Ölkəmiz ornitoloji turizmdən yaxşı gəlir əldə edə bilər

 

Elçin Sultanov: “İnfrastrukturun aşağı səviyyədə olması səbəbindən bu imkanlardan lazımınca istifadə etmək mümkün olmur”

 

  Doğma Azərbaycanımızın füsunkar təbiətə, uca dağlara, ala göllərə, yamyaşıl meşələrə, gur sulu çaylara malik olması burada yaşayan fauna və flora növlərinin müxtəlifliyinə və zənginliyinə səbəb olub.

 Digər heyvan növləri ilə yanaşı ölkəmizdə çoxlu sayda nadir quş növlərinin məskunlaşması da diqqət çəkir. Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) sədri Elçin Sultanovla söhbətimizdə ölkəmizin dünyada quşların ən sıx məskunlaşdığı ərazilərdən biri olmasına bir daha əmin olduq.

-Sovet dövründə Ümumittifaq Ornitoloji Cəmiyyəti yaradıldıqdan sonra ittifaqa daxil olan respublikalarda respublika cəmiyyətləri təşkil olundu. Biz də 1986-cı ildə Azərbaycan Ornitoloji Cəmiyyətini (AOC) yaratdıq. O vaxt təxminən 40-50 nəfər üzvü olan bu cəmiyyət alimlərin, əsasən də ornitoloqların, parazitoloqların, qoruq işçilərinin və digər elm adamlarının klubu kimi fəaliyyət göstərirdi. Sovet İttifaqı dağıldıqdan sonra AOC da öz fəaliyyətini dayandırdı. 1996-cı ildə isə yenidən onun fəaliyyətini bərpa etdik. Hazırda bu cəmiyyət alimlərin klubu kimi yox, daha geniş profilli bir qurum kimi fəaliyyət göstərir. Təxminən 600-ə yaxın üzvümüz var. Onların da əksəriyyəti  tələbələr və orta məktəb şagirdləridir. Eyni zamanda ayrı-ayrı bölgələrdə üzvlərimiz var ki, onlar nadir quşlara nəzarət edir, müşahidələr aparırlar. Bundan əlavə ölkəmizin bir çox rayonlarında cəmiyyətimizin şöbələri fəaliyyət göstərir. Əsas məqsədimiz quşlar üzərində elmi tədqiqatlar aparmaq, quşlar haqqında geniş təşviqat və təbliğat işini həyata keçirmək, insanlara quşları tanıtmaq və sevdirmək, ən əsası isə quşları qorumaqdır. Çünki bütün dünyada təbiətə təzyiq o qədər güclüdür ki, birinci plana təbiətin istifadəsi yox, qorunması çıxıb.

Fəaliyyətə başladığımız gündən dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq edirik. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN), Bird Life International təşkilatının üzvüyük. Almaniyanın Təbiəti Mühafizə Birliyi, Böyük Britaniyanın Kral Quşları Müdafiə Cəmiyyəti və bir çox başqa təşkilatlarla da sıx əməkdaşlıq edirik.

- Təbiətə antropogen təsirlərin artması vəhşi təbiətə və quşlara necə təsir edir. Ümumiyyətlə, quşlar üçün ən böyük təhlükələr hansılardır?

- Təəssüf ki, insanların fəaliyyəti nəticəsində dünyada vəhşi təbiət ərazilərinin sahəsi sürətlə azalır. İnkişaf etmiş bir çox Avropa ölkəsində insanların gəzmələri, istirahət etmələri üçün vəhşi təbiət əraziləri demək olar ki, qalmayıb. Bu ərazilərin böyük bir hissəsi kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və digər məqsədlər üçün istifadə edilir. Bu hal ölkəmizdə də müşahidə olunur. Vəhşi təbiət ərazilərinin sahəsinin getdikcə azalması vəhşi təbiətdə yaşayan canlıların sayının azalmasına gətirib çıxarır. Misal üçün, insanların təsiri nəticəsində quş və heyvanların yaşama arealının getdikcə daralması nəticəsində əksər Avropa ölkələrində bir çox quş və heyvan növlərinin sayı dəhşətli şəkildə azalır. İnsanlar hər yeri zəbt etdiyindən quşlar hətta yumurta qoymağa belə yer tapa bilmirlər.

