““Aztelekom”un tam özəlləşdirilməsi
strateji cəhətdən vacibdir”
Əli Abbasov: “Əhalini keyfiyyətli
xidmətlə təchiz etmək üçün internetə
qoşulma şərtlərini sadələşdirən bir
siyasət işləyirik”
Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov
“The Business Year” jurnalının Azərbaycana həsr
olunmuş xüsusi sayına müsahibə verib. “Azadinform”
müsahibəni qısa ixtisarla təqdim edir:
- Nazirliyiniz sabit şəbəkəni
genişzolaqlı inkişaf etdirmək üçün
hansı investisiyaları dəstəkləyib və gələcək
illərdə yayılma əmsalı üçün nə
kimi hədəfləriniz var?
-
Ölkənin bütün ərazilərinə
genişzolaqlı xidmətləri çatdırmaq
üçün mexanizmi yenidən qurmalı və
telekommunikasiya şəbəkəsini rəqəmsallaşdırmalı
olduq. Biz orta və kiçik sahibkarları Azərbaycanda
internet xidmətləri ilə təmin etməyə həvəsləndiririk.
Bu fəaliyyət üçün heç bir xüsusi icazə
tələb edilmir. Məhz bunun nəticəsidir ki, hazırda
ölkədə 30 internet provayderi var və onların ikisini
çıxmaq şərti ilə hamısı özəl
kompaniyalardır. İnternet seqmenti son illər ərzində
böyük inkişaf yolu keçib. Genişzolaqlı internet
xidmətlərindən istifadə tarifləri son üç
ildə 10 dəfə düşərkən, xidmətlərin
həcmi 4 dəfə, son 5 ildəki göstəriciyə
görə isə 7 dəfə artıb. Ölkə üzrə
bizim istifadəçi göstəricimiz 50 faizdir ki, bu istifadəçilərin
də 15 faizi genişzolaqlı internet istifadəçisidir.
Hazırda internet istifadəçilərinin sayını
artırmağa çalışırıq. Eyni zamanda əhalini
keyfiyyətli xidmətlə təchiz etmək
üçün internetə qoşulma şərtlərini sadələşdirən
bir siyasət işləyirik. Uzunmüddətli inkişaf hədəflərimizi
qətiləşdirəcək genişzolaqlı internet xidmətlərini
inkişaf etdirmək üçün yeni strategiya üzərində
çalışırıq.
- “Aztelekom”un tam özəlləşdirilməsindən
əvvəl daha hansı addımların atılmasına
ehtiyac var və bunun rəqabətə nə kimi təsiri
olacaq?
-
“Aztelekom” Azərbaycanın böyük bir telekommunikasiya şəbəkəsinə
malik olan beynəlxalq operatoru olduğundan onun tam özəlləşdirilməsi
strateji cəhətdən vacibdir. Buna görə də
şirkət tam özəlləşdirilmədən və səhmdar
cəmiyyətə çevrilmədən əvvəl yenidən
strukturlaşdırılmalıdır. “Aztelekom”un özəlləşdirilməsi
həm də yeni keyfiyyətli xidmət təklif etmək
üçün bazarın digər üzvlərini
stimullaşdıracaq. Qısaca, bazarı inkişaf etdirmək
və istifadəçiləri razı salmaq məqsədilə
telekommunikasiya operatorları üçün sağlam və rəqabətə
davamlı bazarın təchizi bizim əsas hədəfimizdir.
- Daşınan nömrə sistemi
varmı sizdə, bu sahədə vəziyyət necədir?
- Biz
mobil nömrə daşıya bilmək imkanı yaratmaq
üçün ixtisaslaşmış şirkətlərin təmsilçiləri
ilə görüşmüşük. İndi isə normativ
qanuni sənədləri hazırlamaq və Azərbaycanda
sistemi tənzimləmək üçün texniki baza yaratmaq
istiqamətində birgə çalışırıq. Mobil
rabitə sektorunda əldə olunan inkişaf bizə sektorun
inkişafına, sağlam rəqabət mühiti
formalaşdırmağa və istifadəçilərin daha
böyük imtiyazlarla yüksək keyfiyyətli xidmətlərlə
təmin olunmasına müsbət təsir edəcək. Bundan
başqa, bu xidmətlərdən etibarlı və effektiv
istifadəni də tənzimləyəcək.
- 2011-ci ildə Azərbaycanın
telekommunikasiya sənayesində 20 faizdən çox
böyümə proqnozlaşdırılıb. Bu böyümənin
arxasındakı ən vacib faktorlar nələrdir?
- İnformasiya-kommunikasiya
texnologiyalarının iqtisadiyyatın inkişafında lider
sektor kimi qəbul edilməsi bu sahənin hərtərəfli
inkişafına geniş yol açıb. Son altı ildə
İKT sektoru illik 30-32 faiz artım göstəriciləri ilə
5 dəfə böyüyüb. 2011-ci ildə aparılan
internet sorğuların nəticələri optimist proqnozlar
verməyə zəmin yaradır. Belə ki, 2010-cu ilin
müvafiq dövründəki göstəricilərlə
qarşılaşdırıldıqda İKT sektorunda 24,7 faiz,
xüsusilə telekommunikasiya sektorunda 19,2 faizlik artım var və
informasiya texnologiyaları sahəsi 2 dəfə
böyüyüb. Ümid edirik ki, 2011-ci ilin sonuna kimi bu
artım göstəricisi 30 faizə çatacaq.
-Azərbaycanın yerli məhsul
istehsalı xidmətinin inkişafında informasiya
texnologiyaları sektorunun rolunu necə
görürsünüz?
-
İnformasiya texnologiyalarının dinamik və mobil operator
sektorunun sürətli inkişafında İKT sənayesi mərkəzi
əsas rol oynayacaq. İT təchizatları istehsalı
artır, yeni kompaniyaların professional səviyyəsi təkmilləşir,
yeni şirkətlər Azərbaycanda elektron
bankçılıq xidmətlərinin və ticarətin
yayılmasında fəal rol oynayırlar. Azərbaycan İT
şirkətləri Cənubi Qafqaz və Mərkəzi Asiyada
yalnız milli layihələrə daxil edilmir, onlar həm də
regional bazara öz məhsullarını ixrac edirlər.
Önümüzdəki əsas məqsədlərdən biri
sektorun ölkə iqtisadiyyatındakı çəkisini
artırmaq, yeni şirkətlərin fəaliyyətini
genişləndirməklə yanaşı, yerli istehsalı və
ixracat həcmini artırmaqdır.
İsmayil
Paritet.- 2011.- 6-8 avqust.- S.9.