“Virtual
Azərbaycan Ali Məktəbi layihəsini də həyata
keçirmək olar”
Rasim Əliquliyev: “Ana Vətəndən ayrı
düşmüş azərbaycanlılar məhz müasir
informasiya texnologiyalarının köməyi ilə Virtual Vətən
formalaşdırmalıdırlar”
İnformasiya-kommunikasiya
texnologiyalarının ictimai həyata təsir
imkanlarının yüksələn xəttlə
inkişafı diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin
daha geniş miqyasda tətbiqini zərurətə çevirir.
Artıq virtual dünya diaspor quruculuğu işinə yeni yanaşma
tələb edir. AMEA İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Rasim Əliquliyev bunların yollarını “Paritet”ə
açıqlayıb. Qeyd edək ki, R.Əliquliyev Dünya Azərbaycanlılarının
III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasına yeni üzv seçilib.
-Xarici ölkələrdə
yaşayan soydaşlarımızla əlaqələrin
genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən
biri kimi nəzərdən keçirən dövlət
başçısı İlham Əliyev ölkədəki
sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə
uyğun olaraq diaspor quruculuğu sahəsində dövrlə
səsləşən genişmiqyaslı tədbirlərin həyata
keçirilməsini vacib sayır. Bu yöndə aparılan
dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının
potensial imkanlarını müstəqil dövlət quruculuğu
prosesində meydana çıxan müxtəlif problemlərin
həlli naminə səfərbər etmək, milli birliyə,
həmrəyliyə və mütəşəkkilliyə nail
olmaqdır.
Diplomatiya sahəsində həlledici
uğurlar qazanmış dövlətlərin təcrübəsi
sübut edir ki, diaspor quruculuğu daimi fəallıq və zəhmət,
sistemli elmi yanaşma tələb edən uzunmüddətli
prosesdir. Elə buna görə də bu sahədə
qazanılmış nailiyyətləri, qarşıda duran
mühüm vəzifələri vaxtaşırı müzakirə
etmək, həlledici qərarlar vermək zərurəti
yaranır. Qloballaşan dünyanın kosmik sürət
fazasına daxil olduğu, informasiyanın dünya bazarında ən
qiymətli əmtəəyə çevrildiyi hazırkı
şəraitdə “virtual dünya”nın diktə etdiyi
reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni
prinsiplər üzərində həyata keçirilməsini
obyektiv zərurətə çevirir.
-Rasim müəllim, dünya azərbaycanlıların
birləşməsində virtual informasiya məkanının
yaradılmasının nə kimi rolu var?
-
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin
olunması istiqamətində qarşıda duran ən
mühüm vəzifələrdən biri milli informasiya məkanını
qloballaşdırmaq, həmvətənlərimiz arasında
ortaq informasiya mühitinə çevirmək, milli-mənəvi
dəyərlərin daşıyıcısı olan informasiya
resurslarına çıxışı təmin etmək və
bu sahədə mövcud olan problemləri həll etməkdir. Bu
istəyə biz yalnız internet mühitində Virtual Azərbaycan
formalaşdırmaqla nail ola bilərik. Beləliklə, XXI əsr
inanılmaz elmi-texnoloji inkişafı ilə yeni bir Azərbaycanın
yaranışına bünövrə qoyur. Bu, virtual məkanda
formalaşan, konkret ərazi hüdudları və sərhədlərlə
məhdudlaşmayan Virtual Azərbaycandır!
Qloballaşan
dünyanın sərt reallıqları konkret ərazi, sərhəd,
dil, din, milli-mənəvi dəyərlər əsasında
formalaşan Azərbaycan dövləti ilə yanaşı,
“virtual Azərbaycan”ın da yaradılmasını son dərəcə
aktual məsələyə çevirir. Virtual Azərbaycan elə
Virtual Vətən deməkdir. Virtual məkanın hansı bir
nöqtəsində Azərbaycan dəyərlərini, həqiqətlərini
əks etdirən bir kontent-sərvət varsa, o da vətənin
bir damlasıdır.
