Yulduz Rəhimov: “Kanadada
çoxsaylı azərbaycanlı tələbələrin təhsil
almasına nail olsaq,
düşmənlərimizi küncə
sıxışdıracayıq”
Keçən əsrin 90-cı illərində
Azərbaycanda yaranmış ağır iqtisadi
durum kifayət qədər
ziyalıların ölkəni tərk etməsi ilə nəticələndi.
Bunun yaratdığı boşluq
indiyə qədər hiss edilir.
Həmin şəxslər hazırda müxtəlif ölkələrin
vətəndaşları olduqlarından həmin dövlətlərin
uğurlarına xidmət edirlər. Son iki onillikdə elmə gətirilmiş yeniliklərdə
əslən azərbaycanlı olan alimlərin
də əməyi xüsusi yer tutur. Təsadüfi deyil ki, Azərbaycan bir çox ölkələrdən
fərqli olaraq bu cür ziyalıların hesabına müsbət
imicini daha da artırıb. Bir vaxtlar azərbaycanlıları savadsız, barbar hesab edən xalqlar bu gün
ölkəmizin mədəniyyətindən ağızdolusu
danışırlar.
Öz
növbəsində Azərbaycan da ona xidmət göstərən
həmvətənlərini unutmur, daim onları müdafiə
edib, tək olmadıqlarını göstərir. Statiskaya
baxsaq xaricdə yaşayan həmvətənlərimizin söz
sahibinə çevrilməsini, Bakının güclənməsi
ilə müşahidə olunduğunu görərik. Bu o,
anlama gəlir ki, Azərbaycan diasporunun arxasında
güclü dövlət olmasaydı, bu gün onların fəaliyyəti
o qədər də güclü olmazdı.
Artıq
Bakının təşəbbüsü ilə indiyə qədər
dünya azərbaycanlılarının üç
qurultayı keçirilib. Və hər qurultaydan sonra
diasporumuzun fəaliyyətindəki inkişaf nəzərəçarpacaq
dərəcədə olub. Bu özünü ilk növbədə
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında, ölkəmizə səfər
etmək arzusunda, vətəndaşlarımızla ünsiyyət
yaratmaq istəyən əcnəbilərin sayının
artmasında, dünya dövlətlərinin keçən illərlə
müqayisədə Azərbaycanı daha çox müdafiə
etmələrində göstərir.
Bu dəfə
söhbət açacağım həmvətənimiz də
bunları təsdiqləyir. Onun fikrincə, Bakı xaricdə
yaşayan azərbaycanlılara bu qədər dəstək
verməsəydi, sadalananlara nail olmaq da çətin
olardı. Amma onun fikirlərinə keçməmiş, gəlin
özü ilə tanış olaq. 2001 –ci ildə təsis
edilmiş Kanadalı Azərbaycanlılar Assosiasiyasının
sədri professor Yulduz Rəhimov...
Bu
ziyalımız Kanadaya heç də istəyinə uyğun
olaraq getməyib. O, ixtisasca riyaziyyatçıdır. Uzun illər
Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət
göstərib. Hətta keçən əsrin 90-cı illərində
yaranmış ağır durum da, onu ölkəsini tərk
etməsinə təsir edə bilmədi. Amma sonradan müəllimlərin
həyatında elə də ciddi bir dönüşün yaranmadığını
görüb, Kanadaya üz tutmalı oldu. Hazırda Kanadanın ən böyük və prestijli universiteti hesab olunan “York”-dan ona təklif
gəlir. Bu, Y.Rəhimovun
xarici ölkələrin
birində keçirilən
konfransların birində
baş verir. Təklif olunmuş yüksək məvacib, həyat şəraiti onu düşünməyə məcbur
edir. Və 2000-ci ildə o, “York” Universitetinin təklifini dəyərləndirir. Keçən
11 il ərzində
bir neçə kitabı nəşr olunan riyaziyyatçı, dünya elminə verdiyi tövhələrə
görə ali mükafatlarla təltif olunub. Bununla bərabər o, Azərbaycan
həqiqətlərinin Kanada
ictimayyətinə çatdırmaq
üçün də
əlindən gələni
edir.
