O, “mən azərbaycanlıyam”
deməkdən qürur duyurdu
Özbək ədəbiyyatının
və ədəbiyyatşünaslığının
inkişafında Maqsud Şeyxzadənin əvəzsiz xidmətləri
olub
“Mənim
iki Vətənim var. Xoşbəxt deyiləmmi?! Mənə
Nizaminin əsərlərini Nəvainin ana dilinə, Nəvainin
əsərlərini Nizaminin ana dilinə çevirmək səadəti
nəsib oldu. Xoşbəxt deyiləmmi?! Qələmin ilahi
qüdrətilə yazdığım əsərlər
özbək xalqının uğurlu sabahıdırsa və bu
xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu
olaraq bəxş etmək qisməti taleyimə
düşübsə xoşbəxt deyiləmmi?”. Bu fikirlərlə
böyük Azərbaycan və özbək şairi, dramaturqu
və ədəbiyyatşünası həmvətənimiz
Maqsud Şeyxzadə öz həyat və bədii
yaradıcılığını xarakterizə edir. Dahi Vətən
oğlumuzun bir xoşbəxtliyi də ondadır ki, onu iki
xalqın şairi adlandırırlar. Çünki bu gün
onun yaradıcılıq fəaliyyəti Azərbaycan-özbək
ədəbi-mədəni əlaqələrinin tarixində
fövqəladə yer tutur. İki xalqın oğlu kimi onun
yaradıcılığı ədəbi əlaqə və təsirin
yeni, çoxqatlı və çoxşaxəli təzahür
forması olmaqla bərabər, özündə Azərbaycan və
özbək mədəniyyətinin, iki türkdilli xalq mənəviyyatının
vəhdətini yaşadır. Və məsələnin, ən
önəmli cəhəti budur ki, M.Şeyxzadədən sonra
bu hadisə, yəni eyni vaxtın özündə iki mədəniyyətin
təmsilçisi və daşıyıcısı olmaq
artıq ənənəyə çevrilməkdədir.
Maqsud
Şeyxzadənin bioqrafiyası ilə “Vikipediya”nın məlumatları
əsasında tanış olaq. O, 1908-ci ildə
keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş
qəzasının mərkəzi Ağdaşda, əslən
Qazağın Salahlı kəndindən olan feldşer Məsim
Şıxıyevin ailəsində doğulub. Atası Məsim
1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və
1908-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə
bitirmişdi. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə
də elə bu səbəbdən Maqsud Şeyxzadə
könlünü erkən yaşlardan ədəbiyyata
vermişdi. Bütün ədəbiyyat dərsliklərində
“Özbək yazıçısı və şairi” kimi
tanıdılan qürbət məhkumu Maqsud Şeyxzadənin
Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda
hələ 12 yaşı vardı. O vaxtlar atasından
aldığı türklük eşqi və müstəqillik
duyğuları ilə şeirlər yazırdı. Gələcəkdə
bu eşq ona bəxtiyarlıqdan daha çox sürgün, mərhumiyyət
və işgəncələr verəcəkdi. Atasının
Ağdaşda açdığı məktəbdə oxuyarkən
Nəriman Nərimanov bu şəhəri ziyarət edir. Məktəbin
əlaçı şagirdi olan Maqsud şeir oxumaq
üçün kürsüyə çıxır.
Oxuduğu şeirlər Nərimanovun çox xoşuna gəlir.
Nərimanov sonralar həmin şeirlərin
üçünü 21 dekabr 1921-ci ildə “Kommunist” qəzetində
dərc etdirir. Bir müddət sonra Maqsud Şeyxzadə
Ağdaşdan Bakıya yola düşür. Bakı Pedaqoji Məktəbində
o vaxtların iki sevilən müəllimi dərs deyirdi -
Hüseyn Cavid və Abdulla Şaiq...
