Prioritetlər sırasında sosial məsələlər birinci yerdədir

 

İlham Əliyev: ”Biz gərək antiinflyasiya tədbirlərinin gücləndirilməsində daha da məqsədyönlü siyasət aparaq”

 

  Xəbər verildiyi kimi aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

Dövlət başçısı iclasdakı çıxışında bildirib ki, iqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artıb. Amma buna buxmayaraq  O, qeyri-neft sektorunun 5,6 faiz artdığını  sevindirici hal kimi qiymətləndirib. “Sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır”, deyə Prezident əlavə edib (president.az).

 Birinci rübdə inflyasiyanın 9,1 faiz artığını narahatedici məsələlərdən biri olduğunu deyən ölkə başçısının fikrincə elə iş aparılmalıdır ki, birrəqəmli inflyasiyanın səviyyəsini saxlasın. Onun sözlərinə görə, bütün antiinflyasiya tədbirləri daha da güclü və məqsədyönlü şəkildə həyata keçirilməlidir: “Bununla bərabər, əhalinin pul gəlirləri 16 faizdən çox artıb. Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Əminəm ki, bu meyillər il ərzində özünü daha da böyük həcmdə göstərəcəkdir”.

İlham Əliyevin sözlərinə görə, dünyada gedən proseslər, xüsusilə neftin dünya bazarlarında kəskin şəkildə bahalaşması istər-istəməz inflyasiya risklərini də artırır: “Bilirsiniz ki, biz bir neçə il bundan əvvəl də oxşar mənzərə ilə üzləşmişdik. O vaxt da neftin qiyməti kəskin şəkildə - haradasa 60 dollardan 140 dollara qədər qalxmışdı və müəyyən müddətdən sonra biz bu kəskin artımı istehlak qiymətlərinin artırılmasında da gördük. Yəni, istisna olunmur və yəqin ki, inflyasiya risklərinin artması qaçılmazdır. Belə olan halda biz gərək antiinflyasiya tədbirlərinin gücləndirilməsində daha da məqsədyönlü siyasət aparaq. Makroiqtisadi sabitliyə daha da çox diqqət göstərək”.

 “Ölkəmizdə yığılan valyuta ehtiyatları 34,2 milyard dollara bərabərdir” deyən Prezident bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirildiyini vurğulayıb: “Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır”.

O, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayının yenə də aşağı düşəcəyinə ümid etdiyini bildirdi: “Hər bir ölkədə yoxsullar vardır. Ancaq biz qarşıya vəzifə qoyuruq, bizim hədəfimizdir, bizim məqsədimizdir. Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu ağır problemin həlli üçün bizə imkan verəcəkdir. Bununla bərabər, bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapır. Birinci üç ayda regionlarda təxminən on yeddi min yeni iş yeri açılmışdır. Bu proses davam edir. Bütövlükdə birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılmışdır. Sahibkarlara kömək məqsədi ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini verməkdədir”.

 

 “Azərbaycan bölgədə sabitləşdirici amildir”

 

Dövlət başçısı çıxışında informasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə çox böyük artımın olduğunu qeyd edərək bu sektorun çox dinamik inkişaf etdiyini deyib. Onun sözlərinə görə, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcək.

Prezident ölkəmizdə hərbi sənaye potensialının da sürətlə inkişaf etdiyini vurğulayıb: “Mən bu sahəni xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm sənaye sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür”.

Ölkə rəhbəri nitqində Azərbaycanın bölgədə sabitləşdirici amil olduğunu vurğulayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimizin birmənalı olduğunu bir daha bəyan edib. Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir: “Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır”.

“İnhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır” deyən Prezidentin fikrincə elə edilməlidir ki,  xoşagəlməz hallara yol verilməsin: “Azərbaycan bazarı demək olar ki, kifayət qədər məhduddur. Əgər hansısa bir böyük istehsalçı yaranırsa,- biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir,- ancaq, eyni zamanda, böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır”.

Prezident  çıxışında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verdiyini bildirərək bu siyasətin davam etdiriləcəyini vurğulayıb: “Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır”.

 

2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılacaq

 

Onun fikrincə Azərbaycanda ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir: “Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir. Bizdə bu sahədə gözəl təcrübə vardır. Bizdə şəffaflıqla bağlı məsələlər uğurla həllini tapır. Azərbaycan Dövlət Neft Fondunu misal gətirmək olar. Dünya miqyasında ən böyük və müsbət qiymətlərə layiq olan qurumdur və biz şəffaflıqla bağlı inkişaf etmiş ölkələrin bir çoxundan qabaqdayıq. Bu sahədə əldə olunmuş nailiyyətlər bütün başqa sahələrə də şamil edilməlidir”.

Prezidentin sözlərinə görə Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Dövlət başçısı dövlətimizin bütün inteqrasiya proqramlarına çox müsbət baxdığını bəyan edib: “Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri əlbəttə ki, miqrantları cəlb edir. Bununla bərabər, onu da qeyd etməliyik ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür. Şəhərlərimizə xas olan əlamət ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda kriminogen durum da çox yaxşıdır”.

Dövlət başçısı hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketinin hazırlandığını bildirib və qeyd edib ki,  növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafı daha da sürətlə gedəcək. O bütün bunların ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edilməsinə imkan verəcəyinə şübhə etmədiyini deyib: “Növbəti aylarda sahibkarlığın inkişafı işində əlavə tədbirlər görüləcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər artıq verilməyə başlanmışdır. Bu kreditlər bütün bölgələri əhatə edir. Artıq bizdə bu sahədə təcrübə də çox müsbətdir. Bu il veriləcək kreditlər hesabına yeni müəssisələr, yeni iş yerləri yaradılacaq və ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə biz daha da böyük həcmdə nail olacağıq”.

O, dövlətimizin prioritetləri sırasında sosial məsələlər birinci yerdə olduğunu deyib. Dövlət başçısının fikrincə dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əməkhaqqılarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır: “Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır”.

Prezident çıxışında ekologiya, neft-qaz, energetika sektorunda görülən işlər, habelə magistral yolların tikintisi ilə bağlı məsələlərdən də danışaraq bu sahələrdə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. 

 

 

ƏKBƏR

 

Paritet.- 2011.- 14-15 aprel.- S. 3.