“Azərbaycan
diasporu tezliklə öz gücünü daha da göstərəcək”
Elmar Səttarov: “Əgər bu
gün Almaniyanın gələcək rəhbərləri
olacaq həmin şəxslərə Azərbaycanı dərindən
tanıtmasaq, gələcəkdə tanısalar da, o qədər
də diqqət göstərməyəcəklər”
Azərbaycanın
diaspor həyatında ən əlamətdar hadisələrdən
biri iyulun əvvəllərində Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi
oldu. Dünyanın əksər ölkəsindən doğma Vətənə
toplaşan azərbaycanlılar arasında uzun illər diaspor fəaliyyəti
ilə məşğul olan insanlarla yanaşı, bu fəaliyyətə
yeni başlayan gənclərimiz də var idi. Belə gənclərdən
biri də Almaniyanın Hamburq şəhərində fəaliyyət
göstərən “Almaniya Azərbaycan Mədəniyyət Cəmiyyəti-Hamburq”
təşkilatının rəhbəri Elmar Səttarovdur.
Bizimlə söhbətində uzun illərdir doğma Vətəndən
uzaqda yaşayan E.Səttərov hər dəfə Azərbaycana
gələndə ölkənin daha da inkişaf etdiyini deyir.
Diaspor fəaliyyətində gənclərin rolu,
Almaniyadakı azərbaycanlıların vəziyyəti ilə
bağlı suallarımıza cavab verən E.Səttarov
bildirib ki, rəhbərlik etdiyi təşkilat 2006-cı ildə
yaranmasına baxmayaraq qısa müddət ərzində
diaspor fəaliyyətində xeyli iş görüb.
-Mən 22 ildir ailəmlə birlikdə
Almaniyanın Hamburq şəhərində yaşayıram. Biz
ilk dəfə ora gedəndə azərbaycanlıların
heç bir fəaliyyəti yox idi. Əsasən Cənubi Azərbaycandan
olanlar və Türkiyənin Qars, İğdır bölgəsindən
gələnlər idi. Fəaliyyət göstərənlərin
çoxu isə yaşlılar idi, cavanlarınsa əksəriyyəti
dil bilmirdilər. Türkiyədən gələn azərbaycanlılar
özlərini daha çox türk hesab etdikləri üçün,
Türkiyəyə meyl göstərirdilər. Azərbaycanla
heç maraqlanmırdılar. İran azərbaycanlılarında
isə daha çox qorxu var idi. Bu vəziyyətin belə davam
etməsi 2005-ci ilə kimi oldu. Belə ki, həmin ildən
sonra Azərbaycan Berlinə yeni səfirini, Pərviz
Şahbazovu göndərdi. P.Şahbazov insanlarla şəxsən
tanış olub, danışan insandır. O zaman, yeni səfirimiz
Hamburqa gəldi və bütün azərbaycanlı tələbələri,
eyni zamanda Azərbaycana maraq göstərən tələbələri
bir araya toplayıb, bildirdi ki, burda azərbaycanlı gənclərdən
ibarət möhkəm bir təşkilat yaradılması
yaxşı olar. Hər nə kömək lazımsa, səfirlik
tərəfindən ediləcəyini dedi. Bu ideyanı bizə
verdikdən sonra artıq təşkilatlanmağa
başladıq. İlk növbədə universitetdə Azərbaycan
günlərini keçirdik. Sonra Xocalı faciəsi haqqında
tədbirlər təşkil etdik. İşlərimizi alman
ictimaiyyəti ilə yanaşı əsasən gənclərlə
aparırıq. Çünki bugünkü alman gəncləri
gələcəkdə Almaniyanın rəhbərləridir. Əgər
bu gün Almaniyanın gələcək rəhbərləri
olacaq həmin Azərbaycanı dərindən tanıtmasaq, gələcəkdə
tanısalar da, o qədər də diqqət göstərməyəcəklər.
-Təşkilatınız necə
fəaliyyət göstərir?
-Bizim
təşkilat əsasən gənclərdən təşkil
edilib.
Demək olar ki, 95 faiz gənclərdir. Çünki,
gənclərin çoxu siyasətə qarışmır.
Onları maraqlandıran məsələlər
daha çox idman, musiqi, rəqs və digər şeylərdir.
Bunlar vasitəsilə təbliğat aparmaq daha
asan və inandırıcı olur. Çünki
bəzən siyasi təbliğatlara o qədər də
inanmırlar. Təşkilatımız Azərbaycan dili kursları təşkil
edir. Bu kurslarda Azərbaycan
dilini türklərə, yaxud başqa millətlərə
öyrədirik. Almaniyadakı yaşlı
azərbaycanlılar bizim fəaliyyətimizlə fəxr edirlər.
