Qismən sovet, qismən müsəlman ölkəsindən Hollivudadək uzanan yol

 

 Ella Leyla: “Azərbaycan sirli, möcüzəli ölkədir

 

 Azərbaycan musiqiçilərinin dünyaya master klass (ustad dərsləri) keçdiyini desək yəqin ki, yanılmarıq. Xüsusən ABŞ və Avropa ölkələrində dəb olan caz sahəsində həmvətənlərimiz getdikcə daha çox gündəmdə olurlar. Bu günlərdə ABŞ İctimai Radiosu hazırladığı proqramaGözəl səsi və qəribə taleyi olan Ella Leyla Azərbaycanda doğulan, cazı sevən bir müsəlman qızıdırcümləsi ilə başladı. Verliş bütünlüklə həmvətənlimizə həsr olunmuşdu.

Uzun illər ABŞ-da yaşayan Ella Leyla Azərbaycana qəlbən bağlı olduğunu heç vaxt gizlətməyib. Radioda qonaq qismində çıxış edən cazmen, doğulduğu məmləkətin möcüzəli yer olduğunu, oranın sirli xalçaya bənzədiyini etiraf etdi: “Mən böyüdüyüm ölkə-Azərbaycan, qismən müsəlman, qismən də sovet ölkəsiydi. Yəni, müsəlmançılıqla, dinlə kommunizmin çox maraqlı kombinasiyası  idi. Moskva bizdən yetərincə uzaq idi. Yəni bəlkə də demək olar ki, biz Sovet İttifaqının digər yerlərinə baxanda daha müstəqil idik. Bu bizə özünəməxsusluğumuzu saxlamağa imkanlar yaradırdı”.

Ella ən çox Azərbaycan muğamından təsirləndiyini deyir, amma musiqiyə klassik musiqidən başlayıb, sonradan caza keçib: “Caz bir qədər mürəkkəb janrdır. Amma muğamı başa düşən şəxs, cazı da anlayır. Çünki bu janrın da digərləri kimi kökü muğama gedib çıxır. Təssüf ki, caz inkişaf edən ölkələrdə muğam populyar deyil. Çoxları bunu başa düşməkdə çətinlik çəkir. Amma getdikcə bu öz həllini tapacaq”.

Azərbaycanlı cazmen Bakıdakı kafelərdə piano çalıb, caz ifa edən ilk qadın olduğunu da amerikalıların diqqətinə çatdırıb. Həyatı olduqca keşməkeşli keçən Ella yüksək rütbəli bir hərbçiylə ailə qurandan sonra Moskvaya köçüb. Orda Moskva Caz Orkestrində çıxış edib. Eyni zamanda klublarda çalışsa da, musiqiylə çox az qazana bilib: “Məzəli bir əhvalat deyim. Biz uşaq mahnıları albomu yazmışdıq. Mən hələ SSRİ-də olan vaxtı bu albomun 3 milyon nüsxəsi satılmışdı. Amma mən cəmi 15 rubl qazandım”.

Onun sonrakı həyatını müəyyənləşdirən cəhət Moskvada olarkən ABŞ səfirliyiylə üzbəüz bir klubda çıxış etməsi olub. Günlərin bir günü amerikalı milyarder iş adamı Armand Hammerın Moskvaya 90 yaşını qeyd eləmək üçün gəldiyini öyrənir. Caz həvəskarı olan amerikalılar yolun qarşı tərəfindəki kluba gəlirlər. Ellanın səsinə vurulan qərblilər ona Amerikaya getmək üçün təkliflər edirlər. Amma Sovet dövründə bu, heç də asan məsələ deyildi. Çətinliklə də olsa, Ella beş yaşlı oğluyla birgə ABŞ-a mühacirət edə bilir.

Orda bir ravvinlə ailə quran Ella, Çikago yaxınlığında yaşamağa başlayır. Amma sonra oğlu qəfildən xəstələnir: “Hər şey birdən oldu. Bir gün dedi ki, ana, qarnım ağrıyır. Belə... Ona leykemiya diaqnozu qoyanda cəmi 5 yaş yarım idi. 9 yaşının tamamına bir neçə gün qalmış öldü”.

Oğlu dünyasını dəyişəndən sonra Ella özünü musiqiyə həsr edir, səbəbini isə belə izah edir: “Yadımdadır, bir qadın mənə çox faydalı məsləhət verdi. Dedi ki, sən heç vaxt unuda bilməzsən, sadəcə, başını nə iləsə qatmağa çalış. Məncə, bu, insanın təbiətindədir ki, həyata davam etmək üçün hansısa səbəbdən yapışsın... Mənim üçün bu, musiqiyə dönmək oldu”.

Azərbaycanlı cazmenin Amerika İctimai Radiosuna qonaq olmasının səbəbi isə “Qadınların sirli həyatı” adlı yeni albomudur. Bundan əvvəl də kompozisiyaları ilə hətta Hollivud filmlərinə də yol tapıb. Bəzi albomları da yetərincə populyar olub. İndiki, son albomda isə bir çox məşhur qadının həyatına həsr olunan mahnılar var. 1-ci Dünya Müharibəsi vaxtı alman casusu olmaqda ittiham olunan və Fransada güllənən Mata Haridən tutmuş, Misir hökmdarı Kleopatra və ya faciəli şəkildə həlak olan Şahzadə Dianaya kimi.

Ella deyir ki, əslində musiqisiylə bu qadınların keçmişinə nəzər salmaqla, gələcəyini qurmaq üçün onlardan nəsə öyrənməyə çalışır.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.- 14-15 aprel.- S.9.