“Erməni lobbisi fəallarının əksəriyyəti
Qarabağın harda yerləşdiyini bilmir”
Bayram Səfərov: “Dağlıq
Qarabağ münaqişəsində Azərbaycanın
haqlı mövqeyinin dünya ictimaiyyətinə
çatdırılmasında diasporun rolu əhəmiyyətlidir
və diasporumuz buna nail olur”
Azərbaycanın ən
ağrılı problemi olan Qarabağın geri
qaytarılmasını hər bir azərbaycanlı səbirsizliklə
gözləyir. Torpaqların qaytarılması
üçün müharibə variantı olsa da, hələ
ki Azərbaycan dövləti sülh yolunu seçib. Buna
paralel olaraq dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin
çatdırılması istiqamətdə də işlər
həyata keçirilir. Dünyadakı diaspor təşkilatlarımızın
fəaliyyəti nəticəsində artıq bu həqiqətlər
təbliğ edilir. Hər bir diaspor təşkilatının
təbliğ etdiyi başlıca məsələ isə
Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları
olmasıdır. Çünki uzun illər özlərinə
dayaq axtaran ermənilər bu vaxt ərzində lobbiçilik fəaliyyəti
ilə Qarabağ haqqında yalnış
informasiyalarını dünyaya yayması nəticəsində
bir çox ölkələr bu dezinformasiyalara
inanmışdılar. Amma bu gün vəziyyət tam əksinə
olaraq Azərbaycanın xeyrinə dəyişməkdədir.
Biz də “Paritet” qəzeti olaraq Dağlıq Qarabağ
münaqişəsində Azərbaycanın haqlı
mövqeyinin təbliği istiqamətində diaspor fəaliyyətinin
əhəmiyyəti haqqında Dağlıq Qarabağın Azərbaycanlı
İcmasının rəhbəri Bayram Səfərovun fikirlərini
öyrəndik. İcma rəhbəri hesab edir ki, bu gün Azərbaycan
həqiqətləri, o cümlədən Qarabağın bizim
tarixi torpaqlarımız olduğu diaspor xətti ilə
dünyaya çatdırılır.
-Dünya azərbaycanlılarının
bir arada birləşməsi ulu öndər Heydər Əliyev
tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü kimi qeyd olunması ilə tarixə
keçdi. Bu xalqımızı birliyə, bərabərliyə
səslədi. Bu bərabərliyin nəticəsidir ki, bu
gün dünyada bir arda mübarizə aparan azərbaycanlılar
Azərbaycan həqiqətlərini təbliğ edirlər. O
cümlədən Azərbaycanın ən ağrılı
problemi olan Dağlıq Qarabağ münaqişəsində də
Azərbaycanın haqlı mövqeyi diaspor təşkilatlarımız
tərəfindən kifayət qədər təbliğ edilir.
Bir zamanlar zəif fəaliyyəti ilə tənqid həfədinə
çevrilən Azərbaycan diasporu bugün bu tənqidləri
geridə qoyaraq öz sözünü deyir. Ümumiyyətlə,
ötən 10 ildə bu istiqamətdə xeyli iş
görülüb. İyul ayının 5-də isə
Dünya Azərbaycanlılarının III Qurultayı oldu. Bu
Qurultayda ötən illərdə göstərilən fəaliyyətin
nəticələrini müzakirə edib, yeni fəaliyyət xətti
müəyyənləşdirildi. Bildiyiniz kimi, bu qurultaya
dünyanın əksər ölkəsindən həm azəbaycanlılar,
həm də əcnəbilər təşrif buyurmuşdular.
Prezident İlham Əliyevin qurultaydakı
çıxışı da xüsusi əhəmiyyət
daşıyırdı. Bütün bunlar hər bir azərbaycanlıya
inam bəxş etdi. Diaspor xəttilə bu gün Azərbaycan
həqiqətləri dünyaya çatdırılır. Həmçinin,
dünyaya səpələnmiş hər bir azərbaycanlı
da öz ətrafında olan əcnəbilərə bu həqiqətləri
çatdırmalıdır. O zaman hər bir əcnəbi də
öz ətrafına bu məlumatları yayacaq. Nəticədə,
burda kifayət qədər iş görülə bilər. Mən
hesab edirəm ki, hər bir azərbaycanlı bu istiqamətdə
əlindən gələni edir. Diasporun son 10 ildən bəri
həyata keçirdiyi işlər də bunu deməyə əsas
verir. Bu istiqamətdə qazanılan uğurlar da artıq
özünü göstərir. Hesab edirəm ki, Dağlıq
Qarabağ münaqişəsində Azərbaycanın
haqlı mövqeyinin dünya ictimaiyyətinə
çatdırılmasında diasporun rolu əhəmiyyətlidir
və diasporumuz bugün buna nail olur.