Quşların yaşayış yerlərini itirməsi ölkəmizdə yaşayan quşlar üçün də ciddi problemlər yaradır. Misal üçün, yaşayış məntəqələrini subasmadan qorumaq üçün Mil-Muğan Kollektorunu dərinləşdirdilər. Sözügedən kollektor Sarısu gölünə yaxın çəkildiyindən gölün səviyyəsi xeyli aşağı düşdü, bu da öz növbəsində burada qışlayan quşların sayının kəskin azalmasına gətirib çıxardı. Apardığımız müşahidələr göstərir ki, əgər əvvəllər həmin ərazidə 300 minə yaxın quş qışlayırdısa, indi bu rəqəm 100 mindən də aşağı düşüb.

Hacıqabul gölündə isə vəziyyət daha acınacaqlıdır. Vaxtilə bu gölü balıqçılığı inkişaf etdirmək üçün sahibkarlara icarəyə verdilər. Onlar da gölün su təminatını təşkil edə bilmədiklərindən göl qurudu. Ancaq sel və daşqınlardan sonra göldə su yenidən artmağa başladı. Buna baxmayaraq yayda gölün yenidən qurumaq təhlükəsi var. Vəziyyətdən çıxış yolu kimi gölün yenidən dövlətə qaytarılması təklif olunur. Dənizin son qalığı olan bu göl çox unikaldır. Burada endemik ilbiz növü və çox nadir onurğasız canlılar yaşayır. Ən əsası isə Hacıqabul gölü quşlar üçün çox vacibdir. Köç vaxtı burada 25 minə yaxın quşa rast gəlinir. Hər qış 10-20 min arası ördək qışlayır. Son vaxtlar isə burada flaminqolar (qızıl qazlar) yumurta qoymağa başlayıblar. Göl quruyandan sonra bu quşların taleyinin necə olacağı məlum deyil.

Quşlar, xüsusən də su quşları üçün ən böyük təhlükələrdən biri də qanunsuz ovçuluqdur. Artıq 4 ildir ki, Azərbaycanda quş ovuna qadağa qoyulmasına baxmayaraq, bir sıra ərazilərdə insanlar quşları ovlamaqda davam edirlər. Ciddi nəzarət olmadığından ovçular bacardıqları qədər çox quş vurmağa çalışırlar ki, bu da quşların sayının kəskin şəkildə azalmasına səbəb olur.

Quru ərazilərin və suların neftlə çirklənməsi də quşlar üçün böyük təhlükə yaradır. Quşun bədəninə hopan neft onun tükləri arasında olan yağı əritdiyindən soyuq havada quş üşüməyə başlayır və su soyuq olduğu üçün dənizə girə bilmir. Həm soyuq havadan, həm də quruda kifayət qədər yem tapa bilmədiyindən isə tədricən arıqlayaraq tələf olur. Digər tərəfdən quş özünü neftdən təmizləyən zaman zəhərlənir və ölür.

Quş və heyvanların tələf olmasının başqa bir səbəbi də kənd təsərrüfatı bitkilərinə gübrələrin və müxtəlif kimyəvi maddələrin vurulmasıdır. Bu bitkilərdən qidalanan canlılar zəhərlənərək ölürlər.

-  Azərbaycanda quşların məskunlaşdığı əsas ornitoloji ərazilər hansılardır?

- Quşlar ölkəmizin demək olar ki, bütün ərazilərində məskunlaşıblar. Hər bir ərazinin özünəməxsus quşları olur. Misal üçün, meşədə meşə quşları, su olan ərazilərdə su-bataqlıq quşları yaşayır. Hətta yarımsəhra olan ərazilərin belə öz quşları var. Sadəcə olaraq quşlar bəzi ərazilərdə sıx, bəzi ərazilərdə isə az məskunlaşıblar. Ümumiyyətlə, Azərbaycan daha çox su quşları ilə məşhurdur. Lap qədim zamanlardan bura qışlamaq üçün milyonlarla qaz, ördək və başqa su quşları gəlib. Lakin zaman keçdikcə qeyri-qanuni ovçuluq və digər səbəblərdən onların sayı sürətlə azalmağa başlayıb. Vaxtilə Azərbaycanda 10-20 milyon arası quş qışlayırdısa, indi təxminən 1 milyondan bir az artıq quş qışlayır. Buna baxmayaraq quşların daha çox məskunlaşdığı ölkələr arasında Böyük Britaniya və Hollandiyadan sonra Avropada üçüncü yerdəyik.

-  Azərbaycanda neçə quş növü yaşayır?