Maqsud
onlardan vətən eşqi, millət eşqi, ədəbiyyat
eşqi və türklüyün gerçək
üzünü öyrənir. Sonralar Özbəkistanda
yaşayanda “Mirzə Uluqbəy” əsərini qələmə
alarkən Hüseyn Cavidin ona olan təsirlərindən də
söz açır. Məktəbi bitirər-bitirməz Dərbəndə
göndərilir. Orada həm müəllimlik edir, həm də
şeirlər yazır. Qəzetlərdə “Azad dağlar
qızına”, “Şeyx Şamil”, “Bu axşam” və “Sahildə”
adlı şeirləri dərc olunur. Dərbənddə
yaşamasına baxmayaraq, tez-tez Bakıya gəlir. Həm Bakı
Pedaqoji İnstitutunda oxuyur, həm də Mayakovski, Nazim Hikmət
kimi şairlərlə tanış olur. 1927-ci ili Maqsud
Şeyxzadənin qaranlıq illərinin
başlanğıcı saymaq olar. Dağıstanın Sovet
İttifaqına müttəfiq respublika statusu ilə daxil
olub-olmaması mövzusunda aparılan müzakirələrin ən
fəal iştirakçılarından biri də Maqsud
Şeyxzadə olur. Çox keçmir ki, Stalinin cəlladları
tərəfindən yaxalanır və milliyyətçi
damğası ilə həbsə atılır. Sonra isə
sürgün edilir. M.Şeyxzadəyə türklüyün
odlu, alovlu müdafiəçilərinin yaşadığı
Krım və Qafqaza getmək qadağan olunur. Atası onu
Özbəkistanın paytaxtı Daşkəndə göndərir.
Maqsud Daşkənddə ətrafına
özü kimi düşünən insanları toplayır və
mübarizəsini davam etdirir. Bir müddət “Qızıl
Özbəkistan”, “Şərq həqiqəti” və
“Leninçi” qəzetlərində çalışan
M.Şeyxzadə 1938-ci ildə yenidən müəllimlik etməyə
başlayır, Nizami adına Daşkənd Pedaqoji
İnstitutunda dərs deyir. O, ən gözəl əsərlərini
Daşkənddə yazıb. “Üçüncü kitab”,
“Cümhuriyyət”, “Cəlaləddin Mengüberdi” kimi əsərləri
özbək dilində nəşr olunub. Maqsud Şeyxzadə
1952-ci ildə yenidən millətçilikdə
günahlandırılaraq həbs edilir. Daşkənd məhkəməsi
ona 25 il həbs cəzası kəsir. O, Sibirə göndərilir.
Stalin ölən kimi Maqsud Şeyxzadənin anası Fatma
xanım SSRİ Ali Sovetinin Rəyasət Heyətinə
oğlunun əfv olunması üçün məktub göndərir.
1954-cü ildə Maqsud azad olunur. Amma Daşkənd artıq
köhnə Daşkənd deyildi. Bütün dostları ondan
uzaq gəzməyə başlayır. Bir-iki dostundan başqa
heç kəs ona salam vermir, hətta yazdığı əsərlərin
qəzet və dərgilərdə yayımlanmaması
üçün əllərindən gələni edirlər.
Xruşşovun məşhur çıxışından
sonra vəziyyət dəyişir və M.Şeyxzadə
köhnə vaxtlardakı kimi ədəbiyyat sahəsində
görünməyə başlayır. O, böyük sevinc
içində “Daşkəndnamə” adlı əsər
yazır. Bu əsər dərc edildikdən sonra böyük əks-səda
doğurur. 1958-ci ildə Daşkənddə təşkil
olunmuş Asiya-Afrika Yazıçılar Konqresinə
qatılan Nazim Hikmət, Əziz Nesin, Melih Cevdet Anday kimi
türkiyəli solçu şair və yazıçılarla
əlaqə yaradır. Maqsud Şeyxzadə 1967-ci ilə,
ölümünə qədər içindəki vətən
həsrətini, vətən eşqini yazaraq təsəlli etməyə
çalışır. Bəzən Uluq bəyə, bəzən
də Xarəzm oğuzlarının məşhur lideri Cəlaləddin
Xarəzmşaha baş vurur. Kitabları həm özbəkcə,
həm də azərbaycanca nəşr edilir. “Mirzə Uluqbəy”
adlı əsəri ekranlaşdırılır. M.Şeyxzadənin
əsərləri sonuncu dəfə 1971-1974-cü illərdə
altı cild şəklində nəşr olunub. Maqsud
Şeyxzadə 1967-ci ildə Daşkənddə vəfat edib,
orada da dəfn olunub.