-Gənclərin, o cümlədən
Rusiyada fəaliyyət göstərən RATİ gənclər
təşkilatının bu istiqamətdə
gördüyü işlərlə bağlı nə deyə
bilərsiniz?
-Gənclərin
də burda rolu böyükdür. Hər bir azərbaycanlı
gənci təhsil aldığı xarici dövlətlərin universitetlərində
Qarabağ və ümumilikdə Azərbaycan həqiqətlərini
təbliğ edirlər. Bu da təbiidir, çünki onlar
arxalarına Azərbaycan dövlətinin dəstəyini hiss
edirlər. Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri
Leyla xanım Əliyeva da bu istiqamətdə çox əhəmiyyətli
işlər görür. Onun rəhbərliyi altında “Xocalıya
ədalət” kanpaniyasının həyata keçirilməsi
Xocalı soyqırımının dünya ictimaiyyətinə
çatdırılmasında böyük rol oynayır. Bu
kampaniyanın 100 şəhərdə, 100 məmləkətdə
keçirilməsi adi məsələ deyil və çox əhəmiyyətli
işdir. Təsadüfi deyil ki, bu kampaniyadan sonra, dünya
ictimaiyyətinin Xocalı soyqırımı haqqında fikirlərində
köklü dəyişikliklər olub. Burda Heydər Əliyev
Fondunun və fondun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban xanım Əliyevanın da xidmətlərini
vurğulamaq lazımdır. Çünki bu istiqamətdə
atılan addımların əsası da onun tərəfindən
qoyuldu. Məhz Mehriban xanım Əliyevanın dəstəyi və
Leyla xanımın rəhbərliyi altında gənclik daha
sıx birləşdi və hər bir azərbaycanlının
vətəni olan Azərbaycan üçün dünyada
öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycan gəncliyinin
istər ölkənin ictimai-siyasi həyatında, istərsə
də xarici ölkələrdə Azərbaycanı layiqincə
təmsil etməsi dövlətin gəncliyə olan
etimadından irəli gəlir. Adi bir şeyi deyim. Bu gün
bütün idman turnirlərindən Azərbaycana medallar gəlir.
Əslində bununla Azərbaycan dünyada tanınır. Bu
yaxınlarda bildiyiniz kimi, Qəbələdə Heydər Əliyev
Fondunun dəstəyi ilə beynəlxalq musiqi festivalı
keçirildi. Ora gələn musiqiçilər Azərbaycan
xaqlının qonaqpərvərliyini, dövlətin
apardığı demokratik siyasəti etiraf edirlər. Bu da
birbaşa Azərbaycanın tanıdılmasıdır ki,
bunun içində Qarabağ həqiqətləri də yer
alır və hesab edirəm ki, bu cür mədəni tədbirlərlə
daha çox iş görmək olar. Bununla yanaşı hər
bir azərbaycanlı öz gücü daxilində dünya
ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini
tanıtdırmalıdır. Gənclərimiz öz təhsili,
idmançılarımız öz qələbələrilə,
musiqçilərimiz öz bacarıqları ilə Azərbaycanı
təmsil etməlidir.
-Hər
il ABŞ Konqresi Dağlıq Qarabağın erməni əhalisinə
10 milyona qədər vəsait ayırırdı. Amma bu il, bu
yardımın ayrılmasından imtina edildi. Bunun
Amerikadakı Azərbaycan diasporunun Konqresə
ünvanladığı məktub kampaniyasından sonra baş
verdiyi də bildirilir...
-Bu məsələ
barəsində ötən il ABŞ Konqresinə də, Amerika
prezidentinə də Dağlıq Qarabağın Azərbaycanlı
İcması adından da məktublar göndərmişdik.
