Teatrlarımız virtual dünyada

 

Hazırda  ölkəmizdə teatrların ümumi infrastrukturunda bir sıra dəyişikliklər, yeniliklər edilib və  müasir standartlara cavab verən mədəniyyət ocaqları  sənət adamlarının və tamaşaçıların ixtiyarına verilib. Hətta teatrlarımızda informasiya texnologiyalarından istifadə imkanları da genişlənməkdədir. Belə ki, son zamanlar bir sıra teatrlarımızın elektron saytları istifadəyə verilib. Bizdə Bakıda fəaliyyət göstərən teatrların saytları haqqında daha ətraflı məlumat əldə etmək üçün,  bu sahəyə addiyyati  olan insanlarla əlaqə saxladıq.

İlk olaraq bu günlərdə saytının  işinə start verən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əlaqə saxladıq. Sözügedən teatrın mətbuat xidmətindən aldığımız məlumata görə,  bu yaxınlarda  teatrın (www.tob.az ) ünvanda rəsmi saytı fəaliyyətə başlayıb.  Saytın yaranmasına ən yaxşı dizayner və mütəxəssislər cəlb olunub. Saytda Opera və Balet Teatrının və onun binasının yaranma tarixi haqqında materiallar, həmçinin milli opera və balet sənətimizin korifeyləri, görkəmli mədəniyyət xadimləri haqqında məlumatlar öz əksini tapıb:” O cümlədən  saytda teatrın inzibati və yaradıcı kollektivlərinin - vokal, balet truppaları, simfonik orkestr və xor kollektivlərinin əməkdaşları haqqında məlumatlar öz əksini tapıb. Orda həmçinin  teatrın repertuarında olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ayda göstəriləcək tamaşalar barədə informasiyalar da verilib”.  Bundan başqa Opera və Balet Teatrının saytında teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklərə, kütləvi informasiya vasitələrində dərc olunan resenziyalara geniş yer ayrılıb:” Teatra dəvət olunan qastrolçular - vokal və balet ulduzları, dirijor, xoreoqraf və rejissorlar haqqında saytda məlumatlar veriləcəkdir. Sayt hər zaman öz formasını təkmilləşdirəcək və müasir tələblərə uyğun materiallarla yeniləşəcəkdir. Saytın   yaranmasında iştirak edən mütəxəssis və dizaynerlər onun fəaliyyətinə hər zaman nəzarət edəcəklər”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının(DKT)  direktoru Rəşad Əhmədzadə  bildirdi ki, rəhbərlik etdiyi  teatrın elektron saytı www.kuklateatri.com) artıq  il yarıma yaxın bir müddətdir ki, fəaliyyətdədir:”  Azərbaycan dilində saytımız tam hazırdır.  Saytda DKT-nın tarixi, kollektivi , tamaşaları və repertuarı haqqında məlumat, fotolar və s. yer alıb. Hazırda  Azərbaycan dilində saytımızda yerləşdirilmiş materialların ingilis və  rus dillərinə çevirilməsi üçün  işlər aparılır. Yəni məlumatların müəyyən hissəsi tərcümə olunub, müəyyən hissəsi isə hələ tərcümə olunmayıb”. DKT-nın saytının  tərtibatına gəldikdə isə direktor  qeyd etdi ki,  gələn ilin əvvəlində saytda bir sıra  yeniliklərin edilməsi nəzərdə tutulub:”Hazırda belə bir sistem yaradılıb ki,  əgər saytda məlumatlar  Azərbaycan dilində  və yaxud hər hansı başqa bir dildə yerləşdirilibsə, həmin sistemi tətbiq etdikdə, o proqram 30 dilə avtomatik olaraq məlumatı tərcümə edir. Bu gün informasiya texnologiyaları sahəsi daim inkişafdadır. Bu baxımdan biz də çalışacayıq ki, teatrımızın saytı müasir tələblərə uyğun olsun”.

Saytın teatr üçün əhəmiyyətindən danışan  Rəşad müəllim söylədi ki, teatrın  repertuarını daha geniş auditoriyaya təqdim etmək də, eyni zamanda yerli , əcnəbi tamaşaçılarla teatr arasında daha sıx münasibətlərin yaranmasında və onların tamaşalar  haqqında fikirlərini bilmək üçün  saytın olması çox vacibdir.

Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqov  isə  bildirdi ki,  Muskomediyanın  saytı (www .muskomediya.az)  2007-ci ilin əvvəllərindən istifadəyə verilib, ancaq hazırda üzərində iş aparıldığı üçün fəaliyyəti dayandırılıb: ”Müəyyən düzəlişlər olunmaqla  saytımız yenidən işlənir. Düzəlişlər sona çatdıqdan sonra, yaxın vaxtlarda sayt yenidən istifadəyə veriləcək”. Muskomediyanın saytında məlumatların üç (Azərbaycan, rus, ingilis) dillərində yerləşdirildiyini deyən Elxan müəllim bildirdi ki, ordakı bölmələrdə  teatrın tarixi, tamaşalar haqqında  anons, afişalar və ayrıca informasiyalar, şəkillər, eyni zamanda Muskomediyanın  bütün yaradıcı heyyəti  haqqında məlumatlar  yer alıb:” Yəni çox geniş  sayt idi, ancaq bu gün teatrımızda bir çox dəyişikliklər olduğu üçün, saytımızda da yeniliklər etmək lazım idi. Muskomediya Beynəlxalq  Musiqili  Komediya Assosiasiyasına daxil olduğu üçün, dünyanın bütün ölkələrindən saytımıza daxil olurlar və  maraqlanırlar. Yəni bizim teatrın saytının çoxsaylı auditoriyası var”. E.Ocaqov  qeyd etdi ki,bu gün  dünyada ən böyük reklam vasitəsi  internetdir:” Belə ki, əvvəllər reklam vasitəsi kimi afişa vardı,  yavaş-yavaş afişanı   televizor əvəz etdi. Hazırda internet bizim reklam bazarına yiyələnib. Televiziyada hər hansı sahə ilə bağlı  reklamlar konkret vaxtda, məhdud çərçivədə ölkə daxilində verilir. Ancaq internetdə hər kəs istənilən vaxt sayta daxil olub,  teatr haqqında geniş və mükəmməl informasiya əldə edə bilər. Teatr müqəddəs sənət ocağıdır, bu səbəbdən də hər bir xalqın teatrının geniş şəkildə təbliği vacib bir məsələdir. Bu baxımdan  bu gün teatrlarda  internetin rolu heç nə ilə müqayisə olunmaz dərəcədə böyükdür”.

Azərbaycan Dövət  Yuğ” Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov qeyd etdi ki, “Yuğ” Teatrının saytı (www.yugteatr.org) artıq 4-5 ildir ki, ingilis dilində istifadəyə verilib. Saytda məlumatların  ingilis dilində yerləşdirilməsinə gəlincə isə ədəbi hissə müdiri bildirdi ki,  ölkəmizdə olan  tamaşaçılara kütləvi informasiyalar vasitəsilə məlumatları Azərbaycan dilində çatdırırlar:” Bu gün “Yuğ” teatrının kifayət qədər xarici əlaqələri var. Əsasən də teatrımızın xaricdə təbliğ olunması üçün, ilk olaraq saytımızı ingilis dilində hazırladıq. Saytda ingilis dilində məlumatlar başa düşüləndi, elə  çətin yazılmayıb. Tamaşaların adı həm ingilis, həm də Azərbaycan dilində verilib.  Hazırda isə saytın  Azərbaycan dili  variantının hazırlanması istiqamətində iş aparırıq, təxminən iki aya qədər müddətdə tam hazır olacaq”. Saytın auditoriyasının daha çox tələbələr və xaricilər olduğunu deyən E.Cəfərov söylədi ki, “Yuğ” teatrında saytın yaradılmasından sonra  təbliğat işi  genişləndi:” Belə ki,  xarici ölkələrdə qastrollara gedərkən, orda teatrımızla maraqlanan əcnəbi tamaşaçılara və  mütəxəssislərə saytımızı veririk,  onlarda  istədiyi məlumatı  ordan əldə edirlər. Onu da qeyd edim ki, sayt yarandığı gündən daim dəyişikliklər və yeniliklər edilir. Saytımızda müxtəlif bölmələr var, eyni zamanda qara fonda aktyorların şəkilləri və tamaşadan səhnələr  bir-birini əvəz  edir”.

