“Kann”a getməyin ən rahat yolu...”

 

Rövşən İsax Böyük Britaniya kino şirkəti ilə birgə film çəkmək istəyir

 

Bu il təqdim olunan filmlər arasında “Aktrisa” filmi də var idi. Tamaşaçılar arasında böyük maraq və sevgi ilə qarşılanan bu filmin rejissoru Rövşən İsaxdır. Sözügedən filmin adını bu il Kann festivalından da eşitdik. Belə ki, Azərbaycan kinosunu Kann kino bazarında təmsil edən bir neçə filmdən biri də “Aktrisa” idi.  Rejissorla festival təəssüratları və bəzi məsələlər barədə danışdıq.

 

Rövşən İsax 1970-ci ildə Gəncədə anadan olub. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin  Dram və Kino aktyorluğu fakültəsinə daxil olub.  Universiteti 1992-ci ildə bitirən R.İsax bir il Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. Bu  müddət ərzində  səkkiz tamaşada  rol alıb. Və sonra....

 

-1992-93- cü illər teatrların ağır vaxtları idi.  Teatrda yalnız fədakarlar qalırdı. 

-Mən indi həmin dövrün teatrını analiz etmək istəmirəm. Onu bilirəm ki, mən teatrda , o şəraitdə qala bilmədim. Çünki hər dəqiqə beynimdən keçirirdim ki, ömür gedir və mən burda papağımı günə yandırıram. Həftədə 1-2 dəfə yarım saat məşq olurdu, o da bir lampanın ümidinə. Maaş az, zal boş. Adam nə qədər uşaq pyesi oynayar?  Qəribəsi də bu idi ki, heç kimi  qınaya bilmirdin.  Qəti qərara gəldim ki, teatrdan uzaqlaşmalıyam. Gəncəyə gedirdim ki,  Şakir Eminbəyli məni ANS-ə dəvət etdi. 1995- ci ildə ANS-dən ayrılanda Bəxtiyar Xanızadə Pantomim  Teatrı yaratmağı təklif etdi. Yaratdıq və bir il də orda çalışdım. Sonra Ş.Eminbəyli ilə Dövlət Televiziyasında “Virtouz” verilişini hazırladıq.  Daha sonra 2001 -ci ilə qədər “Samanyolu” Televiziyasında icraçı direktor vəzifəsində işlədim. 

-Belə başa düşdüm ki, bir yerdə qərar tuta bilmirsiniz...

-Staj etibari ilə ən çox işlədiyim yer “Pozitiv Media”dır.  Buranı 2003-cü ildə yaratmışıq və elə o vaxtdan burda çalışıram.

-”Pozitiv Media” hansı məqsədlə yaratdınız?  Kino çəkmək, yoxsa...

-Biz bu şirkəti kino çəkmək iddiası ilə deyil, televiziya kanalları ilə əməkdaşlıq və birgə layihələrə imza atmaq üçün yaratdıq. Və uğurlu da iş birliyi alındı. 

 

“Aktyor olmaq-istədiyin rolu oynamaq imkanında bulunmaq deyil”

 

-Səhv etmirəmsə, iki filmdə çəkilmisiniz və sonra da aktyorluğa son vermisiniz.  Niyə rejissor olmağa ehtiyac hiss etdiniz?

-Aktyor olmaq istədiyin rolu oynamaq imkanında bulunmaq deyil. Aktyor rejissordan asılıdır. Rejissorun yadına düşdünsə, o sənə rol verəcək. Əks təqdirdə sənin işin çətindi. Ömür -gün də gedir...

-”Aktrisa”ya qədər çəkdiyiniz film olubmu?

-1996-cı ildə Çexovun “Məmurun ölümü” hekayəsinin motivləri əsasında 48 dəqiqəlik “Kiçik leytenant” filmini çəkmişəm. 

-Niyə  Pozitiv Media”da film çəkməyə cəhd etməmisiniz?

-Film çəkmək olardı. Müxtəlif vaxtlarda əlimə düşən imkandan yararlanaraq qısametrajlı filmlər çəkə bilərdim. Amma çəkdiklərimi lazımi səviyyədə çəkmək üçün imkan yox idi.  “Aktrisa” əsərini ilk dəfə 2004-cü ildə oxumuşdum. Həmin vaxtdan əsərin üzərində qeydlərimi edirdim. 3 dəfə müəyyən güzəştlər hesabına onu çəkmək imkanım oldu. Amma çəkmədim. İş elə gətirdi ki, onu Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Çox şükürlər ki, onların xoşuna gəldi.

