“Yarımçıq qalmış uçuş

 

 Dünən Mədəniyyət Turizm Nazirliyi İstiqlal Muzeyinin təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar olaraqYarımçıq qalmış uçuşadlı tədbir-sərgi keçirildi.Sərgidə AzərTac-ın tanınmış fotojurnalisti, əməkdar mədəniyyət işçisi Oqtay Məmmədovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri nümayiş etdirildi.

Tədbirdə çıxış edən millət vəkili Elmira Axundova fotojurnalistin gördüyü işləri yüksək qiymətləndirərək bildirdi ki, onun çəkdiyi fotoşəkillər bu faciənin əsl üzünün dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ümumilikdə 20 Yanvar tarixindən bəhs edən E.Axundova, bu günü faciədən daha çox qalibiyyət kimi dəyərləndirdi: “20 Yanvar faciəsi zamanı tökülən qanlar əsla nahaqdan deyildi. 20 Yanvar faciəsi nəinki Azərbaycanın müstəqillik qazanmasında, o cümlədən SSRİ-nin tərkibində yaşayan bütün xalqların müstəqillik qazanmasında müstəsna rol oynadı. Məhz bu hadisədən sonra SSRİ-ri yaşayan digər xalqlar anladılar ki, Sovet hökumətinin əsl siması nədir. Bunu bizim ümummilli liderimiz Heydər Əliyev də 20-Yanvar gününün səhəri Moskovada çox gözəl şəkildə açıqladı”.

Millət vəkili Jalə Əliyeva da   Məmmədovun işinə və Vətəninə olan bağlılığını xüsusi vurğuladı: “Mənim Oqtayla tanışlığım sadəcə ötəri tanışlıq idi. Mən onu demək olar ki, ancaq prezident fotoqrafı kimi tanıyırdım. Baxmayaraq ki, Oqtayla həyatda  ikicə dəqiqə belə söhbət etməmişdim, amma o gördüyü işlər ilə mənə doğma idi. Onu mənə doğmalaşdıran onun əməlləri idi.”

Fotojurnalistin 20 Yanvar gecəsi çəkdiyi foto şəkillərin əhəmiyyətinə toxunan millət vəkili qeyd etdi ki, həmin günün xülasəsini ən yaxşı göstərən fotoşəkillər məhz O. Məmmədovun çəkdiyi fotoşəkillərdir. “Oqtayın sərgisinin adı “Yarımçıq qalmış uçuşdur. Ancaq mən düşünürəm ki, Oqtayın uçuşu yarım qalmayıb və müstəqil Azərbycan yaşadığı müddətcə Oqtayın uçuşu da davam edəcək”. - deyə J.Əliyeva əlavə etdi.

Fotojurnalistin həyat yoldaşı da öz çıxışında əsasən fotojurnalistin Vətəninə olan sədaqətindən danışdı. O bildirdi ki, O.Məmmədov öş işi ilə hər zaman Azərbaycanda baş verən xüsusi əhəmiyyətli hadisələri xarici ölkələrə çatdırmağa çalışırdı. 20 Yanvar hadisəsi bu hadisələrdən idi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, İstiqlal Muzeyinin direktoru F.Şəmsi, fotojurnalist Oqtay Məmmədovun ailə üzvləri, yoldaşları, 20 Yanvar şəhidi A.Novruzbəylinin atası və digər qonaqlar çıxış etdilər.Tədbirdə həmçinin 20 Yanvar Cəmiyyətinin üzvləri, 20 Yanvar hadisələrinin canlı şahidləri, Prezident Qvardiyasının əsgərləri və digər qonaqlar iştirak edirdilər.

                                                                                                                                                                                                       

Aysel

 

Paritet.- 2010.- 19-20 yanvar.- S. 8.