Bizim təşkilatın təbliğat vasitələrindən
biri də futbol, valeybol turnirləridir ki, bu turnirləri təşkil
edərək yerli əhaliyə öz mədəniyyətimizi,
idmanımızı göstəririk. Yaxud
Almaniya ilə Azərbaycanın futbol oyununa azərbaycanlıların
getməsi üçün avtobuslar tuturuq. O qədər
də imkanı olmayan azərbaycanlı ailələrə
bileti özümüz alırıq. Ala bilməyəndə
orda Azərbaycan səfirliyi də kömək edir. Bəzən 500 bilet göndərir. Məqsədimiz Almaniyada yaşayan azərbaycanlıların
Azərbaycanı unutmamasıdır. Keçirdiyimiz
futbol turnirlərində də Azərbaycanın təbliğatını
aparırıq. Almaniya çoxmillətli
dövlətdir. Təkcə Hamburq şəhərində
100-dən artıq xalq yaşayır. Biz
onların arasında təşkil etdiyimiz valeybol, şahmat,
futbol, müxtəlif turnirlər Azərbaycan
bayrağının altında baş verir. Bu yaxınlarda bayrağımızın altında
Hamburq beynəlxalq futbol turniri keçirdik. Həmin turnirdə Hamburqdakı bütün millətlərin
nümayəndələri gəlmişdi. Fasilələrdə
isə Azərbaycanın rəqslərini, yeməklərini,
musiqisini nümayiş etdiririk. Təbii ki,
bu zaman ordakı hər kəs maraqlanır. Bilməyən də Azərbaycanın necə bir
ölkə olduğunu öyrənir. Necə olsa da tanış olurlar.
-Almaniyada yaşayan, təhsil alan gənclərimiz daha çox hansı sahələrdə
çalışırlar?
-Azərbaycanlı
gənclər müxtəlif sahələrdə
çalışırlar. Onu da deyim ki, çox
zaman onların işləri uğurlu olur, xüsusilə idman
sahəsində. Hətta elə
idmançılarımız var ki, cavan olmasına baxmayaraq
artıq məşqçi kimi çalışır. Almanlarda güləş o qədər də
inkişaf etmədiyi üçün, azərbaycanlı
idmançılar orda güləş növündən dərs
deyirlər. Eyni zamanda alman komandalarında
azərbaycanlı güləşçilər beynəlxalq
turnirlərdə Almaniyanı təmsil edirlər. Azərbaycanın tanınması üçün
bunun böyük əhəmiyyəti var. Bununla yanaşı
boksçularımız da uğurla fəaliyyət göstərirlər.
Yaşar Niftəliyev adlı boksçumuz ilk azərbaycanlıdır
ki, Maqnid şəhərində boks mərkəzi
yaradıb. Ora azərbaycanlı
boksçuları gətirir, alman, yaxud dünya
boksçularına qarşı peşəkar turnirlər
keçirir. Almanlar görürlər ki,
bizdə idman yüksək səviyyədə inkişaf edib.
Azərbaycanda valeybol inkişaf etdiyinə
görə, Almaniyadakı valeybolçular Azərbaycana maraq
göstərir. Ümumiyyətlə,
bugünkü gənclər Azərbaycanın gələcəyidir.
Ona görə də, bu gün xaricdə nə qədər
çox gəncimiz yaşasa, uğurla fəaliyyət
göstərsə Azərbaycanı da dünyada təmsil edən
o qədər çox olar.
-Almaniyada Azərbaycan həqiqətləri
barəsində nə dərəcədə xəbərdardırlar?
-Alman gənclərinin
çoxu “Avroviziya” müsabiqəsində qələbəmizdən
sonra Azərbaycanı tanıdılar. Bizim
universitetimizdə Azərbaycanı azərbaycanlı tələbələrlə
ünsiyyətdə olduqları üçün müəyyən
qədər tanıyırlar. Mənim
bitirdiyim universitetdə 10 min tələbə təhsil
alırdı, onların cəmi 5 faizi Azərbaycan haqqında
nəsə bilirlər. Onların
marağı daha çox Avropa dövlətlərinədir.
Çünki, onlar həmin dövlətlərə
turist olaraq gedirlər. Buna görə də
dövlət mütləq turizmi inkişaf etdirməlidir.
Bu sahədə heç olmasa Türkiyə kimi
olması Azərbaycanı dünyada bundan da çox tanıdacaq.
Hazırda sadə almanlar Azərbaycan həqiqətləri
barəsində kifayət qədər məlumatlı deyillər.
Amma bunun üzərində iş aparırıq. Ən əsas da gənclər arasında Azərbaycan
həqiqətlərini yayırıq. Bizim
təşkilat sıfırdan başlamağına baxmayaraq bu
istiqamətdə işlərim səngimək bilmir və
tezliklə daha çox uğur qazanacağımıza
inanırıq. Artıq neçə ildir ki, hər il olmaqla Xocalı soyqırımının
anılması günlərini keçiririk. Hər dəfə
də parlamentdə təmsil olunan millət vəkillərini, ali məktəblərin nümayəndələrini
dəvət edirik. Almanlar bu faciə haqqında
bilirlər, amma o dərəcədə informasiyalı deyillər.
