Turizm məqsədilə
palçıq vulkanlarına doğru marşrutlar çəkiləcək
“Ölkəyə gələcək
turistlərə bu vulkanları nümayiş etdirmək üçün
onlara doğru çəkiləcək marşrut xətlərinin
ətraf mühitə heç bir zərəri dəyməyəcək”
Prezident İlham Əliyev 2011-ci il
“Turizm ili” ilə bağlı
“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan
edilməsi məqsədilə
“Tədbirlər Planı” təsdiqləyib. Plana əsasən
ölkədə turizmin inkişafı ilə bağlı
dövlət strukturlarının qarşısına xüsusi
vəzifələr qoyulub. “Paritet” qəzeti də Planda qeyd
edilən hər bir tapşırıq barəsində silsilə
yazılara başlayır. İlk mövzumuz isə həm
turistlər, həm də cəmiyyət üçün
maraqlı olan palçıq vulkanları
haqqındadır.
Təbiəti ilə dünyada
özünəməxsus yer tutan Azərbaycan palçıq
vulkanlarının çoxluğu ilə də seçilir.
Dünya üzrə 800 palçıq vulkanından 300-dən
çoxu Azərbaycanda yerləşməsi bunu deməyə əsas
verir. Bu vulkanlarının əksəriyyəti Bakı və
Abşeron yarımadasında yayılıb. Onlardan bəzilərinin
təbiətin yaratdığı abidə formasında
olduğu da bildirilir. Son illərsə palçıq
vulkanlarının yerləşdiyi ərazilərdə
yaşayış məskənlərinin salınması həmin
ərazilərin dağılmasına səbəb olduğu
üçün 2006-cı ildə 23 palçıq
vulkanına təbiət abidəsi statusu verildi. Həmin
vulkanların etibarlı mühafizəsini təşkil etmək
məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının
mütəxəssislərinin iştirakı ilə
“Palçıq vulkanları üzrə Elmi Koordinasiya
Şurası” yaradıldı. Eyni zamanda bu vulkanların əhəmiyyətini
nəzərə alaraq Prezident İlham Əliyev 2007-ci il
avqustun 15-də onların mühafizəsi haqqında sərəncam
imzaladı. Belə ki, bu sərəncama əsasən “Bakı
və Abşeron yarımadasının palçıq
vulkanları qrupu Dövlət Təbiət Qoruğu”
yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət
qoruğu statusu verildi. Bununla bu sərəncamdan irəli gələn
tapşırıqlarının yerinə yetirilməsi məqsədilə
ETSN-də Tədbirlər Planı hazırlanıb. Nazirliyin rəsmi
veb-səhifəsində verilən məlumatlara görə,
palçıq vulkanlarının mühafizəsi məqsədilə
Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin layihəsinin
hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi,
dövlət təbiət qoruğuna daxil olan vulkanların
yerləşdiyi ərazilərə baxış keçirilməsi
və inventarlaşdırma işinin aparılması nəzərdə
tutulur. Həmçinin ərazinin sərhədlərinin
müəyyən edilərək xəritə-sxeminin
hazırlanması, qoruq elan edilmiş palçıq
vulkanlarından ən çox antropogen təsirlərə məruz
qalanlarının, xüsusilə də Pirəkəşkül,
Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və
digərlərinin real vəziyyətinin qiymətləndirilməsi
və mühafizəsinin gücləndirilməsi
üçün sərhədlərinin müəyyənləşdirilməsi,
qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin
təşkili, eləcədə elmi cəhətdən hərtərəfli
tədqiq olunması və bu ərazilərdə aparılan
tikinti işlərinin qarşısının alınması
istiqamətində də işlərin təşkili
planlaşdırılır. ETSN-in mətbuat xidmətindən
qəzetimizə verilən məlumata görə, hazırda Tədbirlər
Planına müvafiq olaraq nazirlik tərəfindən “Bakı
və Abşeron yarımadasının palçıq
vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun Əsasnaməsi
hazırlanaraq aidiyyatı qurumlarla
razılaşdırılıb: “Təsdiq olunmaq
üçün Nazirlər Kabinetinə təqdim edilərək
qoruq statusu verilmiş palçıq vulkanlarının sxematik
geoloji xəritələri hazırlanıb. Eyni zamanda Dövlət
Təbiət Qoruğu statusu verilən palçıq
vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində
digər tədbirlər də ardıcıl olaraq həyata
keçirilməkdədir”.
AMEA-nın
Geologiya institutunun Palçıq vulkanizmi şöbəsindən
isə bildiriblər ki, palçıq vulkanları neft-qaz
yataqlarının müəyyən edilməsində xərcsiz
başa gələn kəşfiyyat quyusu rolunu oynayır:
“Bundan əlavə bu vulkanlar gilli faydalı qazıntı hesab
olunur. Həmçinin, vulkandan axan palçıq bir sıra xəstəliklərin,
o cümlədən əsəb sistemi, dəri və oynaq xəstəliklərinin
müalicəsində istifadə olunur. Eyni zamanda vulkanlar
seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə,
zəlzələlərin baş verməsi və bu kimi hadisələrin
proqnozlaşdırılmasında əhəmiyyət
daşıyır”. Qeyd edilib ki, bu baxımdan belə
vulkanların olması bir sıra məsələlərdə
ölkə üçün olduqca əhəmiyyətlidir.