11 sonra vətənə qayıtmış alimin təəssüratları yəqin
oxucular üçün
də maraqlı olar: “Əgər Azərbaycanın bu qədər inkişaf edib, gözəlləşəcəyini
bilsəydim, inanın
ki, buranı tərk etməzdim. Qoyub getdiyim köhnə binaları, yolları, parkları tanıya bilmirəm. Demək olar ki, hər şey dəyişib. Açığı bu qədər qısa müddət ərzində Bakının
bu qədər dəyişəcəyini təsəvvür
belə etmək çətindir. Amma reallıqdır.
Doğma
şəhərimin bu
qədər gözəlləşməsindən
sadəcə qürur
hissi keçirirəm.
Səfərim qısa olsa
da, Bakı Dövlət Universitetinə
də baş çəkə bildim.
Bir vaxtlar dərs dediyim auditoriyaların ən müasir səviyyəyə gətirilməsinin
şahidi oldum. Kanadaya təhsil almağa gələn həmvətənlərim,
Bakıda yaşayan qohumlarım bu barədə mənə danışsalar da düzü inanmırdım.
Axı Bakını tərk etməyim o qədər də uzaq keçmişdə
olmayıb. Amma özüm
reallıqları görəndə,
danışılanların belə az olduğuna
əmin oldum”.
Həmvətənimizin fikrincə, Azərbaycanın
ən böyük uğurlarından biri oturuşmuş, stabil dövlətin yaranmasıdır. Bu varsa demək digər çatışmayan cəhətləri
aradan qaldırmaq çətin olmayacaq: “Ən çox sevindirici hallardan biri burada prinsipial
məsələlərdə fikir ayrılıqlarının
olmaması və hər kəsin öz işi ilə məşğul olmasıdır. Halbuki tələbənin siyasətlə, müəllimin
bizneslə, həkimin
dəllallıqla məşğul
olduğu dövr heç də uzaqda deyildi. Vətəndaş müharibəsi, bir-birinə düşmən
kəsilən siyasi qruplaşmalar hər kəsdə bədbin ruh yaratmışdı.
Şükürlər olsun ki, bunlar arxada qalıb.
Bu gün fəxrlə
demək olar ki, güclü, mütəqil dövlətimiz
var. Çünki keçən
əsrin sonlarından
fərqli olaraq indi bu gerçəklikdir.
O zaman bir saatdan sonra nəyin
baş verəcəyinə
təminat vermək belə mümkün deyildi”.
Y.Rəhimov qurultayda iştirak
etdiyindən, onun hansı təkliflərlə
gəldiyini soruşduq:
“Açığı, Dünya
Azərbaycanlılarının III Qurultayında iştirak etmək planım yox idi. Həm universitetdəki
işlərim çox
idi, həm də dəvət olunacağımı gözləmirdim.
Odur ki, mənə dəvətnamə göndəriləndə,
bir qədər gözlənilməz oldu.
Bakıya gəlməyim də
sadəcə iştirakçı
olmağımla bağlı
olmadı. Konkret təkliflər
hazırlamışam. Universitetdə işləyən
müəllim kimi ən çox narahat olduğum məqam, azərbaycanlı
tələbələrin olduqca
az, hətta
çox cüzi olmasıdır. Təbii ki, bu Kanadada təhsil haqqlarının əcnəbilər
üçün kifayət
qədər çox olması ilə bağlıdır. Kanada vətəndaşı
olan azərbaycanlılar
da çox azdır. Ermənilər bu baxımdan
bizi üstələyirlər.
Hər qrupda ən azı 3-4 erməni əsilli tələbə
təhsil alır.
Bunları nəzərə alaraq təklif edirəm ki, Azərbaycan höküməti
Kanada universitetlərində
təhsil almaq üçün çoxsaylı
tələbələr göndərsin.
Bu Kanada cəmiyyətində
Azərbaycan həqiqətlərinin
tanıdılması baxımından
çox vacibdir.
