Ahıska
türkləri-tarixi torpaqlara qayıdış mütləq
olacaq
İbrahim Burhanov:
“Azərbaycan hökuməti hər zaman bizim problemlərimizin həllinə böyük həssaslıqla yanaşır”
Tarixi qanlı səhifələrlə dolu
olan türk xalqlarından biri də Ahıska (Mesheti) türkləridir. Məlumat üçün
bildirək ki, Ahıska Gürcüstanın cənubunda yerləşən
tarixi bölgələrdəndir. Bu
bölgə “tayfalar qapısı” kimi ad-san qazanıb,
zaman-zaman bu əraziyə müxtəlif türk
tayfalarının axını baş verib. Geostrateji bir bölgə olan Ahıska tarixən
türk tayfalarının keçid nöqtələrindən
olub. Araşdırıcılar müəyyənləşdiriblər
ki, Ahıska türklərinin yerləşdiyi bölgə
qıpçaq boylarının yayılma ərazilərindəndir.
Ahıska türkləri digər azsaylı
xalqlardan faciəli taleləri, dəfələrlə
deportasiyalara məruz qalmaları, mübarizə dolu
keçmişi ilə fərqlənən etnoslardandır.
Ahıska türkləri sonuncu ən
böyük faciə ilə 1944-cü ildə üzləşib. Belə ki, həmin il noyabrın 5-də
Sovet İttifaqının gürcüəsilli lideri İosif
Stalinin və Gürcüstanın erməni əsilli rəhbərliyinin
təşəbbüsü ilə 100 minə yaxın
Ahıska türkü doğma torpaqları sayılan
Gürcüstanın cənub-qərbindən Qazaxıstan, Özbəkistan və
Qırğızıstana sürgün olunublar. Onların
evlərində isə elə o vaxtdan əsasən ermənilər
və gürcülər məskunlaşdırılıb.
Sürgün prosesi zamanı 17 minə yaxın adam
soyuqdan, aclıqdan və digər səbəblərdən
dünyasını dəyişib. Bununla yanaşı, 12 il Ahıska türklərinə qarşı hərbi
komendant rejimi də tətbiq edilib. Onların vətənə
qayıtması ilə bağlı SSRİ dövründə
dəfələrlə ölkə rəhbərliyinə edilən
müraciətlər isə nəticəsiz qalıb.
SSRİ-nin dağılması nəticəsində
Gürcüstan müstəqillik qazandıqdan sonra bu məsələ
ilə əlaqədar müsbət dəyişikliklər
baş verib, Gürcüstan prezidenti Mixail Saakaşvilinin
problemin həlli üçün müvafiq addımlar
atıb. Belə ki, 2004-cü il noyabrın 24-də qayıdış məsələsinin
hüquqi tərəflərinin hazırlanması məqsədilə
Dövlət Komissiyası yaradılması üçün sərəncam
imzalanıb.
Gürcüstan hökumətinin Avropa Şurasına qəbul
olunarkən Ahıska türklərinin geri köç etməsi
haqqında götürdüyü öhdəliklə əlaqədar
Gürcüstan parlamenti 2007-ci il iyulun 11-də
Ahıska türklərinin repatriasiyası ilə bağlı
qanun qəbul edib. Lakin bütün bunlara
baxmayaraq Ahıska türklərinin böyük bir qismi hələ
də öz doğma torpaqlarına qayıda bilməyib.
Ahıska türkləri bu gün 13 ölkə
ərazisində məskunlaşıblar. Onların təxmini sayı
isə 629 mindən artıqdır. Müxtəlif
ərazilərə səpələnmələrinə
baxmayaraq onlar öz adət-ənənələrini, mədəniyyətlərini,
türk soyuna bağlılıqlarını qoruyub
saxlayıblar. Ən böyük
arzuları doğma torpaqlarına qayıtmaq olan Ahıska
türkləri öz mübarizələrini davam etdirirlər.
Qeyd edək ki, Ahıska türklərinin
doğma torpaqlarına qayıtması uğrunda onların
yaratdıqları təşkilatlar, cəmiyyətlər daha
aktiv mübarizə aparırlar. Belə təşkilatlardan bir də
ölkəmizdə fəaliyyət göstərən Azərbaycan
Respublikası Mesheti Türklərinin “Vətən” Cəmiyyətidir.