“Özbək
ədəbiyyatının Şekspiri”
Bioqrafiyadan da
gördüyümüz kimi M.Şeyxzadə dünyanın, elə ədəbiyyatın
da ən çətin günlərində
yaşayıb yaradıb. Özbək ədəbiyyatının
və ədəbiyyatşünaslığının
inkişafında M.Şeyxzadənin əvəzsiz xidmətləri
olub. Onun əsərləri ədəbi janr,
eləcə də tarixi aspekt
baxımından çox yüksək dəyərləndirilir.
Özbəkistan Prezidenti İslam
Kərimovun fərmanı ilə M.Şeyxzadənin
ölümündən sonra “Böyük xidmətlərə görə” ordeni ilə təltif olunması onun əsərlərinə və şəxsiyyətinə
verilən böyük qiymətdir. Tədqiqatçıların rəyidir ki, onun “Cəlaləddin Mənquberdi”
və “Mirzə Uluqbəy” mənzum tarixi
faciələri ilə özbək dramaturgiyasının
mükəmməl əsası qoyulub.
Özbək ədəbiyyatşünasları Seyfulla
Mirzəyev və Səid Şirməhəmmədov
M.Şeyxzadənin “Mirzə Uluqbəy” faciəsi üzərində
işlərkən dahi Şekspir
yaradıcılığından faydalandığını
yazıblar. Hətta Özbəkistanın xalq
yazıçısı Şükrulla
M.Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb.
Görkəmli
özbək ədəbiyyatşünası və ədibi
Azad Şərafəddinov “İcodni anqlaş baxti” adlı 600
səhifəlik kitabıda M.Şeyxzadəyə də
xüsusi səhifələr
ayırıb. A.Şərafəddinov bu kitabında
M.Şeyxzadəyə həsr etdiyi “Ədəbiyyatımızın
fədaisi” (2003) adlı məqaləsini həzin və
kövrək notlarla başlayır: “Orta boylu, dolu bədənli,
qıvrım saçlı, şairanə görkəmli,
özbəkcə danışığına şirin Azərbaycan
ləhcəsi qatan bu adamı - Maqsud Şeyxzadəni ilk dəfə
auditoriyada - dərs dediyi Nizami adına Özbəkistan Pedaqoji
İnstitutunda görmüşdüm. Onun şirin, sadə
ifadələrlə dərin elmi əsaslara söykənən
mühazirələri artıq çoxdan idi ki, institutun
hüdudlarından çıxıb bütün Özbəkistan
boyunca yayılmışdı. Hətta tələbələr
arasında onun məruzələri əsasında maraqlı rəvayətlər
də dolaşırdı. O, ömrünün sonunacan eyni
şövqlə, eyni məhəbbətlə söylədiyi
mühazirələri ilə institutun da şöhrətini hər
yana çatdırmışdı. O, şair və dramaturq, ədəbiyyatşünas
və tərcüməçi, tarixçi və mütəfəkkir,
natiq və pedaqoq idi. M.Şeyxzadə qeyd etdiyim bütün sənətlərin
ustadı, ağası idi”.
Onu
da deyək ki, filologiya elmləri doktoru, professor, şeyxzadəşünas
alim Naim Kərimovun özbək dilində “Maqsud Şeyxzadə”
bioqrafik romanı çapdan çıxıb. Ümumiyyətlə, M.Şeyxzadənin dramaturgiya
yaradıcılığı
özbək ədəbiyyatşünaslarının
da, Azərbaycan ədəbi-tənqidinin də daim diqqətini cəlb
edib. Bu haqda xeyli
məqalələr, elmi rəylər, tədqiqat əsərləri yazılıb. Söz yox ki, bu sırada
ilk yerdə Xəlil
Rzanın tədqiqatları
dayanır. Onun bu mövzuya həsr
etdiyi “Maqsud Şeyxzadə”, “M.Şeyxzadə
yaradıcılığının bədii xüsusiyyətləri” monoqrafiyaları və sair onlarla
elmi, publisistik məqalələrini göstərə bilərik. M.Şeyxzadə Nizami, Füzuli,
M.F.Axundov, A.S.Puşkin, M.Lermontov, V.Şekspir, İ.Höte, C.
Bayron, Ş.Rustaveli və bir sıra başqa dünya klassiklərini
özbək dilinə tərcümə edib. M.Şeyxzadənin
əsərləri bir sıra dünya dillərinə tərcümə
olunub.
