəniyyət
Mərkəzi nə vaxt
yaranıb və əsas fəaliyyət istiqaməti nədir?
-Bizim mərkəz 1992-ci ildə təşkil edilib. O vaxt bəzi
rayonlarda şöbələrimizdə təsis edilib.
1993-cü ildə ölkədə hadisələr öz səmtindən
çıxdı, yəni siyasətçilər oynadılar
və mədəniyyət xadimləridə
çaşdılar. Bu məsələdə fərqli
baxışlar yarandı və toqquşma oldu.O zamandan mərkəzimizin
işi axsamağa başladı. Bu gün biz istəyirik
ki, Bakıda etnik
azlıqların mədəniyyət mərkəzləri daha
yaxşı inkişaf etsin. Onu da qeyd edim ki, 2000-ci ildə
Bakıda mərkəzimiz üçün bir məkan kirayə götürdüm.
Bir il üç aya qədər mərkəzimiz
o yerdə fəaliyyət göstərdi. Çoxlu
sayda gənclər mərkəzimizin ətrafında
toplaşıb. Eyni zamanda o vaxt talışlarla bağlı
xeyli kitablar yazıldı və çap olundu. Bu gün
talış dilində
10-15 min kitabın yer aldığı kitabxana var.Onu da qeyd edim ki, mərkəzimizin təşəbbüsü
ilə Lənkəranda poeziya
gecəsi təşkil etmişik. Poeziya gecəsi ilə
yanaşı,
orada həm də sərgi nümayiş olunurdu. Həmin sərgidə
talışlara aid olan sənətkarlıq nümunələri
tədbir iştirakçılarına təqdim olundu. Bəzi kəndlərin klublarında konsertlər,
muzeylərə gedişlər təşkil etmişik. Ancaq sonrakı illər imkanımız olmadı bu
cür tədbirləri davamlı edək.
-İndi bu
kitablar harada saxlanılır?
-Sevindirici haldır ki, bu gün talışların
öz dillərində (talış dili ) ədəbiyyatın
bütün növlərində kitabları var. Amma təəssüf
hissi ilə qeyd edim ki, bu kitablar indi mərkəzimizin yerləşdiyi
hər hansı bir məkan olmadığından evlərdə
saxlanılır. Çox istərdim ki,
talışlara məxsus olan bu zəngin kitab fondu bir məkanda
-kitabxanada toplansın.
- Talışlarda mədəniyyətin hansı sahəsi
daha çox inkişaf edib?
-Azərbaycanda mədəniyyətin hansı növü
inkişaf edibsə, talışlarda da mədəniyyətin həmin
sahələri inkişaf edib. Hansı xalq ana
dilinin inkişafında irəliyə gedirsə, onun mədəniyyəti
də həmişə inkişaf edəcək. Bu gün biz talış dilinin inkişafı və
unudulmaması üçün bu dildə kütləvi
kitablar nəşrlər edirik. Bu da mədəniyyətin
inkişafına təkan verir.
-Təhsil sahəsində vəziyyət necədir?
-Mütəxəssislərin təşəbbüsü
ilə talış uşaqları üçün ibtidai sinif(4 illik ibtidai təhsil ) talış dilində
dərsliklər nəşr edilib. Ancaq bu gün orta məktəblərdə
talış dili o
qədər də yüksək səviyyədə tədris
olunmur. Bu da bu sahə üzrə kadrların(müəllim)
olmaması ilə əlaqədardır.
-Bildiyimizə görə, sizin talış dilində bir
neçə kitabınız nəşr edilib.
-Müəllifi olduğum 7 kitab Azərbaycan dilində, beş kitab isə talış dilində nəşr
edilib. Bu kitablar ana dilini sevmək və talış dili
haqqındadır. Eyni zamanda talış dilində uşaq
şeirləri də yazmışam
Yeri gəlmişkən qeyd edim ki, bu şeirlərim dərsliyə
də düşüb. Bundan başqa talış dilində
musiqi sözləri yazmışam, bu mahnıları məşhur müğənnilərimiz İsrail Məmmədov, Baloğlan
Əşrəfov və başqaları ifa ediblər . Talış dilində
yazdığım kitabları
talışların kompakt halda yaşadığı
yerlərdə əhaliyə vermişəm. Ancaq təəssüf
hissi ilə qeyd edim ki, bu gün o kitabları daha çox
yaşlı nəsil oxuyur. Çünki gənclər təhsil
aldıqları məktəblərdə
talış dili yaxşı tədris olunmadığı
üçün, onlar dillərini unudurlar. Mən çox istərdim
ki, zənginliyi və
özünəməxsus kaloriti olan Azərbaycan dilini bütün talış
uşaqları bilsin, amma öz dillərində də təhsil
alsınlar və ana dillərini bilsinlər.
GÜNAY
Paritet.- 2010.- 28-29
sentyabr.- S. 9.