“Mən ürəklə işləyirəm”
Bakıda beynəlxalq elmi konfrans
keçirildi
Ötən şənbə günü Bakıda "Dünya Ürək
Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans
keçirildi. Konfransda azərbaycanlı
kardioloqlarla yanaşı, Türkiyə, İran, Rusiyadan mütəxəssislər də
iştirak edirdi. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirdi ki,
ölkəmizdə əhalinin
sağlamlığının qorunması sahəsində, səhiyyənin
inkişafı istiqamətində birsıra islahatlar aparılıb.
"Dövlət tərəfindən səhiyyəyə
göstərilən diqqət və qayğının
artırılması tibbin müasir dövrlə ayaqlaşan və
tərəqqi edən bir sahəyə çevirməkdədir. Belə ki, artıq nəinki
paytaxtda, eyni zamanda, regionlarda müasir tibb ocaqları tikilib,
yenidən bərpa edilib, ən müasir avadanlıqla təmin
olunubdur. Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin
sədri, Mərkəzi Klinikanın Baş Həkimi, tibb elmləri
namizədi Kamran Musayev bildirdi ki, artıq 10 ildir ki, Dünya
Ürək Federasiyası tərəfindən "Dünya
Ürək Günü" müxtəlif ölkələrdə
qeyd olunur. Bu çox sevindirici bir haldır ki, artıq bizim
ölkədə də ilk dəfə olaraq əlamətdar
gün belə geniş qeyd olunur. Bu Azərbaycanın səhiyyə
sahəsində qazandığı nailiyyətlərdən xəbər
verir.
Kamran Musayev bildirdi ki, tədbirin məqsədi ictimai
diqqəti ürək-damar xəstəliklərinin təhlükəsinə
yönəltmək, cəmiyyəti
maarifləndirməkdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva
vurğuladı ki, ürək-damar xəstəlikləri artıq dünyada əsas
ölüm səbəblərindən sayılır. Bu xəstəliyin
qarşısını almaq üçün öncə səbəblər
araşdırılmalıdır. Çünki səbəbin
aradan qaldırılması xəstəliyin
yayılmasının qarşısının alınması
üçün daha effektiv üsuldur. Deputat insanların bu
sahədə maarifləndirilməsinin vacibliyini qeyd etdi.
Tədbirdə "Böyüklərdə ürək-damar
cərrahiyyəsinin müasir aspektləri", "Transkateter
aort qapaq implantasiyası", "Anadangəlmə ürək
qüsurlarının etiopatogenezi və erkən
diaqnostikası", "Ürək
catışmazlığının müasir müalicə metodları" və digər
mövzulardan danışıldı. Qeyd edək ki, konfransın sonunda iştirakçılar
sertifikatlarla təltif
edildi.
AYSEL
Paritet.- 2010.- 28-29 sentyabr.- S.
8.