Sınmış şüşələrdən möcüzə yaradan heykəltəraş

 

“Şüşə ilə işləmək həm maraqlı, həm də təhlükəlidir”

 

 İncəsənət-qəribə, qeyri-adi və müxtəlif yeniliklərlə dolu olan maraqlı bir aləmdir. Möcüzələrlə dolu olan incəsənətin hər bir janrında sirli-sehrli dünyanı və gözəlliyi yaradan sənət adamları var. Belə gənc, istedadlı sənət adamlarından biri də çox kiçik yaşlarından rəsm dərnəyində  ilk yaradıcı fəaliyyətə başlamış, müxtəlif fiqurlar hazırlamış və Dövlət Rəssamlıq Akademiyasında təhsil  almış  gənc heykəltəraş Məmməd Rəşidovdur. Biz də onunla həmsöhbət olub, işləri və iştirakçısı olduğu  sərgilər barədə danışdıq.

-Ümumiyyətlə, mütəmadi olaraq Azərbaycanda keçirilən bir çox  yerli və beynəlxalq sərgi və simpozumlarda iştirak edirəm. 2007-ci ildə Çexiyadakı azəri diasporunun təşkil etdiyi  “Xocalı” faciəsi ilə bağlı keçirilən böyük bir tədbir- sərgidə iştirak etmişəm. Sözügedən sərgidə mənim 25 işim sərgilənib. Bundan başqa 2008-ci ildə “Türksoy” tərəfindən Türkiyədə təşkil edilmiş “Ölkələrarası türk dünyasına aid heykəllərin hazırlanması” adlı simpozuma ölkəmizi təmsil etmək üçün   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılmışam. Və mən həmin simpozumda  mərmərdən böyük bir  heykəl hazırlamışam. Bundan əlavə  2009-cu ildə  Diyarbakırda keçirilən digər simpozumda da iştirak etdim və “Adəm və  Həvva”  heykəli düzəltdim. Onu da qeyd edim ki, iştirak etdiyim simpozumlarda bizə bir ay  vaxt verilir və o müddətə biz heykəlləri düzəltməliyik.  Eyni zamanda simpozum çərçivəsində  Türkiyədə  biz mədəni tədbirlərdə də iştirak edir və orda  sənət adamlarıyla tanış olurduq. Xatırladım ki, hazırladığımız heykəllərin eskizlərini Türkiyəyə  əvvəlcə göndəririk və adiyyatı orqanlar  həmin modelə  uyğun materiallar seçib bizə verirlər.

 Sözügedən simpozumlardan birində mən  qız fiquru və simurq quşunu birləşdirib alov formasında maraqlı bir  heykəl kompozisiyası hazırlamışdım.  Həmin  işim indi  İntanbul Maltəpə universitetinin həyətində saxlanılır. Bu simpozumun  özəlliyi ondadır ki, burda,  ancaq   türkdilli ölkələrin sənət adamdları  iştirak edirdilər.   Belə bir simpozumların keçirilməsi ölkələr arasında  mədəni dialoqun yaranmasına və sənətkarların  bir-biri ilə  bir çox sənətlə bağlı məsələləri öyrənməsinə və müzakirəsinə  kömək edir.

Ölkə daxilində isə  8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı sərgidə, müxtəlif mövsümi sərgilərdə, “Ağ -Qara”sərgilərində işlərim nümayiş olunub. Bundan əlavə Səlim İsmayılovla birgə zooparkda  performans göstərmişik. Bu performans zamanı akvariumların içərisində müxtəlif maraqlı kompozisiyalar qurmuşduq. Amma fərdi sərgim olmayıb. Amma  qrup şəklində gənc rəssamlarla birgə sərgimiz olub. Gəlcəkdə fərdi sərgimi keçirmək və işlərimin yer aldığı katoloq hazırlamaq fikrim var.

-Şüşə materialı ilə işləməyə nə vaxtdan başlamısınız?

- İlk əvvəl onu qeyd edim ki, işlərimdə şüşə ilə yanaşı,həmçinin   dəmirdən də  istifadə edirəm. Bu işlərin hazırlanması prosesi həm çətin və Həm də təhlükəlidir. Şüşə parçalarından işləri hazırlayan zaman ekologiyanı da nəzər almışam. Yəni, tullantılardan da gözəllik yaratmaq mümkün olduğunu işlərimlə  göstərmək istəmişəm. Ümumilikdə sərgilər  konseptualdır yəni, insanları düşündürməyə vadar edir.  Mən də çalışıram ki, sınmış və qırılmış şüşə parçalarından hazırladığım işlərimlə insanlarda   xüsusi bir maraq yaradım və onları düşündürüm.

