Yeni kinomuzun Nigarı

 

Rada Nəsibova: “Qaydasız döyüş” serialındakı Nigar obrazı mənə mübarizliyi öyrətdi”

 

  Hər hansı bir incəsənət növündə sənət adamları tərəfindən yaradılan  sənət əsəri uzunömürlü olur. Aylar, illər bir-birini əvəz etsə də, tarix dəyişsə də, yaradılan hər hansı tablo, musiqi əsəri, çəkilən  kino və s.  illərlə tarixin yaddaşına köçərək yaşayır, insanlara mənəvi zövq bəxş edir və maarifləndirir.Son zamanlar ölkəmizdə də incəsənətin əsas növlərindən biri olan kino sahəsinə xüsusi diqqət göstərilir. Bu diqqət nəticəsində də  bir-birinin ardınca bədii filmlər və seriallar çəkilir. Elə bu səbəbdən də bizim bugünkü müsahibimiz son zamanlar çəkilmiş “Gürzə” və “Qaydasız döyüş”serialında əsas rolları oynayan Rada Nəsibova oldu. O bizimlə söhbətə çəkildiyi seriallar haqqında danışmaqla başladı.

-Ardıcıl olaraq bir neçə serialda çəkilmişəm, bunlardan birincisi “Gürzə” olub. Bundan sonra isə “Qaydasız döyüş”də çəkilmişəm. Hətta “Gürzə” serialı efirdə bir neçə dəfə yayımlanıb. “Gürzə” serialında mən taleyi gətirməyən kor bir qadını oynamışam. Həmin qadın  neçə illər övlad arzusu ilə yaşayır    övladı dünyaya gələndən sonra  onun gözləri tutulur. Bu  serialdakı qəhrəman mənə çox yaxındır. Çünki mən  həyatda onun kimi, həssas və  kövrək insanam. Bəzən mənə deyirlər ki, necə oldu bu rolu oynadın. Mən həyatda oynamaq sözünü qəbul etmirəm. Hər insanın taleyini ifa edərək düşünürəm ki, bu hadisə mənim də başıma gələ bilər. Yəni  hər hansı bir rolu ifa edərkən mən o  insanın taleyinə acıyıb oynayıram.

O ki qaldı  “Qaydasız döyüş” serialındakı Nigara,  bu obraz mənim taleyimdə yeni bir qapı  oldu. Çünki  məni başqa bir ampulada, fərqli bir aktrisa kimi təqdim etdi. Adətən aktrisanı bir formada görəndə ona oxşar rollar verirlər. Amma “Qaydasız döyüş”dəki Nigar tamam başqa idi. Yəni  öz işi prinsipi uğrunda mübarizə aparan  bir xanım idi. Özüm də bu seriala baxanda, ciddiliyimə və mübarizliyimə çaşıb qalmışdım.    Aktyorun ən sevindirici halı odur ki, həmişə fərqli ampulada çıxış etsin. Bu da hər adama nəsib olmur. Amma sənət aləmində mənə   müxtəlif obrazları oynamaq nəsib olub. Ümumiyyətlə, mən  Bakıfilm”də əvvəlcə  “Bulağıstan” filminə sonra isə  “Qaydasız döyüş” serialına çəkilmişəm.

- Hər iki serialda Nigar obrazını oynamısınız, hansı sizin xarakterinizə daha yaxın idi?

-”Gürzə”dəki Nigarda kövrəkliyi və taleyi ilə barışması etibarı ilə bu obraz  qəlbimə çox  yaxındır. Amma “Qaydasız döyüş”də olan Nigar mübariz xanımdır. Bu serialda Nigar obrazı  qədər ciddi də olsa, amma serialın  sonuncu bir səhnəsi var ki, Nigar qadın olduğu üçün kövrəkdir, hissiyatlıdır. O biləndə ki, bütün bu cinayətlərin arxasında  atası dayanıb. Bu səbəbdən də atası qızına (Nigar) əl uzadır, qız göz yaşı axıdır, amma ona əlini vermir. Bu da onu göstərir ki, Nigar öz amalı, öz ideyası uğrunda mübarizə aparan bir xanımdır. Nigar kimi məğrur, qorxmaz   öz işini bilən xanım olmağı mən hər bir qadına  arzu edərdim.

 Həmişə arzum olub ki, tarixi  bir qadın obrazını oynayım. Bu serialda tarixi olmasa da, müasir, qürurlu   güclü  qadın obrazını oynamaq mənə nəsib oldu.

-Teatrı, yoxsa kinonu çox sevirsiniz?

