Qələmə sarılan
ömür
Çoxdan idi ki, müasir
Azərbaycan jurnalistikasının
istedadlı nümayəndələrindən
olan Ağaddin Babayev haqqında yazmaq məndə bir ehtiyaca çevrilmişdi.
Biləndə ki, bu il onun anadan olmasının
55, yaradıcılığının 40 illiyidir, bu istək
məndə daha da gücləndi. Əlimə qələm alanda bilmirdim haradan və necə başlayım. Bu, bəlkə də yaxından tanıdığım
insan haqqında ilk dəfə söhbət açmaq məsuliyyətinin
ağırlığından irəli gəlirdi.
Öncə onu bildirim ki, Ağaddin Babayev 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində
dünyaya göz açıb.
Hələ orta məktəbdə oxuyarkən
jurnalistikaya maraq göstərib, “Azərbaycan
pioneri”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “İnşaatçı””,
“Vışka”, “Bakinski
raboçi”, “Leninçi”
(indiki “Lənkəran”)
qəzetlərində, “Kənd
həyatı”, “Təşviqatçı”,
“Mədəni-maarif” jurnallarında maraqlı yazılarla çıxış edib.
İllər ötdükcə onun imzası nəinki respublikamızda,
eləcə də keçmiş İttifaqın,
o cümlədən Rusiya
mətbuatında görünməyə
başlayıb.
A.Babayevin qələm təcrübəsini
və bacarığını
nəzərə alaraq
1990-cı ildə onu
“Lənkəran” qəzetində
xüsusi müxbir kimi işə götürüblər. Bir müddət sonra
isə o, redaksiyada kənd təsərrüfatı
şöbəsinin müdiri
vəzifəsinə irəli
çəkilib və
1995-ci ilə kimi burada çalışıb.
Ağaddin müəllim jurnalistika
ilə yanaşı, maraqlı bədii yazıları ilə də yaxşı tanınıb. Onun hekayə və şeirləri “Ədəbiyyat”,
“Mədəniyyət”, “Paritet”,
“Palitra”, “Kaspi” qəzetlərində, “Ulduz”,
“Söz”, “Məşəl”,
“Şəfəq”, “Alov”
və digər dərgilərdə işıq
izi görüb. Ağaddin Babayevin rus dilindən
tərcümə etdiyi
çoxlu sayda şeir, hekayə, yumoreska və pyeslər oxucular tərəfindən rəğbətlə
qarşılanıb. Onun
özünün qələmə
aldığı “Kaloğlanın
sərgüzəştləri” və “Sehrli sandıq” pyesləri, dünya xalqlarının dramaturgiyasından
tərcümə etdiyi
Georgi Xuqayevin “Andro və Sandro”, Lev Korsunskinin “Fırıldaqçı”
komediyaları N.B.Vəzirov
adına Lənkəran
Dövlət Dram Teatrında
tamaşaya qoyulub.
O,
həmçinin “Moi sobesedniki” ( 2002), “ Ot naşeqo korrespondenta” (2009) kimi publisistik kitabların müəllifidir. A.Babayev hazırda “Bakinski raboçi” qəzetinin Cənub zonası üzrə xüsusi müxbiri və APA İnformasiya Agentliyinin Cənub bürosunun rəhbəri kimi çətin və şərəfli yaradıcılıq
fəaliyyətini davam
etdirir.
Dörd yaradıcılıq
təşkilatının - Azərbaycan Yazıçılar
Birliyinin (2009), Azərbaycan
Jurnalistlər Birliyinin
(1990), Azərbaycan Teatr
Xadimləri İttifaqının
(1987) və Azərbaycan
Reklamçılar İttifaqının
(1994) üzvü olan Ağaddin Babayev Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət
Dəstəyi Fondunun Novruz bayramı münasibətilə
keçirdiyi yazı müsabiqəsinin
qalibi kimi Fondun diplomu və pul mükafatına
layiq görülüb.
Sizə 55 illik bir ömrün səhifələrini vərəqlədik.
Elə bir ömür ki, el-obanın sevincinə, kədərinə həmişə
şərik olub, kiminsə hüququ tapdananda həyəcan siqnalı çalıb və tənqidi faktları təfəkkür
süzgəcindən keçirərək
mətbuat aləminə
yayıb.
...Budur, gecədən xeyli keçib, Lənkəranın Şağlaser
kəndində evlərin
birinin işığı
gecə yarıdan keçənədək sönmür.
Bu işıq həmkarımız Ağaddin
Babayevin işığıdır.
Ümid və gələcək mövzularla
dolu baxışlar, bir
də sabaha boylanan jurnalist işığıdır...
Azad Zülaloğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Paritet.-2011.-9-11 aprel.- S.11.