“Nikolayevdə azərbaycanlı gəncləri ictimaiyyətə inteqrasiyaya yönləndirdik”

Xəyyam Həqiqətoğlu: “Olduğumuz bütün tədbirlərdə Azərbaycanımızdan, bugünkü inkişafımızdan, mütləq də Qarabağ münaqişəsindən məlumat veririk

 

 Bu gün Ukraynanın Nikolayev vilayətində Azərbaycan həqiqətləri təbliğ olunursa, xalqımız haqqında buranın yerli sakinlərində məlumatlılıq varsa, bunun səbəbkarı Ukrayna Azərbaycanlı Gənclər Birliyidir. Daha konkret desək, bu birliyin Nikolayev vilayəti üzrə nümayəndəliyinin diaspor fəaliyyəti sayəsində mümkün olub.  Düzü, əvvəl heç inanmırdım ki, Nikolayevdə Azərbaycanı o qədər də tanıyalar. Amma Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bu vilayət üzrə sədri Xəyyam Həqiqətoğlu gördükləri işlərdən danışandan sonra yanıldığımı hiss etdim. Əvvəlcə X. Həqiqətoğlunun özünü tanıyaq.    

-1978-ci il 9 iyulda Sumqayıt şəhərində adi ailədə doğulmuşam. Valideynlərim əslən Qubadlı rayonundandırlar. Bunu ona görə vurğuladım ki, hər il yay tətilini doğma kəndimizdə babam və nənəmin yanında keçirərdim. Qubadlının işğalından sonra şəhərə köçən babamla nənəmin buna çox da dözməyərək dünyalarını dəyişməsi məni böyük sevinclərdən məhrum etdi. Bu mənim qəlbimdə, yaddaşımda “erməni” adlı əbədi bir düşmənimi yaratdı və gələcəkdə tam varlığımla bütün vasitələrlə dünyada bu milləti işğalçı kimi tanıtdırmağa vadar etdi.

Sumqayıt şəhər 33 saylı məktəbi riyaziyyat təmayüllü sinfi bitirmişəm. Hələ 10-cu, 11-ci siniflərdə İcra hakimmiyyəti nəzdində yaradılan gənclər təşkilatının sədri olmuşam. Bir çox maraqlı tədbirlər keçirmişik. Orta məktəb müəllimlərimə bu günədək minnətdaram. Xüsusən riyaziyyat müəllimim Məmməd Məmmədov və ədəbiyyat müəlliməmiz Məlahət müəllimə güclü elmi fundament verdi mənə. 1994-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə ekologiya ixtisasına daxil olmuşam. 1999-cu ildə bitirmişəm. Evin böyük övladı olduğumdan ailəyə yardımçı olmaq üçün o vaxtlar problemlərinə görə Ukraynaya gəldim. Sonra bir neçə il Sankt- Peterburqda adamı olaraq çalışdım. Oradakı mühit xoşuma gəlmədiyindən yenidən Ukraynaya qayıtdım. 2005-2006-ci illər “Odessa-Xleb” çörək zavodunda satış müdiri, 2006-cı ildən bu günədək Nikolayevdə “Ternovskiy” çörək zavodunda satış müdiri olaraq çalışıram. 2010-cu il 17 sentyabrdan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Nikolayev vilayəti üzrə sədri, həmçinin 2011-ci ildən Şəhər Soveti azsaylı xalqlar departamentinin sədr müavini kimi çalışıram.

- Nikolayev Azərbaycanlı Gənclər Birliyi nə vaxtdan və hansı məqsədlə fəaliyyət göstərir?

-Nikolayev Gənclər Birliyi 2010-cu il 17 sentyabrdan fəaliyyətə başlayıb. 2010-cu ilin may ayında Dneprpetrovskda keçirilən Ukrayna Azərbaycanlı Gənclərinin birinci forumu buna təkan olmuşdu. Bu forumdan sonra geri dönərək Nikolayevdə olan gənclərimizi ətrafımıza yığmağa başladıq. İlk olaraq “Azəri” futbol komandası yaratdıq. Hər həftə idmançı gənclərimiz bir yerə yığılır, məşqlər edirlər. Bu günədək çempionatlarda iştirak edirlər. 2011-ci ilin may ayında Dünya uşaqlarını qoruma  günü münasibətilə Nikolayev UMVD-nin  (milis) təşkil etdiyi çempionatda birinci yerə çıxdılar. Qalib olaraq UMVD-nin kubokuna layiq görüldülər.

