Erməniləri ifşa edən yeni bir kitab

 

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının rus və ingilis dillərinə tərcüməsinin üzərində iş gedir

 

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov yar.org.az saytına müsahibəsində Azərbaycan tarixinin araşdırılması istiqamətində görülən son işlər, Qarabağın tarixinə dair yeni nəşrlər və digər məsələlər haqqında danışıb. Azərbaycan son dərəcə şanlı və şərəfli tarix yaşadığı kimi, qloballaşan dünyada çətin, mürəkkəb tarixi proseslərdən keçməyə məhkum olduğunu deyən Y.Mahmudov informasiya müharibəsi şəraitində cəmiyyətimizin hər bir fərdi bu işdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməli olduğunu söyləyib. O bu müharibənin ön cəbhəsində tarixçilərin dayandığını, müasir dövrdə tarix elminin inkişafı üçün son dərəcə əlverişli şəraitin mövcudluğunu qeyd edib.

Tarix İnstitutunun fəaliyyətində ciddi dönüş yaratdıqlarını deyən Y.Mahmudovun sözlərinə görə, ən mühüm yenilik budur ki, institut Azərbaycan xalqının əsl tarixini araşdırmağa başlayıb: “Heç kimə sirr deyil ki, əvvəllər bu xalqın tarixini hara desən bağlamaq olardı, amma türk tarixinə əl atan kimi qıcıqlanma başlayırdı”.

Y.Mahmudov Azərbaycan tarixinin araşdırılmasında böyük qüsurlara yol verildiyi ilə bağlı səsləndirilən ittihamlara da münasibət bildirib: “Əvvəllər üç cildlik, yeddi cildlik Azərbaycan tarixi nəşr olunub. Amma ən böyük səhv bundan ibarətdir ki, “Azərbaycan” deyiləndə Araz çayından şimaldakı Azərbaycan ərazisi düşünülür.   Bu da Azərbaycanın tarixi torpaqlarının beşdə birinə bərabərdir. Belə olanda gələcək nəsillər öz vətənlərini çox məhdud çərçivədə görəcəklər, öz tarixini bilməyəcəklər, Təbrizin, Ərdəbilin, Qəzvinin tarixini bilməyəcəklər. Azərbaycan xalqının tarixində, xüsusilə milli-mənəvi dəyərlər baxımından çox böyük rol oynayan İrəvan bölgəsinin, Zəngəzurun tarixini, Dərbəndin tarixini bilməyəcəklər. Məhz tarixi torpaqlarımızı unutmaq, tariximizi xatırlamamaq bizə həmişə böyük problemlər yaradıb”.

İndiki Ermənistanın tarixi Azərbaycan torpağında yaradıldığını deyən Y.Mahmudov ermənilərin Azərbaycan torpaqlarına olan iddalarına qarşı informasiya savaşında düşməndən daha fəal olmağı vacib sayıb: “Biz İrəvanı öz qədim şəhərimizin tarixi kimi öyrənməliyik. Hər bir toponimin tarixini öyrənməliyik və bunu bütün dünyaya təqdim etməliyik. Bunu etməsək, ermənilər özlərini Cənubi Qafqazın ən qədim xalqlarından biri kimi dünyaya təqdim edəcək. İrəvanın, Zəngəzurun, Naxçıvanın tarixini əvvəlcədən yazaq ki, görək ermənilər əks arqument ortaya qoya biləcəklərmi”.

Y.Mahmudov Tarix İnstitutunun nəşr etdirdiyi Azərbaycan tarixinin atlasının həqiqətləri yaymaqda, beynəlxalq aləmə çatdırmaqda olduqca dəyərli vəsait olduğunu bildirib: “Cənub torpaqlarının iddiasında deyilik, amma cənubda soydaşlarımız yaşayır. Bu mədəniyyəti biz yaratmışıq. Ərəb xilafətindən sonra bütün bu əraziləri Azərbaycan sülalaləri idarə edib. Biz sadəcə olaraq keçmişin pasportunu veririk. Qoy xalqımızın hər bir övladı tariximizi öyrən və tariximizə sahib çıxsınlar”.

Y.Mahmudov Tarix İnstitutunun Qarabağ haqqında nəşr etdiyi kitabın da çox mühüm tarixi sənəd olduğunu diqqətə çatdırıb: “Bu kitab Prezident İlham Əliyevin təşəbbüsü ilə çap olunub. Cənab prezidentin tapşırığı ilə elə bir Qarabağ tarixi yaratdıq ki, ermənilər də daxil olmaqla heç kim buradakı faktlara etiraz edə bilmir. Çünki nəşrin adı “Qarabağ: real tarix, faktlar, sənədlər” adlanır. Bu kitabı altı dildə nəşr etmişik. Nəşr etdiyimiz kitabların hamısını ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etmişik. Bu kitabın ön sözünün müəllifi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Kitab bir daha dəqiqliklə sübut edir ki, ermənilər özgə torpağında oturublar. Ona görə də Qarabağ davası etməyə haqları yoxdur.