-İlk dəfə neçə oldu ki, bu işə maraq göstərdiniz?

-İlk əvvəl şüşələrlə işləməyə tarix muzeyində bərpa işləri apardığım zamandan başlamışam. Muzeydə biz  bir sıra  eksponatlar üzərində işləyirdik və onları bərpa edir, istəyirdik ki, muzeydə bərpa olunan  tarixi eksponatlara bir qədər müasir çalarlar da əlavə edək ki, müasir gənc rəssamın fərqli təxəyyülünü,üslubu özünü göstərsin.Tarix muzeyində sınmış şüşələr var idi və onlar tullanılacaqdı. Amma mən fikirləşdim ki, belə bir tarixi məkandan şüşələri çıxarıb tullamaqdansa, muzeyin daxilində   qalması daha yaxşı olar. Onun üçün də həmin orijinal şüşələrdən istifadə edib onları yenidən işlərimdə  canlandırdım. Eyni zamanda o şüşə parçalarından muzeydə olan atın saçının bərpasında istifadə etdim. Yəni, eksponatlarda müasir və  qədim dövrün sintezini yaratdım.

-İşlərinizdə ağ şüşə ilə yanaşı rəngli şüşülərdən də istifadə edirsiniz?

- Adi şüşələrlə yanaşı, rəngli yəni, qara,  göy,yaşıl və s. şüşələrdən istifadə edirəm. Məsələn,  “Balıq” fiqurunu hazırlayan zaman bu cür rəngli şüşələrdən istifadə etmişdim.

-Bu günə qədər şüşədən hansı fiqurları hzaırlamısınız?

- “At” fiqru , hazırda muzeydə saxlanan  “Balıq”, “Xəzər Gözəli”, “Oxatan”, “Tır-tıl” və sair.

-İşlərinizi  yaradarkən əvvəldən eskizlər hazırlayırsınız, yoxsa...?

- Bəzi işlərində eskizləri əvvəlcədən hazırlayıram və bu zaman kompozisiyaları yaratmaq daha asan olur.

-Azərbaycanda sizdən əlavə  bu sənətlə  məşğul olan varmı?

- Sırf bu texnologiya ilə işləyən  yoxdur.

- Etdiyiniz yeniliklər insanlar tərəfindən neçə qarşılanır?

- İctimaiyyət tərəfindən  işlərim maraqla qarşılanır. Hər kəs  şüşədən hazırladığım işlərin texnikası və hazırlanma prosesi  ilə maraqlanır. Bu hal da məni sevindirir ki, artıq işlərim insanların marağına səbəb olur və növbəti işlərimi yaratmağa stimul verir.

-İşləriniz satırılmı?

-Bəziləri muzeylərdə,bəzisi şəxsi kolleksiyalrada və qalereyalarda saxlanılır. Əlbəttə ki, işlərimin çox hissəsi satılır. Az bir qismi özümdədir.

-Şüşə ilə işləmək asandır, yoxsa bürünclə?

- Bilirsiniz, hər ikisinin özünəməxsus çətinlikləri var. Bir də işin  ölçüləri də əsasdır. Bəzən eskiz hazırlanır və baxırsan ki, bu hansı materialda daha   yaxşı görünə bilər. Bir faktı qeyd edim ki, şüşədən böyük işlər düzəltmək daha asan və maraqlıdır. Bürünclə isə kiçik işləri hazırlamaq maraqlıdır.

-İşlərinizdə tez-tezmi yeniliklər edirsiniz?

-Bəli, çox sevirəm işlərimdə yeniliklər edim. Yenilik etmək üçün bir işdə müxtəlif materiallardan istifadə edirəm. Yəni, mərmər, şüşə, dəmir s. materiallardan istifadə edirəm. Çox vaxt milli naxışları da hazırladığım heykəllər üzərinə həkk elirəm. Məsələn, Qobustan Tarix -Memarlıq Qoruğu  muğam üçlüyü s.  işlərimdə milli ornamentlərdən istifadə etmişəm. Bunu etməkdə məqsədim milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ etməkdir.

-Əcnəbilər sizin işləri neçə qarşılayır?

-Çox maraqlı.Bilirsiniz, daşınmasına görə ora yüngül kiçik işlərimi aparıram, amma o işlərdə qeyri-adi materialdan istifadə edirəm, bu da əcnəbilər tərəfindən  maraqla qarşılanır.

-Emalatxananız varmı?

- Şəxsi yoxdur, amma dostumla mənim  birgə çalışdığımız emalatxanamız var.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2010.- 12-13 yanvar.- S. 12.