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru  (DGTT) əməkdar artist Mübariz Həmidov bir neçə ay əvvəl   teatrın saytının (www.gt-teatr.com)  yarandığını bildirdi:” Saytımız hazırda fəaliyyətdədir, ancaq məni o qədər də qane etmir. Bunun üçün   saytımızın başqa yeni bir dizaynda olmasını istəyirəm.İndiki saytımızı  hazırlayan mütəxəssisə demişəm ki, mənə daha bir neçə yeni variant təqdim etsin.  Bu variantlardan birini seçib, yenidən sayt üzərində iş aparacağıq. Artıq materialları ona vermişəm. Yəni qeyd etmək istəyirəm ki, hazırkı saytımız  sonuncu variant deyil, onun üzərində təkmilləşdirmə iş aparılacaq və yeniliklər ediləcək”.

M. Həmidov qeyd etdi ki,  DGTT-nın saytı ümumilikdə onu  qane etmədiyi üçün,  onu geniş auditoriyaya    media nümayəndələrinə hələki  təqdim etməyiblər:”   Yenidən üzərində iş aparıldıqdan sonra, saytımızın geniş formada təqdimatını keçirəcəyik.  Çalışacayıq ki, teatrımızın  əhatəli və müasir tələblərə cavab verən bir elektron saytı olsun. Bilirsiniz, bu gün  gənclərimizn çoxu teatrların tarixindən, hansı tamaşaların hazırlanmasından, ümumilikdə repertuardan xəbərləri yoxdur.  Saytda teatrın tarixi, yaradıcı heyyət haqqında məlumat verilir, afişalar, fotolar, həmçinin   teatrın 4 aylıq repertuar planı  s. məlumatlar yerləşdirilib. Bundan başqa saytımızda forum bölməsi var ki, orda  tamaşaçıların  baxdıqları tamaşalar haqqında fikirlərini, rəyini bildirmək imkanı var. Saytın  müsbət tərəfi və əhəmiyyəti ondadır ki, orda olan bu  bölmələrdən gənclər və ümumilikdə teatrla maraqlanan hər kəs ətraflı məlumat əldə edə bilər”.

Hazırda (www.gt-teatr.com) saytının Azərbaycan dilində olduğunu deyən direktor bildirdi ki, gələcəkdə saytda  məlumatların həm də  ingilis və rus dillərində yerləşdirilməsi nəzərdə tutulub.

 İrəvan Azərbaycan  Dram Teatrından  aldığımız məlumata görə, teatrın saytı üzərində işlər tamamlanıb,  yaxın günlərdə təqdimatı olacaq və istifadəyə veriləcək.

Azərbaycan Dövlət Akademik Milli Teatrının mətbuat xidmətindən verilən xəbərə görə, hazırda Azdramanın binası təmirdə olduğundan və ümumilikdə teatrda  bir sıra  yenidənqurma işləri aparılır, o cümlədən saytın  (www.azdrama.az) üzərində də  iş gedir: ”Ancaq hələlik saytımızda heç bir yeni məlumat yoxdur. Teatrın binası istifadəyə verildikdə, saytımızda yeni bir formada  təqdim ediləcək”.

Pantomim Teatrının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə,  artıq bir aydır ki, teatrın  saytı (www. pantomima. azadhost.biz) fəaliyyətdədir:” Ancaq hələ rəsmi təqdimatı olmayıb. Bu yaxınlarda ictimaiyyətə təqdim olunacaq.Üç dildədir. Yeni yaranıb saytımız getdikcə daha da təkmil olacaq. Bu gün saytımıza daxil olan hər kəsin  Pantomim Teatrı haqqında ətraflı məlumat əldə etmək üçün imkanı var”.

Səməd Vurğun adına Rus Dram Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, teatrın saytı (www.rusdrama-az.com) 2001-ci ildən fəaliyyət göstərir və bütün məlumatlar saytda rus dilində yerləşdirilib:” Saytımızda teatr haqqında ətraflı məlumat yerləşdililib. Ordakı bölmələrdə teatrın tarixi, fotoqalereya, repertuar, media (kütləvi informasiya vasitələrində dərc olunan məqalələr), forum və başqa bir sıra  bilmələr yer alıb. Teatrın yenilikləri də mütəmadi olaraq saytda yerləşdirilir”.

Bakı     Bələdiyyə Teatrından verilən xəbərə görə, sözügedən  teatrın hazırda internet saytı  yoxdur.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 30 sentyabr-1 oktyabr.- S. 12.