“Arşın mal alan” Samsun Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilib

 

Hafiz Quliyev: ”Bu dəfə Samsuna gedəndə orada hər kəs Ankara Opera Teatrında hazırlanan “Arşın mal alan”dan danışırdı”

 

 İllərdir ki, Azərbaycanın zəngin musiqi irsi, ustad ifaçıları   səhnə əsərləri bir sıra xarici ölkələrin möhtəşəm salonlarını bəzəyir və əcnəbilər tərəfindən çox böyük maraqla qarşılanır. Qeyd edək ki, öz möhtəşəmliyi və zəngin repertuarı ilə fəqlənən M.F.Axundov adına Dövlət Opera və Balet Teatrınında  səhnəsindən təqdim edilən  klassik əsərlərimiz hər zaman yerli və əcnəbi tamaşaçılar tərəfindən sevilib.

Elə bu hal səbəb olur ki, teatrın repertuarında yer almış səhnə əsərləri tez-tez bir çox xarici ölkələrdə nümayiş olunur. Biz də Opera və Balet Teatrının kollektivinin  qastrol  səfərlərindən və repertuarında olan yeniliklərdən danışmaq üçün haqqında danışılan teatrın  baş rejissoru Hafiz Quliyevlə həmsöhbət olduq. Hafiz  müəllim bizimlə söhbətə Bakıda “Leyli və Məcnun”a baxan bir amerikalı ailənin dediyi sözləri xatırlatmaqla başladı:- “Üzeyir sənətinin böyüklüyünü, dahiliyini dillə ifadə etmək mümkün deyil. Dünyanın hansı ölkəsində dahi bəstəkarın əsərləri səhnələşdirilirsə, ayaq üstə alqışlanır”. Və o, qeyd etdi ki, həqiqətən də xarici ölkələrdə Azərbaycan səhnə əsərləri göstərilən zaman əcnəbi tamaşaçılar ayaqüstə böyük maraqla izləyirlər.  Sonra isə H.Quliyev fikrini  ötən ilin noyabrında Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrında “Arşın mal alan”ıı səhnələşdirilməsindən danışmaqla davam etdirdi.

-2009-cu ildə Samsun Dövlət Opera və Balet Teatrının rəhbərliyinin dəvəti ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasını səhnələşdirmək üçün Türkiyəyə getdim. Əvvəla, bu ideyanın haradan gəlməsi ilə bağlı kiçik bir məlumat verim. Ümumiyyətlə, mən Üzeyir Hacıbəylinin demək olar ki, bütün əsərlərini səhnələşdirmişəm, həm Azərbaycanda, həm də xaricdə. Konkret olaraq “Arşın mal alan”a gəldikdə isə 4 dəfə bu əsərə quruluş vermişəm: 1997-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında dövlət sifarişi ilə, 2002-ci ildə Ankara Dövlət Opera və Balet Teatrında, 2003-cü ildə Moskvada və 2009-cu ildə Samsun Dövlət Opera və Balet Teatrında. Yəni müxtəlif teatrlarda, müxtəlif aktyorlarla bu tamaşaya quruluş vermişəm. Tamaşanın Bakıdakı nümayişinə Ankara Opera Teatrının baş direktoru Rəmzi  də baxmışdı. Bundan sonra onlar mənə bu əsəri türk aktyorlarının ifasında Ankarada səhnələşdirməyi təklif etdilər. Təklifi qəbul etdim. Ankara teatrının aktyorları və bolqar dirijorla tamaşanı hazırladıq.

- Aktyorları siz seçirdiniz?

- Aktyorları onlar mənə təklif etdilər, söz yox ki, mənim də fikrim nəzərə alındı. Əslində mənim seçim etməyim üçün vaxt da yox idi, amma bütün rolların ifaçılarını birlikdə müəyyənləşdirdik. Biz tamaşanı Azərbaycan dilində hazırladıq. Tamaşanın rəssamı Yusif Tokar adlı türkiyəli sənətkar idi. Dekorasiyalarla bağlı mən ona təklif etdim ki, arxada Bakı, İçərişəhərdən görüntülər yer alsın. İstəyirdim ki, əsərdə baş verən hadisələr Bakıda cərəyan etdiyindən, tamaşada aktyorların geyimlərindən tutmuş, ornamentlərə qədər hər şey bir-birini tamamlasın, sırf Azərbaycan ab-havası duyulsun. Bundan sonra bu tamaşa uzun müddət Ankara teatrının repertuarında qaldı. Əsəri Türkiyənin bir neçə bölgəsində, hətta xaricdə də qastrol səfərlərində oynadılar. Mən bu dəfə Samsuna gedəndə orada hər kəs Ankara Opera Teatrında hazırlanan “Arşın mal alan”dan danışırdı.

