“Mən
hələ bacardığımı tam göstərə bilməmişəm”
Günel Məmmədova: “Filmə
baxanda nə qədər peşman olduğumu hiss etdim”
Rəqs etməyi, mahnı
oxumağı, rəsm çəkməyi, pianinoda çalmağı, bir sözlə, incəsənətin
bütün növlərini çox sevir. Ən böyük qorxusu yaxınları
ilə bağlıdır. Ən böyük qazancını
isə valideynləri və balaca Rəvanı bilir. Ən
sevdiyi filmlər “Xaç atası”,
“Kazino”, “Sonuncu ev”,
“Qaynana”, “Təhminə və Zaur”dur.
Həyat devizi isə belədir: ”İrəli, irəli, yalnız irəli”. Həmsöhbətim bu il teatr sənəti
sahəsində əldə etdiyi uğurlarına və Nobel
mükafatı laureatı K.Hamusunun “Viktoriya” tamaşasında
eyniadlı obraza verdiyi maraqlı səhnə həyatına,
habelə Azərbaycan teatr sənətini ayrı-ayrı xarici
ölkələrdə keçirilən festivallarda uğurla təmsil
etdiyinə görə “Gənclər mükafatı”na layiq
görülən Gənc Tamaşaçılar
Teatrının aktrisası Günel Məmmədovadır. Onunla söhbətə son zamanlar
yaratdığı iki maraqlı və parlaq obrazdan - “Oliver Tvistin macəraları”nda
Nensi və “Viktoriya” da
Viktoriya- başladıq.
“Qürura görə sevgini itirmək
həqiqətən dəhşətli bir şeydir”
-Hər iki obraz sizin ifanızda
çox sevildi. Hətta Viktoriya obrazına görə
mükafat da qazandınız. Bu rollarda sizi həyəcanlandıran
nə oldu?
- Hər iki tamaşa həyatımda çox
böyük rol oynayıb. Viktoriyanı obraz kimi
götürsək, çox mürəkkəb roldu. Onun
içində sevdiyi insana qarşı böyük məhəbbəti
olmasına baxmayaraq sevgisini
Yuhannesə bildirə bilmir, ən əsası buna qüruru
yol vermir. Onların qarşısına böyük maneələr
çıxır. Atasının müflis olması və məcburən
sevmədiyi insana nişanlanması və sonra
nişanlısının ölməsi, ardınca
atasının özünü asması. Bütün maneələr
aradan qalxanda Viktoriya Yuhannesə
hər şeyi etiraf etmək istəsə də artıq
çox gec olur. Bu da onun üçün növbəti zərbə
olur. Viktoriya yeniyetmə yaşlarından bəri onu əhatə
edən adamlar üçün daim oynayır, yalnız bir dəfə
səmimi etirafda bulunur. O da
ölümqabağı məktubunda...Sevgi və
qürur. Qürura görə sevgini itirmək həqiqətən
dəhşətli bir şeydir. Bəhram Osmanova öz təşəkkürümü
bildirirəm ki, bu rolu mənə həvalə edib, amma bilmirəm
nə qədər uğurla bu hissləri
tamaşaçılara çatdıra bilmişəm. Əgər
bir damla da tamaşaçını özümlə apara
bilmişəmsə bu, Bəhram müəllimin əməyidir.
Çox sevinirəm ki, məhz bu rola görə mənə
mükafat təltif olunub, çünki bu rolu çox sevirəm. Nensi isə küçədə
böyüyən, uşaqlıqdan oğurluq edən fahişədir. Sayks adlı birini
sevir. Onların arasında dəlicəsinə
və məncə, vəhşicəsinə sevgi var. Oliver
peyda olana qədər hər şey öz axarıyla gedir.
Nensi Oliverdə həm öz uşaqlığını
görür, həm də analıq hissini yaşayır. Nəticədə
o, bütün bandaya qarşı çıxır, axırda
da şərlənir. Məhz sevdiyi adam onu öldürür.