Palçıq
vulkanlarının əhəmiyyətli olmasını nəzərə
alaraq dövlət tərəfindən onların mühafizəsi
təmin edilib. Eyni zamanda, belə vulkanlar turistlər
üçün də maraqlı olduğu üçün
onlardan turizmin inkişafında da istifadə edilməsi nəzərdə
tutulur. Belə ki, “Tədbirlər Planı”nın 30-cu bəndində
“Azərbaycanda palçıq vulkanları” marşurutunun
hazırlanması və təqdimatının keçirilməsi
bəradə tapşırıq yer alır. Bu istiqamət
üzrə işlərsə ETSN, AMEA və Mədəniyyət
və Turizm Nazirliyinə tapşırılıb. Bu vulkanların
ölkə ərazisində inkişaf etdiyini nəzərə
alsaq onların təbliğini və turistlər
üçün maraqlı olacağını
düşünmək olar. Eyni zamanda bu turizmin də
inkişafına və turistlərin Azərbaycanda olan
marağının daha da artacağına səbəb ola bilər.
Məsələ ilə bağlı ETSN və MTN-ə
müraciət etsək də hər iki nazirlik “Tədbirlər
Planı”nda göstərilən tapşırıqlar üzərində
iş getdiyindən yaxın zamanlarda mətbuata
açıqlama verəcəklərini bildirdilər.
Ekoloji
Tarazlıq İctimai Birliyinin rəhbəri Aytən Poladova isə
qəzetimizə açıqlamasında bildirib ki,
palçıq vulkanlarını təbiətin Azərbaycana
böyük bir hədiyyəsi olaraq qəbul etmək
lazımdır. Onun sözlərinə görə, ölkəyə
gələn qonaqların maraq göstərdiyi yerlərdən
biri bu vulkanlardır: “Bizim təşkilata gələn qonaqlar
daha çox palçıq vulkanları ilə maraqlanırlar.
Onlar arasında adətən Danimarkadan gələnlər
üstünlük təşkil edir. Dünya üzrə
palçıq vulkanlarının yarısına qədəri
Azərbaycanda yerləşir. Mən hesab edirəm ki, bu vulkanların
qorunması və bugün dünya iqtisadiyyatında əsas
rol oynayan turizm məqsədilə istifadəsi vacib amillərdəndir”.
Ekoloq qeyd edib ki, dövlət başçısının bu
vulkanların turizm məqsədilə ilə istifadəsi haqqında
addımı Azərbaycan üçün böyük
yenilikdir və turizmin inkişafında əsaslı rol
oynayacaq məsələdir: “Azərbaycanı təkcə
meşələrlə, dəniz, yaxud bulaqlarla deyil palçıq
vulkanları ilə də tanımalıdırlar. Bizim ölkənin
təbiəti dünyada unikal təbiətlərdəndir. Elə
palçıq vulkanlarının əksəriyyətinin bizdə
olması da buna sübutdur. Belə vulkanlar dünyanın
çox az ölkəsində var. Buna görə də
turizmin inkişafında xüsusi rol oynaya bilər. Bu
baxımdan ictimai təşkilatlar da dövlət
başçısının bu addımını dəstəkləyir”.
Onun sözlərinə görə, turizmin inkişaf etdirilməsi
ətraf mühitə zərər də gətirir. Amma,
palçıq vulkanlarının turizm işinə cəlb
edilməsində belə neqativ hallar olmayacaq. Belə ki,
ölkəyə gələcək turistlərə bu
vulkanları nümayiş etdirmək üçün onlara
doğru çəkiləcək marşurut xətlərinin ətraf
mühitə heç bir zərəri dəyməyəcək:
“Adətən turizm inkişaf etdirmək üçün yeni
marşurutlar, yeni infrastruktur yaradılır. Bu da iqtisadi cəhətdən
xeyirli olsa da meşələrin qırılmasına və digər
problemlərə gətirib çıxarır. Palçıq
vulkanlarında bu məqsədlə istifadə zamanı belə
hallar olmayacaq. Çünki, vulkanların yerləşdiyi ərazilərdə
meşə, yaxud, marşurutların çəkilişi
zamanı zərər görə biləcək təbiət
resursları yoxdur. Əksinə bu maşurutlarının
yaradılması digər sahələrin də
inkişafına səbəb olacaq”. A.Poladova vulkanlardan gələn
gəlirlərin digər sahələrin də
inkişafına sərf etməyə imkan verdiyini də diqqətə
çatdırıb.
Məlumat
üçün bildirək ki, turistlər tərəfindən
ən çox tamaşa edilən aktiv vulkanlar qrupu Bakı-Ələt
avtomobil yolunda Qobustan qəsəbəsindən 10 kilometr cənubda
və Daşgil ərazisində yerləşən palçıq vulkanlarıdır.
Asif NƏRIMANLI
Paritet.- 2011.- 4-5 avqust.- S. 16.