“Xaricdə yaşayan azərbaycanlıların böyük potensialı var”
Ramiz Rəhimov: “Sadəcə bunu
düzgün istiqamətə yönəltmək
lazımdır”
İstənilən dövlətin ən
qiymətli sərvəti, heç şübhəsiz onun insan
potensialı hesab olunur. Təbii ki, bunu qorumaq, inkişaf etdirmək çox mühümdür. Əgər
dövlətin vətəndaşları müxtəlif səbəblərdən
ölkəni tərk etsə belə,
bu hələ ki, onların itirilməsi anlamına gəlmir. Əsas məsələ dövlətin
xaricdə yaşayan vətəndaşlarını kordinasiya
edib, bir məqsəd ətrafında birləşdirməsidir.
Əslində dünyada fəaliyyət göstərən
diaspor təşkilatlarının gücü məhz bu amillə
ölçülür. Əgər dediklərimin tam əksi
baş versə, yəni dövlət xaricdə yaşayan vətəndaşlarına
sahib çıxmırsa və onlar müxtəlif mövqe
qazandıqdan sonra öz dövlətlərinə təsir
edirlərsə, bu artıq faciə hesab olunur. Ermənistan məhz
bu səbəbdən getdikcə çökür.
Azərbaycanda isə diasporla
bağlı çox ciddi addımlar atılır. Demək
olar ki, bütün dünyada yaşayan azərbaycanlılar
Bakıdan çox rahatlıqla idarə olunur. Onların
problemlərinin həll olunmasında da əsas rolu Bakı
oynayır. Bu isə təbii olaraq dünya azərbaycanlılarının
öz doğma vətənlərinin mənafeyi naminə
mübarizə aparmalarına əsas verir. Yaxınlarda
keçirilmiş Dünya Azərbaycanlılarının III
Qurultayı bunu tam mənasında sübut etdi. Dünyanın dörd bir guşəsində
məskunlaşan həmvətənlərimiz Bakıya hesabat
verməyə dəvət olundular. Onlar fəaliyyətləri
dövründə qazandıqları uğurlarla bərabər,
qarşılaşdıqları problemləri,
çatışmayan cəhətləri də gündəmə
gətirdilər. Bu isə növbəti beş ildə Azərbaycan
Diasporunun daha ciddi uğurlar qazanacağını deməyə
əsas verir. Buna əsas verən amillərdən biri də
xaricdə yaşayan həmvətənlərimizin əksəriyyətinin
təhsilli, yaşadıqları ölkələrdə müəyyən
mövqe qazanmış şəxslərdən ibarət
olmasıdır.
Bu dəfə
söhbət açacağım soydaşımız da bu
baxımdan istisna deyil. Ramiz Rəhimov- şübhəsiz Azərbaycanda
çoxları bu adı eşitməyib. Amma Avropada, xüsusən
Almaniyada bu şəxsi çox yaxşı tanıyırlar.
Dəfələrlə ən obyektiv hakim kimi medallara təltif
olunan Ramiz Rəhimov ölkəmizin adını daim yüksəklərə
qaldırıb. O, ömrünün böyük hissəsini
idmana həsr edib. Avropada böyük sevgi ilə
qarşılanan maşın yarışmalarına hakimlik
edib. Bununla bərabər keçmişini də unutmayıb.
Azərbaycan həqiqətlərinin dünyada
tanıdılması üçün əlindən gələni
edib. Bu baxımdan da onun Bakıya, Dünya Azərbaycanlılarının
III Qurultayına dəvət olunması təsadüfi deyil.
Bunlara keçməzdən öncə, ürəyi Azərbaycan
sevgisi ilə döyünən bu şəxsin
keçmişinə, Azərbaycanda yaşadığı illərə,
Bakını tərk etməsinə səbəb olan amillərə
ötəri də olsa toxunaq.