Məqsədimiz burada yaşayan azərbaycanlı gəncləri bir araya yığmaq, onlara dilimizi, mədəniyyətimizi, mentalitetimizi aşılamaqdır. Eyni zamanda Azərbaycanımızı, mədəniyyətimizi, tariximizi, torpaqlarımızın işğal olunmasını bu ictimaiyyətdə təbliğ etmək, gənclərimizi həm savadlı olmağa, ümumiyyətlə, məşğul olduqları istənilən sahədə ən yüksək səviyyəyə çatmağı aşılamaq, Nikolayevdə azərbaycanlı olaraq öz yerlərini tutmaqda yardımçı olmaqdır.

- Birliyinizin hansısa mediaorqanı fəaliyyət göstərirmi?

-Qeyd etdiyim kimi, mən həmçinin Şəhər sovetində azsaylı xaqlar departamentində işləyirəm. Yeri gəlmişkən, sədr gənc azərbaycanlımız Anar  Rauf oğlu Axundov həmçinin iqtidarda olan  Regionlar Partiyasından olan deputatın köməkçisi işləyir. Anar Axundovun təsiri misilsizdir. Biz təşkilatda onunla birlikdə çiyin-çiyinə başlamışıq və  bu günədək də bir yerdə çalışırıq.

 Burada hər rübdə qəzet çıxarılır. Bizim öz səhifəmiz var. Tədbirlərimiz buradakı bütün kütləvi informasiya vasitələrində işıqlandırılır.

- Diaspor fəaliyyətində yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən nə kimi yararlanırsınız? 

- Çox istərdik ki, yararlanaq. Öyrənməli nəsə vardısa, öyrənməyə çalışdıq. Mənə görə azərbaycanlılarımızın çoxu hələ də diaspor olaraq fəaliyyətlərini anlamırlar. Məsələn, bizim təşkilatın yaranmasını əvvəlcə yaşlı nəslin çoxları anlamadı. Hər halda, biz hamısını məlumatlandırdıq. Məqsədimizi, planlarımızı izah etdik.Burda yaşayan adamı, ağsaqqal Yunus Əliyev yaradıldığımız gündən bu günədək bizə, demək olar, bütün işlərimizdə dəstək oldu. Fürsətdən istifadə edib ona dərin təşəkkürümü bildirirəm.

- Azərbaycanlı gənclər diaspor quruculuğu işində, elcə də diaspor tədbirlərində fəal iştirak edirlərmi?

- Mən deyərdim, nəinki iştirak edir, Nikolayevdə Azərbaycanın diaspor fəaliyyətində  bir “inqilab” etdik.

- Buinqilab” nədən ibarətdir?

- Burada illərcə fəaliyyəti, yəni məsələn, Novruz bayramında 50-60 nəfər azərbaycanlının bir araya gəlib yeyib içməsi, ya da ancaq 20 Yanvar tədbirində ancaq yenə də yüzə yaxın azərbaycanlının bir yerə yığılıb ehsan yeməsi ilə kifayətlənib. Yəni Nikolayev ictimaiyyətinə çatdırılmayıb, KİV-də işıqlandırılmayıb. Keçən ilə qədər heç vaxt Xocalı soyqırımı ictimaiyyətə çatdırılmayıb. Novruz bayramı, Müstəqillik günümüz, 31 Mart azərbaycanlıların soyqırım günüs. də eynən. Nikolayev ictimaiyyətinə Azərbaycan haqqında, mədənniyətimiz, tariximiz barədə heç bir tədbirlər çatdırılmayıb. Gördüyümüz bütün tədbirləri bu istiqamətdə yönləndirdik. Təşkilatımız Nikolayevin ictimai-siyasi həyatında aktiv iştirak edir. Bütün tədbirlərdə hər bir vasitə ilə Azərbaycanımızın, mədəniyyətimizin, işğal olunmuş torpaqlarımızın təbliğinə çalışırıq. İctimaiyyətdə heç kimdən çəkinmədən bizlərə hörmətlə yanaşmağı tələb edirik. Azərbaycan gənclərini ictimaiyyətə inteqrasiyaya yönləndirdik. Universitetlərə qəbul olmalarına, bazarlarda deyil, dövlət müəssisələrində, orqanlarında işləmələrinə çalışırıq. 

