Himayədar
ailə modelinin təbliğinə böyük ehtiyac var
Gülarə
Teymurova: “Himayəyə verilən uşaqlar üzərində
daimi və işlək monitorinq mexanizmi olmalıdır”
Uşaq evlərində
və internatlarda yaşayan kimsəsiz uşaqların taleyi cəmiyyətimizi
ən çox narahat edən problemlərdən biridir. Məlum
olduğu kimi bu məsələni daim diqqətdə saxlayan
dövlət tərəfindən uşaqların bioloji ailələrə
verilməsi- deinstitutlaşma ilə bağlı dövlət
proqramı hazırlanıb. Proqramın icrasına
başlayandan bu günə kimi bir çox uşaq yeni ailələrinə
təhvil verilib. “Dan” Beynəlmiləlçi Gənclər
İctimai Birliyinin sədri Gülarə Teymurova ilə
söhbətimizdə sözügedən dövlət
proqramı, cəmiyyətin proqrama münasibəti, himayədar
ailə modeli və digər məsələlər ətrafında
söhbət etdik. O ilk öncə himayədar ailə modelinin
təbliğinə olan zərurət barədə
danışdı.
-Son zamanlar aparılan
araşdırmalar göstərir ki, himayədar ailə
modelinin təbliğinə və tətbiqinə böyük
ehtiyac var. Bu modelin həyata keçirilməsi uşaqların
müəssisələrə düşməsinin
qarşısının alınmasına böyük köməklik
göstərə bilər. Eyni zamanda bu modelin tətbiqi müəssisələrdə
olan və bioloji ailələrinə qayıda bilməyən
uşaqların ailə mühitində böyüməsinə
şərait yaradar. Himayədar ailələr bioloji ailələrinə
qayıtmaq imkanı olmayan uşaqlar üçün
münasib və təhlükəsiz bir məkandır. Hərtərəfli
və harmonik inkişafı üçün uşaq ailədə
səadət, məhəbbət və anlayış şəraitində
böyüməlidir. Buna müvafiq olaraq cəmiyyətin
bütün strukturları uşaqları ailə şəraitində
böyüdən və qayğı göstərən
valideynlərə və himayəçilərə dəstək
göstərməlidir. Əvvəlki dövrlərdə bir
çox uşaqlar ehtiyac olmadan uşaq evlərinə və
internatlara yerləşdirilirdi. Bu ondan irəli gəlirdi ki,
yoxsul ailələr buna uşaqlarının qida, paltar və
yaşayış yeri ilə təmin edilməsi
üçün yeganə vasitə kimi baxırdılar.
Müasir dövrdə bir çox inkişaf etmiş ölkələrdə
valideyn himayəsindən məhrum olmuş uşaqların
uşaq evlərinə və internat məktəblərinə
ancaq son halda və müəyyən vaxta qədər verilmə
siyasətinə əməl edilir. Ailədə tərbiyə
almaq imkanından məhrum edilmiş uşaqlar köməyə,
xüsusi müdafiə və alternativ qayğı almaq
hüququna malikdirlər. Uşaqların bioloji və himayədar
ailələrə verilməsi dövlət müəssisələrində
yaşamağın alternativ variantıdır.
Bu bir daha himayədar ailə
institutunun inkişafı və tərbiyəyə uşaq
götürmək istəyən ailələrə ciddi dəstək
verilməsinin vacibliyini göstərir. Uşağın ailədə
tərbiyə olunması onun hüquqlarının müdafiə
edilməsi və eyni zamanda problemi ən səmərəli həll
etmə yoludur. Buna görə UHICEF Təhsil Nazirliyi ilə
birgə 2002-ci ildən etibarən uşaqların ailələrinə
qaytarılması üzrə layihəni həyata keçirir.
Nazirlik
“De-institusionalizasiya” dövlət proqramı çərçivəsində
prioritet tədbirlər planı hazırlayıb ki, bura Azərbaycanda
himayədar ailələrin inkişafı üzrə müəyyən
addımların atılması nəzərdə tutulub.