“Həmişə onu özbək
şairləri ilə bir sırada tutmuşuq”
Nəzərə
çatdıraq ki, 2008-ci ildə
ədibin 100 illik yubileyi Daşkənddə silsilə tədbirlərlə
yüksək səviyyədə qeyd olunub. Orta Asiyada Azərbaycan
diasporunun baş koordinatoru Akif Ağatalıbov bizimlə
söhbətində bildirdi ki, Özbəkistanda daimi
M.Şeyxzadənin çoxşaxəli fəaliyyəti,
gördüyü işlərlə maraqlanıblar. O dedi ki,
2008-ci ildə rəhbəri olduğu Özbəkistan-Azərbaycan
Mədəniyyət Mərkəzləri Assosiasiyanın
sponsorluğu ilə M.Şeyxzadənin şeirlər kitabı
işıq üzü görüb: “M.Şeyxzadə Fəxri
Xiyabanda dəfn olunub. Biz onun qəbirüstü abidəsinin
düzəldilməsi ilə məşğul olmuşuq.
Ayrıca büstünun qoyulmasına nail olmuşuq. Həmişə
onu özbək şairləri ilə bir sırada tutmuşuq.
Biz hər il onun ad günü, vəfat günün, xatirə
gecəsini keçirmişik. Bu işlərə də həmişə
hökumət tərəfindən dəstək olub”.
Böyük
şairin tələbələri, qələm dostları ilə
mütəmadi görüşlər keçirdiklərini deyən
A.Ağatalıbov bu tədbirlərin nəinki Daşkənddə,
eyni zamanda AMMA-nın yerlərdəki nümayəndəliklərində
də qeyd olunduğunu vurğuladı.
“İki xalqın oğlu”
Xatırladaq ki,
şairin yubiley
günlərində Azərbaycan Mədəniyyət Mərkəzləri
Assosiasiyası, Beynəlmiləl Mədəniyyət Mərkəzi
və Daşkənd şəhəri üzrə Azərbaycan
Mədəniyyət Mərkəzi xatirə gecəsi
keçiriblər. A.Ağatalıbovun sözlərinə
görə, tədbirdə Özbəkistanın ədəbiyyat,
mədəniyyət və incəsənət xadimləri,
alimlər, Azərbaycan diasporunun üzvləri,
jurnalistlər iştirak ediblər: “Gecədə çıxış edənlər
M.Şeyxzadənin özbək ədəbiyyatının
inkişafındakı müstəsna xidmətlərindən
danışdılar. Özbəkistan Yazıçılar
İttifaqının sədri, Özbəkistanın qəhrəmanı
Abdulla Aripov
M.Şeyxzadənin poeziyası və dramaturgiyasından
söhbət açıb, bu əsərləri
özbək ədəbiyyatının inciləri
adlandırdılar”.
Almaniyada
yaşayan soydaşımız şair- yazıçı Orxan
Arasa görə, Ağdaşda doğulub Daşkənddə həyata
vida edən bu çalışqan və vətənpərvər
şair yanına gedən hər kəsə “Mən azərbaycanlıyam”
deməkdən qürur duyan bir insan idi. Elə ona görə
də qəlbi Vətən eşqi ilə döyünən xalqımızın
işıqlı oğlu Azərbaycanda da daimi sevə-sevə
anılır. Onun 100 illik yubileyi ilə bağlı Azərbaycanda
da xatirə gecələri, elmi sessiyalar və s. tədbirlər
keçirilib. Həmin tədbirlərdə ustad Şeyxzadənin
iki xalq arasındakı münasibətlərə verdiyi
töhfələrdən danışılıb. Bu
böyük yaradıcı insanın ədəbi irsinin tədqiqatçıları
öz çıxışlarında yubilyarın ömür
yolundan maraqlı faktları qeyd ediblər. Həmçinin
görkəmli şairin iki qardaş xalqın ədəbiyyatı
və mədəniyyəti arasında körpü rolunu
oynamasını və ədəbi əlaqələrdə
danılmaz əməyini vurğulanıb. Bütün bunlarla
yanaşı “Azərbaycantelefilm” tərəfindən
M.Şeyxzadə haqqında “İki xalqın oğlu” adlı sənədli
bioqrafik film çəkilib.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2011.- 20-22 avqust.- S. 10.