Azərbaycana “afərin” demək lazımdır

 

Ertan Özyigit: “Diasporlarımızın birgə fəaliyyəti həm Azərbaycan, həm də Türkiyə üçün çox mühüm bir məsələdir”

 

 Azərbaycanın diaspor siyasətinin əsas ana xəttlərindən biri də Türkiyə diasporu ilə müttəfiqliyin qurulmasıdır. Xüsusən erməni məsələsində iki qardaş ölkənin diasporunun mübarizəsi istər öz içlərində, istərsə də qlobal olaraq eynilik təşkil edir. Bəs, bu baxımdan vəziyyət necədir? Bu yöndə atılan addımlar öz bəhrəsini verirmi?. Bu mövzuda Dünya Azərbaycanlılarının III Qurultayı günlərində Türkiyədə fəaliyyət göstərən  Beynəlxalq Strateji Əlaqələr Agentliyinin rəhbəri Ertan Özyigit  “Paritet”ə maraqlı açıqlamalar verdi.

 

 Onun sözlərinə görə, Azərbaycana “afərin” demək lazımdır ki, hazırda diaspor ağılına düşüb və bunu tətbiq edir: “Türkiyə bu mənada çox geri qalırdı. Türkiyədə ən böyük problem lobbiçiliyin olmamasıdır. 2001-ci ilə qədər ölkə xaricinə çıxan türklər üçün türk olmaq əziyyət idi. 2001-ci ildən bu yana yeni-yeni lobbiçilik fəaliyyəti var. Almaniya, ABŞ,  Fransa və İtaliyada baş verənləri bilirsiniz.  Ən azından İtaliyanın əlindən Aponu ala bilmədik. Diasporun məqsədi birlik olmaq, xaricdəkilərə çatmaqdır. Türkiyədə diaspor sahəsində bir şey edilmədi, ümid edirik ki, bundan sonra edilər”.

E.Özyigit bildirdi ki, bu gün Azərbaycan diasporu üçün ən böyük problem erməni diasporudur: “Türk və azəri diasporları hazırda çox zəifdir. Birgə fəaliyyətlə bağlı da problemlərimiz var. Bu problemlər öz həllini tapmalıdır. Birgə fəaliyyətin yeni variantları işlənib hazırlanmalıdır. Hansı yöndə fəaliyyət göstərməyimiz daha müsbət nəticə verər? Bu sualın cavabını tapmalıyıq. Diasporlarımızın birgə fəaliyyəti həm Azərbaycan, həm də Türkiyə üçün çox mühüm bir məsələdir. Bu diaspor dünyada qlobal hərəkət olaraq hər şeyi dəyişdirəcək. Buna görə də mühüm bir addımdır. Bundan sonra Türkiyə və Azərbaycan diasporları Azərbaycanın bu ağlı ilə böyüyərsə, erməni diasporuna qarşı çox böyük addım atılmış olacaq və Dağlıq Qarabağ problemi daxil olmaqla çox işlər həll olunacaq. Çünki həyatda ən mühüm şey əlaqələri qura bilməkdir. Daha çox ölkələrdə daha çox mənbələrə çatmağımız, təsir edə bilməyimiz lazımdır. Əvvəlcə bu imkanları qazanmalıyıq. Bunların həyata keçirilməsi üçün gənclər və qadınlar daha çox fəal olmalıdırlar. Əgər sadaladığım məsələlər həyata keçirilsə, qarşımızı heç kim kəsə bilməz. Erməni diasporunun da sadəcə, bizi seyr etməkdən başqa əlacı qalmaz “.

