“Norveçdə Azərbaycanı tanıyırlar və sevirlər”

 

Ramil Əliyev: ”Norveçliləri Azərbaycanda daha çox “Yanar dağ” və “Qobustan”maraqlandırır”

 

 Azərbaycanlı gənclər müxtəlif xarici ölkələrdə  müəyyən mövqe tutub və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir sıra layihələrlə çıxış edirlər. Eyni zamanda gənclərlə bağlı olan diaspor təşkilatları  ölkəmizin milli mənəvi dəyərlərini, tarixini, mədəniyyətini, dilini və müasir həyatını əcnəbilərə çatdırmaq üçün bir sıra məqsədyönlü işlər həyata keçirirlər. Qeyd etdiyimiz meyarları fəaliyyətində əsas götürən  belə təşkilatlardan biri də Norveç Azərbaycanlıları  Gənclər Təşkilatıdır(NAGT). Biz də bu qurumun fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün, ötən il Norveçdə ilin ən aktiv və akademik gənci seçilmiş, NAGT-nın sədri Ramil Əliyevlə həmsöhbət olduq. O bizimlə söhbətə rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında danışmaqla başladı.  

-Rəhbəri olduğum  Norveç Azərbaycanlıları  Gənclər Təşkilatı 2006-cı ildən yaradılıb. Təşkilatımızda aktiv kütlə, yəni həm norveçli və həm də azərbaycanlı gənclər təmsil olunur. Onu da qeyd edim ki,  təşkilatımızın  başqa diaspor təşkilatlarından fərqi ondadır ki, biz Azərbaycanı xaricdə akademik səviyyədə təmsil edirik. Təşkilatımız tərəfindən bir sıra maraqlı layihələr həyata keçirilib. Belə ki,   Oslo Universitetində  “Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi rolu”, “Qafqaz müharibədən sonra” mövzusunda seminarlar keçirmişik. Bu seminarlardan sonra bir qrup norveçli tələbələrdə Azərbaycana çox böyük maraq yaranıb. Həmin tələbələr bizimlə əlaqə  yaradıb və Azərbaycana gəlmək istədiklərini bildiriblər. Beləliklə təşkilatımızın təşəbbüsü ilə  Azərbaycana bir qrup norveçli gəncin gəlməsinə nail olduq. Onlar ölkəmizə gəldikdə maraqlı məlumatlarla və xoş təəssüratlarla Norveçə dönüblər. Artıq bu cür layihələr səbəb olub ki,  biz orda Azərbaycanın dostları olan kiçik bir cəmiyyət formalaşdırmışıq. Bundan başqa biz daha maraqlı bir mədəniyyət layihəsiylə də çıxış etmişik. Bu layihə  Azərbaycandan gələn müğənnilərin sayına görə, ifaçıların janr müxtəlifliyinə görə, həm də  auditoriyada olan insanların say çoxluğuna görə fərqli və maraqlı bir layihə olub. Eyni zamanda  bu layihənin özəlliyi ondan ibarət idi ki, biz sözügedən layihə çərçivəsində Norveçdə olan  Azərbaycan təşkilatları  ilə əməkdaşlıq etdik  və həmrəy olduq.

-  “Virtual Həftə Sonu” məktəb layihəsinin  dünya azərbaycanlıları üçün  əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bilirsiniz, bu çox vacib bir layihədir, ona görə ki, Norveçdə yaşayan  azərbaycanlıların  Azərbaycan dilində  akademik təhsil almaq  imkanları yoxdur.  Ailədə isə onlar, ancaq Azərbaycan dilində ünsiyyəti  öyrənirlər. Bu  baxımdan da xaricdə yaşayan azərbaycanlılar əsasən də   Cənubi azərbaycanlılar    gənc nəsilin nümayəndələri olan azərbaycanlıların  Azərbaycan dilini  akademik səviyyədə bilməsi çox vacibdir. Bilirsiniz xaricdə yaşayan azərbaycanlıların əkəsəriyyəti ana  dilində yazıb oxuya bilmirlər, ancaq danışa bilirlər. Bu bizim əsas problemimizdir. Hazırda dünyada internet şəbəkəsi çox yaxşı inkişaf edib və hər kəsin evində də kompüter var. Onun üçün də “ Virtual Həftə Sonu” məktəb layihəsinin yaranması çox önəmlidir.