- Necə oldu ki, Samsun Opera və Balet Teatrında məhz bu əsəri tamaşaya qoymaq qərarına gəldilər?

- 2009-cu ildə teatrın repertuarını müəyyənləşdirəndə qərara alıblar ki, həmin il mütləq “Arşın mal alan”ı səhnələşdirsinlər. Mənə təklif etdilər, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Opera və Balet Teatrının rəhbəri Akif Məlikov sağ olsunlar, şərait yaratdılar, icazə verdilər gedib orada tamaşanı hazırladım. Noyabrın 15-də Türkiyəyə getdim, bir gün sonra Samsun teatrında işə başladıq. Vaxtımız az idi, hər şey sıfırdan başlanmalıydı. Ona görə çox gərgin işləyirdik.  Üstəlik də hər rola iki nəfər, eləsi vardı ki, hətta üç nəfər hazırlanmalıydı. Bunlar onun üçün idi ki, hər tamaşada oyunçular dəyişdirilməliydi. Bunların hamısını hazırlayıb sonra gəlməliydim. Gündə səkkiz saat məşq prosesi gedirdi. Səkkiz saat məşq psixoloji baxımdan çətindir. İlk 15 gündə məşqlərdə hamı iştirak edirdi: 17-18 nəfər aktyor, baletmeystr, dirijor, kostyumçular... Eyni zamanda onlarda maraqlı bir tendensiya var ki, hamı gəlib məşqə baxır. Onlar üçün maraqlı idi ki, Azərbaycandan gəlmiş rejissor necə işləyir.

-  Hafiz müəllim, türk rejissorlarla bizim rejissorların  üslubunda hansı fərqlər var?

- Biz Stanislavski məktəbi ilə işləyirik, onlar Avropa, Şekspir teatrı üslubu ilə. Biz iç oyunu çox sevirik, çünki məktəbimiz bunu tələb edir. Məşq proseslərində hər iki məktəbin ortaq nöqtəsini tapıb ortaya maraqlı bir şey tapıb çıxarırdıq. Dekabrın 19-na premyera təyin edilmişdi. Vaxta bir neçə gün qalmış bilet satışı ilə məşğul olan adam dedi ki, tamaşanın uğuru artıq bəllidir. Çünki bir dənə də boş yer qalmayıb. Premyera həmin tarixdə oldu. Olduqca canlı bir tamaşa göstərildi. Hər frazaya, hər sözə reaksiya verilirdi.

Üzeyir bəy elə bir irs qoyub gedib ki, bundan sonra yüz illər də keçsə, yeni gələn nəsil həmişə bu irsdən istifadə edəcək, həm Azərbaycan mədəniyyətini, musiqisini dünyada tanıtmaq baxımından, həm də öz insanlarımızın mənəvi zövq alması baxımından. Ən əsası isə odur ki, biz bundan düzgün istifadə edək, bu irsi özümüzə və dünyaya olduğu kimi təqdim etməyi bacaraq. Üzeyir bəyin yazdığının istiqamətini dəyişsək, ola bilər ki, az bir müddət üçün tamaşaçı marağı əldə edək, amma bunun uzun müddət qalması mümkün deyil. Ona görə də mən dahi bəstəkarımızın əsərlərini harada səhnələşdirsəm, çalışıram ki, onun öz dəst-xəttini qoruyub saxlayım. Ü. Hacıbəylinin komizmini saxlamaq kifayət edir ki, həmin tamaşa uğur qazansın.

- Türkiyədə sizdən necə bir tamaşa istədilər?

- Ankarada “Arşın mal alan”ı səhnələşdirəndə mən təklif etdim ki, bir qədər modern üslubda əlavələr edək. Qəti şərt qoydular ki, tamaşa sırf klassik formada,   Üzeyir bəyin qələmindən çıxan kimi hazırlansın.   Yeri gəlmişkən, “Arşın mal alan” Ankarada da, burda da ən çox tamaşaçı gətirən əsərdir. Əslində onların təklifi mənim də ürəyimdən idi. Çünki   istər operası, istərsə də operettası olsun, bunu Üzeyir miqyasında təqdim etmək lazımdır. Bununla biz dünyaya öz adət-ənənələrimizi, etik qaydalarımızı, geyim, tərtibat və musiqi mədəniyyətimizi göstəririk. Biz bunları olduğu kimi verdikdə dünya bizi təbii halda daha çox qəbul edəcək. İndiyə qədər dünyanın 70-dən çox ölkəsində bu əsər tamaşaya qoyulub və hər yerdə də sevilib.