 

 “...Erməni diasporunun çıxardığı səs daha  böyükdür”

 

Həmsöhbətimizin fikrincə, iqtisadi olaraq Azərbaycan Ermənistandan daha çox zəngin olsa belə erməni diasporunun çıxardığı səs daha böyükdür: “Dolayısı ilə bundan sonra ediləcək tək şey azəri diasporunun səsini yüksəklərə qaldırmaq üçün iştirakçıların və hədəflərin daha çox artması lazımdır. Qarşımızda çox böyük bir problem var- Qarabağ problemi. Bu problemi müharibə ilə həll etmək şansımız yoxdur. Bu problemi diasporun dünyaya çatdırması lazımdır. Ermənilərin sahib olduğu diaspordan daha güclü diaspora ehtiyac var ki, indiki problemlərimiz çözülə bilsin. Azərbaycanda keçirilən qurultayın Türkiyə, Amerikada və digər ölkələrdə də keçirilməsi lazımdır. Məncə, diaspor müəyyən çərçivədə fəaliyyət göstərməməli, bütün insanlara informasiya ötürməyi bacarmalıdır. İndi güclü olan hər şeyi qazana bilər. Ona görə də əsas fəaliyyətimiz güclü olmaq üçün səylərimizin birləşdirilməsidir. Bu istiqamətdə fəaliyyətimiz daha da sürətlənməli və koordinasiya baxımından daha effektli addımlar atılmalıdır. Yalnız belə olduqda müsbət nəticələrə nail ola bilərik. Pərakəndəlik bizim işimizə yaramayacaq. Bundan başqa, mədəniyyətimizi, həqiqətlərimizi dünyada təbliğ etməyin daha müsbət yolunu tapmalıyıq. Bizə qarşı istifadə olunan taktikadan daha üstününü tapmalıyıq”.

Qarabağ probleminin həlli ilə bağlı düşüncələrini bölüşən agentlik rəhbəri bu problemin yaxın müddətdə həll olunacağına inanmır: “Azərbaycan bu məsələ ilə bağlı daha çox təbliğata üstünlük verməlidr. Bu işdə diasporun rolu əvəzsizdir. Ona görə də diaspor təşkilatları Qarabağ problemini dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışmalıdır. Hələ ki əsas fəaliyyət istiqaməti bu olmalıdır”.

O dedi ki, Azərbaycan diasporu nə qədər tez böyüsə, Qarabağ problemi də bir o qədər sürətlə həll olunar: “ Qarabağ problemini silahla çözmək mümkün olsaydı, Azərbaycan güclü dövlətdir, silahla həll edərdi. Demək, silahla həll edilməsi mümkün deyil. İqtisadi yolla çözülsəydi, yenə Azərbaycan daha yüksək iqtisadiyyata malikdir və yenə çözə bilmir. Türklük adına həll etmək istəsəydi, dünyada türklər çoxdur, amma yenə həll edilmir. Demək ki, burada lobbi fəaliyyəti ilə məşğul olub dünyadakı bütün ağlı da bura yönəltmək daha münasib olar. Azərbaycan dövlətini belə bir diaspor qurduğu üçün təbrik edirəm. Ancaq bu diasporun içini doldurmaq lazımdır. Bunu necə edə bilərdi? Məsələn, mən dünyadakı mühüm insanları burada görmək istərdim”.

Kimlərin olmasına gəlincə E.Özyigit qurultayda Türkiyə qəzetlərindən kimsəni görmədiyini qeyd etdi: “Diasporun görülən işlərini dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Burdan çıxan fikirlərin beynəlxalq aləmə çıxması lazımdır. Bu fikirlər fikir liderləri üçündür, bunu onlar xaricə daşımalıdırlar. Onsuz da azərbaycanlılar öz problemlərini bilirlər, özləri deyib, özləri eşitməsinlər deyə mən belə söyləyirəm. Məsələn, Türkiyə jurnalistlərindən Fatih Altaylı burada olsaydı, sabah mən Türkiyəyə dönərkən qəzetlərin manşet yazılarının bu qurultaya həsr edilmiş görərdim. Türkiyədə Azərbaycan diasporu ilə əlaqədar çox az adamın xəbəri var. Mən də təzə öyrəndim”.