 Bu gün azərbaycanlı gənclər illərdən bəri yaşlı nəslin bizlərə qazandırdığı "Bazarnik" statusunu ləğv eləməyə çalışır, (təəssüf ki, 30 il burada yaşayanlarımız nə öz dilində, nə də bu dildə səlis danışıq qabiliyyətinə malik deyillər. Bu da millətimizin imicinə təsir edir) və çox sevindirici nəticələr əldə edir. Nikolayev ictimaiyyəti, artıq yeni Azərbaycan gəncini görür, zahiri görkəmi, səlis danışıq qabiliyyəti, savadlı intellektual səviyyəli müasir Azərbaycan gənci. Çalışdığımız həm də odur ki, bu ictimaiyyət Azərbaycanımızın nə qədər qədim, zəngin mədəniyyətə malik olduğunu, təkcə Azərbaycanımıza deyil, dünyaya nə qədər dahi insanlar bəxş etdiyini bilsinlər. Buradakı gənclərimiz cəmiyyətdə öz yerlərini tutmağa başlayıb və hər yerdə azərbaycanlı olduqları ilə fəxr edirlər.

 

 İndi aktiv dekabr ayının 1 və 2-sində Kiyevdə keçiriləcək 2-ci Ukrayna Azərbaycanlı gənclərinin forumuna hazırlaşırıq.

- "Avroviziya" yarışmasında iştirak etmək istəyən ukraynalılar üçün hansısa təbliğat işləri aparırsınızmı?

- Gənclərimiz vilayətin bütün ali təhsil müəssisələrində təhsil alırlar və hamısı tələbələr arasında təbliğat işləri aparır, tez-tez fotosərgi və ya universitetlərdə olan kanallar vasitəsilə Azərbaycanda keçiriləcək "Avroviziya"  müsabiqəsini çatdırırlar. Və əlavə olaraq Azərbaycan haqqında turizm rolikləri göstərilir. Yaxınlarda şəhərimizdə keçiriləcək bir neçə müsabiqənin qalibi Azərbaycana "Avroviziya"ya  göndəriləcək.

- Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

- Ukraynanın 26 vilayətində olan diaspor təşkilatımızla əməkdaşlıq edirik. Ən aktiv və ən çox Dneprpetrovskiyeni yaranmış Odessa gənclər təşkilatımızla.

- Ukraynanın ictimai-siyasi işlərində diaspor təşkilatı olaraq hansısa fəallıq göstərə bilirsinizmi?

- Nikolayevdə keçirilən əksər ictimai-siyasi tədbirlərdə iştirak edirik. Demək olar hamısına dəvət alırıq və hamısında da iştirak edirik. Olduğumuz bütün tədbirlərdə Azərbaycanımızdan, bugünkü inkişafımızdan, mütləq də Qarabağ münaqişəsindən məlumat veririk.

- Lobbiçilik baxımından Siz öz işinizdə hansı metodlara üstünlük verirsiniz?

- Fərqli tədbirlərin keçirilməsinə, bütün KİV-də işıqlandırılmasına çalışırıq. Şəhər meriyasında nüfuzlu bir təşkilat kimi tanınmaq, gənclərimizin ictimaiyyətdə iştirakını artırmaq, dövlət postlarına hazırlamaq.

- Ukraynada Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsünüz?