Onlar Bosniya-Hersoqonaviya münaqişəsi
haqqında daha çox bilirlər, nəinki Azərbaycanın
problemləri haqqında. Burda cografi amil də
öz rolunu göstərir. Çünki
ordan olan qaçqınlar daha çox Almaniyaya gəldikləri
üçün almanlar da bu haqda daha çox məlumatlıdırlar.
Amma Azərbaycan qaçqınları öz
yurdlarından didərgin düşəndə birbaşa Azərbaycana
gəldilər, əslində bu belə də olmalı idi.
Ona görə də onları bu problemlər o qədər
də maraqlandırmır. Eyni zamanda, vaxtilə
erməni diasporu öz yalanları ilə ictimai fikri əsl həqiqətdən
yayındırıb. Ona görə də, illərdir
almanların beyinlərinə hopmuş bu fikri dəyişdirmək
bir az çətinlik yaradır. Amma, bununla belə biz öz təbliğatımızı
dayandırmaq fikrimiz yoxdur və son zamanlar bir çox nailiyyətlər
də qazanmışıq. Bunun nəticəsidir
ki, son zamanlar erməni diasporu susub. Ermənilərin
susmasına Azərbaycan diasporunun güclənməsi də səbəb
olan amillərdəndir.
-Almaniyada türklər çoxdur. Onlarla əməkdaşlığınız
hansı səviyyədədir?
-Biz ilk
növbədə türklərlə də bərabər
işləməliyik. Çünki türklərin çoxunun hələ
də əsas məqsədləri Türkiyədir. Biz onları anlatmağa çalışırıq
ki, sizin məqsədiniz təkcə Türkiyə deyil, Azərbaycan
da olmalıdır. Neçə ildir ki,
Hamburqda fəaliyyət göstərən türk təşkilatlarının
içinə daxil olaraq, Azərbaycanla bağlı məlumatları
yaymağa çalışıram. Çünki
onların çoxu Almaniyada doğulan türklərdir və
Avropa şüurundadır. Almaniyadakı gənc
türklərin düşündükləri heç
Türkiyənin özü də deyil. Onlar
çalışırlar ki, Türkiyənin özünü
modernləşdirsinlər və bəzi şeylərlə
barışsınlar. Bir çox türk gənc
təşkilatları var ki, deyirlər ki, gərək erməni
“soyqırım”ı haqda iddialarla barışaq. Bunun qarşısını türklər deyil, biz azərbaycanlılar
alırıq. Biz onlara başa
salırıq ki, gərək birləşib bunun
qarşısını alaq. Onları biz
ayıldırıq. Əslində azərbaycanlı
gənclərin işi türk təşkilatlarından da
çoxdur. Bizim məqsədlərimiz də
çoxdur. Almanlarla yanaşı türklərə
də bəzi həqiqətləri çatdırmağa
çalışırıq. Həm də türklərin
özlərini
qondarma erməni soyqırımı haqqında məlumatlandıraraq,
onları bununla barışmağa imkan vermirik.
-Diasporumuzun hazırkı fəaliyyəti
və Azərbaycan dövlətinin bu sahədə
apardığı işləri necə qiymətləndirirsiniz?
-Belə
davam edərsə, Azərbaycan diasporu tezliklə öz
gücünü daha da göstərəcək. Əvvəllər biz reaksiya göstərirdik, nəinki
aksiya. Biz həmişə gözləyirdik
ki, kimsə bizə qarşı nəsə etsin və ondan
sonra biz öz reaksiyamızı göstərək. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq
diaspor nümayəndələrimiz anladı ki, əvvəlcə
aksiyalar keçirtmək lazımdır ki, ermənilər bizə
qarşı reaksiya göstərsin. Çox az müddətədə fəaliyyət
göstərməsinə baxmayaraq artıq azəri diasporu
olduqca irəliləyib. Burda Azərbaycan dövlətinin
də rolunu vurğulamaq lazımdır. Çünki
diasporumuzun uğurlu
fəaliyyətinə ilk növbədə dövlətin
köməyi səbəbi oldu. Qurultayı keçirmək üçün kifayət
qədər vəsait lazımdır. Azərbaycan
dövləti bunu öz soydaşlarından əsirgəmədi.
Bura azərbaycanlılarla yanaşı, almanlar,
türklər, xarici ölkə vətəndaşları da gəlib.
Azərbaycan dövləti diasporlar
üçün Elnur Əliyevi əlaqələndirici kimi təyin
edib. Onun bizə köməyi çox dəyir.
-Qarşıda hansı işləri
həyata keçirtməyi planlaşdırırsınız?
-Gələcəkdə
planlarımız çoxdur. Konfranslar, turnirlər
keçirməyi planlaşdırırıq. Əsasən mədəni və idman xarakterli
olmağını düşünürük. Çünki, yaxşı siyasəti bu iki sahə
vasitəsilə aparmaq olar. Bu yollarla
çalışacağıq ki, həm almanlara, həm də
orda yaşayan digər millətlərə Azərbaycanı
tanıtdıraq.
Asif NƏRİMANLI
Paritet.- 2011.- 6-8 avqust.- S.11.