Borçalının azəri toponimləri kütləvi şəkildə gürcüləşdirilir

 

Gürcüstan hakimiyyəti 30 azərbaycanlı kəndinin adını gürcü adları ilə əvəzləyib

 

 Gürcüstan hakimiyyəti 30 Azərbaycan kəndinin adını gürcü adları ilə əvəzləyib. Bu barədə “İnterfaks-Azərbaycanagentliyinə Milli Azlıqların Hüquqlarının Müdafiəsi Monitorinq Qrupunun sədri Elbrus Məmmədov bildirib:  Bizim təşkilatımız özü araşdırma aparıb və regional hakimiyyət orqanları bunu inkar etsələr də, türk toponimlərinin dəyişdirilməsi ilə bağlı faktlar üzə çıxarıb. Belə ki, 2010-2011-ci illər ərzində Gürcüstan hakimiyyəti Marneuli rayonunda 18 və Salk rayonunda 12 Azərbaycan kəndinin adını dəyişib. Toponimlərin dəyişdirilməsi  rəsmi sənədlərdə və Gürcüstan Dövlət Reyestrininwww.reestri.gov.gesaytındakı xəritələrdə əksini tapıb”. 

O, toponimlərin dəyişdirilməsi ilə əlaqədar bir sıra nümunələr göstərib. Belə ki, Yenikənd Axalsopeli, Əzizkənd Patara Algeti, Qaraqum Sabeçisi və s. adlarla əvəzlənib.

 Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan kəndlərinin adlarının kütləvi şəkildə dəyişdirilməsi hələ 1990-illərin əvvəllərində Gürcüstanda prezident Zviad Qamsaxurdiyanın hakimiyyət dövründə baş verirdi.

 O zaman - 1991-ci ildə Bolnisi rayonunda bir anda 38 Azərbaycan kəndinin adı gürcü adlarına dəyişdirilib. Eduard Şevardnadzenin hakimiyyətə gəlişindən sonra adların dəyişdirilməsi prosesi bir qədər zəiflədi, ancaq Azərbaycan kəndlərinin əvvəlki adları qaytarılmadı”, - deyə hüquq müdafiəçisi vurğulayıb.

“Ən təhlükəli fakt isə odur ki, Gürcüstanda hazırkı hakimiyyət taktika və metodları dəyişib, əgər 1990-cı illərdə bu siyasət açıq və rəsmi şəkildə həyata keçirilirdisə, bu gün bu, cəmiyyətdən gizli və məxfi şəkildə reallaşdırılır. Bu kəndlərin adlarının dəyişdirilməsi faktı hələ ki, açıqlanmır və yalnız Gürcüstan Dövlət Reyestrinin saytında rəsmən təsdiqlənib”.

E.Məmmədovun sözlərinə görə, Gürcüstan hakimiyyəti azərbaycanlı  əhalinin mənfi reaksiyasından ehtiyatlanaraq bu kəndlərin öz sakinlərinə məlumat vermədən adları rəsmi xəritələr və sənədlərdə dəyişdirməyi məqsədəuyğun hesab edir. Zaman keçdikcə, yerli əhali, sadəcə, fakt qarşısında qoyulacaq: “Bundan başqa, araşdırma göstərib ki, toponimlər yalnız azərbaycanlıların kompakt yaşadığı regionlarda dəyişdirilir. Cavaxetiyada erməni toponimləri isə dəyişdirilmir”.

Bakıda analitiklərin fikrincə, rəsmi Tiflisin belə mövqeyi azərbaycanlıların problemlərinə səhlənkar və laqeyd münasibətin birbaşa nəticəsidir.

Halbuki Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanın inkişafı işində Azərbaycanın əhəmiyyətini dəfələrlə qeyd edib. Analitiklər xüsusilə M.Saakaşvilinin 2006-cı ildə verdiyi bəyanatı xatırladıblar. Bu bəyanatda deyilir ki, məhz Azərbaycan öz maraqlarının ziyanına olaraq qaz nəqlini təmin etməklə Gürcüstanı soyuq qışdan xilas edib.Bu, doğrudan da dost və qardaşlıq addımıdır. Həqiqətən də qardaş qardaşla, dost dostla güclüdür. Biz bunu yaddan çıxarmamalıyıq”, - deyə o zaman Gürcüstan rəhbəri demişdi.Gürcüstan hakimiyyətinin indiki hərəkətləri dövlət başçsının rəsmi bəyanatları ilə ziddiyyət təşkil edir”.

Gürcüstanda kompakt yaşayan azərbaycanlılar heç vaxt muxtariyyət istəməyiblər. Cavaxetiya erməniləri isə vaxtaşırı muxtariyyət tələbi çıxışlar edir, ancaq Gürcüstan hakimiyyəti nə üçünsə buna göz yumur və erməni kəndlərinin adlarını dəyişmir”.

 

 

Paritet.- 2011.- 12-13 aprel.- S. 9.