Çexiyada çox güclü Azərbaycan
diasporu formalaşıb
Tahir Tağızadə: “Artıq Azərbaycan
diasporunun fəaliyyətinin erməni diasporu ilə müqayisə
edilməsini və erməni diasporuna bir meyar kimi
baxılmasını dayandırmaq lazımdır”
Hər keçən gün güclənən
Azərbaycan diasporu dünya dövlətlərində Azərbaycanın
qeyri-rəsmi səfirliyi rolunu oynamaqdadır. Diaspor nümayəndələri
yaşadıqları ölkələrin cəmiyyətlərinə
inteqrasiya olunmaqla yanaşı, həmin cəmiyyətlərə
özləri ilə yanaşı Azərbaycanın mədəniyyətini,
tarixini, həqiqətlərini də daşıyırlar.
Bütün bunları dünyadan gələn Azərbaycanın
səsini dinlədikcə görmək olur. Bir çox
dövlətlərin diaspor təşkilatlarının uzun illərdir
əldə edə bilmədiyini, Azərbaycan diasporu qısa
zaman kəsiyində reallaşdırıb. Buna səbəb
olan əsas məsələ isə dövlətlə diaspor təşkilatlarının
vəhdət olaraq çalışmasıdır ki, bu da hər
bir ölkədə Azərbaycanın akkreditə olan səfirlikləri
ilə diaspor təşkilatlarının birgə fəaliyyətindən
doğur.
Bu gün
dünyanın köhnə qitəsi hesab olunan Avropaya nəzər
saldıqda isə Azərbaycan diasporunun şaxələnmiş
şəbəkə olduğunu görmək
mümkündür. Bu şəbəkənin bir qolu da Mərkəzi
Avropada yerləşən Çexiya Respublikasındadır. Bu
ölkədə Azərbaycan diasporunun gücü, fəaliyyət
istiqamətləri, gördüyü işlərlə
bağlı Çex-Azərbaycan Elm-Mədəniyyət Mərkəzinin
sədri, professor Azər Kərimov AzərTAc-a müsahibəsində
danışıb. Mərkəzin sədri bildirib ki, bu gün Azərbaycanın
Çexiyadakı diasporunun 1000-dək üzvü vardır:
“Onlar arasında çoxlu iş adamı, elm xadimi, eləcə
də tələbələr var. Ölkədə bir neçə
diaspor təşkilatımız fəaliyyət göstərir
ki, onlardan ən böyüyü Çex-Azər təşkilatı,
Çex-Azərbaycan Elm-Mədəniyyət Mərkəzi
ölkəmizin həqiqətlərinin çexiyalılar
arasında təbliği, habelə iki dövlətin dostluq əlaqələrinin
möhkəmlənməsində çox böyük işlər
görür”.
Çexiyadakı
soydaşlarımızın Azərbaycanla bağlı tədbirlərdə
fəal iştirak etməsinə, doğma Vətənləri
ilə hər zaman əlaqədə olmasına və ölkəmiz
barədə dolğun məlumat əldə edə bilməsinə
çalışdıqlarını deyən A.Kərimov qeyd
edib ki, Azərbaycanın üzləşdiyi faciələr,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı məlumatların
çex ictimaiyyətinə çatdırılmasında,
milli bayramların, habelə anım tədbirlərinin
keçirilməsində diaspor fəal iştirak edir:
“Dağlıq Qarabağ problemi bu gün Çexiyada yaşayan
azərbaycanlıları da dərindən narahat edir. Mən
ötən əsrin 50-ci illərində deportasiyaya məruz
qalmış nəslin nümayəndəsiyəm. Ona görə
də biz Dağlıq Qarabağ problemi ilə bağlı istər
Çexiyada, istərsə də Avropanın digər ölkələrində keçirilən tədbirlərdə fəal
iştirak edirik. Azərbaycan diasporu bu istiqamətdə
xüsusi fəallıq göstərir. Dünya Azərbaycanlıların
III Qurultayında bu məsələ bir daha geniş müzakirə
olundu. Əminliklə deyə bilərəm ki, bu gün
Çexiyada çox güclü Azərbaycan diasporu
formalaşıb”. O, bu gün diaspor üzvlərinin fəaliyyəti
nəticəsində ermənilərin uydurma və
yalanlarının qarşısının qətiyyətlə
alındığını da diqqətə
çatdırıb.
