Qan yaddaşımız dünyanın bir çox ölkələrində qeyd olunub

 

Xaricdə yaşayan həmvətənlərimiz dünyanı ədalətli olmağa çağırıblar

 

31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin və onun Rusiyanın ayrı-ayrı bölgələrindəki regional təşkilatlarının keçirdikləri tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər pislənib və dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verilməsi tələb olunub.

 Tədbir iştirakçıları qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımızın, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlının qətlə yetirildiyinə, təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kəndin xarabazara çevrilməsi, 130 mindən artıq azərbaycanlının öldürüldüyünə dair tarixi faktlara söykənən dəlillər gətiriblər. 1918-ci il hadisələri zamanı Qubada ermənilərin xüsusi qəddarlıqla törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarıldığını qeyd edən natiqlər tapılmış saysız-hesabsız insan sümüklərinin həmin qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani faktlar olduğunu bildiriblər. Avropanın bir sıra ölkələrində Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin bu gün də davam etdiyi vurğulanıb. Buxarestdə Rumıniya Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə keçirdiyi dəyirmi masada azərbaycanlıların soyqırımının ermənilərin məqsədyönlü surətdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulayıb. Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər Türkiyə, və Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, İqdırda Türkiyə Azərbaycan Dərnəyi və Türkiyə Strateji Araşdırmalar Mərkəzi TURKSAM-ın təşəbbüsü ilə baş tutan konfrans xüsusilə böyük rezonans doğurub. Azərbaycan və Türkiyə parlamentlərinin üzvlərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, iki ölkə tarixçilərinin və digərlərinin iştirak etdiyi tədbirdə ermənilərin Azərbaycanlılara və Türklərə qarşı cinayətləri konkret fakt və statistik məlumatların əsasında diqqətə çatdırılıb.  “İqdır və bölgədə Azərbaycanlılara qarşı Soyqırımları və Erməni iddiaları” mövzusunda konfransda Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı və Fazil Mustafa iştirak ediblər. Konfransın işində həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov iştirak edib. O Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyə Azərbaycan Dərnəyinin keçirdiyi bu tədbiri dəstəklədiyini bildirib.

31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonundakı Mədəniyyət Mərkəzində tədbir keçirilib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənov tədbiri açaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan olunub. O, dünyada yaşayan azərbaycanlıların 93 il əvvəl bu təqvim günündə soyqırımına məruz qalan insanların xatirəsinin yad etdiklərini bildirıb.

Gürcüstan və Avropa Tarixçilər Assosiasiyasının üzvü, tarixçi-müəllim Nərgiz Nəbiyeva tarixə ekskurs etməklə erməni daşnaklarının azərbaycanlıların başına gətirdikləri müsibətləri faktlar əsasında göz önündə canlandırıb. Təkcə Bakı şəhərində milli mənsubiyyətinə görə 12 mindən çox azərbaycanlının qətlə yetirildiyini, Qubada 172, Şamaxıda 72 kəndin viran və talan olunmasını acı təəssüf hissi ilə toplaşanların nəzərinə çatdıran tarixçi, Nuru paşanın  rəhbərliyi altında Qafqaz İslam Ordusunun gəlişi ilə bu soyqırımına son qoyulduğunu vurğulayıb.

Martın 31-də Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu və Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq Milli-Mədəni Cəmiyyəti 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib.

Mərasimdə “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Mərasim keçirilən zalda ermənilərin azərbaycanlılara qarşı soyqırımı əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Aktau şəhərindəki konsulu Elxan Zeynalov XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırım hadisələri ilə bağlı məlumat verib, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra törədilmiş bu cinayətlərin uzun illər boyu gizli saxlanılması siyasəti yeridildiyini bildirib. Elxan Zeynalov hazırda Qubada soyqırım qurbanlarının aşkar olunduğu kütləvi məzarlıqda Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xatirə kompleksinin yaradılması haqqında məlumat verib. Konsul qeyd edib ki, 1905-1907-ci və 1918-ci illərdə erməni daşnakları tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş qırğınlarla bağlı arxivlərdə olan materialların araşdırılması və həmin materialların tərcümə olunaraq beynəlxalq təşkilatlara və qurumlara göndərilməsi istiqamətində iş aparılır.

Daha sonra Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov çıxış ediblər. Onlar ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xaricdə yaşayan Azərbaycan diaspor təşkilatlarının aktivləşməsini vacib sayıblar.

Tədbirin sonunda 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sənədli film nümayiş etdirilib.

Soyqırım günündə Baltikyanıda yaşayan həmvətənlərimiz də Azərbaycana həmrəylik nümayiş etdiriblər.

Latviyanın paytaxtı Riqada “Ocaq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş, “Uzun illər boyu: Erməni terrorist qruplaşmalarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər” adlı tədbir keçirilib. Latviya parlamentinin deputatı -  Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aleksandr Sakovskiyin iştirakı ilə keçən tədbirdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı ilə bağlı ətraflı məlumat verilmiş, onların bu əməllərinin insanlığa sığmadığı və bəşəriyyətə qarşı cinayətlər kimi səciyyələndirilməli olduğu vurğulanıb.

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Heydər Əliyev Fondu - Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbirdə rumunlar da fəal iştirak ediblər.

Qeyd olunub ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi Fərman böyük tarixi əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir.