Yer
kürəsinin müxtəlif guşələrinə səpələnmiş
azərbaycanlılar virtual informasiya məkanı ilə Ana Vətəni,
qohum-əqrəbası, yaxınları ilə əlaqə
saxlamalı, adət-ənənələrini, milli dəyərlərini
unutmamalı, onları qorumalı və inkişaf etdirməlidir.
XXI əsrdə dünya azərbaycanlıları dedikdə, təkcə
coğrafi deyil, həm də virtual Azərbaycanın “sakinləri”
olan soydaşlarımız nəzərdə
tutulmalıdır. Ana Vətəndən ayrı
düşmüş azərbaycanlılar məhz müasir
informasiya texnologiyalarının köməyi ilə Virtual Vətən
formalaşdırmalıdırlar.
-Bəs, Virtual Azərbaycanın
yaradılması istiqamətində hansı əməli tədbirlər
görülməlidir?
-
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların
coğrafi vətənlə bağlılığının
təmin edilməsi baxımından Virtual Azərbaycanın
yaradılması istiqamətində əməli tədbirlər
həyata keçirməyin vaxtı çatıb. Nəzərə
almaq lazımdır ki, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar təkcə coğrafi məkandan
- Ana torpaqdan deyil, həm də milli informasiya məkanından
kənar düşüblər.
Virtual dünya bütün mütərəqqi
cəhətləri ilə yanaşı, qloballaşma prosesini
sürətləndirərək ayrı-ayrı dövlətlər
və xalqlar arasında baryerləri tədricən yox etməyə
başlayır, milli özünəməxsusluğu
aşınmaya məruz qoyur, qlobal dünyanın
formalaşmasına yol açır. Belə bir şəraitdə
Azərbaycan virtual dünyanın pozitiv imkanlarından səmərəli
şəkildə bəhrələnməyə
çalışmalı, milli ideya, ənənə və dəyərlər
üzərində köklənmiş virtual informasiya məkanı
yaratmağa nail olmalıdır.
Mövcud
problemin həlli baxımından dünya azərbaycanlıları
və diaspor təşkilatları haqqında zəruri məlumatları
özündə əks etdirən Veb-portalın
yaradılması vacib məsələlərdən biri kimi
qarşımızda durur. Bu internet portalında Azərbaycan və
onun dövlət rəmzləri, inzibati-ərazi vahidləri,
dövlət quruluşu, hakimiyyət strukturları,
ictimai-siyasi təşkilatları, bir sözlə, siyasi,
iqtisadi, mədəni və intellektual sferalar üzrə
bütün zəruri informasiyalar toplanmalıdır.
Məlumdur
ki, virtual dünya coğrafi məkanın siyasi xəritəsinə
nəzərən ölkələrin, eyni zamanda, ümumi
istifadəli (.com, .org, .net və s.) domen zonalarına
bölünür. Hər hansı ölkəyə məxsus
internet saytları məhz yüksək səviyyəli domen
adlarına görə bir-birindən fərqlənir. Məsələn, Rusiya
virtual məkanda “.ru”, İran “.ir”, Fransa “.fr”, Almaniya “.de”, Azərbaycan
isə “.az” domen kodundan istifadə edir. Xarici ölkələrdə
yaşayan azərbaycanlıların həmin ölkələrin
domen zonalarında Azərbaycan adı altında internet
saytları yaratması (“www.azerbaijan.fr”, “www.azerbaijan.ru”,
“www.azerbaijan.de” və s.) virtual məkanda Azərbaycan
haqqında məlumatların tez bir zamanda əldə edilməsi
və yayılması baxımından son dərəcə əhəmiyyətli
ola bilər.
Veb-portalda digər
ölkələrdə fəaliyyət göstərən
diasporlarımızın internet saytları arasında
birbaşa əlaqələrin olması, vahid şəbəkə
əmələ gətirməsi bu informasiya resursunu dünya azərbaycanlılarının
məlumat-sorğu mənbəyinə çevriləcəkdir.