- Bunu dəqiq demək mümkün deyil. Çünki ölkəmizdə quşların sayını, növünü öyrənən elə bir qurum yoxdur. Təxminən 15-20 il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının dərc etdiyi kitabda ölkəmizdə 358 növ quşun yaşadığı göstərilmişdi. Sonradan yeni-yeni növlər qeydə alındıqca bu rəqəm də artmağa başladı. Belə ki, Patrik Qeif adlı ingilis tədqiqatçı “Azərbaycanın quşları” adlı kitabında ölkəmizdə 372 növ quşun yaşadığını qeyd edib. Alman mütəxəssislərinin turistlər üçün hazırladıqları kitabda isə burada 394 quş növünün yaşadığı göstərilib. Lakin bu rəqəm bir qədər şübhəlidir. Ona görə ki, yarımnöv sayılan bəzi quşlar burada ayrıca növ kimi qeyd olunub.

Azərbaycanda quşları öyrənən mütəxəssislərin sayı az olduğundan burada məskunlaşan quşların sayını dəqiq hesablamaq mümkün olmur. Elə quş növləri var ki, ona indiyə kimi cəmi bir neçə dəfə rast gəlinib. Ola bilsin ki, Azərbaycan ərazisində elə quş növləri yaşayır ki, indiyə qədər onlar bir dəfə də olsun qeydə alınmayıb. Bütün bu faktlardan belə qənaətə gəlmək olar ki, hazırda Azərbaycanda 400-ün ətrafında quş növü yaşayır.

- Ölkəmizdə hansı nadir quş növlərinə rast gəlmək mümkündür?

- Azərbaycan ərazisində yaşayan nadir quşların sayına görə seçilir. Ölkəmiz üçün vacib olan bir çox quş növləri var ki, onlardan da biri bəzgəkdir. Xarici alimlərin hesablamalarına görə, ölkəmizdə qışlayan bəzgəklərin sayı 200 minə yaxındır. Bu isə çox yüksək bir rəqəmdir. Çünki bəzgək quşu həm dünyanın, həm də Azərbaycanın Qırmızı Kitabına düşüb. Azərbaycanda yuvalayan nadir quşların içərisində imperator qartalını qeyd etmək olar. Daha çox məzar qartalı kimi tanınan bu quşun əslində məzarla heç bir əlaqəsi yoxdur. Ona dünyada ingiliscə imperator qartalı, Rusiyada isə kral qartalı deyirlər. Biz də belə qərara gəldik ki, ona imperator qartalı adını verək.

Çöl muymulu adlı yırtıcı quş da nadir quşlardan hesab olunur. Əsasən xırda həşəratlarla, xırda quşlarla və siçanlarla qidalanan bu quşun adi muymul adlı növü Bakıda da yaşayır. Kiçik şəhərlərdə, rayon və kənd yerlərində isə bu quşlar düşərgə halında yaşayırlar. Azərbaycanda saylarının çox olmasına baxmayaraq, dünyada azsaylı quşlardan sayılır.

Son vaxtlar Azərbaycanda bir sıra ekzotik quşları da müşahidə etmək mümkündür. Misal üçün, əvvəllər ölkəmizdə kramer tutuquşusu müşahidə edilməyib. Son bir neçə ildir Dənizkənarı Milli Parkda, Filarmoniya bağında bu tutuquşulara rast gəlinir. Ümumiyyətlə, yerli faunadan ekzotik sayıla bilən bəzi quşları qeyd etmək olar. Bu quşlar tək Azərbaycanda yaşamasa da, onlar ancaq Azərbaycanın da daxil olduğu məhdud bir ərazidə yaşayırlar. Misal üçün, Qafqaz tetrası, Qafqaz uları və Qafqaz yarpaqgüdəni ancaq Qafqaz bölgəsində, Xəzər uları isə Xəzərətrafı ərazidə məskunlaşıb.

- Nə vaxtsa ölkəmizdə müşahidə edilən, indi isə rast gəlinməyən quş növləri varmı?

- Araşdırmalar zamanı aşkarlanıb ki, nə vaxtsa Azərbaycanın ərazisində bir çox tarixi quşlar, eləcə də dəvəquşu yaşayıb. Hazırda isə bu növlərə rast gəlinmir. Bu sahədə əsas problem geniş tədqiqat işlərinin aparılmamasıdır. Azərbaycan ərazisində yaşamış qədim heyvan və quş növlərinin öyrənilməsi ilə bağlı ən son tədqiqatlar XX əsrin əvvəllərində Satunin tərəfindən aparılıb. Ona qədər bir sıra geoloji tədqiqatlar aparılsa da, lazımi səviyyədə olmayıb. Ola bilsin ki, elə nadir quş növləri var ki, insanlar onlara rast gəlirlər, lakin tanımadıqlarından həmin quşları qeyd etmək mümkün olmur.

-  Ölkəmizdə yeni quş növlərinə rast gəlinirmi?