 

 “Türkiyə və Azərbaycanın mühüm bir yol gedəcəklərinə inanıram”

 

Qeyd edək ki, Beynəlxalq Strateji Əlaqələr Agentliyi 10 ildir yaranıb və bütün dünyada siyasi əlaqələrlə bağlı lobbiçilik fəaliyyət göstərir.  Söhbət əsnasında Türkiyənin ABŞ siyasətinə toxunan E.Özyigit gerçək anlamda iki ölkə arasında bir ittifaqın olduğunu bildirdi: “Bunu pozmaq çox çətindir. ABŞ dünyada çox mühüm bir ölkədir. ABŞ soyuq müharibənin bitməsi və Sovet İttifaqının dağılması ilə birlikdə tək güclü bir ölkə oldu. Hazırda ABŞ istədiyini edə bilir.  Amma o da anladı ki,   dünyada tək olmağın zərərləri var. Dolayısı ilə dünya üzrə ABŞ-la Rusiya arasında bir konsensus var. Bu konsensusda Rusiya zəif olduğu üçün ABŞ  Rusiyanın yanına Türkiyəni də əlavə edib . Və bu birlikdən sonra Türkiyə yüksəkliyə keçib. Bu gün Türkiyənin böyümə sürətinin yüzdə on bir olması bunun sübutudur. Məncə, bundan sonra görəcəyik ki, ABŞ, Rusiya və Türkiyə üçlüyü bütün dünyaya hakim olacaq. Dolayısı ilə ABŞ-Türkiyə əlaqləri daha da genişlənəcək”.

O, Türkiyənin son parlament seçkilərindən sonrakı vəziyyətini isə bu cür təhlil etdi: “Seçkilərdən sonra Türkiyədə iqtisadi artım sürətlənəcək. Yeni konstitusiya ilə birlikdə demokratik haqlar da artacaq. Mən Türkiyənin bölgədə və dünyada bu parlamentlə birlikdə yüksələn bir dəyər olduğuna inanıram”. İki ölkə arasında ümumi əlaqələrə gəlincə isə politoloq Azərbaycanın iqtisadi olaraq yüksəlməsi, bölgədə Türkiyə və Azərbaycanın mühüm bir yol gedəcəklərinə inandığını vurğuladı: “Hətta iqtisadi olaraq bir bağlılıq iki ölkənin qlobal olaraq gələcəkdə böyük layihələrin həyata keçirəcəyinə inanıram”.

 

“Türkiyənin ən böyük problemi kürd məsələsinin həll olunmasıdır”

 

Azərbaycanda ilk dəfədir ki, olduğunu deyən E.Özyigit “ölkəmizlə bağlı eşitdiyi ilə gördüyü arasında hansısa fərq varmı” sualımız belə cavablandırdı: “Azərbaycanda neftə görə pul çoxdur. Azərbaycan mədəni baxımdan Türkiyədən daha çox inkişaf edib. Amma insanlar çox düşünmürlər, gələcəkləri ilə bağlı öz fikirlərini çox anlatmırlar.   Məsələn, 2001-ci ildən qabaq Türkiyədə də belə bənzərlik var idi. Amma indi baxın, Türkiyədə PKK belə danışa bilir. Türkiyədə demokratik irəliləyişlə bağlı olaraq insanlar daha rahat fikirlərini söyləməyə başladılar”.

Yeri gəlmişkən, həmsöhbətimiz Türkiyənin PKK ilə mübarizəsi məsələsinə də toxundu: “Türkiyənin ən böyük problemi kürd məsələsinin həll olunmasıdır. Türkiyənin iqtisadi və siyasi böyüməsi ilə birlikdə PKK problemi öz içində zamanla həll olunacaq. Dünyada Türkiyəyə verilən vəzifə, bölgədə köhnə ölkə olacağı üçün bu problemin də öz içindən həl olunacağına inanıram”.        

 

 

Fuad HÜSEYNZADƏ

 

 Paritet.- 2011.- 6-8 avqust.- S.10.