- İlk işimiz olaraq Yunus Əliyev və Anar Axundovun böyük dəstəyi ilə burada böyüyən azərbaycanlı balalarımız üçün şənbə-bazar Azərbaycan məktəbi açdıq. Bir çox universitetlərdə dəyirmi masalar təşkil edərək Azərbaycanımızdan, mütləq də Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və etibarlı əsaslarla inkişafi haqda məlumatlar verdik. Ukraynanın müstəqillik günü, Azərbaycanın müstəqillik günü, Nikolayev şəhərinin 222-ci ildönümündə şəhərin mərkəzi küçəsində atributlarımızla bəzədilmiş Azərbaycan guşəsi qoyduq. Gün ərzində qoyulan böyük ekranda Azərbaycan mədənniyyəti, tarixi, inkişafına aid roliklər, əhaliyə minlərlə azərbaycanlı ilə bağlı evroflayerlər, eləcə də milli mətbəximizdən müxtəlif yeməklər paylanılırdı. Qeyd edim ki, Nikolayevdə ilk dəfə olaraq Xocalı soyqırımı günü üç tədbir keçirdik. Eyni zamanda Azərbaycan məktəbində şagirdlərə “Qarabağ həqiqətləri” filmi nümayiş etdirildi. Onların “XOCALI şagirdlərin gözüylə” rəsm sərgisi keçirildi. Şagirdlər Qarabağa, Xocalı faciəsinə aid şeirlər söylədilər. Sonra şəhərin Aleksandrovski media mərkəzində yüzə yaxın azərbaycanlılarımızın, şəhər rəsmilərinin, bir çox millətlərin diaspor təşkilatı sədrlərinin qatıldığı “Xocalı həqiqətləri” adlı mətbuat konfransı keçirdik. Qeyd edim ki, bu tədbir vilayətin bütün KİV-ində işıqlandırıldı. Gələn bütün qonaqlara “Xocalıya ədalət!” adıyla hazırladığımız evroflayerlər (dəqiq məlumatlar) payladıq. Sonra şəhərin mərkəzi küçəsində azərbaycanlı gənclərimiz üstündə “Xocalı genosidi” futbolkaları ilə əhaliyə Xocalıya ədalət evroflayerlərini paylatdıq. Mart ayında burada ilk dəfə olaraq Şəhərin mərkəzi küçəsində əvvəlcə yürüşlər atlarla Bahar qızı qara zurnanın sədaları altında mərkəzi küçəsindən keçərək mərkəzdə Novruz bayramı konsert proqramı verdik. Minlərlə adam ilk dəfə olaraq bizim mədəniyyətimizlə tanış oldu. Bütün KİV tərəfindən işıqlandırıldı. Yerli xalqa Novruz haqda evroflayer, minlərlə şəkərbura, paxlava paylanıldı. Ümumiyyətlə, bu günədək 40-a yaxın tədbir keçirmişik.Yerli televiziya kanalında xeyli vaxt hər həftənin cümə günü Azərbaycan haqqında filmər verdirdik.

- Diasporumuzun təşkilatlanması prosesini necə qiymətləndirirsiniz. Sizcə bu proses ləng getmir ki?

- Təəssüf ki, çox sevindirici deyil. Məncə ləng gedir. Amma Ukraynada, başda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar müəllim olmaqla, doğrudan, bu işi gücləndirməyə çalışırıq. Mənə görə, diaspor fəaliyyətinə dövlət nəzarəti və dəstəyi artırılmalıdır. Bəlkə də əmrlər verilməlidir. Amma çox şadam ki, Prezidentimiz bu işə nəzarətini daha da artırıb və böyük tapşırıqlar verir.

- Gələcəkdə hansı diaspor layihələri həyata keçirməyi planlaşdırırsınız?

- İnşallah, yaxınlarda Suxumlunski adına Universitetdə Azərbaycan mərkəzi açmaq istəyirik. O cümlədən, Azərbaycan parkı salacaq və qəzet təsis edəcəyik. Bunların hamısının artıq, razılığı alınıb. Bunlarla yanaşı, yaxın günlərdə yerli kanalda həftədə bir dəfə azərbaycanlılarla bağlı veriliş efirə verəcəyik. Eyni zamanda Anar Axundovun səyi ilə builki şəhər sessiyasında Xocalı soyqırımının tanınmasını gündəliyə salmaqdaha effektli tədbirlər keçirmək planlarımız var.

 

Fuad HÜSEYNZADƏ

Paritet.-2011.-1-2 dekabr.- S.10.