Nensi də çətin obrazdı, çünki o fahişə
oğru olmağına baxmayaraq daxilən çox təmiz bir
insandır. Heç nəyə baxmayaraq onun içində
çox parlaq bir işıq var.
Vaqif müəllim də mən də
çalışmışıq tamaşaçıya əsas
bunu göstərək. Əlbəttə,
Nensi də bütün insanlar kimi yaxşı yaşamaq,
yaxşı geyinmək istəyir, amma taleyi belə gətirir.
Bilirsiniz, Viktoriyada məni həyəcanlandıran
və eyni zamanda da çox hirsləndirən
bir məqam vardı. O,
qüruruna görə həyatında çox sevdiyi
insana belə əzablar verməyə və özü də əzablar
içində yaşamağa razıdır. Axı Viktoriya istəsəydi
hər şeyi dəyişə bilərdi. Nensi isə
küçələrdə yaşamasına baxmayaraq daxili təmizliyini qoruyub saxlaya
bilib. Və onun bir qadın kimi mərdliyi, sadiqliyi doğrudan
da adamı heyrətə gətirəcək
haldır.
-Demək
ki, canlandırdığınız
rollardan çox təsirlənirsiniz.
-
Bütün oynadığım rollardan təsirlənirəm,
çünki hər biri həyatdan götürülmə insan
həyatıdır. Bizlərin içində Viktoriyalar,
Nensilər, Turanlar, Cülyettalar var.
“Adını deməyim,
sürpriz olsun”
-Aktrisa kimi oynamaq istədiyiniz obraz
varmı?
- O qədərdi
ki...İnşallah birini bu yaxınlarda oynayacam. Adını deməyim,
sürpriz olsun. Mən hələ bacardığımı tam
göstərə bilmirəm ya da hansısa işdə
uyğun gəlmir. Çox istərdim
bacardığımın hamısını
tamaşaçı görsün.
-Sevdiyiniz aktyor və aktrisa
olmamış olmaz. Aktrisalıq baxımından kimlərdən bəhrələnirsiniz?
-
Şəfiqə Məmmədova, Şükufə Yusipova,
Mehriban Zəki, Dilarə Əliyeva, Qurban İsmayılov, Fuad
Poladov, Fəxrəddin Manafov. Onu da qeyd edim ki, mən bu insanları nəinki bir sənətkar
kimi, həm də bir insan kimi çox istəyirəm. Bu
insanlar hər zaman mənə dəstək olurlar. Həmişə
dediyim bir söz var-
yaxşı aktyor, aktrisa olmaq olar, amma yaxşı insan
olmaq, bax, bu çətindir. Bu insanlar və təbii ki,
adlarını sadalamadığım bir neçə insanlar
var ki, onlar əsl sənətkardırlar və hər zaman
biz- gənclərə dəstək olmağa
hazırdırlar. Xaricilərdən isə Al Paçino,
Robert De Niro, Nikol Kidman, Monika Belluçini çox bəyənirəm.
-Günel Məmmədova oxuduğu,
bildiyi bəlkə də hələ canlandıra bilmədiyi
hansı obraza həyatda da bənzəmək
istərdi?
-
Maraqlı sualdır, bu barədə
düşündürmək lazımdır. Amma yox,
heç biri olmaq istəməzdim.
“Mənim hər tamaşama gəlir...”
-Müsahibələrinizin birində
deyirsiniz ki, əvvəllər teatrı sevməmisiniz. Kino sizi
daha çox cəlb edib. Teatr özünü necə sevdirdi
sizə?
- Teatr mənə
özünü əldə etdiyim uğurlarla sevdirdi. Məni
sevən tamaşaçılarla, balaca uşaqlarla sevdirdi.
Bilirsiniz, məni uşaqlar lap
çox sevir, elə onların baxışı nəyə
desəniz dəyər. Bu hissləri sizə necə
çatdırım bilmirəm. Elə balaca şirinlər var
ki, mənim hər tamaşama gəlir, öz düzəltdiklərini
mənə hədiyyə verirlər.
