GÜNASKAM Azərbaycanın bütün həqiqətlərini təbliğ edir

 

Davud Turan: “Azərbaycanlıların xaricdə yaşadıqları yerlərdə güclü olmasını hər zaman dəstəkləyirik”

 

 Azərbaycanın dünyada təbliğində cənublu soydaşlarımız da yaxından iştirak edir. Eyni zamanda, fars rejiminin antiazərbaycan siyasətinə qarşı çıxan soydaşlarımız milli hərəkatı davam etdirmək üçün xarici ölkələrdə mühacirət etməli olurlar. Bu ölkələr arasında ən doğması isə qardaş Türkiyədir. Elə bu üzdən də bu gün Türkiyədə kifayət qədər Azərbaycan təşkilatları fəaliyyət göstərir ki, onların arasında cənublu soydaşlarımızın yaratdıqları da var. Ümumilikdə isə hər bir azərbaycanlı bacardığı qədər öz vətəninə xeyir verməyə çalışır. Cənublu soydaşlarımızın yaratdıqları Türkiyədə fəaliyyət göstərən təşkilatlardan biri də Cənubi Azərbaycanın  Sosial-Mədəni Araşdırmalar Mərkəzidir (GÜNASKAM).

 

Təşkilatın əsas yaranma səbəbləri, əsas fəaliyyəti, gördüyü işlərlə bağlı “Paritet”ə müsahibə verən Mərkəzin sədri Davud Turan bildirib ki, GÜNASKAM-ın qurulma ideyası 2007-ci ilinin dekabr ayında Cənubi Azərbaycan Milli Hərəkatının nəzəri boşluğunu hiss edərək yarandı və fəaliyyətə başlandı.

-GAMH-da nəzəriyyənin az olması bir çox problemə səbəb olur. Hərəkat kəmiyyət baxımından güclü olsa da, keyfiyyət baxımından da yüksək olmasıdır. Çünkü boşluqları olan bir hərəkatın yaşaması və davamlılığı azdır. Digər bir tərəfdən də siyasi proseslər içərisində GAMH özünə bir yol xəritəsi cızmağa məcburdur. Bu yol xəritəsinin ortaya çıxması üçün də fərqli fikirləri öyrənməyimiz lazımdır ki, GÜNASKAM-ın da hədəfi də budur. Bizim təşkilat siyasi bir təşkilatdan daha çox bir düşüncə topluluğudur. Burada əsas iş cənubla bağlı məsələlərin nəzəri olaraq müzakirə edilməsidir. Biz öz səhifəmizdə həm qarşı cəhbənin, yəni fars şovinistlərinin fikirlərinə yer veririk, həm də öz fikirlərimizi yazırıq. Digər tərəfdən də milli məsələ ilə bağlı oxucularımıza ümumi məlumat veririk. Hazırda fəaliyyətimizi internet sistemi ilə aparırıq. Saytımız üç dildə-ingilis, fars və türk dillərində fəaliyyət göstərir. Gələcəkdə dərgilərin də nəşr edilməsini planlaşdırırıq.

-Fəaliyyətinizdə Azərbaycan həqiqətlərini təbliğ edirsiniz?

-Biz GÜNASKAM-da Azərbaycanın bütün həqiqətlərini təbliğ edirik. Onun tarixi nailiyyətlərini, geopolitik vəziyyətini, yeraltı zənginliklərini, ictimai dəyərlərini... və bir çox məsələləri əks etdirməyə çalışırıq. Əslində Azərbaycan türk tarixinin ən önəmli parçalarından biri olduğu üçün əlbəttə ki, bir çox çətinliklərlə də qarşı-qarşıyadır. Dünya bizim tariximizi yaxşı bilmir. Dünyanın bizim tariximizi və günümüzdəki vəziyyəti aydınlatmaq üçün GÜNASKAM bir çox məqaləsini də ingilis dilində qələmə alır. Bizim üçün yazı yazanlar bu həqiqətləri düşünərək yazırlar.

-Diaspor fəaliyyətinə nə kimi töhvə verirsiniz?

-Azərbaycanlıların xaricdə yaşadıqları yerlərdə güclü olmasını hər zaman dəstəkləyirik. Çünki güclü olduğumuz zaman özümüzü daha yaxşı şəkildə ifadə edə biləcəyimizə inanırıq. Onun üçün hətta azərbaycanlıların xaricdəki diaspora fəaliyyətləri qarşısındakı maneələr haqqında və güclü ola bilmək üçün nələri etməliyik mövzularını məqalə və yazı olaraq yayırıq.

-Təşkilatınızın araşdırmalarında ermənilərin azərbaycanlılara qarşı törətdiklərinə nə qədər yer ayırırsınız?

-Bizim Azərbaycanla bağlı yayımladığımız məqalələrin mərkəzində ermənilərin Azərbaycanda törətdikləri cinayətlər də yer alır. Bildiyiniz kimi, İran hakimiyyəti Ermənistanla əməkdaşlığına görə, bu məsələnin çox yayılmasını istəmir. Biz də buna qarşı həm fars dilində, həm də ərəb əlifbası ilə Azərbaycan türkcəsində   ermənilərin  Azərbaycan torpaqlarını işğal etdiklərini və 1990-cı ildən başlayaraq törətdikləri cinayətlərini faktlarla daha geniş yer verməyə çalışırıq.