Bu halda, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlıların bir-birləri haqqında
lazımi informasiyaları çox asanlıqla əldə etməsi,
habelə qarşılıqlı informasiya mübadiləsi
kifayət qədər çevik mexanizmlər üzərində
qurulacaq.
Əlbəttə ki,
digər saytların yaradılması, dünya azərbaycanlılarının
müxtəlif qrupları arasında on-layn forumların (gənclər,
alimlər, yazıçılar və s.) keçirilməsi də
məqsədəuyğun olardı. Fikrimizcə,
dünya azərbaycanlılarının milli-mənəvi sərvətlərə
çıxışının daha da
yaxşılaşdırılması baxımından
İnternet-televiziyanın yaradılması aktual layihələr
sırasındadır. Belə ki, bu layihə çərçivəsində
milli musiqi, kino, teatr və s. incilərini özündə
toplayan yeni televiziya texnologiyası heç bir məkan və
zaman məhdudiyyəti olmadan Yer kürəsinin istənilən
ölkələrində yaşayan hər bir azərbaycanlının
xidmətində olacaq.
-Diaspordakı gənc nəslin təhsil
problemininin həlli üçün hansı layihələr həyata
keçirirsiniz?
- Bu
gün müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızın böyük əksəriyyəti
övladlarının Azərbaycan dilində təhsil
almasını ürəkdən arzulasa da, bu, heç də
hamıya nəsib olmur. Bir sıra dövlətlərdə
azərbaycanlıların milli azlıq olaraq öz dilində məktəblər
açmasına maneə yaradılır, digər dövlətlərdə
məktəblərin açılmasına icazə verilsə
də, milli kadrların və lazımi maddi-texniki bazanın
yoxluğu bu niyyəti gerçəkləşdirməyə
imkan vermir. Bəzən ana dilində
açılan “bazar günü məktəbləri”ndə dərsliklərin
və əyani tədris vəsaitlərinin əldə edilməsi
ilə bağlı da ciddi problemlər meydana
çıxır. Bunun üçün
AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən
“Virtual həftə sonu məktəbi” yaradılıb.
Ötən ilin noyabrında Almaniyanın Frankfurt şəhərində
keçirilən Dünya Azərbaycanlı Gənclərin I
Konqresi çərçivəsində “Virtual həftə
sonu məktəbi”nin təqdimatı oldu. Bu layihənin məqsədi xarici ölkələrdə
yaşayan azərbaycanlı uşaqlara və gənclərə
müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan
tarixi, mədəniyyəti və coğrafiyasının tədris
edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə
olunmasına xidmət etməkdir. “Virtual həftə sonu
məktəbi” xarici ölkələrdə yaşayan və Azərbaycan
haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı
gəncə virtual məkanın imkanlarından istifadə edərək
ana dilini öyrənmək, doğma Vətənin tarixini,
coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini
mənimsəmək imkanı yaradır.
İnstitutumuzun əməkdaşları layihənin
bütün texniki incəlikləri və istifadə
qaydası barədə iştirakçıları bilgiləndiriblər. Burada bir
neçə istiqamət üzrə məlumat əldə etmək
mümkündür. Layihənin
üstünlüyü ondadır ki, burada mövzuları video
və audio vasitələrdən istifadə edərək mənimsəmək
imkanı var. Bundan başqa mövzulara uyğun əyani vəsaitlər,
foto, video və audio materiallar yerləşdirilib. Saytda müvafiq mövzulara dair veb-saytlara keçidlər
də verilib.
Bu layihə müasir dünyada geniş
yayılmış distant təhsil formalarından istifadə
edilməsi xaricdəki soydaşlarımızın ana dilində
təhsil almasına mühüm töhfədir. Əlbəttə
ki, bunun davamı olaraq Virtual Azərbaycan Ali Məktəbi
layihəsini də həyata keçirmək olar.