Mən bunu heç nəyə dəyişmərəm. Allah
onları saxlasın. Amma bu danılmaz faktdır ki, teatr mənim
həyatımda böyük rol oynayıb. İlk
debütüm mənim ustadımın qoyduğu “Çimnaz
xanım yuxudadır” tamaşasında Nabat olub, daha sonra
Viktoriya, Nensi rolları gəldi. Kinoya teatrdan daha tez
başlasam da təəssüf ki, bu sahədə həyatımda
dönüş edə biləcək rol
yaratmamışam.
-Bizdə hələ ki, kino az çəkildiyinə
görə aktyorlar bir az da teatra məhkum sayılırlar.
Kinoda rollarınız çoxalsa, ehtimal varmı ki, günlərin
bir günü teatrı tərk edə bilərsiniz?
- Hər
şey ola bilər. Hazırda hər ikisini çox sevirəm.
Onların arasında seçim etmək çətin olar.
Ümid edirəm ki, əgər belə bir şey olsa, yəqin
hər ikisini də əldə saxlayaram.
-Necə rejissorlarla işləməyi
xoşlayırsınız? Diktator yoxsa...
- Əsl
rejissorlarla. Düşünən, pedaqoq və ən əsası
obyektiv rejissorlarla işləməyi xoşlayıram.
-Günel xanım, bir rola necə
hazırlaşırsınız?
-
Baxır rola. Düzdür, axır zaman fabrika kimi tamaşalar
tamaşaların ardınca verilir. Belə olan halda təbii ki,
yalnız tamaşanın da, obrazın da skeletini görə
bilirsən, içi isə tamaşalarda bişir. Mən heç vaxt deyə bilmərəm
ki, hansısa rol hazırdır. Fikirləşirəm ki, min dəfə
oynadığım rol belə olsa, səhnəyə
çıxanda obrazla bağlı yeni nələrsə
tapmalıyan. Çünki təbiətcə
elə insanam ki, heç vaxt əldə etdiyimlə kifayətlənmirəm.
Amma harada ki, Vaqif, Rafiq, Bəhmən
müəllim var, o tamaşalarda mən nəinki canla
-başla çalışmışam nəsə yaradım,
üstəlik bu mənə böyük zövq verib.
Ümumiyyətlə, asan heç nə başa gəlmir.
Çalışmaq, çalışmaq yenə də
çalışmaq lazımdır.
“Mən heç birinin qəlbinə
dəymək istəməzdim. Amma...”
-Bir az da tərəf müqabilləriniz
barədə danışaq. Çünki bu çox
mühüm amildir. Aktyor ya da aktrisa öz obrazını kamil
yaratmaq üçün tərəf müqabilindən güc
və güvən almalıdır. Bu olmayanda nəsə
yarımçıq qalır. Sizin bu barədə fikrinizi bilmək
istərdim. Kiminlə tərəf müqabili olmaq daha rahat olub
sizə? Gələcəkdə
kiminlə tərəf müqabili olmaq istərdiniz?
-Razıyam,
tərəf müqabilində ən azı səni başa
düşmək qabiliyyəti olmalıdır. Mən heç
birinin qəlbinə dəymək istəməzdim. Hər
birinin özünəməxsus oyun tərzi var. Hazırda
çox istədiyim bir insan, hətta deyərdim
qardaşım olan Rasim Cəfərovla tərəf müqabili
olmaq istərdim. Çünki gənclər arsında ən prespektivli, istedadlı, daxili
plastikası, düşüncəsi olan aktyordur. Onunla işləmək
çox maraqlı olardı.
-Bu il təqdim
olunan “Aktrisa” filmində rol almışdınız. Film
xoşunuza gəldimi? Bildiyimə görə hətta baş
rolu da oynaya bilərdiniz. Amma imtina etmisiniz. İndi peşman deyilsiniz
ki?
- Film
çox xoşuma gəldi. Elə
sizin vasitənizlə də
Rövşən İsaxı və onun yaradıcı
heyətini bir daha təbrik edirəm. Filmdə bütün
aktyorlar çox uğurlu çıxış ediblər.