-Sizcə, nazirliyin etimadını necə qazanmısınız?

-Onlar “Kiçik leytenantı”, “Mozalan” üçün çəkdiyim filmi, ondan başqa çoxlu sayda reklam  çarxlarını görüblər. Nazirliyin bu işə icazə verməsi bir il çəkdi. Dəfələrlə nazirliyə çağırılmışam, söhbət eləmişik. Və böyük ehtimal ki, haqqımda məni daha yaxından tanıyan adamlardan da soruşublar.

İlk dəfə 1998 -99 cu illərdə nazirliyə bir ssenari vermişdim. Yusif  Vəzir Çəmənzəminlinin əsəri əsasında yazılan ssenari idi. Başa düşdüm ki, bu ssenarinin taleyini bilmək üçün 2 il ora gedib -gəlməliyəm. Vaxtsa gözləmir. Mənə o vaxt cavab verəcəkdilər ki, artıq filmi çəkmək istəməyəcəkdim. Hazırda Bədii Şurada kimlərin əyləşdiklərini bilmirəm, amma hamıya təşəkkür edirəm ki, bu işi- “Aktrisa”nı- soyumağa qoymadılar.

-Ssenarinin hazırlanmasında İlqar Fəhmi iştirak edibmi?

- Nazirliyə təqdim eləmək məqamı gələndə İlqar Fəhmiyə müraciət etdim. Onunla tanış olduq, sözümüz tutdu. Mənə ilk sözü bu oldu: povestin birinci və ikinci hissəsi bir-birindən fərqli atmosfer yaradır. Bunu çəkmək üçün çoxları müraciət etsə də, heç kimin cavabı məni qane etməyib. Sən dediyin kimi edəcəksənsə, bütün ixtiyarlar səndədir, get çək. Ssenaridə fundamental dəyişikliklər etdim və etdiklərimi də İlqar Fəhmi ilə məsləhətləşdim. Təsəvvür edin ki, ssenari 19 dəfə dəyişib. Əsas fikir olduğu kimi qalıb, sadəcə, ona zərgər naxışı vurmaq lazım idi. Ssenarinin son variantını İlqar Fəhmi,  Vüqar Əmirov  və mən birgə işlədik.

 

Günah kimdədir?

 

-Aktrisa obrazı filmin çox xarakterik obrazı idi. Hər bir aktrisaya özünü göstərmək üçün hər cürə imkan verir. Sizcə, bizdə o xarakteri göstərə biləcək aktrisa yox idi? 

- Aktrisa roluna saysız -hesabsız adam yoxlamışıq. Çox istəyirdim ki, bu obraza azərbaycanlı çəkilsin. Amma olmadı   inanın ki, mənim günahım deyil.

-O zaman aktrisaların günahıdır...

- Aktrisaların da günahı deyil. Bu yaşadığımız həyat və mühit şərtlərindən irəli gəlir. Bəzi aktrisalar filmdə nisbi açıq səhnələrə görə heç bir problem olmadığını bildirdilər. Razılaşanlar öhdəsindən gələ bilmədilər, öhdəsindən gələ bilənlər də razılaşmadılar. Amma orda çirkin, iyrənc və zövqsüz heç nə yox idi...

-Sizin filmdə aktrisa Alesa Kaçerin çəkilməsinin üstünlüyü nə idi?

 -Onun da səyi nəticəsində biz filmi Moskvada VQIK-   (Dövlət Ali Kino İnstitutuna) nümayiş etdirdik. Alesa Kaçerin müəllimləri, kino prodüserləri filmə baxdılar. Nümayişdən sonra mənə filmin Rusiyada prokatını təşkil etməyi təklif etdilər.

- “Aktrisa” ilk böyük işiniz idi. İkiqat çətin gəlmədi ki?

- İnanın lap 81-ci böyük işim olsa belə yenə mənə çətin gələcək. Kino ümumiyyətlə, çətin bir işdir, çox əziyyətlər hesabına başa gəlir. Və məncə,  kinonun ən çətin janrı psixoloji-detektivdir. Burda rejissorun işi sirkdə nazik kəndirin üzərində gedən kəndirbazın işinə bənzəyir. Sağa-sola yol yoxdur və yalnız düz getməlisən ki, məqsədinə çatasan.