Qeyd edək
ki, 24 ildir Çexiyada yaşayan A.Kərimov bu ölkənin
Brnov şəhərinin Texnoloji Universitetində iqtisadiyyat
kafedrasının elmlər doktoru və professorudur. Bu ali təhsil
ocağında MDB ölkələri üzrə təhsil
işləri kuratoru vəzifəsini də icra edən həmvətənlimiz,
eyni zamanda, Azərbaycanın beynəlxalq diaspor mərkəzinin
Avropa ölkələri üzrə əlaqələndiricisi və
Çex-Azərbaycan Elm-Mədəniyyət Mərkəzinin sədridir. Fəaliyyət göstərdiyi
müddətdə Çexiyada Azərbaycan diasporunun
formalaşmasında, lobbi təşkilatlarının
yaradılmasında fəal iştirak edən şəxslərdən
olan A.Kərimov müsahibəsində Heydər Əliyev
ideyalarının xaricdə yaşayan hər bir azərbaycanlı
üçün örnək olduğunu da vurğulayıb:
“Bu il Azərbaycanın müstəqilliyinin bərpa
olunmasının 20-ci ildönümü ilə əlaqədar
Avropanın bır sıra ölkələrində fəal
iş aparılır. Bu sahədə Çexiyadakı diasporu
da istisna deyildir. Ümumiyyətlə, ulu öndər Heydər
Əliyevin ideyaları xaricdə yaşayan hər bir azərbaycanlı
üçün örnəkdir. Bu baxımdan azərbaycançılıq
ideyası, ölkəmizin həqiqətlərinin Avropada
tanıdılması diasporumuzun fəaliyyətində prioritet
istiqamət təşkil edir”. Professor qeyd edib ki, diasporumuzun hər
bir üzvü Vətənimizin hüdudlarından kənarda
öz xalqının milli mənəvi dəyərlərini
qorumalıdır: “Xaricdə yaşayan hər bir
soydaşımız özünün bilik və
bacarığı ilə Azərbaycan xalqı haqqında fikir
formalaşdırır. Bu çox vacib amildir. Hər birimiz
bunu dərk etməliyik. Bu ideyalardan çıxış edərək
çalışırıq ki, Çexiyada yaşayan azərbaycanlılar
da ölkəmizin ictimai-siyasi həyatında fəal
iştirak etsinlər”.
Diaspor
nümayəndəmizin dediklərindən də məlum olur
ki, Azərbaycan diasporu Avropanın qabaqcıl ölkələrində
də öz fəaliyyətini mütəşşəkil
şəkildə qurur. Bunun nəticəsidir ki, diaspor fəaliyyətlərinin
bir əsrlik tarixi ilə öyünən erməniləri bu
gün Azərbaycan diasporu geridə qoyub.
“Artıq
Azərbaycan diasporunun fəaliyyətinin erməni diasporu ilə
müqayisə edilməsini və erməni diasporuna bir meyar
kimi baxılmasını dayandırmaq lazımdır”.
Bu barədə
isə Azərbaycanın Çexiyadakı səfiri Tahir
Tağızadə “Azadinform”a müsahibəsində deyib. Səfirin
sözlərinə görə, xaricdə yaşayan həmvətənlərimizin
fəaliyyətinin əhəmiyyətli hissəsi erməni təbliğatına
qarşı yönəlməlidir, lakin yalnız bununla məhdudlaşmaq
doğru olmazdı. Belə ki, diasporun işi reaktiv deyil,
proaktiv və preventiv xarakter daşımalıdır:
“Çexiyada yaşayan azərbaycanlıların çoxunu
özündə birləşdirən “Azer-Czech” cəmiyyətinin
səfirliklə birgə təşkil etdiyi tədbirlər
arasında 20 Yanvar və Xocalı faciələrinin
ildönümlərinin keçirilməsini, erməni
diasporunun Azərbaycan tarixini təhrif etmə cəhdlərinin,
o cümlədən “Qədim ölkə - Artsax” albomunun sərgisinin
keçirilməsinin qarşısının
alınmasını və digər uğurları qeyd etmək
olar”-deyə səfir qeyd edib.