Bir maraqlı faktı da qeyd edim ki, mən Azərbaycana gəlməmişdən əvvəl Norveçdə olan  başqa azərbaycanlı təşkilatlarla görüşüm olub ki, onlarla birgə  Azərbaycan dili məktəbləri yəni, dərnəklər yaradaq. Və bu dil kurslarında  Norveçdə təhsil alan azərbaycanlı tələbələr orda yaşayan azərbaycanlılara dil öyrətsinlər. Əminəm ki, yaxın gələcəkdə bu layihəmizdə gerçəkləşəcək.

-  Təşkilatınızın saytı varmı?

- Əvvəla onu qeyd edim ki, təşkilatımız  2009-cu ildə Norveçin Gənclər Konsuluna üzv seçilib. Xatırladım ki, sözügedən təşkilat  “çətir” altında Norveçdə aktiv olan 70-dən çox təşkilatı birləşdirir.  Çox sevindirici haldır ki, bizdə belə bir təşkilata üzv olduq. Bura qəbul olunmağın əsas şərtlərindən biri odur ki, təşkilat demokrativ və  aktiv olmalıdır. Bu  göstəricilər  təşkilatımızda olduğu üçün bizi üzv kimi qəbul etdilər. Bundan sonra ANGT haqqında müəyyən məlumatlar virtual olaraq yayımlandı.

Amma buna baxmayaraq təşkilatımız haqqında ətrafda daha dolğun məlumatın olması üçün biz internet səhifəmizi(www.nayo.no) yaratdıq.  Hazırda internet səhifəmiz üzərində işləyirik və formatını dəyişmək istəyirik. Bu səhifəni yaratmaqda əsas məqsədimiz  o oldu ki, Norveçdə Azərbaycan haqqında  elmi tədqiqat aparan, elmi iş yazan şəxslər bizim internet səhifəmizdən ölkəmiz haqqında dolğun və dəqiq informasiya ala bilsinlər.

- Təşkilatınızın  neçə nəfər üzvü var?

-Təşkilatımızın üzvlərinə gəldikdə qeyd edim ki, 2009-cu ilə qədər marağımızda deyildi ki, üzvlərimiz arasında sənədləşmə aparaq. Çünki, biz buna ehtiyac hiss etmirdik. Ona görə ki,biz seminarlar, konsertlər və s. bir sıra başqa maraqlı layihələr həyata keçirmişik. Bu tədbirlərdə 340-600 nəfər arasında iştirakçı olub. Yəni biz həmişə  kiçik, ancaq insanların marağına səbəb olan müxtəlif layihələr keçirdiyimizə görə, ola bilsin ki, üzvlərimiz zövqlərindən asılı olaraq bütün tədbirlərə eyni sayda gələ bilməyiblər. Hər kəs öz zövqünə və istəyinə  uyğun tədbirə gəlir və iştirak edir. Amma biz Norveçin Gənclər Konsulluğuna üzv olduğumuz üçün, onlar bir növ  üzərimizə  öhdəlik qoydular ki, biz üzvlərimizin sayını sənədləşdirməliyik.  Bundan irəli gələrək  2009-cu ilin  aprel ayından bu sənədləşmə işini apardıq. Bu gün təşkilatımızın təxminən  150-160  yaxın üzvü var. Qeyd edim ki, bunlar yalnız 26 yaşından aşağı olan  gənclərdir.