Onlar bu uğura layiq idilər, çünki hər biri öz
işini bilən peşəkarlardır və çox
yaxşı insanlardır- əsas budur. Baş rola gəlincə,
qismət...Mənim bir balaca çərçivələrim
var. Nə gizlədim, açığı filmin qaralama
versiyasına baxanda belə hiss
etdim ki, peşman olmuşam.
-Səhv etmirəmsə kinoda hələlik
son işiniz Ənvər Əblucun ekranlaşdırdığı
“Tərsinə çevrilən dünya” filmində olub. Filmdə
hansı obrazla görəcəyik sizi?
- Həmin
filmdə baş leytinant obrazını canlandırıram. Məni
İrandan Azərbaycana gələn narkotiklərin yerini
öyrənmək və onu aşkar etmək üçün
məxfi əməliyyata göndərirlər. Bu film anidən
olduğuna görə
doğrusu, öz rolumdan narahatam.
-Bayaq
dediniz ki, çərçivələriniz var. Onda siz də
“bu tip rolları heç vaxt oynamaram” deyən
aktrisalardansınız.
- Hər
bir rejissordan bir söz eşidirəm- sən axı aktrisasan,
eləməlisən, oynamalısan. Mən də cavab verirəm
ki, razıyam, amma Azərbaycanda yox. Yəqin ki, siz məni
başa düşdünüz.
-Açıq-saçıq səhnələri
nəzərdə tutursunuz?
-Mən o
səhnələrin əleyhinə deyiləm. Demirəm bu
pisdir və bizim kinoya gəlməli deyil. Əgər bu
dünya praktikasında varsa, bizim filmlərə də gələcək.
Sadəcə mən o səhnələrdə çəkilmərəm.
-Sizi hər zaman müsbət
obrazlarda görmüşük. Özünüzü mənfi
qəhrəman obrazında sınamaq istərdinizmi?
- Məncə,
mənfi obraz yoxdur. Pis insan heç vaxt deməz ki, pisəm,
çünki onun da özünə görə həqiqətləri var. Sadəcə müxtəlif xarakterli insanlar, talelər
var. Biz aktrisalarsa onları
canlandırırıq. Elə bir obrazı yaratmağı
çox istərdim hətta mənim yaralı yerimdir, desəm
daha dəqiq olar.
“Qorxuram ki,
bu yol çox uzun və çətin ola...”
-Bir az da
yeni rollarınız barədə danışaq.
- “Məhv
olmuş gündəliklər”
tamaşasında Anjel obrazını yaradıram.
Tamaşanın sentyabrda premyerası olmalıdır. Noyabr
ayında isə “Romeo və Cülyetta”
tamaşası,Milli Akademik Dram
Teatrında “Kraj ana və onun
uşaqları” tamaşasının məşqləri
başlamalıdır. Mən də orda Rafiq Əliyevin tərəfindən
rol almışam.
-Dünyanın bəzi ölkərində
olmusunuz. Həmin ölkələrin
teatr mühiti, abu-havası, tamaşaçıları ilə
bizim teatrları müqayisə
edəndə hansı nəticələrə gəlmək
olar?
- Bircə
söz deyə bilərəm- biz gərək o qədər
işləyək ki, heç olmasa qonşu respublikaya
çata bilək. Amma qorxuram ki, bu yol çox uzun və
çətin ola. İstər yaradıcılıq, istərsə
də tamaşaçı mənasında. Bizdə demək
olar teatr və kino mədəniyyətinə maraq qalmayıb, ən
çox da gənclərdə.
-Teatrlar yeni mövsümə
hazırlaşır. Arzunuz, istəyiniz?
- Yeni
rollarla məhsuldar mövsüm arzulayıram. Və bir də
intriqasız yaradıcılıq...
-Deyəsən
başınız çox çəkib...
- Həm
də çox. Amma bu barədə danışmaq istəmirəm.
Nərmin MURADOVA
Paritet.- 2011.- 23-24 avqust.- S.13.