- Mən kinonu daha çox sevirəm. Adətən deyirlər ki, teatrda oynamaq  çox çətindir çünki canlı ifadır, amma kinoda oynamaq bir qədər asandır. Amma mən belə deməzdim, teatr belədir ki, hər hansı bir tamaşada oynayan zaman aylarla məşq edirsən. İstədiyin rolu ideal da olmasa istər-istəməz özününküləşdirib tamaşaçıya çatdırırsan. Amma kino elədir ki, bəzən görürsən ki, filmin sonunu əvvəl çəkirlər, eyni zamanda, kadrlarda epizod-epizod çəkilir. Sən onu elə oynamalısan ki, rolun canlı alınsın, tamaşaçı heç nə başa düşməsin. Dünyanın hər bir yerində deyilir ki, mədəniyyətin ən ali sahəsi kinodur. Kino daha çox ayaq tapıb, başqa ölkələrə yayımlanır. Kinonu ona görə sevirəm ki, daha böyük kütləyə sözünü deyə bilirsən. Tamaşaya 100-200 adam gəlir. Amma seriala və kinoya milyonlarla adam baxır. Amma teatrın da yaxşı cəhəti odur ki, aktyorun gündəlik formada qalmasına kömək edir.

- Rol aldığınız iki serialdan hansında oynamaq sizə çətin olub?

-”Gürzə”nin ssenarisi məndə daha əvvəldən vardı.Onu vərəqlədikcə tapıntılar edirdim.Həm də o ruhuma yaxın idi. Amma “Qaydasız döyüş”dəki  Nigar “Gürzə”dəki Nigardan fərqli idi. Bu xanım yaş prinsipinin olmasına baxmayaraq,vəzifəcə böyük olmasına baxmayaraq heç kəsdən çəkinmirdi və qorxmurdu. O biri Nigar gözünün açılması  eşqi ilə arzusu ilə yaşayırdısa, bunun üçün fərqi yox idi. Azərbaycan tamaşaçısı dramatik faciyəvi janrda  oynayan aktyor və aktrisanı daha çox sevir, amma həmin sevgini saxlamaq lazımdır.  Mənə elə gəlir ki, bu Nigarda da özümə uyğun xüsusiyyətləri tapdım. Çünki hər bir rolu oynamamışdan əvvəl oxuyanda sənə yaxın olan məqamları görürsən   özünə uyğunlaşdırırsan. Amma digər rollarıma baxanda çətin oldu.

-Hansı Nigar tamaşaçılar tərəfindən çox sevildi?

-Hər iki serialdakı Nigar tamaşaçılar tərəfindən sevildi. “Gürzə”də baza zəif idi, aktyor üçün hər bir şərait olanda oynamaqda maraqlı olur. “Gürzə” serialının  mövzusu çox maraqlı idi və  aktyor seçimi də çox gözəliydi. Yəni serialda professional aktyorlar oynayırdı.”Qaydasız döyüşdə” texnika bazası çox güclü idi. Yaradıcı heyət tam olaraq vardı. Aktyorun oynadığı bütün rollar onun  üçün əziz olur.İş  burasındadır ki, mənim üçün hər iki Nigar  əzizdir. Mən indi  elə bir serialda rol almışam ki,burdakı rolum mənim üçün daha əziz olacaq. Bu barədə  danışmaq istəmirəm. Amma çəkilişlər başladıqda  ilk müsahibəmi sizə verəcəm(Gülür...)

- “Qaydasız döyüş”serialında çəkilişlər harda aparıldı?

-Əsasən  Bakıda .Filmin yarısını yerli heyət,  yarısını isə  rejissor texnikası baxımından iranlılar işlədi. Bu serialda bir çox bilmədiyimiz şeyləri öyrəndik.Ümumiyyətlə, aktyora rol verildikcə inkişfa edir. Aktrisa kinoya çəkildikcə  bir çox şeyləri öyrənir və görür. Mən sevirəm ki,  qadın hər zaman  döyüşkən olsun. Bu səbəbdən də tarixi kinolarda çəkilməyi çox istərdim. “Cavadxan” filmində at çapmağı yaxşı öyrəndim. Bu serialda isə  silah atmağı və  avtomobil sürməyi öyrəndim.

- Qrim ve geyimləriniz barədə nə deyə bilərsiniz?

- Qrim ustaları  arasında  iranlılar da, yerli mütəxəssislərdə vardı. “Qaydasız döyüş”dəki Nigar ciddi rol olduğu üçün ona  qeyri-adi qrim və ya geyim lazım deyildi.  Geyimlərimin əksəriyyəti müasir idi. Bu geyimlər arasında   kinostudiyadan da seçilmişlərdə vardı,  öz geyimlərimdə var.

-Rada Nəsibova həyatda da serialdakı  Nigar kimi  mübarizdir  yoxsa?

- Həyatda mübariz olmaq lazımdır. Həyatda Nigar kimi olmaq istərdim. Səmimi olaraq deyim ki, həyatda da bütün çətinliklərdən özüm çıxmışam. Təhsilimi özüm almışam. 16 yaşımdan həm işləmişəm, həm də oxumuşam. Tək   köməksiz. Nə problem olub özüm həll etmişəm.Ancaq yaxşı insanlar da var ki, onların mənə sənətdə yardımını danmaq olmaz.