Cəmiyyət sədri İbrahim Burhanov “Paritet”ə bildirib
ki, cəmiyyətin yaranma tarixi 1944-cü ildə
Gürcüstanın Meshetiya-Cavahetiya bölgəsindən Ahıskalıların
zorla sürgünə məruz qaldıqları bir dövrə
təsadüf edir. Həmin dövrdə Ahıska türkləri
bu cəmiyyəti gizli şəkildə yaradıblar:
“1944-1956-cı illər arasında Ahıska türklərinə
12 il müddətinə komendant rejimi tətbiq edilib və
rejim aradan qaldırıldıqdan sonra vətənə dönmək uğrunda mübarizə
gücləndirilib. Sovet dönəmində Mesheti türkləri
181 dəfə Moskvaya rəsmi heyət göndərməklə,
çox sayda aksiyalar, mitinqlər keçirməklə tarixi
ata-baba torpaqlarına dönməyi tələb etsələr
də, həmin dövrdə problem həll edilməyib. Sovet
İttifaqı dağıldıqdan sonra yenicə
yaranmış müstəqil Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən 1993-cü il oktyabrda ilk dəfə Mesheti Türklərinin
“Vətən” Cəmiyyəti rəsmi qeydiyyata alındı”.
İ.Burhanov məqsədlərinə
nail olmaq üçün həyata keçirdikləri layihələr
barədə məlumat verərək görülən işlər
nəticəsində ciddi uğurlara imza atdıqlarını
deyib: “Həyata keçirdiyimiz bir çox layihələrin
adını çəkmək olar. Mesheti
türklərinin “Vətən” Cəmiyyəti 1997-ci ildə
ABŞ-ın İSAR təşkilatının dəstəyi
ilə Mesheti türklərinin sosial vəziyyətinin tədqiqinə
dair seminarlar keçirib. BMT-nin QAK və Amerikanın
UMCOR təşkilatlarının birgə dəstəyi ilə
3 il ərzində (1997-2000) Mesheti türk
icmasının inkişafı ilə bağlı işlər
görülüb. “Oksfam”təşkilatının
dəstəyi ilə 2000-ci ildə fermer təsərrüfatlarının
inkişafı üçün Mesheti türklərinin toplum
halda yaşadığı yerlərdə məsləhət mərkəzləri
yaradılıb. BMT-nin İnkişaf
Fondunun dəstəyi ilə 2001-ci ildə qoyunçuluğun
inkişafı ilə bağlı layihə yerinə yetirilib,
bəzi imkansız ailələrə 125 ədəd qoyun
paylanıb, veterinar xidməti təyin edilib. Açıq Cəmiyyət İnstitutu-Yardım
Fondunun dəstəyi ilə 2001-ci ildə cəmiyyətimizin
üzvləri informasiya toplamaq məqsədilə
Gürcüstanın Meshetiya bölgəsinə və
Ukraynanın Krım yarımadasına səyahət ediblər.
Bunun nəticəsi olaraq kitabçalar çap
edilib. Açıq Cəmiyyət
İnstitutu-Yardım Fondunun dəstəyi ilə
2003-2004-cü illərdə Mesheti türklərinin mükəmməl
məlumatlara sahib olması üçün onların maarifləndirilməsi,
Gürcüstan vətəndaş cəmiyyətinə
inteqrasiyası məqsədilə tədqiqat işləri aparılıb.
Bundan başqa 2006-cı ildə Açıq Cəmiyyət
İnstitutu-Yardım Fondunun dəstəyi ilə Krım
yarımadasına səyahət edilib, sürgün, bəraət
qazanma və vətənə qayıdış
mövzularında oxşarlıq və müxtəlifliyin
aşkar edilməsinə dair Krım tatarlarının təşkilatları
ilə birgə seminarlar təşkil edilib. Bundan
əlavə Azərbaycan Respublikası Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yardımı ilə 2008-ci ildə Mesheti
türklərinin irsinin araşdırılması üzrə
tədqiqat işləri aparılıb və “Ahıska
türklərinin folkloru” kitabı nəşr edilib.
İ.Burhanov Ahıska türklərinin
Gürcastandakı tarixi torpaqlarına köçməsi ilə
bağlı üzləşdikləri çətinliklərdən
də söz açdı. O bildirdi ki, Gürcüstanda yaşayan ermənilər
Ahıska türklərinin öz doğma yurd-yuvalarına
dönmələrindən narahatdırlar. Ona görə də
Azərbaycan mətbuatında gedən informasiyalardan öz məqsədləri
üçün istifadə edirlər: “Köçlə
bağlı Azərbaycan qəzetlərinə
açıqlamalar veririk. Ermənilər onu
düzgün olmayan formada, öz mənafelərinə
uyğun şəkildə təhrif edib Gürcüstan hakimiyyət
orqanlarına çatdırırlar. Bunun nəticəsində
də çətinliklərlə
qarşılaşırıq. Ona görə də
çalışırıq bu məsələ ilə
bağlı informasiyalar az getsin. Gürcüstan hökumət orqanları bizim
verdiyimiz informasiyaları düzgün formada əldə etsələr,
heç problem olmaz. Sadəcə, erməni
təxribatçılar öz niyyətlərini həyata
keçirmək istəyirlər”.