Bildirmişdik ki, əgər Dağlıq Qarabağ əhalisinə
kömək etmək istəyirsinizsə, burda azərbaycanlılar
da var, yaxud bu yardımı niyə Azərbaycan hökümətinin
əli ilə etmirsiniz. Çünki Dağlıq
Qarabağın Azərbaycan torpağı olduğunu
tanıdıqları halda, bura edilən yardımın Ermənistan
hökümətinin əli ilə edilməsi qəbul edilən
məsələ deyil. Burda ədalətsizlik var. Amma bu il
yardımın edilməsindən imtina etdilər.
Çünki Amerika dövləti bu vəsaitin verilməsinin
səhv olduğunu başa düşüb və bu vəsaitin
xərcləndiyi yer naməlum qalır. Sonda ədalət
öz yerini aldı. Burda Amerikadakı azəri diasporunun rolunu
xüsusi vurğulamaq lazımdır. Diaspor təşkilatlarımızın
bu məsələni vaxtında qaldırması, Konqresi ədalətli
olmağa dəvət etməsi və Azərbaycan dövlətinin bu yöndə
atdığı diplomatik addımların nəticəsidir ki,
ermənilərin daha çox iş gördüyü Amerikada
bu gün Azərbaycanın mövqeləri möhkəmlənib.
Dağlıq Qarabağa yardımların ayrılması
absurddur, çünki bu vəsait işğalçılara
öz işğalçılıq siyasətini daha da möhkəmləndirməsinə
sərf edilir. Diasporumuzun fəaliyyəti nəticəsində
bu ədalətsizlik də aradan qaldırıldı.
Bütün bunlar da dövlətlə diaspor təşkilatlarının
birgə fəaliyyətindən və bu fəaliyyətin
birbaşa Azərbaycana xidmət etməsindən doğan məsələlərdir.
Amma ermənilərin fəxrlə danışdıqları
lobbiçilik fəaliyyətlərinin nə qədər
geniş olduğunu desələr də, Azərbaycan diasporunun
qısa zaman kəsiyində etdiklərini edə bilməzlər.
Çünki burda
ilk növbədə Vətənə sevgi var. Bu
sevgi Prezident İlham Əliyevdən başlamış, hər
bir azərbaycanlının ürəklərindədir.
Təbii ki, dövlət
başçısının bu cür fəaliyyətini, Vətənə sevgisini görən hər bir
azərbaycanlı da bu
sevginin arxasınca gedir.
-Sizcə, Ermənistanın diaspor
fəaliyyəti ilə, Azərbaycanın diasporu arasında əsl
fərq nədədir?
-Hesab
edirəm ki, burda fərq hər bir dövlətin və
dövlət başçısının apardığı
siyasətdir. Çünki hər şey də burdan
başlayır. Bu gün hər bir Azərbaycan vətəndaşı
və bütün dünyada yaşayan azərbaycanlılar
Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir
və buna inanır. Bu Prezident İlham Əliyevin
apardığı xarici və daxili siyasətin və dünya
azərbaycanlılarının Azərbaycanın müstəqil
və demokratik olduğunu görməsinin, dövlətin hər
bir vətəndaşı üçün etdikləri və
dövlət başçısının bu istiqamətdə
atdığı addımların nəticəsidir. Buna görə
də bütün dünya azərbaycanlıları öz
prezidentlərini dəstəkləyir və ona inanırlar.
Çünki dövlət başçısı prezident
seçildiyi vaxt hər bir azərbaycanlının prezidenti
olacağını bildirmişdi və bu fakt olaraq göz
qabağındadır. Dövlət başçısı
söz vermişdi ki, işsizlik və yoxsulluğu aradan
qaldıracaq. Bu belə də oldu. O zaman yoxsulluq 49 faiz idi, bu
günsə 9 faiz və daha aşağı enib. Hər bir
dövlətin yoxsulu var, amma Azərbaycanda bu çox cuzi
miqdardadır, yaxud ümumiyyətlə yoxdur. Bu gün 120 min
ailə sosial yardım alır. Onlara bu yardımı əmək
haqqından və pensiyalardan əlavə olaraq verilir. Eyni
zamanda, köçkünlərə dövlətin etdiyi
yardımlar da kifayət qədərdir ki, bu da hər bir
köçkünün normal yaşamasına şərait
yaradıb. Heç bir dövlətdə köçkünlərlə
işləyən Dövlət Komitəsi yoxdur, amma Azərbaycanda
var. Bu gün heç bir məcburi köçkün
çadır şəhərciyində, yaxud vaqonlarda
qalmır, hər birinin evi, həyatyanı sahəsi var. Yəni
insanlar lazım olan hər şeylə təmin edilib.