-Xocalı soyqırımı və Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə necə çatdırırsınız?

-GÜNASKAM 4 dildə fəaliyyət göstərir, farsca, türkcə (həm Türkiyə türkcəsi, həm Azərbaycan türkcəsi olmaqla hər iki əlifbada) və ingiliscə. İngilis dilində yayımladığımız məqalələrin bir çoxu Cənub məsələsi ilə bağlıdır. Amma bunun yanında 1918-ci ildə yaşanan Cənubdakı ermənilərin törətdikləri soyqırımı və son illərdə Şimali Azərbaycanda Xocalı və Qarabağ məsələlərinə əlimizdən gəldiyi qədər yer veririk. Əlbəttə, bu mövzuda fars dilində də məqalələrimiz olur.

-Türkiyədə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları ilə əməkdaşlığınız hansı səviyyədədir?

-Azərbaycan diaspor təşkilatları ilə əsasən informasiya mübadiləsində yaxından əməkdaşlıq edirik. Amma  bu əməkdaşlıq sistematik deyil. Bu məsələdə Azərbaycan diaspora təşkilatlarının arasında böyük bir problem var. Çünki sistematik bir əməkdaşlıq olmadığı zaman problemlər yaşanır. Bu da hədəfimizə gedən yolda axsaqlıqlar yaranmasına səbəb olur.

-Cənubi Azərbaycan və ümumilikdə Bütöv Azərbaycan haqqında daha çox nələri yayımlayırsınız?

-Biz hər zaman özümüzü dünyaya anlatmaqda çətinlik çəkmişik. Çünki bizim dünya ilə əlaqə quracaq dil və ədəbiyyatımız olmayıb. Əgər biz özümüzü doğru bir şəkildə dünyaya anlatmasaq dünya bizim sözümüzü başa düşməyəcək. Onun üçün GÜNASKAM-ın digər hədəflərindən birisi də dünya ilə əlaqə qurabiləcəyimiz dili və ədəbiyyatı yaratmaqdır. Cənubi və müstəqil Azərbaycanın sosial və mədəni məsələləri yayımladığımız yazıların mərkəzindədir. Biz birinci növbədə Cənubi Azərbaycana önəm veririk. İkinci növbədə isə Bütöv Azərbaycan məsələsi bizim üçün mühümdür. Üçüncü mərhələdə isə Türk dünyasını maraqlandıran yazılara yer veririk. Əlbəttə bunların yanında region və dünya ilə bağlı yazılar da yayırıq. 

-Türkiyə cəmiyyətində farsların azərbaycanlılara qarşı etdikləri haqqında nə qədər məlumat var?

-Cənubi Azərbaycan məsələsi yeni bir məsələ olduğu üçün Türkiyə mediası və ictimai qurumlarında hələ tam yerini tuta bilməyib. Son 5-6 ildir ki, burada Cənubi Azərbaycan kəlməsi işlədilməyə başlanıb. Əlbəttə ki, dövlət orqanları məsələnin nə olduğunu yaxşı bilirlər. Amma siyasi maraqlar səbəbindən Türkiyə Cənubi Azərbaycan məsələsinə ciddi maraq göstərə bilmir. Son illərdə Türkiyədə yaşayan cənubluların fəaliyyəti nəticəsində bu məsələ yavaş-yavaş həm media gündəminə gəlib, həm də ictimai qurumları maraqlandırmağa başlayıb. 2006-cı ilin May qiyamlarının da buna təsiri çox olub. O, dönəmdə həm mediada bu məsələ gündəmə gəldi, həm də bəzi siyasi partiyalar bu haqda bəyanat verdilər. Amma Türkiyədə belə bir anlayış var ki, ABŞ-İran münasibətlərinə görə, Amerika cənubluları İrana qarşı çıxarır. Bu düşüncə kökündən yanlışdır. Çünki cənublular öz milli haqlarını əldə etmək üçün kimsəyə dayanmadan həm daxildə, həm də xaricdə fəaliyyət göstərirlər.

-Qarşıda hansı işləri həyata keçirtməyi planlaşdırırsınız?

-Biz GÜNASKAM olaraq yeni layihələr planlaşdırırıq. Bu planlardan biri Cənub problemi ilə bağlı fəaliyyət göstərən güclü bir tədqiqat mərkəzi yaratmaqdır. Bu mərkəzdə Cənub məsələsilə bağlı mütəxəssislər araşdırmalar apara bilər. Bizim dünyaya özümüzü az tanıtmağımızın nəticəsində  bu gün dünya Azərbaycanın Cənub problemi ilə o qədər də maraqlanmır. Ona görə də  yaratmağı planlaşdırdığımız mərkəzdə Cənub problemi ilə bağlı seminarlar və konfranslar təşkil etməklə bu problemi dünyanın gündəminə gətirməyi düşünürük.

 

 

Asif NƏRİMANLI

 

Paritet.- 2011.- 23-24 avqust.- S.10.