Finlandiya Azərbaycan Assosiasiyası Dünya azərbaycanlılarının III qurultayı yekunlarına həsr olunmuş konfrans keçirib

 

 Finlandiya Azərbaycan Assosiasiyası Helsinkidə Dünya Azərbaycanlılarının III qurultayının yekunlarına həsr olunmuş konfrans keçirib. Assosiasiyadan “Paritet”ə verilən məlumata görə,  konfransın keçirilməsində əsas məqsəd konfrans iştirakçılarına  Dünya Azərbaycanlılarının III qurultayı haqqında məlumat vermək, gələcək planlardan danışmaq, qarşıda duran problemləri həll etmək idi.

 

 Konfransda III qurultayın qarşıya qoyduğu məsələləri, Avropada fəaliyyət göstərən kiçik  diaspor təşkilatlarının fəaliyyətlərinin səmərəli olmaması, onların   fəaliyyətdə olan böyük  assosiasiyalarla birləşməmələri, bir birlərinə yardım etməmələri, aralarında daima problemlər yaratmaları geniş müzakirə olunub. Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayına tövsiyələri yüksək qiymətləndirilib. III qurultayında Prezident İlham Əliyev tərəfindən tutulan iradlar haqlı  hesab edilib.

FAA rəhbəri Vasif Muradlı Dünya azərbaycanlılarının III qurultayı ərəfəsində bu məsələlərlə bağlı Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili İlham Əlisəftər oğlu Əliyevlə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyevlə, ”İki sahil” qəzetinin  baş redaktoru Vüqar Rəhimzadə ilə, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyevlə və s. şəxslərlə  görüşündən və gələcək planlardan geniş söhbət açıb.

Konfransda çıxış edən FAA-ının sədir müavini Arzu Oqtay FAA-nin fəaliyyət imkanlarının daha da artdığını bildirdi.

Arzu Oqtay bildirib ki, bu ildən fin dövləti Finlandiya Azərbaycan Assosiasiyasının çoxşaxəli iş planına əsasən maliyyə yardımı ayırıb. Artıq 2012 ci il üçün də iş planı hazırlanaraq Helsinki merinə təqdim olunub.

 Konfransda FAA -nın mədəniyyət və  musiqi işlər müdiri Ülviyyə Cabbarovanın fəaliyyəti təqdirəlayiq qiymətləndirilib.  Həmçinin Yeniyetmə Gənclər Təşkilatının sədri Günay Muradlının “Paritet” qəzetinin Finlandiya üzrə ştatdan kənar müxbiri seçildiyi bildirilib.

Konfransda iştirak edən azərbaycanlılar Azərbaycan dövlət başçısı İlham Əliyevə,  Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdtarlıqlarını bildiriblər. Qeyd edilib ki, Vətənimizdə keçirilən Dünya azərbaycanlılarının III qurultayı 50 milyonluq Azərbaycan xalqına bir daha dayaq olduğunu sübut edib. 

 

 

 Günay MURADLI

 

Paritet.- 2011.- 16-17 avqust.- S.11.