Dövlət proqramının əsas mahiyyəti dövlət
qayğısında olan uşaqların bioloji və himayədar
ailələrə verilməsindən ibarətdir.
- Himayədar ailələr
üçün təlimlər keçirilməlidirmi?
- Himayədar ailələrin
bilik və bacarıqlarının artırılması və
uşaqlara keyfiyyətli xidmətlərin göstərilməsini
təmin etmək məqsədilə onların
imkanlarının genişləndirilməsi üçün
xidmətə başlamazdan öncə və xidmət göstərilən
müddət ərzində himayədar ailələr xüsusi
təlimlərə cəlb edilməlidir. Himayədar ailələr
tərəfindən uşaqlara tələb olunan
qayğının göstərilməsini izah edən
xüsusi təlim paketi hazırlanmalıdır. Lakin gələcək
himayədar ailənin uşaq qəbul etməyə hazır
olub olmaması müəyyən edilmiş qurum tərəfindən
qiymətləndirilməlidir. Himayədar ailələrin bilik
və bacarıqları xüsusi testlər vasitəsilə
qiymətləndirilə bilər.
Eyni zamanda həmin qurum
uşaqların himayədar ailələrə verilməsi,
himayədar ailələrdə olan uşaqlar üzərində
nəzarətin həyata keçirilməsi və himayədə
olan uşaqların himayə dövründən sonrakı həyatları
ilə bağlı qərarlar qəbul edilməsi işlərini
həyata keçirməlidir.
Beynəlxalq standartlar əsasən,
himayəyə verilən uşaqlar üzərində daimi və
işlək monitorinq mexanizmi olmalıdır. Eyni zamanda himayədar
ailələrdə olan uşaqlarla davranış qaydaları
ilə bağlı standartlar hazırlanmalıdır.
Himayədar ailə
modelinin təbliğ olunması və səmərəli
icrası məqsədilə bələdiyyələr və
biznes qurumları ilə sıx əməkdaşlıq modeli
hazırlanmalıdır. Bunun üçün bələdiyyələrin
və biznes qurumlarının həvəsləndirilməsi
mexanizmləri hazırlanmalıdır. Eyni zamanda himayədar
ailələr və himayəyə verilən uşaqlar mütəmadi
olaraq uşaq hüquqları sahəsində maarifləndirilməlidirlər.
- Kimsəsiz
uşaqların himayəçiliyi hansı formalarda həyata
keçirilir?
- Təşkilatımızın
bu məsələ ilə bağlı keçirdiyi
sorğunun nəticələrindən məlum olur ki,
respondentlərin əksəriyyəti dövlət müəssisələrində
yaşayan uşaqlar üçün alternativ
qayğını qohum və tanışlara və yaxud
seçilmiş ailələrə himayəyə verməkdə
görürlər. Respondentlərin əksəriyyəti hesab
edir ki, himayəyə götürülən uşaq doğma
uşaqla eyni qayğı və tərbiyə almalıdır.
Həmin qayğı və tərbiyənin fərqli
olduğunu vacib bilən respondentlər isə himayəyə
götürülən uşağın xüsusi
qayğıya ehtiyacı olduğunu qeyd ediblər. Himayədar
valideynlərin seçim meyarları kimi onların maddi durumu,
psixoloji sağlamlığı, sağlamlıq imkanları və
təhsil səviyyələri qeyd olunmuş həmin şəxslərin
yaş hüdudları 30-50 yaş arası müəyyən
edilib. Uşağı himayəyə götürmək istəyən
şəxslər bunu kömək etmək, qayğı
göstərmək, savab qazanmaq və öz uşağı
olmadığı üçün özünə övlad
etmək məqsədi ilə edə bilərlər. Belə
hesab edən respondentlər sorğuda iştirak edənlərin
əksəriyyətini təşkil edib. Eyni zamanda, dövlətdən
maddi yardım almaq, işçi qüvvəsi kimi istifadə
etmək, yaşlaşanda tək qalmamaq səbəblərini
göstərənlər də olub. Belə rəylərin az
da olsa səslənməsi himayəçilik etmək istəyən
şəxslərin seçiminə daha diqqətlə
yanaşmaq və seçim meyarlarını daha qətiyyətlə
qoymağa vadar edir.