Ramiz
Rəhimov 1940-cı ildə Bakıda, İçərişəhərdə
anadan olub. Gənclik illərini küləklər şəhərində
keçirib. Bizlə söhbətində o zamankı
Bakının simasını heç cür unuda bilmədiyini
etiraf edir. Onun fikrincə, bundan sonra 100 ildə keçsə
Bakı simasını dəyişməyəcək.
Çünki bu şəhər lap əvvəldən gözəl
olub.
Keçən
əsrin 90-cı illərində baş verən mürəkkəb
hadisələr-sovet imperiyasının dağılması, Azərbaycanın
müstəqillik qazanması, iqtisadiyyatın çökməsi,
iş yerlərinin bağlanması, Ramiz Rəhimovun da həyatından
yan keçməyib. Dünyanın ən gözəl,
nazlı şəhəri hesab etdiyi Bakını tərk etməyə
məcbur olur. Çünki həmin ərəfədə
bütün sahələrdə olduğu kimi, idmanda da geriləmə
müşahidə olunurdu. Belə bir halda beynəlxalq dərəcəli
hakimə Almaniyadan təklif gəlir. Və o, bu ölkənin
şərəfini qorumaq üçün Hamburq şəhərinə
yollanır. Sonra tədricən bütün Avropa ölkələrində
təşkil olunan yarışlarda hakimlik edir. Bu onun
bütün Avropa məkanında tanınmasına şərait
yaradır.
Amma
şan-şöhrət R.Rəhimova Azərbaycan sevgisini unutdura
bilmir. İmkan düşdükcə ölkəsinə
qarşı aparılan ədalətsizlikləri, erməni vəhşiliyini
alman ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycanın
tədiricən ağır durumdan çıxıb,
özünü toparlaması, bütün azərbaycanlılar
kimi onda da ruh yüksəkliyinin yaranmasına səbəb oldu:
”Heydər Əliyevin Dünya Azərbaycanlılarının I
Qurultayında “Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız hər zaman arxalarında
dayandığımıza əmin ola bilərlər”, ifadəsi
mənə çox təsir etdi. Uzun illər qürbətdə
yaşayan insanın bu cür sözlər eşitməsinin
hansı hisslər yaratdığını izah etmək belə
çətindir. Təəssüf ki, mən həmin qurultayda
iştirak etməmişəm. Amma o zaman Almaniya vətəndaşı
olsam da, özümü Azərbaycan vətəndaşı
kimi hiss etdim. Şükür ki, II Qurultayda iştirak etdim. Həqiqətən
də dünyanın dörd bir yanına səpələnmiş
həmvətənlərimin bir araya
yığışmasını görmək çox
xoşdur. Çoxlarını heç tanımırsan da.
Amma gözlərindəki ifadələr, keçirdikləri
hisslər hamını doğmalaşdırır”.
R.Rəhimovun
Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə
çatdırılması istiqamətində
gördüyü işlərlə də maraqlandıq. Məlum
oldu ki, Almaniyada “Dostluq” təşkilatını təsis edib.
On il ərazində ölkənin əksər şəhərlərində
yaşayan həmvətənlərimizi bura cəlb edə
bilib. Özfəaliyyəti haqqında danışmağı
xoşlamasa da , III Qurultay ərəfəsində baş
vermiş bir hadisəni danışdı:”Dostlar mənə zəng
etdilər ki, “ART” kanalında (Almaniyada fəaliyyət göstərən
kanal həm alman, həm də fransız dilində
yayımlanır) Qarabağla bağlı sənədli film
göstərilir. Filmi ermənilər hazırlamışdılar.