Bir
zamanlar çexiyadakı diasporumuzun zəif fəaliyyət
göstərdiyini, bugünsə bu fəaliyyətin aktiv
sferaya keçdiyini deyən T.Tağızadə bildirib ki,
münasibətlər bu gün sözün əsl mənasında
strateji əməkdaşlıq səviyyəsindədir: “Hələ
Çexiya Respublikasına gəlməmişdən öncə
mətbuata verdiyim müsahibələrdə ölkələr
arasında münasibətləri mövcud potensiala uyğun
olmayan və zəif inkişaf etməkdə olan kimi qiymətləndirirdim.
Hal-hazırda, fərəh hissi ilə qeyd etməliyəm ki,
çexlər və azərbaycanlılar arasında olan səmimilik,
ölkə rəhbərliklərinin aktiv mövqeləri və
səfirliyimizin əməkdaşlarının yorulmaz fəaliyyəti
nəticəsində münasibətlər sözün əsl
mənasında strateji əməkdaşlıq səviyyəsindədir”.
Çexiyada
fəaliyyət göstərən diasporumuz bu ölkəyə
akkreditə olunan səfirlik nümayəndələri ilə
birgə fəaliyyətinin nəticəsidir ki, əvvəllər
zəif çıxış etməsinə baxmayaraq bu
diasporumuzun fəaliyyəti qənaətbəxş hesab olunur.
Birgə fəaliyyətin nəticəsinin nümunəsi kimi,
bu günlərdə Praqada açılışı olan
“Buta” Azərbaycan milli mətbəxi restoranını göstərmək
olar. Açılış mərasimində Azərbaycanın
Çexiyadakı səfiri Tahir Tağızadə, bu ölkədə
akkreditə olunmuş xarici diplomatlar, o cümlədən
Gürcüstanın səfiri Nino Nakaşidze, habelə
Çexiya mədəniyyət nazirinin birinci müavini
Frantişek Mikeş, Çexiya Parlamentinin Deputatlar Palatası
sədrinin müavini Voytex Filip, Senatın Xarici Əlaqələr
Komitəsi sədrinin müavini Yan Xamaçek, senatorlar,
ölkənin sabiq baş naziri Mirek Topalanek iştirak ediblər.
AzərTAc-ın
Çexiyadakı xüsusi müxbirinin məlumatına görə,
Praqa “Buta”sı Liditskaya və Yanaçkovaya küçələrinin
tinində yerləşir. Onun pəncərələrindən
Praqanın əsas görməli yerlərindən biri olan “Rəqs
edən ev”dən tutmuş orta əsrlərə aid Solovan
monastırınadək böyük ərazini əhatə edən
Vltava çayının sağ sahilinin panoramı
açılır.
Açılış
zamanı səfir T.Tağızadə mərasim
iştirakçılarına müraciət edərək
bildirib ki, restoranın açılması Çexiya sakinlərinin
Azərbaycanı yaxından tanımalarına, ölkəmiz
barədə onlarda təkcə gözəl xalçaları,
zəngin neft mədənləri ilə deyil, həmçinin
misilsiz mətbəxi ilə məşhur olan bir diyar təəssüratı
yaratmağa imkan verəcəkdir.
T.Tağızadə
müsahibəsində hər iki ölkə arasındakı mədəni-hümanitar
əlaqələrinin inkişafından danışaraq bu sahədəki
irəliləyiş və uğurların alqışa layiq
olduğunu bildirib. Qeyd edib ki, Çexiya dövri mətbuatında
dərc olunan çoxsaylı nəşrlər, səfirlik əməkdaşlarının
tele və radiokanallarda mütəmadi görünməsi, səfirlik
tərəfindən təşkil olunan konsert və digər
ictimai-mədəni tədbirlər, Çexiyanın ən qədim
tədris ocağı olan Çarls Universitetinin nəzdində
yeni Azərbaycan Araşdırmaları Mərkəzinin
açılışı bunu asanlıqla söyləməyə
imkan verir: “Eyni zamanda, “AZAL” QSC-nin həftədə iki dəfə
təşkil etdiyi Praqa-Bakı reysinin, həmçinin turizm
şirkətlərinin, xüsusilə “Terma Travel” şirkətinin
sayəsində Azərbaycana səfər edən turistlərin
sayı artmaqda davam edir. Lakin Azərbaycan və Çexiya
arasında olan iqtisadi münasibətlər ölkələrin
potensialına tam olaraq uyğun deyil. Maliyyə
böhranından sonra Azərbaycan və Çexiyanın əmtəə
tədavülünün 1.5 milyard ABŞ dolları səviyyəsinə
çatmasına baxmayaraq, təəssüf hissi ilə qeyd
etməliyəm ki, bu məbləğin əsas hissəsi Azərbaycandan
ixrac olunan enerji daşıyıcılarına aiddir”. O, diqqətə
çatdırıb ki, Çexiya Prezidenti Vatslav Klausu ölkəmizə
səfəri zamanı müşayiət edən sahibkarlardan
ibarət nümayəndə heyətinin tərkibi bir daha bu
istiqamətdə artıq çox işin
görüldüyünün və gələcəkdə
görüləcəyinin əyani sübutudur.