Gürcüstan rəhbərliyi tərəfindən
də ahıskalıların köçməsinə problemlər
yaradıldığını deyən cəmiyyət sədrinin
sözlərinə görə, bütün bunlara baxmayaraq
doğma torpaqlara köçmə istiqamətində işlər
davam etdirilir.
İ.Burhanov bildirib ki, başqa ölkələrdən
fərqli olaraq Azərbaycanda Ahıska türklərinə
qarşı daha doğma münasibət bəslənir. Ölkəmizdə yaşayan
ahıskalıların
böyük əksəriyyətinin kənd təsərrüfatında,
fərdi təsərrüfatlarda
çalışdıqlarını deyən cəmiyyət sədri
üzləşdikləri problemlərdən də
danışıb: “Onların əsas problemləri iqtisadi
inkişafla bağlıdır. Kolxoz və
sovxozlar dağıldıqdan sonra irimiqyaslı meliorativ tədbirlərin
görülməsinə ehtiyac yaranıb. Çünki
torpaqlar şoranlaşmağa başlayıb, torpaqdan əldə
edilən məhsuldarlıq aşağı düşüb,
ailə başına düşən gəlir azalıb. Bu problem dövlətin uzunmüddətli
proqramlarının həyata keçməsi hesabına aradan
götürülə bilər. Onu da deyək
ki, Azərbaycan hökuməti hər zaman bizim problemlərimizin
həllinə böyük həssaslıqla yanaşır.
Cəmiyyətimiz aşkar etdiyi müxtəlif
problemlərin həlli üçün dövlət
qurumlarına məktublar ünvanlayır, müraciətlər
edir, bir çox dövlət tədbirlərində iştirak
edir. Dövlət məmurları ilə
görüşmək zəruri olduğu halda belə
görüşlər təşkil edilir. Demək
mümkündür ki, dövlət qurumları ilə əlaqələrin
qurulmasında heç bir maneçilik mövcud deyil. Cəmiyyətimiz tələb olunduğu hallarda
hesabat hazırlayır, layihələrin həlli zamanı
hesabatları aidiyyəti dövlət qurumlarına təqdim
edir”.
İ.Burhanov gələcək planları barədə də
danışaraq həyata keçirmək istədikləri
layihələr barədə məlumat verib: “Vətənə
dönmək üçün repatriant statusu almaq məqsədilə
Gürcüstana müraciət etmiş 12500 nəfər
Mesheti türkünün Gürcüstan vətəndaş cəmiyyətinə
inteqrasiyasına dair xüsusi televiziya proqramlarının təşkil
edilməsini vacib sayırıq. İqtisadi layihələrin
həyata keçirilməsi, bəzi kəndlərdə həyətyanı
sahələri əhatə edən kollektorların təmizlənməsi,
fərdi təsərrüfatların inkişafı
üçün toxumçuluğun bərpa edilməsi,
veterinarların təkmilləşdirilməsi kimi vacib işlərə
dair layihələrin aidiyyəti təşkilatlara təqdim
edilməsi gərəkdir.
Ahıska türkləri (türkcə: Ahıska
türkleri, ingiliscə: Meskhetian Turks və ya Ahiska Turks -
Qazaxıstan da, Özbəkistanda, Azərbaycanda,
Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə
kompakt halda yaşayan, türk xalqlarından biri. Çox zaman onları Mesheti türkləri də
adlandırırlar. Dilləri Azərbaycan
dilinə və Türkiyə türkcəsinin şərq ləhcələrinə
yaxındır.
Tarixi
Tarix boyu etnik yaşayış yerləri
Gürcüstanın Məhsəti bölgəsi olub. 1944-ci ildə Ahıska
türkləri Stalin repressiyasının qurbanı olmuş,
ahısqalılar kütləvi şəkildə öz
doğma yerlərindən deportasiya olunub. 31
iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin
“¹ 6279” qərarı ilə 90 000 Ahıska türkü məcburi
şəildə Gürcüstandan Qazaxıstan, Özbəkistan
və Qırğızıstanın çöllərinə
köçürülüb.
Ahıska
türkləri Azərbaycanda
1999-cu idə aparılmış siyahıyaalmaya əsasən
Azərbaycanda 43.454 nəfər, eyni ildə
aparılmış siyahıya almaya əsasən isə
Qırğızıstanda 33.327 nəfər[5] , Qazaxıstanda
2.761 nəfər[6] Ahıska türkü yaşayır.
2002-ci ildə aparılmış siyahıya almaya əsasən
Rusiyada 3.257 nəfər , Ukraynada 2001 -ci ildə
aparılmış siyahıyaalmaya əsasən isə 336 nəfər
Ahıska türkü yaşayır .
Babək Cahandarov
Paritet.- 2010.- 30 sentyabr-1 oktyabr.- S. 9.