Hesab edirəm ki, təklifim ciddiyə alınacaq”.
Həmvətənimiz də diasporda təmsil olunan şəxslər arasında
fikir ayrılıqlarının,
ziddiyyətlərin olduğunu
etiraf etdi. O da bunun aradan qaldırılması
üçün Bakının
birbaşa müdaxiləsinin
çox vacib olduğunu bildirdi. Bununla belə “Kanadalı Azərbaycanlılar
Assosiasiyası” yarandığı
gündən Azərbaycan
həqiqətlərinin ictimayyətə
çatdırılması istiqamətində ciddi addımlar atıb. Riyaziyyatçı alim bu barədə bir epizod danışdı:
“24 Aprel ərəfəsində
erməni gəncləri
üçgünlük aclıq
aksiyası keçirirdilər.
Tələbləri bu
idi ki, Kanada
“erməni soyqırımını“ rəsmən tanısın. Onların qarşısını almaq üçün biz də öz növbəmizdə fəaliyyətə
başladıq. Yolun bir
tərəfində onlar,
digər tərəfində
biz toplaşmışdıq. Həm mütəşəkillik, həm
də səviyyə baxımından ermənilərdən
bir neçə dəfə güclü olduğumuzdan aksiyalarını
yarımçıq yekunlaşdırmalı
oldular. Kanadada sayımız ermənilərdən
az olsa
da bizə münasibət daha yaxşıdır. Təəssüfləndirici məqam odur
ki, Azərbaycan həqiqətlərini sadə
xalq demək olar ki, bilmir.
Məsələn, hardasa imkan
düşəndə Xocalı
soyqırımından, Qarabağ
müharibəsindən danışanda,
“biz yalnız ermənilərin
soyqırıma məruz
qaldığını eşitmişik”
deyirlər. Bunun yalan,
cəfəngiyyat olduğunu
sübut etməksə,
çox çətindir.
Amma mümkünsüz də deyil. Artıq bir neçə
dəfə Kanadadakı
səfirimizlə görüşmüşəm.
Bu onu da
ciddi narahat edir. Hələlik gəldiyimiz qənaət
budur ki, nəyin bahasına olursa-olsun azərbaycanlı
tələbələrin bu
ölkədə təhsil
almasına nail olmalıyıq.
Onlar Azərbaycanın maraqları
uğrunda ciddi addımlar atmalıdırlar.
Eyni zamanda kanadalı gənclərin qısa müddətə olsa da Azərbaycana gəlməsinə imkanlar
yaradılmalıdır. Məncə bu çox vacib,
gələcəyə hesablanmış
addım olacaq. Dövlət
başçısı qurultaydakı
çıxışında hücum taktikasının
tətbiq olunmasının
vacibliyini heç də söz xatirinə deməyib.
Haqlı
tərəf olduğumuzdan
düşmənlərimizin üstünə şığımalıyıq.
Amma hər ölkədə vəziyyət eyni olmur. Kanadada hökmən gənclərin
çoxalmasına nail olmaq
lazımdır. Və təbii
ki, bütün diaspor təşkilatları
da heç olmasa hər ölkə üzrə birləşməlidir. Bir ölkədə
eyni milləti, xalqı təmsil edən bir neçə
təşkilatının mövcudluğu
müəyyən problemlərin
yaradılmasına imkanlar
açır”.
Y.Rəhimov Kanadaya böyük ruh yüksəkliyi ilə qayıtdığını
da gizlətmədi. Onun sözlərinə görə,
Bakıda hökumət
nümayəndələri ilə
keçirilən görüşlər
növbəti beş ildə ciddi nəticələrin əldə olunacağını
deməyə əsas verir: “Rəsmi Bakı Kanadada keçirilməsi nəzərdə
tutulan tədbirləri
maliyyələşdirəcəyini öz öhdəsinə götürüb. Bu, çox böyük dəstəkdir. Hesab edirəm
ki, bundan layiqincə istifadə edə biləcəyik”.
Məhəmməd TAĞIYEV
Paritet.- 2011.- 25-26 avqust.- S.10.