Onu da qeyd edim ki,  təşkilatımızın  adında olan gənclər sözü sizi çaşdırmasın. Biz orda həqiqətən Azərbaycanla bağlı böyük siyasi, ictimai layihələr həyata keçiririk.Məlumat  üçün qeyd edim  ki,  2007-ci  ildə Norveçin Menicment İnstitutunda “Azərbaycanın yüksələn iqtisadi investisiya imkanları” mövzusunda biznes forum keçirmişik. Forumda Norveçin böyük firmaları, banklar və başqa bir sıra nüfuzlu təşkilatlar iştirak ediblər.  Bundan əlavə Norveçin Xarici İşlər İnstitutunda Azərbaycanın Cənubi Qafqaz geopolitikasında rolu” mövzusunda seminar keçirmişik. Bu tədbirdə Norveçdə olan xarici ölkə səfirləri və  parlament üzvləri iştirak ediblər.

- Siz hesab edirsiniz ki, artıq diaspor təşkilatları təşkilatlanma işini bitirib praktik fəaliyyətə başlayıblar?

-Mən ancaq Norveç haqda danışa bilərəm.  Bilirsiniz təşkilatların formatları başqadır. Məsələn, bizim təşkilat qeyd etdiyim kimi Azərbaycanın müsbət imicini akademik səviyyədə xaricdə təmsil edir. Biz təşkialtlanma mərhələsinə təşkilatımız yaranandan yəni,  2006-cı ildən başlamışıq. Artıq bu mərhələ arxada qalıb. Eyni zamanda Norveçdə olan başqa təşkilatlarla əlaqə saxlayırıq və  əməkdaşlıq da edirik. Diaspor Komitəsinin keçirdiyi layihələr çərçivəsində  Azərbaycana tez-tez dəvət olunuram. Bu zaman çox gözəl imkanlar yaranır ki, başqa ölkələrdə yaşayan azərbaycanlı təşkilatlarla  ünsiyyət quraq və tanış olaq. Ötən ilin  yayında Norveçdə konsert təşkil etdiyimiz  zaman İsveç və Danimarkadan olan Azərbaycan təşkilatları da bizə qatılmışdı. Və orda olan azərbaycanlılar konsertə gəlmişdilər. Gələcək layihələrimizin birində  Norveçə Estoniyada fəaliyyət göstərən istedadlı sənətkar Rauf Avşarovun rəhbəri olduğu  Kukla Teatırını dəvət edəcəyik.Eyni zamanda  orda  azərbaycanlıların radiosu var və həftədə iki dəfə efirə çıxır.

-  Ümumilikdə xarici ölkələrdə Azərbaycanla bağlı kitablar azdır. Bəs, Norveçdə bu istiqamətdə vəziyyət necədir?

-Bəli, məndə sizinlə razıyam ki, bu gün Azərbaycanla bağlı xarici ölkə kitabxanalarında kitablar azlıq təşkil edir. Çox istərdim ki, ölkəmiz haqqında Avropa düşüncəsinə uyğun olan elmi və tarixi  kitablar yazılsın. Bizdə onları imkanmız daxilində çalışdığımız xarici ölkələrdə kitabxanalar və  insanlar arasında yayaq.

- Bəs siz Azərbaycan haqda materialları hardan əldə edirsiniz?

-  Əvvəla onu deyim ki, artıq təşkilatımızda belə bir ənənə formalaşıb ki, keçirdiyimiz sərgilərdə, tədbirlərdə Azərbaycanla bağlı  kitab, jurnallar, broşurlar tədbirə gələn norveçlilərə və əcnəbilərə hədiyyə edirik. Bizə əsasən dediyim istiqamətdə materiallar,  kitablar Heydər Əliyev Fondu və Diaspor Komitəsi tərəfindən verilir, eyni zamanda  Norveçə gələn azərbaycanlı elm adamları ilə görüşəndə hədiyyə edirlər.

- Bu gün Norveçdə nə qədər azərbaycanlı gənc var və onların  əsas problemi nədir?

- Gənclər haqqında konkret say söyləməkdə çətinlik çəkirəm. Biz Norveçdə Azərbaycan Gənclər Təşkilatı adı altında fəaliyyət göstərsək də üzərimizdə elə bir iddia yoxdur ki, Norveçdə olan bütün  azərbaycanlı gəncləri təmsil etməliyik.  Biz konkret məqsədləri olan  bir təşkilatıq. Yəni qeyri siyasi, qeyri dini və  qeyri komerssiya təşkilatıyıq. Təşkilat olaraq, ancaq  yüksək səviyyədə inandığımız layihələri həyata keçiririk. Amma sırf mənim  marağım diaspor və lobbi yanaşması, eyni zamanda  Norveç və Azərbaycan xalqları arasında dostluq əlaqələrini inkişaf etdirməkdir.