Tədbirdə azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən foto guşə iştirakçılara nümayiş etdirilib.

Həmçinin matəm günü ilə bağlı Səfirlik tərəfindən hazırlanmış geniş press-reliz Rumıniyanın dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərə də göndərilib.

İsveçdə yaşayan həmvətənlərimiz isə azərbaycanlıların soyqırımı günü ilə bağlı ölkə parlamentinə bəyanat ünvanlayıblar. Bəyanatda 30 mart - 2 aprel 1918-ci il tarixlərində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı barədə məlumat verilib. Bəyanat müəllifləri bildiriblər ki, 1918-ci ildə dörd gün ərzində erməni daşnakları tərəfindən on minlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib. Daha sonra bəyanatda qeyd olunur ki, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti  sovet dönəmində də davam etdirilərək yüz minlərlə azərbaycanlı Ermənistan ərazisindən deportasiya edilmiş və ya qətlə yetirilib.

Bəyanat müəllifləri Riksdaqı soyqırımı qurbanlarının xatirəsinin İsveç Parlamentində yad edilməsinə çağırıblar.

Xalqımızın qan yaddaşı okeanın o tayında da xatırlanıb. “Azərbaycan - Nyu-York Assosiasiyası”, “Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası”, “Kvebek Azərbaycanlıları Assosiasiyası”nın müvafiq olaraq Nyu-York, Hyuston və Monreal şəhərlərində keçirdikləri tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi yad edilib. ABŞ-ın Azərbaycan diasporunun digər bir təşkilatı - “Amerika-Azərbaycan Şurası” Pax Turcica şəbəkəsi vasitəsilə Konqresə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məktublar göndərərək Amerika qanunvericilərini ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktına qiymət verməyə səsləyiblər.

Martın 31-də Almaniyadakı Ermənistan Səfirliyinin qarşısında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş etiraz aksiyası keçirilib. Tədbirin əvvəlində 1918-ci il mart və 1992-ci il Xocalı soyqırımları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və “Kaya” səyahət bürosunun dəstəyi ilə keçirilən  tədbirdə Ermənistanın şovinist və terrorçu siyasətini pisləyən şüarlar səslənmiş, 31 Mart hadisələrinə dair çıxışlar edilib. Etiraz aksiyasında Bəyanat qəbul edilmiş və iştirakçılar alman və dünya ictimaiyyətinin diqqətini 1918-ci ilin mart-aprel aylarında baş verən qanlı hadisələrə cəlb etmiş və onları Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılığa obyektiv siyasi hüquqi qiymət verməyə çağırmışlar. Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və diaspor nümayəndələrinin iştirak etdiyi etiraz aksiyasında nüfuzlu beynəlxalq təşkilatların ünvanına Azərbaycanın haqq mövqeyini dəstəkləmək, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etmək, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi işinə biganə yanaşmamaq üçün çağırışlar səslənib.

Azərbaycan və türk diaspor nümayəndələri iştirak ediblər. Etiraz aksiyasının sonunda  qəbul edilmiş Bəyanat imzalanmış və Ermənistan səfirliyinə təqdim edilib.

Həmin gün Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimi Koordinasiya Mərkəzinin icraçı direktoru, xanım Samira Patzersmailova giriş sözü ilə açmış və qonaqları salamlamış, daha sonra anım mərasimindən qabaq keçirilən etiraz aksiyasına dair məlumat vermiş, bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış və sözü  Azərbaycanın Almaniyadakı səfiri, cənab Pərviz Şahbazova verib. Cənab səfir anım mərasimində nitqlə çıxış edərək o dövrdə baş verən hadisələr haqqında məlumat vermiş və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Martın 31-də Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin çağırışı ilə Azərbaycanlıların soyqırımı günü münasibətilə və Azərbaycan vətəndaşı,  2002-ci il təvəllüdlü Fariz Bədəlovun 8 mart 2011-ci ildə ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq, Brüsseldə Avropa İttifaqı Şurasının qarşısında etiraz aksiyası keçirilib. Aksiya zamanı ermənilərin azərbaycanlılara qarşı soyqırımı dayandırması, mülki insanları və uşaqları qətlə yetirməsinə son qoyması, işğal olunmuş torpaqlardan çıxması tələb edilmiş, “Sarkisyan qatil”, “Erməni vəhşiliyi”, “31 mart  - Azərbaycanlıların soyqırımı günü”,  “Erməni işğalına son”, “Avropa İttifaqı, biganə olma” kimi şüarlar səsləndirilib.

Aksiyanın sonunda mitinqin bəyanatı oxunmuşdur. Bəyanatda ermənilərin illərdir ki, davam edən soyqırımı və işğalçı siyasəti, 1918-ci ildəki mart qırğınları, Xocalı soyqırımı, F.Bədəlovun və mülki insanların qətli barədə məlumat verilmiş, erməni vəhşiliyinə və işğalına son qoyulması tələb edilib. Bəyanat eyni zamanda Avropa Birliyi rəhbərlərinə, Avropa Parlamenti deputatlarına, Belçikalı millət vəkillərinə və senatorlara, insan haqları təşkilatlarına göndərilib.

 

 

M.TAĞIYEV

 

Paritet.- 2011.- 2-4 aprel.- S. 11.