-Bildiyimiz kimi, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlıların müvafiq xarici dillərin
güclü təsiri altında fərqli terminoloji mühitlərin
formalaşması da bir problem olaraq qalır. Bu
baxımdan hansı işlər görürsünüz?
- Dilimizin
assimilyasiyadan qorunması üçün Azərbaycan terminlərini
özündə toplayan xüsusi veb-portalın
yaradılması da mövcud problemlərin həlli
baxımından son dərəcə vacibdir. Belə
olduğu halda müxtəlif ölkələrdə yaşayan
azərbaycanlılar ana dilinin təmizliyini və
saflığını qoruyub saxlaya biləcəklər.
Məlumat üçün bildirim ki, AMEA Rəyasət Heyətinin
qərarı ilə Terminologiya Komissiyası İnformasiya
Texnologiyaları İnstitutu ilə birgə “Azərbaycan
terminləri” veb-portalının yaradılması üzərində
müvafiq iş aparır. Bu portalda leksikonumuza
daxil olan ümumi istifadəli terminlərlə yanaşı,
müxtəlif bilik sahələrinə aid terminlər də
öz əksini tapacaq.
- Dünya azərbaycanlılarının
həmrəyliyi üçün hansı virtual problemlər
var?
-
Dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində
mövcud olan əsas problemlərdən biri də transliterasiya
ilə bağlıdır. Çünki müxtəlif
ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan
dilində danışsalar da, obyektiv və subyektiv səbəblərdən
müxtəlif əlifbalardan istifadə edirlər. Məsələn, İranda yaşayan azərbaycanlılar
bizim ölkədə nəşr olunan informasiyaları, bizlər
də orada dərc olunan materialları oxuya bilmirik. Bunun da nəticəsində həm yazılı mənbələrdə
- kitab, qəzet və jurnallarda, həm də elektron resurslarda
- veb-saytlarda, kompakt disklərdə olan məlumatlar müxtəlif
qrafikalarda olduğuna görə dünya azərbaycanlılarının
bu materiallardan geniş istifadəsi çox çətinləşir.
Faktiki olaraq milli informasiya məkanı bu
qrafikalar (kodlar) vasitəsilə hissələrə
bölünür.
Elə son əsrdə ölkəmizdə
3 qrafikadan - ərəb, kiril və latın qrafikalarından
istifadə olunması indiyə qədər dərc olunmuş
informasiya resurslarının - kitab, jurnal və digər
yazı materiallarının təşkil etdiyi milli informasiya məkanımızı
da 3 hissəyə bölür. Bunun da hansı
problemlər yaratdığı hamıya məlumdur. Ona görə də bütün dünya azərbaycanlıları
arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya
mühitini yaratmaq üçün müxtəlif dillərin əlifbasında
olan hərflərin qarşılıqlı çevrilməsini
- konvertasiyasını həyata keçirən xüsusi
proqram təminatı vasitələrinin hazırlanması
aktual məsələlərdən biri kimi
qarşımızda durur. Bizim İnstitut
bu istiqamətdə işlər aparır. Özü
də qeyd edim ki, biz bu işləri Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimovun
sifarişi ilə həyata keçiririk.
Bu proqram təminatı vasitələri hazırlandıqdan sonra bütün Azərbaycan dilli elektron resurslar - veb-saytlar, elektron dərsliklər, elektron qəzet və jurnallar və s. həmin konvertasiya cədvəlləri ilə təmin olunmalıdır. Bunun da nəticəsində dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlının kompüterin ekranında yerləşdirilmiş cədvəldə bir düyməni basmaqla istədiyi qrafikanı seçib lazımi məlumatı oxuyacaq, eyni zamanda, digər qrafikadan istifadə edən azərbaycanlılarla heç bir maneə olmadan elektron yazışmalar aparacaq.
Fuad HÜSEYNZADƏ
Paritet.-
2011.- 11-12 avqust.-S. 9.