“Qərbi Avropa Azərbaycan
diasporunun ən fəal və
ardıcıl fəaliyyət göstərdiyi bölgələrdən
biridir”
İlham Məmmədov: “Biz
tezliklə erməni diasporunun və lobbisinin antiazərbaycan fəaliyyətinin təsirini
heçə endirəcəyik”
Azərbaycan diasporunun fəaliyyəti
günü-gündən genişlənir. Bu
fəaliyyət dünya
coğrafiyasında inkişafına görə
aşağı səviyyəli ölkələrlə
yanaşı, ən inkişaf etmiş ölkələrdə də uğurla həyata keçirilir.
Bu fəaliyyətin qurulmasında və məqsədyönlü
şəkildə aparılmasında Azərbaycan dövləti
hər zaman diasporumuzun
arxasındadır. Diaspor təşkilatları
ilə əlaqələrin qurulmasını, lazımi köməyin
göstərilməsini isə Diasporla İş üzrə Dövlət Komitəsi
həyata keçirir. Təsadüfi deyil ki, bu
Komitənin fəaliyyətə başlaması ilə diaspor fəaliyyətindəki uğurların
sayı da artıb. Komitənin azərbaycanlıların
məskunlaşdığı və dünyanın ən inkişaf etmiş dövlətlərinin
yerləşdiyi Qərbi Avropa şöbəsi
də diaspor quruculuğunda
yaxından iştirak edir.
Qərbi Avropadakı Azərbaycan diasporunun
fəaliyyəti, uğurları, görülən işlər
və perspektivlər haqqında isə şöbənin müdiri İlham Məmmədov
“Paritet”ə verdiyi müsahibəsində
danışıb. İ.Məmmədovun sözlərinə
görə, Qərbi Avropa Azərbaycan diasporunun ən fəal və ardıcıl fəaliyyət
göstərdiyi bölgələrdən biridir.
-Bu coğrafi məkanda yerləşən
ölkələrdə Almaniya, Fransa, İtaliya, Böyük
Britaniya, Avstriya, Norveç, İsveç, Finlandiya, Danimarka,
Niderland və digər ölkələrdə yaşayan azərbaycanlıların
sayı 500 min nəfərdən artıqdır. Tək Almaniyada 200 mindən artıq azərbaycanlı
yaşayır. Qərbi Avropada yaşayan azərbaycanlıların 80-dən
artıq müxtəlif təşkilatı fəaliyyət
göstərir. Bu təşkilatlar mütəmadi olaraq
məskunlaşdıqları ölkələrin ictimaiyyətinə
Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində Azərbaycan
dövlətinin haqlı mövqeyi, Ermənistanın
Azərbaycana qarşı işğalçı siyasəti
barədə məlumatlandırır, Azərbaycan mədəniyyəti
və incəsənətini təbliğ edirlər. Azərbaycan
diasporunun fəaliyyəti nəticəsində
bu gün Qərbi Avropada məskunlaşan azərbaycanlıların
səsləri yaşadıqları ölkələrin icra və qanunverici
orqanları tərəfindən eşidilir.
Qərbi Avropa ölkələrində
məskunlaşmış Azərbaycan diasporunun
yaşadıqları ölkələrin ictimai-siyasi
həyatına təsir göstərmək imkanları
genişlənib ki, bu
da onların həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsindən irəli gəlir.
Məsələn, Berlin
Senatının 2010-cu ilin dekabrında qəbul
etdiyi Əlaqə və İnteqrasiya
Qanununa əsasən Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi (AAKM) diaspor təşkilatı kimi
Berlin torpağının Məsləhətçi
Şurasının ictimai siyahısına
qəbul edilib. Bununla da
AAKM Almaniyada mühacirətdə yaşayan əcnəbilərin təmsilçisi
kimi Məsləhətçi
Şuranın seçkilərində iştirak
etmək hüququ qazanıb. Əcnəbi
vətəndaşlar Məsləhətçi Şuraya
üzv olmaqla siyasi proseslərin gedişində əhəmiyyətli
rol qazanırlar. Bu
əldə edilən nailiyyəti Almaniyadakı azərbaycanlıların
inteqrasiyasında növbəti uğuru kimi hesab etmək olar. Azərbaycan diasporunun
yaşadıqları ölkələrin ictimai-siyasi
həyatına inteqrasiyasının bir başqa uğuru kimi bu yaxınlarda Danimarkada keçirilmiş
parlament seçkilərində həmin
ölkədəki Azərbaycan diasporunun dəstəklədiyi
Sosial-demokrat partiyasının qalib gəldiyini göstərmək olar. Seçkilərdən bir neçə gün əvvəl
həmin partiyanın funksionerləri ölkədə yaşayan azərbaycanlılarla görüşmüşdür. Bir qrup azərbaycanlı həmin
partiyaya üzv olmuşdur. Şübhəsiz ki,
bu hadisə Danimarka ictimai rəyinin və hökumətinin Azərbaycan
diasporuna münasibətinə müsbət
təsirini göstərəcəkdir. Və yaxud,
bu yaxınlarda Almaniyanın Ştutqart şəhərində Ermənistan
Mədəniyyəti günləri çərçivəsində
erməni separatçıları qondarma
“20 il Dağlıq Qarabağ
Respublikası” adlı konsert
proqramını təşkil etməyi
planlaşdırmışdılar. Lakin Azərbaycan diasporunun, özü də
tək Almaniyadakı deyil, ümumilikdə
Avropadakı Azərbaycan diaspor təşkilatlarının
yüksək səviyyədə təşkil olunmuş
və əlaqələndirilmiş kampaniyası sayəsində
Almaniyanın dövlət və hökumət strukturları həmin
tədbiri boykot etdilər. Bütün bunlar qısa zaman kəsiyində 2011-ci ilin
sentyabr ayında əldə olunan nailiyyətlərdir. Bizim
bu kimi nailiyyətlərimiz
çoxdur və onları sadalamaq
çox vaxt
alardı. Sadəcə olaraq bir məqamı qeyd edim ki, sevindirici
hal bu nailiyyətlərimizin
davamlı və ardıcıl xarakter
almasıdır. Bu isə Qərbi
Avropadakı Azərbaycan diasporunun
yaxşı təşkilatlanmasının, ayrı-ayrı təşkilatların
bir-biri ilə sıx təmas halında fəaliyyət
göstərməsinin nəticəsidir. Qərbi Avropadakı
Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti onların məskunlaşdıqları ölkələrin
sərhədini aşaraq səmərəli
idarəetmə mexanizminə malik iri transmilli təşkilatlara
çevrilməsinə gətirib çıxarıb. Hazırda işini prezident İlham
Əliyevin diqqəti, qayğısı və tövsiyələri
əsasında quran və dövlətin diaspor siyasətini həyata keçirən Diasporla İş üzrə
Dövlət Komitəsinin səyləri nəticəsində Avropa Azərbaycanlıları Konqresi,
Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan Federasyon
İsveç (AFI), İsveç Azərbaycanlıları
Konqresi, Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi və digər diaspor təşkilatlarımız
genişmiqyaslı fəaliyyət apararaq
Azərbaycan xalqının və dövlətinin
maraqlarını Qərbi Avropada tam şəkildə qorumağa
müvəffəq olurlar.