Bunların hamısı Prezident İlham Əliyevin
apardığı siyasətin nəticəsidir. Məcburi
köçkünlərə göstərilən köməkliklər-köçkün
uşaqlarının pulsuz təhsil alması, işlərlə
təmin edilməsi, bütün ödənişlərdə,
bütün fəaliyyətdə güzəştlərin
edilməsi və digər işləri hər bir azərbaycanlıyla
yanaşı dünya azərbaycanlıları da görür.
Onlar daim həsrətlərində olduqları vətənlərinin
inkişafını və burda insanların yaxşı
yaşamasını müşahidə etdikcə həm fəxr
edirlər, həm də öz çevrələrində Azərbaycanın
təbliğatını daha ürəkdən aparırlar.
Bunlarla yanaşı, Prezident İlham Əliyev diaspor fəaliyyətinə
xüsusi önəm verir. Elə sonuncu qurultayın
keçirilməsi də buna sübutdur. Həmin qurultayda
diaspor üzvlərinin mükafatlandırılması, təltif
edilməsi, onlara göstərilən hörmət və
qayğı hər bir azərbaycanlının Vətənə
olan sevgisini bir az da artırır.
Gəlin,
Ermənistana baxaq. Hesab edirəm ki, erməni diasporu öz
xalqının, millətinin düşmənidir. Bununla
yanaşı bu dövlətin başçısını
Serj Sərkisyan da erməni millətinin, erməni gəncliyinin
düşmənidir. Azərbaycanın Prezidenti İlham Əliyev
gəncliklə apardığı siyasəti ilə Ermənistanın
gəncliyi arasında dağlar qədər fərq var. Bu
gün Azərbaycan rayonlarında idman komplekslərinin
olmadığı yerləri barmaqla sayılır. Yəni gənclik
üçün lazım olan idman, təhsil
bütünlüklə təmin edilib. Amma Ermənistan
prezidenti öz gənclərinə “Qarabağı biz
aldıq, Ağrı dağı siz alacaqsınız” deməklə
onlara nifrət öyrədir. Bizim aramızda fərq budur. Azərbaycan
Prezidentinin apardığı siyasət göz
qabağındadır. Bunun nəticəsidir ki, bütün
dünya ölkələri Azərbaycanla əməkdaşlıq
etməyə can atır. Bunlar Prezident İlham Əliyevə
olan etimaddır. Ermənistanla isə heç bir dövlət
işləmək istəmir. Onu da deyim ki, erməni
lobbiçilərinin əksəriyyəti Qarabağın harda
yerləşdiyini də bilmir.
-İcma bu istiqamətdə nə
kimi təbliğat aparır?
-Dağlıq
Qarabağ İcmasının hər bir üzvü Azərbaycan
vətəndaşıdır. Bütün bu işləri biz
də görməliyik və görürük. Hazırda biz təşkilatlanma
işləri ilə məşğuluq. Köçkünlər
arasında nə qədər gəncin olduğunu, qocaların
sayını, dünyaya gələn uşaqların
sayını və digər məsələləri
hesablayırıq. Bununla yanaşı,
görüşdüyümüz beynəlxalq təşkilatlarının
nümayəndələrinə Qarabağ haqqında bilgilər
verir, buranın tarixi Azərbaycan torpağı olduğunu
faktlarla sübut etməyə çalışırıq.
Hazırda təbliğatımızı aparmaq
üçün internet resurslarından da istifadə edirik.
İcmanın veb saytı da fəaliyyət göstərir. Bu
saytda Qarabağın abidələri, mədəniyyəti,
görkəmli şəxsləri, həqiqətlər barəsində
ətraflı məlumatlar yer alır. Bu istiqamətdə
bacardığımız qədər işi həyata
keçirtməyə çalışırıq.
Asif NƏRIMANLI
Paritet.- 2011.- 18-19 avqust.- S.5.