Zamanda bilirsiniz tək bunu mübariz adlandırmaq olarsa deməli mübarizəm.

-Hazırda Azdramada yaradıcılığınızı davam etdirirsinizmi?

-Artıq üç ildir ki, Azdramada müqavilə ilə işləyirəm. Bilmirəm səbəb nədir ki, hələ ştata keçirilməmişəm. Baxmayaraq ki, sözügedən teatrın səhnəsində bir sıra  rollar oynamışam. Teatrda tamaşalara baxmaq, rejissorların məşq prosesini izləmək və yaxud  verilən rolları məşq etmək, aktrisanın daim formada qalması  üçün köməkdir.  Hazırda Çingiz xanın “ Ağ buludlar” tamaşasında baş rolu ifası mənə həvalə edilib, amma hələ məşqər dayandırılıb. Bundan öncədə   rejissoru istedadlı rejissor Vaqif İbrahimoğlu olan  Tülkü, tülkü tünbəki” nağıl tamaşasında da rol almışam. Olub ki, tamaşalarda ekspront oynamışam. Yəni,  hər hansı aktrisa səhnəyə çıxa bilməyibsə həmin rolu bir günə hazırlayıb çıxmışam.Məsələn, “Xurşidbanu Natəvan” tamaşasında  rəqqasə Təhminəni ekspront oynamışam.

-Teatrda və kinoda hansı rolları oynamaq istərdin?

-Klassik əsərləri mən çox sevirəm.  Amma təəssüflər olsun ki, bu gün elə əsərlərə çox az müraciət olunur.Müraciət olunsa da, ümid eləmək olmur ki, sənə oynamaq qismət olacaq yoxsa yox, amma istərdim ki, əgər qismət olsa mən  klassik əsərləri daha çox sevirəm. Çünki orda aktyorun daxili aləmini açmaq üçün istedadını təqdim etmək üçün imkanlar daha çoxdur. Kinoda müstəntiq Nigar kimi rollar  ardıcıl  olsa daha yaxşı olar. İndi hazırda təzə serialda maraqlı bir rol oynayıram. Amma mənim ən böyük arzum Tomrisi oynamaqdır. Mürəkkəb qadın rollarını çox sevirəm. Hər zaman səhnədə özümü  başqa ampulada göstərə bilim.

- Tamaşaçı kimi filmlərinizə baxdıqda hansı hissləri keçirirsiniz?

-Əlbəttə, hər dəfə filmlərimə baxdıqda deyirəm ki, bunu belə edərdim. Amma necə deyərlər qatar artıq gedib gecdir. Amma elə anlar  var  ki,  onu gələcək üçün etməyi planlaşdırırsan.İnşallah çalışacaqsan ki, burda etdiyin orda olmasın. Amma mənə elə gəlir tamaşaçılar tərəfindən bəyənilmişəm.  Tamaşaçılar tərəfində hələ elə bir tənqid eşitməmişəm. Amma tənqid yaxşıdır. İstərdim ki, onyadığım rollara tənqidi münasibət olsun.Çünki tənqid olan yerdə inkişaf olur.Həmişə özümə tənqidi yanaşıram.

-Müasir seriallardan razısınızmı?

Bilirsiniz, Hər yeni addım kövrək olur.Onda qüsur axtarmaq düzgün olmazdı. Amma getdikcə professionallıq daha da artır. “Gürzə” serialı mövzu və aktyor seçimi tərəfdən çox yaxşıdır. Amma texniki və professionallıq deyilən bir şey var. Bu baxımdan “Bakıfilm”in istehsal etdiyi   seriallar bütün seriallardan öndədir.

-Sizin çəkildiyiniz bu son serialda maraqlı  bir hadisə olubmu?

- Əvvəla deyim ki, “Qaydasız döyüş” serialının ssenari müəllifi İlqar Fəhimi Kamran Qasımov, baş prodüser Vahid Mustafayevdir, rejissorlar  Yaşar Əhmədov, Abbas Paknahati idi.

Kinoda  həmişə müxtəlif kollektivlərdə olursan. Hər xarakterdə insanları görürsən, maraqlı hadisələrlə çox qarşılaşıram. Mənim üçün maraqlı hadisələr meşə səhnəsi oldu. Və yaxud coşmusan oynayırsan sonda görürsən ki,kamera sönüb yanmır, çəkiliş aparılmır...

-Yeni işləriniz?

- Hazırda yeni 8 serialı “Yaddaş” serialı üzərində işləyirəm (Deyəsən, Rada xanım , bayaq gizlədiyi sirrin ip ucunu verdi-müəllif). “Tülkü tülkü tünbəki” tamaşası ilə  Türkiyədə keçirilən festivala qatılacağıq.

 

 

Günay

 

Paritet. – 2010.- 26-27 yanvar.- S. 13.