Guya Qarabağ qədim erməni torpağıdır. Onu Azərbaycanın
işğalından azad ediblər və s. Eyni zamanda
oradakı tarixi abidələri də, özlərininki kimi təqdim
edirdilər. Hətta Şuşadakı məscidi də bura əlavə
etmişdilər. Bilirsiniz, “ART” kimi kanalda istənilən
verliş ictimaiyyətə çox gücü təsir edir. Nəzərə
almaq lazımdır ki, kanalının milyonlarla izləyicisi
var. İki saat ərzində bu cür həyasız filmin
verilməsi mənə çox pis təsir etdi. Həm təşkilatımızın
üzvləri, həm də digər azərbaycanlılarla əlaqə
yaradıb, kanala yüzdən çox etiraz məktubu
yazdıq. Cavab özünü çox gözlətmədi. Bildirirlər
ki, bizim sözügedən münaqişəylə
bağlı o qədər də geniş məlumatımız
yoxdur. Film erməni tərəfindən hazırlanıb və
efirə vermişik. Əgər filmdə deyilənləri
inkar edəcək başqa bir film sizdə varsa, göndərin.
Məmuniyyətlə efirə verək.
Həm
Almaniyadakı, həm də Fransadakı səfirimizlə
görüşüb, vəziyyəti onlara başa saldım.
Təəssüf ki, hələlik səviyyəli bir film əldə
edə bilmədik. Qurultayöncəsi dövlət
başçısının qəbulunda olarkən, bunu şəxsən
İlham Əliyevə çatdırdım. O da söz verdi
ki, qurultaydan sonra bu işlə ciddi məşğul olacaq.
Almaniya cəmiyyəti çox demokratikdir. Orada erməni
diasporunun at oynatması fikri sadəcə cəfəngiyatdır.
Sadəcə işimizi, atacağımız addımları
birlikdə etməliyik. Əgər Azərbaycanla bağlı
yüz film də olsa, bunu orada yayımlamaq imkanına malikik.
Bunun üçün də Bakı ilə əlaqələrin
sıx şəkildə qurulması vacibdir. Elə şeylər
olur ki, onu ancaq Azərbaycandan almaq olar”.
R. Rəhimov
diasporumuzun güclənməsi üçün təkliflərini
də bildirdi. Onun fikrincə yalnız hansısa ölkədəki
qurumların yox, bütün dünyadakı təşkilatlarımızın
birləşməsi təmin edilməlidir: ”Yalnız Almaniyada
istədiyiniz qədər qurumlar, təşkilatlar var. Amma
onların çox az bir hissəsi fəaliyyət göstərir.
İşləyən təşkilatların da arasında fikir
ayrılıqları, ziddiyyətlər var. Bunun aradan
qaldırılması üçün ilk növbədə
hansı qurumların fəaliyyət göstərdiyi müəyyən
edilməli, hamısı birləşdirilməlidir.
İkincisi rəhbərliyi kifayət qədər təcrübəli,
dünyagörmüş şəxslərə həvalə
etmək lazmdır. Almaniyada çoxlu azərbaycanlı tələbə
oxuyur. Görürsən ki, bir
neçəsi birləşib, təşkilat yaradır. Təbii
ki, bunun heç bir prespektivi olmaz. Əvvəla onlar Almaniya vətəndaşı
olmadıqlarından heç bir ciddi tədbir-filan keçirə
bilmirlər. Hətta keçirsələr belə bunun cəmiyyətə
təsir etmək gücü olmur. Üçüncüsü
onlar alman cəmiyyətinə tam
uyğunlaşmadıqlarından nəcə hərəkət
etmək lazım olduğunu bilmirlər. Bu baxımdan
yaradılacaq təşkilatların fəaliyyəti Bakıdan
müəyyən edilməlidir. Rəhbər vəzifəyə
həmin ölkənin vətəndaşı seçilməlidir.
Onun yaşadığı cəmiyyətə təsir
imkanları nəzərə alınmalıdır. Gənclər
isə veriləcək tapşırıqları yerinə yetirməlidirlər.
Onlar çox enerjili olduğundan, bu daha effektli ola bilər.
Dediklərim öz həllini taparsa, Azərbaycan diasporunun nəyə
qadir olduğunu çox qısa zamanda bütün dünya
görəcək. Fikrimcə hazırda ən böyük
problem məhz budur”.
Məhəmməd TAĞIYEV
Paritet.- 2011.- 13-15 avqust.- S.10.