- Samsunda tamaşa necə qarşılandı?

- Dekabrın 19-da premyera, 21-də isə qala-premyara oldu. Qala-tamaşaya İstanbuldan, Ankaradan çox ünlü sənətçilər gəlmişdi. Eyni zamanda Samsun şəhərinin rəsmiləri də tamaşaçılar arasında idi. Yerli media dekabrın 10-dan tamaşanı işıqlandırmağa başlamışdı. “Arşın mal işıq saçacaq”, “Şöhrətli türk rejissorunun, şöhrətli “Arşın mal alan”ın Azərbaycanı bir daha Türkiyəyə sevdirməsi” başlıqları ilə yazılar dərc edilmişdi. Çoxlu müsahibələrim oldu, həm televiziyalarda, həm də qəzetlərdə.

- Türkiyə ictimaiyyətinin reaksiyası necə oldu?

- 19 Mayıs Universitetində Azər Kazımlı adlı çox şöhrətli professorumuz çalışır. O mənə danışırdı ki, antrakt zamanı hər kəs “Arşın mal alan”ın musiqisini oxuyurdu və bu da mənə qürur verirdi. Hətta küçə ilə gedəndə də hamı tamaşanın mahnılarını ifa edirdi. Premyerada da, qala tamaşanın sonunda da məni səhnəyə dəvət etdilər. 10-15 dəqiqə dayanmadan alqışladılar. Çox qürur duyulası səhnə idi. Bu zaman yalnız bir şeyi düşünürdüm ki, nə yaxşı ki, mən azərbaycanlıyam və nə yaxşı ki, xalqımın Üzeyir bəy kimi sənətkarı var. Tamaşadan sonra danışırdılar ki, Hafiz Quliyev gəlib Samsunu azərbaycanlaşdırdı. Mənə saysız-hesabsız müraciətlər oldu ki, Azərbaycanı görməyi çox istəyirlər. Sonda böyük bir ziyafət təşkil edildi. Həmin tədbirdə məşhur insanlar iştirak edirdi. Onların hamısı öz çıxışlarında Üzeyir sənətinə vurğunluqlarını ifadə etdilər.

Samsun Opera və Balet Teatrının rəhbərliyi bildirdi ki, tamaşaçılar tərəfindən onlara o qədər təpki gəlib ki, bu əsəri uzunmüddətli repertuara salıblar. İndi ayda 2-3 dəfə “Arşın mal alan”göstərilir, yaz aylarında isə tamaşaya qastrol coğrafiyası yazıldı. Üstəlik, Ankarada və Samsunda “Arşın mal alan” adlı toplular buraxıldı. Bu toplularda mənim buradan Ü.Hacıbəylinin həyat və yaradıcılığına dair apardığım bütün materiallar yer alıb. Dərgilər cəmi bir necə günə satılıb qurtardı. İkinci dəfə bir də çap edildi.

-Tamaşanın musiqilərini kim ifa edirdi?

- Teatrın solistləri. Samsun teatrının aktyorlarının hamısı konservatoriya təhsillidir. Çox istedadlı insanlardır. Yüksək səviyyədə də ifa edirdilər. Onlar “Arşın mal alan”ı o qədər sevirlər ki, çox böyük maraqla həvəs göstərirdilər. Əsərə sevgi ilə yanaşanda onu oynamaq asan olur. Ankaradakı tamaşa bir qədər Azərbaycan ləhcəsi ilə hazırlanmışdı, amma Samsunda sırf Anadolu ləhcəsindən istifadə etdik. Buradakı tamaşada dirijor alman, rəssam türk, rejissor azərbaycanlı, xormeystr isə moldovan idi.

- Türkiyəli tamaşaçılarda teatra maraq necədir?

- Türkiyədə qala-premyeraya 3-4 gün qalmış biletlərin hamısı satılıb qurtarmışdı. Ortaq nöqtələr var. Yaxşı tamaşanın tamaşaçısı həmişə olur. Müəyyən düşüb-qalxmalar hər yerdə baş verir. Üzeyir bəyin əsərlərinə maraq isə heç zaman ölmür.

 

 

Günay

 

Paritet.- 2010.- 16-18 yanvar.- S. 11.