Gənclərin probleminə gəldikdə, düzdür mən buna problem deməzdim, bir arzu və istək kimi, biz gənclər istərdik ki, Norveçdə Azərbaycan Evi olsun.  Çox istərdm ki,  orda Azərbaycan məktəbi olsun. Bu dediyim fikirləri gerçəkləşdirmək təşkilatımızın gələcək layihələrinə daxildir.

-  Diaspor Komitəsi ilə əlaqələriniz necədir?

- Komitə ilə əlaqələrimiz yaxşıdır. Komitə metodiki cəhətdən bizi istiqamətləndirməkdə yardımçı olur. Eyni zamanda bir sıra layihələrdə iştirakımıza imkan yaradır.

-  Norveçdə Azərbaycanla bağlı olan əlamətdar günləri necə keçirirsiniz?

- Biz milli bayramlarımızı, xalqımızın yaddaşına yazılmış tarixi faciələri hər il orda olan azəri diaspor təşkilatlrı ilə  həmrəy olaraq  yüksək səviyyədə həyata keçiririk. Tədbirlər də azərbaycanlılarla yanaşı norveçlilər və digər əcnəbilərdə  iştirak edirlər. Bu il Norveçdə Novruzu təntənəli şəkildə keçirməyi planlaşdırırıq.

-Norveçliləri Azərbaycanla bağlı daha çox nə maraqlandırır?

-Yeni müstəqillik qazanmış dövlət kimi ümumilikdə Azərbaycan Norveç cəmiyyəti üçün yenidir və maraqlıdır. Eyni zamanda Azərbaycanda Norveçin böyük iqtisadi maraqları var. Hazırda bir sıra Norveç şirkətləri Azərbaycanda çalışır. Bu səbəbdən də Azərbaycanda cərəyan edən bir sıra siyasi ictimai hadisələr Norveç mətbuatında işıqlandırılır. Elə bu da səbəb olur ki, noreveçli tələbələr Azərbayana gəlmək istəyirlər. Biz də imkan yaradırıq ki, qeyri-azərbaycanlılar ölkəmizə  gəlsinlər Azərbaycan haqqında ətraflı öyrənsinlər. Məsələn bizim təşkilatın təşəbbüsü ilə polşalı fotoqraf xanım və bir norveçli jurnalist Azərbaycana gəlmişdi. Fotoqraf Azərbaycan haqqında maraqlı sərgi təşkil etmiş, jurnalist xanım məqalələrini norveç mətbuatında  dərc etmişdi. Bu cür layihələr səbəb olur ki,  Norveçdə Azərbaycanı tanıyırlar və sevirlər. Norveçlilərin ölkəmizdə daha çox sevdiyi tarixi  məkanlar “Yanar dağ” və “Qobustan” Tarixi-Memarlıq qoruğudur.

- Bakı haqqında təssüratlarınız.

-Ümumiyyətlə xaricdə yaşayan azərbaycanlıların qürur mənbəyi Azərbayandır.  Ölkəmizin bütün regionlarında olan  nailiyyət bütövlükdə Azərbaycanın nailiyyətidir. Xaricdə yaşayan azərbaycanlı kimi mən Vətənimə-Azərbaycana gəldikdə və   burda  hər hansı yeniliyi gördükdə qürur hissi keçirirəm.  Eyni zamanda bizimlə bura gələn əcnəbilərdə yenilikləri maraqla qarşılayır. Və Azərbaycanın həqiqətən mədəni və sivil bir ölkə olduğunu görürlər. Bu cür təəssüratın onlarda yaranması ölkəmizin ürək açan  nailiyyətindən xəbər verir.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 9-11 yanvar.- S. 7.