-Filmdən tam razı qaldınızmı?

-Təbii ki, yox.  “Aktrisa” filmi bütövlükdə aktyor oyunu üzərində qurulmuş filmdir. Filmin çəkilişlərinə başlayarkən tamaşaçının rejissor işini bəyənməsi iddiasında olmamışam. Onun hər şeyi unudub filmdəki hadisələri həyatda baş verən hadisə kimi qəbul etməsinə çalışdım. Ümumiyyətlə elə anlar, vəziyyətlər var ki, onları yaşamaq üçün fərdin kişi və ya qadın olmasının fərqi yoxdur. Xüsusilə də mövzu incəsənətə olan məhəbbətdirsə...

-Bu il Azərbaycanı Kann kino bazarında sizin də filminiz təmsil etdi. Filmi orda nümayiş olundumu yoxsa yalnız informasiya verildi?

 -Mən ora şəxsi təşəbbüsümlə getdim. Bu mənim üçün çox maraqlı və qiymətli təcrübə oldu. Bunu nə kitabda oxumaqla öyrənmək mümkündür, nə də kimdənsə eşitməklə. Kannda filmimi göstərmək üçün balaca zal kirayələdim. Və bizim məntiqə görə seansı axşam saatlarına  nəzərdə tutdum. Amma sonra başa düşdüm ki, seans gündüz olmalıdır çünki ordakı insanlar filmə dincəlməyə deyil, iş üçün gəlirlər. Bu, bir Kann qaydasıdır. 

-Söhbət adi tamaşaçıdan gedir, yoxsa...

-Bu, Kann festivalında iştirak edən insanlar üçün idi. Onların içində rejissor, prodüser, film menecerləri də var idi.

 

“Azərbaycan kinosu  fransıza tanış deyil”

 

-Maraqlıdır, Kannda filmi necə qarşıladılar?

-İnsanların böyük qisminin təəssüratı bu oldu- ekranda belə bir film görəcəyimizi gözləmirdik. Çünki   ölkəni heç tanımırdılar. Filmi çox bəyənmişdilər.

-Film hansı dildə nümayiş olundu?

-Azərbaycan dilində, fransız altyazısı ilə.

-Kannda  olduğunuz və  o mühiti gördüyünüz üçün sizə belə bir sual ünvanlayacağam. Niyə bizim filmlər Kann festivalının müsabiqə proqramına düşmür? Nədir maneəmiz, nəyi bacarmırıq?

-Bu, çox qəliz məsələdir. Bunun bir neçə səbəbi var. Bu bir az şansla da bağlıdır. Film də insan kimidir, bəxti  gətirə də bilər,  gətirməyə də.

Bundan başqa Kann festivalına hər il seçim üçün 40 minə yaxın film göndərilir. Kinoda İtaliya, Fransa, Almaniya kinosu deyələn məhfumlar  ki, kinonu sevən, onu qiymətləndirən hər kəs bunu bilir. Azərbaycan kinosu fransıza tanış deyilsə, 40 min filmin içərisində onlar bizim filmlərə nə qədər diqqətlə yanaşarlar?

-Onda çarə nədir?

-Bu işin ən rahat  yolu birgə işləməkdən keçir. Adi misal, “Aktrisa” filminə baxan Böyük Britaniya kino şirkətlərinin birindən  birgə işləmək barədə təklif almışam. Mən fikirləşirəm ki, Böyük Britaniya ilə ikinci filmi işləsəm, bu filmin Kann və ya bu qəbildən olan A kateqoriyalı festivallarda iştirak etmə, müsabiqəyə düşmə şansı daha çoxdur.

-”Aktrisa” filminə başlayanda xarici ölkə ilə birgə işləmək barədə düşünmüşdünüzmü?

-Yox, amma indi çox təəssüf edirəm. Belə olanda daha yaxşı nəticə əldə etmək mümkündür.

-”Aktrisa” filmi bitdi, qarşıda yeni layihə varmı?

-Hazırda qələminə çox hörmət etdiyim bir insanla film ssenarisi üzərində işləyirəm. Oktyabr ayında həmin ssenarini Böyük Britaniya kino şirkətinə təqdim edəcəyəm. 

 

Paritet.- 2011.- 11-12 avqust.- S.13.