Şaumyanın güllələnmədiyini sübut edən sənədlər aşkarlanıb

 

Məşədi Əzizbəyov isə Biləsuvar və Salyan bölgəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib

 

Tarixçilər üçün son dərəcədə qiymətlidir ki, Azərbaycan prezidenti İlham Əliyev bütün prinsipiallığı ilə bizim tarixi torpaqlarımızın Azərbaycana məxsus olması məsələsini qaldırır. Nüfuzlu beynəlxalq təşkilatların, başqa dövlətlərin rəhbərləri ilə görüşlərdə çox açıq bir şəkildə bildirir ki, Dağlıq Qarabağ problemi Rusiya tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər tərəfindən ortalığa atılıb. Bunu dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

 

1918-ci ilə kimi Cənubi Qafqazın siyasi xəritəsində ermənilərin adı olmayıb

 

Ermənilər özlərini bütün Cənubi Qafqazın ən qədim əhalisi kimi qələmə verdiklərini deyən Y.Mahmudov, əslində bu ərazidə erməni dövlətinin ilk dəfə 1918-ci ildə yaradıldığını, bundan əvvəl Cənubi Qafqazın siyasi xəritəsində erməni dövlətinin olmadığını söyləyib.

Ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə cavab olaraq Tarix İnstitutu itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasına xüsusi əhəmiyyət verdiyini deyən institutun direktoru ermənilərin azərbaycanlılara qarşı işğalçılıq siyasətini ifşa edən yeni nəşrlər barədə də məlumat verib: “ Onlardan biri “Qarabağ  tarixi” adlanır. 6 dildə çap olunan bu kitab müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə birinci yerə layiq görülüb. Çünki bu kitab ancaq sənədlər, real faktlar əsasında tərtib edilib. Naxçıvanın tarixi abidələrinə həsr olunan kitab da tarixi sənədlərə əsaslanır. “Tarixi adlara qarşı soyqırımı” kitabı isə əvvəllər Azərbaycana məxsus olan torpaqlarda- indiki Ermənistan ərazisində tarixi və coğrafi yer adlarının dəyişdirilərək erməniləşdirilməsindən bəhs edir. Kitabda hətta adların dəyişdirilmə tarixi də öz əksini tapıb”.

Tarix İnstitutu tərəfindən nəşr edilən kitablardan biri də “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabıdır. Üç ilə ərsəyə gətirilən bu kitabı dəyərli edən əsas cəhət onun sənəd və arxiv materialları əsasında tərtib olunmasıdır. Kitabda İrəvan ərazisinin Azərbaycana məxsus olması real faktlar əsasında sübut edilir.

Bundan əlavə Tarix İnstitutu azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin mart soyqırımı ilə bağlı 3 cildlik sənəd toplusunun hazırlanması üzərində də iş aparır. Qeyd edək ki, kitabın birinci cildi artıq çap olunub.

Y.Mahmudov “26 Bakı komissarı” abidəsinin altında Stepan Şaumyanın cəsədinin aşkarlanmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Keçən il yanvarın 24-26-da “26 Bakı komissarı” abidəsinin altındakı cəsədlər ümumi şəhər qəbiristanlığına köçürüldü. Üç gün ərzində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi əməkdaşlarının və Tarix İnstitutunun mütəxəssislərinin iştirakı ilə orda tədqiqatlar aparılıb və orada təxmin edildiyi kimi 26 deyil, cəmi 23 cəsədin qalıqları tapıldı. Bundan sonra Tarix İnstitutu dərhal tədqiqatlara başladı. Bəzi şəxslər arxivləri qaldırmadan, araşdırma aparmadan israr etməyə başladılar ki, Stepan Şaumyanın cəsədi orda olub. Amma həmin cəsədlər yaş göstəricilərinə görə düzülmüşdü. “26-lar”ın arasında 3 nəfərin yaşı 40-dan yuxarı olub - Məşədi Əzizbəyov, Stepan Şaumyan və Tatevos Əmiryanın. “Sahil bağı”ndan çıxarılan cəsədlərdən isə yalnız biri 40 yaşdan yuxarı şəxsin idi ki, bu da Məşədi Əzizbəyovun yaş göstəricilərinə uyğun gəldi. Şaumyanla Əmiryanın heç birinin cəsədinin qalıqları tapılmadı. Cəsədi tapılmayan üçüncü şəxs isə İçərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyandır. Avakyan daşnakları silahla təmin edən əsas şəxslərdən biridir. Həmin vaxt onun 23 yaşı olub. “Sahil bağı”ndan həmin yaş həddində bir neçə cəsəd tapılıb. Araşdırma nəticəsində məhz onun orada basdırılmadığı müəyyənləşdirilib. Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də təsdiq edir”.

Y. Mahmudov deyib ki, Tarix İnstitutunun apardığı tədqiqatlar zamanı Türkmənistanda arxivdən xüsusi teleqram aşkarlanıb: “Bu teleqram Stepan Şaumyanın güllələnməsi ilə bağlıdır. Məlum olduğu kimi “26-lar” 1918-ci il sentyabrın 20-də güllələniblər. Həmin teleqramda isə göstərilir ki, sentyabrın 20-dən sonra 10 gün ərzində Krasnovodskda məhbəsdə Stepan Şaumyan və Anastas Mikoyana “suxoy poyok” pulu verilib.  Teleqramda o da göstərilib ki, ona orada ilk günlər gündəlik 1 manat 50 qəpik, ayın 2-dən sonra isə 2 manat, daha sonra 17 manat veriblər”.

 

Şaumyanla Rəşid Behbudovun ölümü arasında hansı bağlılıq var?

 

Y.Mahmudov Şaumyanın 1918-ci ildə güllələnmədiyini sübut edən başqa bir fakt kimi xalq artisti Rəşid Behbudovun ölümünü göstərib: “SSRİ xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R. Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında “Şaumyan” deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb. R.Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1988-1989-ci illərdə Dağlıq Qarabağ problemi başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Qorboçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. Rəşid Behbudovu xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər”.

Əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmamasını deyiblər. Guya onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

 

 

B.Cahandarov

 

Paritet.- 2010.- 30 yanvar-1 fevral.- S. 8.