- Quşlar üçün sərhəd anlayışı olmadığından onlar istədikləri yerə uçub gedə bilirlər. İqlim dəyişməsi, yeni yaşayış məskənlərinin yaranması və digər səbəblərlə əlaqədar quşların yayılma arealı dəyişir. Bəzi quş növləri şəhərlərdə də yaşamağa başlayıblar. Bunun başlıca səbəbi isə onların burada asan yem tapa bilmələridir. Ən əsası isə quşlar əvvəllər yaşamadıqları ərazilərdə də məskən salmağa başlayıblar. Bu baxımdan Azərbaycan da istisna deyil. Aparılan müşahidələr nəticəsində Azərbaycan ərazisində əvvəllər rast gəlinməyən yeni quş növləri tapılıb. Onlara misal olaraq, yeni bayquş, kramer tutuquşusu, kiçik və yaxalıqlı qurqur növlərini göstərmək olar.

- Quşların öyrənilməsi sahəsində hansı işlər görülür?

- Biz ənənəvi olaraq quşların qış sayğısını aparırıq. Birinci növbədə nadir quşların sayı, yayılması, yuvalama yerləri öyrənilir. Bəzi quş növləri var ki, onların sayı getdikcə azalır. Misal üçün, düzənlik ərazilərdə meşə massivlərinin sahəsinin azalması imperator qartalının sayının azalmasına səbəb olur. Çünki bu qartallar düzənlik və orta yüksəklik ərazilərdə, əsasən də Tuqay meşələrində yaşayırlar. Macarıstanlı mütəxəssislər isə söyləyirlər ki, Avropada bu qartalların ikinci ən böyük populyasiyası məhz Azərbaycandadır. Təxmini hesablamalar görə, ölkəmizdə 100-dən çox imperator qartalı yaşayır.

Azərbaycanda çöl muymulunun sayı ilə bağlı da hər hansı bir məlumat yox idi. Tədqiqat apardıq və məlum oldu ki, bu quşun sayına görə dünyada birinci yerdəyik.

Quşların öyrənilməsi ilə Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu da məşğul olur. Burada fəaliyyət göstərən ornitoloji laboratoriya quşlar üzərində müxtəlif tədqiqatlar aparmaqla məşğuldur. Universitetlərdə də quşlarla bağlı müəyyən tədqiqatlar aparılır. Lakin maaşları az olduğundan, lazımi avadanlıqlar çatışmadığından, ən əsası isə tədqiqatların aparılmasına böyük vəsait lazım olduğundan alimlər quşların öyrənilməsi ilə bir o qədər də ciddi məşğul ola bilmirlər.

- Quşlarla bağlı əhali arasında maarifləndirmə işini necə qurursunuz?

- Təşkilatımız insanlar arasında quşların təbliği, öyrədilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Məktəblərdə “ilin quşu” günü keçiririk. Veb-saytımızda quşlarla bağlı müxtəlif mövzulu məlumatlar yerləşdiririk. KİV vasitəsilə əhali arasında maarifləndirmə işi aparırıq. Eyni zamanda rayonlarda tədbirlər, seminarlar təşkil edirik. Çoxlu sayda kitab, broşür və digər vəsaitlər çap edərək əhali arasında yayırıq. Bütün bunlar insanların quşlar haqqında biliklərinin artması, onları quşları qorumağın vacibliyinə inandırmaq baxımından olduqca böyük əhəmiyyətə malikdir.

- Azərbaycanda ornitoloji turizmi inkişaf etdirmək üçün kifayət qədər potensial varmı?

- Çox böyük potensial var. Çünki Azərbaycanda Avropada çox az rast gəlinən nadir quş növləri yaşayır. Ümumiyyətlə, bizdə bir çox ərazilərdə quşların sıxlığı kifayət qədər yüksəkdir. Bu da quşları müşahidə turizminin inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Lakin infrastrukturun aşağı səviyyədə olması səbəbindən bu imkanlardan lazımınca istifadə etmək mümkün olmur. Misal üçün, quşların daha çox məskunlaşdığı ərazilər ucqar dağlıq ərazilərdir ki, burada hotellər yoxdur. Turistlər isə komfortu sevirlər. Eyni zamanda dağ yollarının vəziyyəti ürəkaçan olmadığından burada məskunlaşan quşları görmək çox çətindir. Mövcud problemləri həll edib infrastrukturu lazımı səviyyədə qura bilsək, ölkəmiz ornitoloji turizmdən yaxşı gəlir əldə edə bilər.

 

 

B.CAHANDAROV

 

Paritet.- 2010.- 14-15 yanvar.- S. 1; 12.