T.Tağızadə
Dağlıq Qarabağ münaqişəsində Avropa ölkələrinin
ikilistandartlardan çıxış etməsini isə bu
ölkələrinin çoxunun siyasətində praqmatizm
elementinin üstünlük təşkil etməsi ilə əlaqələndirib:
“Bəzi dövlət rəsmilərinin qeyri-səmimi
münasibətlərinə baxmayaraq, mən bunları iki
standartlar deyil, “nə şiş yansın, nə kabab” prinsipi
adlandırardım. Bu siyasətə necə son qoymaq
üçünsə düşünürəm ki, Azərbaycanla
oxşar tarix və taleləri olan Mərkəzi Avropa ölkələri
ilə işləmək və onların vasitəsilə
Brüsseldə səs qazanmaq olar. Digər ölkələrə
gəldikdə isə sadəcə onu deyə bilərəm
ki, Azərbaycan və region barədə həqiqətləri
davamlı olaraq onların diqqətinə çatdırmaq və
təbliğat aparmaq lazımdır”.
Səfir
onu da qeyd edib ki, Çexiyada təhsil alan azərbaycanlı tələblərlə
mütəmadi olaraq maraqlanırlar: “Tələbələr
bizim gələcəyimizdir. Əlbəttə ki, səfirlik
onların təhsil və həyat şəraitləri ilə
mütəmadi olaraq maraqlanır. Burda təhsil alan tələbələr
səfirliyin demək olar ki, bütün tədbirlərinə
dəvət edilirlər. Səfirlik tələbələrlə
yalnız fərdi şəkildə maraqlanmır. Bizim
ASAİF, “Odlar Yurdu” kimi təşkilatlarla da möhkəm əlaqələrimiz
var. Səfirlik bu təşkilatlarla əməkdaşlıq
edir, birgə tədbirlər keçirir”.
Bu tədbirlərdən biri kimi o, bu
ilin may ayında “Odlar Yurdu” təşkilatı ilə birgə
tələbələr üçün “Heydər Əliyev
kuboku” adlı futbol yarışmasının keçirildiyini
vurğulayıb.
Qeyd edək
ki, Çexiya ilə yanaşı Avropanın digər dövlətlərində
diaspor təşkilatları ilə yanaşı mədəniyyət
nümayəndələrimiz də Azərbaycanı uğurla
təmsil edir. Belə ki, Avropanın çox böyük teatr
səhnələrini fəth edən ən uğurlu balet
solistlərindən biri, azərbaycanlı Ülvi Əzizov son
iki ayda müxtəlif şəhərlərdə, o cümlədən
Parisdə, Marseldə, Nitsada, Qrenoblda, Lüksemburqda, Strasburqda
40 tamaşada çıxış edib. Bu ilin iyun ayında
Ü.Əzizov Praqa dövlət operasının truppasına
da premyer kimi qəbul edilib(AzərTAc). Yeni teatrda onun ilk
tamaşası Adolf Adanın “Jizel” baleti olmuşdur.
Tamaşada o, ən sevimli partiyalarından birini - Albert rolunu
oynayır. Tamaşalar barəsində öz təssüratlarını
bölüşən Ü.Əzizov bildirib ki, çex
truppasında qətiyyən milliyyət məsələsi
yoxdur - əsas ona baxırlar ki, sən necə oynayırsan.
Onu da bildirək ki, Ü.Əzizov sentyabr ayında
ABŞ-ın Mayami şəhərinə də dəvət
alıb.
Asif NƏRİMANLI
Paritet.- 2011.- 16-17 avqust.- S.10.