Ermənilərin Naxçıvana qarşı olan iddialarına da toxunan alim, bu barədə nəşr edilən elmi-tarixi əsərlərdən də danışıb: “Sirr deyil ki, ermənilər Naxçıvan uğrunda da mübarizə aparırlar. Bu da yeni məsələ deyil. Bayaq da qeyd etdiyimiz kimi, ermənilər Cənubi Qafqazda möhkəmlənməkdən ötrü özlərinə qədim dövlət yaratdıqlarını iddia edirdilər. Amma nəyin bahasına? Qarabağda keçmiş xristian alban məlikləri vardı. Onlar sonradan qriqoryanlığı qəbul edərək erməniləşiblər. Naxçıvan isə bu planetdə həyatın başlandığı ilk yerlərdən biridir. Nuh peyğəmbərlə bağlı çox məsələlər Naxçıvanda cəmləşir. Ona görə də ermənilər özlərini qədim xalq kimi təqdim etməyə çalışırlar. Ağrı dağı gerblərinə daxil edirlər. Naxçıvan dünya tarixinə ulu öndər Heydər Əliyevi, Nəsrəddin Tusini, Nəimini, Hüseyn Cavidi və başqa mütəfəkkirləri verib. Bəs ermənilər Naxçıvanın yetişdirdiyi bir erməninin adını çəkə bilərlərmi? Əlbəttə, yox”.

Y.Mahmudov rəhbərlik etdiyi institutun təşəbbüsü və təşkilatçılığı ilə nəşr olunan digər kitablarla bağlı da məlumat verib. Ən mühüm kitablardan birinin Azərbaycana məxsus yer adlarının ermənilər tərəfindən dəyişdirilməsi ilə bağlı olduğunu söyləyib: “Biz “Tarixi adlara qarşı soyqırımı” kitabını nəşr etmişik. Bu da indiki Ermənistan ərazisində dəyişidirilən yer adları haqqındadır. Həmin yerlərin adları Ermənistan Ali Sovetinin fərmanı ilə dəyişdirilib. Bu faktlar kitabda tam dəqiqliyi ilə göstərilib. Ermənilər bu faktları təkzib edə bilməzlər. Eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair İngiltərədən arxiv sənədlərini gətirib çap etmişik. Sənədlərə əsasən deyə bilərik ki, ingilis kəşfiyyatının nümayəndələri Londona yazıb göndərirlər ki, “bizim ermənilərə kömək etməyimiz səhv siyasətdir. Cənubi Qafqazda ən real qüvvə Azərbaycan xalqıdır. Əsil demokratik dövləti Azərbaycan yaradıb. Biz siyasəti dəyişməliyik və Azərbaycanla əlaqələri qurmaq lazımdır””.

Y.Mahmudov Tarix İnstitutunun İrəvan xanlığının tarixi ilə bağlı yeni kitabı haqqında da məlumat verib: “Tarix İnstitutunun İrəvan xanlığı ilə bağlı “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı yeni kitabı nəşr olunub. Bu, prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olan kitabdır. Kitabda da göstərilir ki, ermənilər Qarabağdan əl çəkməlidirlər. Çünki Azərbaycan Qarabağın sahibidir. İrəvan da, Zəngəzur da Azərbaycan xalqına məxsusdur.Bu kitab müxtəlif dillərə tərcümə olunacaq və gec-tez dünyaya sübut edəcəyik ki, ermənilərin Cənubi Qafqazda Qarabağ davası etməyə haqları yoxdur. Çünki İrəvan xanlığı Azərbaycan dövlətinin tarixi olub.   1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Mayın 29-da isə böyük dövlətlər təzyiq göstərdilər ki, erməni məsələsini həll etməkdən ötrü Azərbaycan onlara yer versin. Azərbaycan hökuməti təzyiq nəticəsində İrəvanın ermənilərə verilməsi haqqında qərar qəbul etdi. Bu tarixdən erməni dövləti var və bu dövlət Azərbaycan torpağı hesabına yaranıb”.

Y.Mahmudov ermənilərin Qarabağa gəlmə xalq olmasının elə ermənilərin özləri tərəfindən ifşa olunduğunu bildirərək, bununla bağlı faktlardan bir misal da çəkir: “Kitabda bəzi şəkillər də vermişik. Ermənilər Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar Ağdərədə abidə qoymuşdular. Kitabda həmin abidənin də şəkli var. Yaxın günlərdə kitabı geniş oxucu kütləsinə təqdim edəcəyik. Tarix sübut edir ki, Babilistanla Dəclə Fərat çayları arası ilə yanaşı ən qədim mədəniyyət mərkəzlərindən biri Azərbaycandır. 5 min illik dövlətçilik tariximiz var. Amma bunları əlimizdən almaq istəyənlər var. Ona görə institut işini daha yüksək səviyyədə qurmalı, bundan sonra da effektiv və əhatəli fəaliyyətini davam etdirməlidir.

 

 

B.ŞIXLI

 

Paritet.- 2010.- 12-13 yanvar.- S. 6.