- Bu işdə dövlətin
rolu və nəzarəti necə həyata keçiriləcək?
- Dövlət tərəfindən
dəstək verilməsinin zəruri hesab edən respondentlər
himayəyə götürən ailəyə maliyyə
yardımı və müavinatların verilməsi, himayəyə
götürülən uşağın ehtiyaclarının
ödənilməsi, ailəyə güzəşt və
imtiyazların verilməsi kimi dəstək formalarını
göstəriblər. Respondentlərin əksəriyyəti
(93,3 faiz) dövlət tərəfindən himayədar ailələrə
nəzarət edilməsinin lehinədir və uşağa ailədə
göstərilən qayğı və ehtiyacların ödənilməsinin
müntəzəm yoxlanılması, uşağın durumu ilə
bağlı hesabatların müvafiq dövlət
qurumlarına vaxtaşırı təqdim edilməsi, ailələrin
seçilməsi və onlara akkreditasiyanın verilməsi kimi
mümkün olan nəzarət formalarını qeyd ediblər.
Respondentlərin əksəriyyəti
(80,6 faiz) uşağı himayəyə götürmək istəyən
ailələrin hazırlıq mərhələsindən
keçirilməsini vacib hesab edərək onlar
üçün müxtəlif təlim mövzularını
qeyd ediblər: uşağın fiziki və psixoloji
inkişafı, uşağın və ailənin hüquq və
vəzifələri, yarana biləcək münaqişələrin
həll edilməsi, uşağa qarşı
zorakılığa dair təlimlər vacib sayılıb.
Respondentlərin hesab etdiyi kimi, uşaqları himayəyə
götürməklə bağlı qanunda əsas dövlət
tərəfindən göstərilən maliyyə dəstəyinin
həyata keçirilmə mexanizmləri, himayəyə
götürülən uşaqların hüquq və vəzifələri, dövlət
tərəfindən olunan nəzarətin əsas formaları,
himayəçilərin seçim meyarları, ailənin
hüquq və vəzifələri, iş və evlə təmin
edilməsi, əlil uşaqların maddi durumu və s. əks
olunmalıdır.
-Hazırda uşaq
müəssisələrində şərait hansı vəziyyətdədir?
- Azərbaycanda uşaq
müəssisələrində şəraitin
yaxşılaşmasına dövlət tərəfindən
böyük diqqət yetirilir. Orada tərbiyə alan
uşaqların qidalanması, fiziki sağlamlığı, təhlükəsizliyinin
qorunması, təhsili və dünyagörüşlərinin
inkişafı üçün hər cür şərait
yaradılır. Lakin uşaqların tam ahəngdar şəxsiyyət
kimi böyümələri üçün təkcə
onların fiziki ehtiyaclarının ödənilməsi kifayət
deyil, onların həm də mənəviyyat baxımından
formalaşması çox zəruridir. Milli və beynəlxalq
təcrübəyə əsaslanaraq demək olar ki, müəssisələrdə
dövlət himayəsində böyüyən
uşaqların bir qismi ailə münasibətləri və dəyərlərindən
xəbərsiz olduqları üçün öz ailələrini
qurduqda valideynlik vəzifələrinin öhdəsindən
çox zaman gələ bilmir və yaranmış böhran vəziyyətindən
çıxış yolunu ancaq uşaqlarını müəssisələrə
dövlət himayəsinə verməkdə görür. Odur
ki, himayədar ailədə valideyn, bacı-qardaş və digər
qohumlar arasında sağlam münasibətlərin nümunəsi
himayəyə götürülən uşağın gələcəkdə
yaradılacaq ailəsi üçün bir nümunəvi model
rolunu oynaya biləcək. Müəssisələrin ən
böyük çatışmazlığı odur ki,
uşaqların bir çoxunun hiss və emosiyaları
korlanmış olur və onlarda biganəlik, laqeydlik kimi
duyğular inkişaf edir.
B.CAHANDAROV
Paritet.-
2010.- 9-11 yanvar.- S. 10.