-Qərbi Avropadakı diaspor təşkilatlarımız
ümumi fəaliyyətdə region dövlətlərindəki
Azərbaycan səfirlikləri ilə necə əməkdaşlıq
edir?
-Qərbi
Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları
Azərbaycanın region ölkələrindəki səfirlikləri
ilə sıx təmas qurublar. Məskunlaşdıqları
ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatlarının təşkil
etdiyi, eləcə də səfirliklərin
təşkilatçılığı ilə baş tutan tədbirlərdə
iştirak edirlər. Bəzi
hallarda belə olur ki, Azərbaycan dövlətinin maraqlarına zidd hansısa hadisə ilə bağlı bu və ya digər ölkədəki
Azərbaycan diasporunun daha
operativ və sərt reaksiya
verməsi daha məqsədəuyğundur.
Çünki diaspor
nümayəndələri yaşadıqları ölkələrin
ictimaiyyətinin nümayəndələridir və təbii
ki, onlar bu və ya digər məsələ
ilə bağlı öz fikir
və rəylərini daha asanlıqla ifadə
edə bilirlər. Sevindirici haldır ki, səfirliklər Azərbaycan diasporunun nümayəndələri ilə fəal
işləyirlər və bu proses ikitərəflidir. Yəni əməkdaşlığa
təşəbbüs tək diaspor tərəfindən
gəlmir. Dünya Azərbaycanlılarının III Qurultayında
dövlət başçısının Azərbaycanın diplomatik nümayəndəliklərini diaspor nümayəndələri ilə daha sıx və intensiv əlaqələr
qurmağa səsləməsindən sonra bu əməkdaşlıq
daha da güclənib.
DİDK olaraq biz diaspor təşkilatları ilə müntəzəm
təmasdayıq. Bizim söhbətlərdə diaspor
nümayəndələrimiz yaşadığı ölkədən
asılı olmayaraq, hər bir azərbaycanlının, məskunlaşdığı
ölkədəki Azərbaycan səfirliyinə müraciət
edərkən, onun üzünə bütün qapıların
açıldığını, üzləşdikləri problem və məsələlərin diqqətlə
dinlənildiyini və onlara maksimum dərəcədə köməklik
göstərildiyini bildirirlər.
-Rəhbərlik etdiyiniz şöbə
diaspor təşkilatları ila necə işləyir, hansı
yardımları göstərirsiniz?
-DİDK-nin Avropa şöbəsi komitə sədrinin bizim qarşımızda Azərbaycan dövlətinin diaspor siyasətindən irəli gələn məqsədlərə nail olunması üçün qoyduğu vəzifələrin icrası ilə məşğuldur. Bizim diaspor təşkilatlarına dəstəyimizə gəlincə, biz onlara tədbirlərin keçirilməsində, əyani vəsaitlərin təqdim olunmasında, əgər ehtiyac yaranarsa, məskunlaşdıqları ölkələrin hakimiyyət strukturları ilə hansısa məsələlərin həllində köməklik göstəririk. Ən əsası budur ki, Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində arxalarında Azərbaycan dövlətinin dayandığını, istənilən vaxt dəstək üçün ona müraciət edə biləcəklərini bilirlər və bu, onları daha böyük əzmlə xalqımızın və dövlətimizin maraqları naminə fəaliyyət göstərməyə ruhlandırır. Biz komitə olaraq öz fəaliyyətimizi prezident İlham Əliyevin ifadə etdiyi “Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların Vətənidir” kəlamları üzərində qururuq və onları gələcəkdə də dəstəkləməkdə davam edəcəyik.
-Regionda erməni yalanlarına
qarşı hansı təbliğatları
aparırsınız, hansısa çətinliklər
yaranırmı?
-Qərbi Avropada məskunlaşan Azərbaycan diasporu hələ gənc olduğundan, məskunlaşdığı ölkənin ictimai-siyasi həyatına inteqrasiya dövrünü yaşayır. Onların uşaqları və əsas da Avropada doğulanlar sözün əsl mənasında avropalı sayıla bilərlər. Bu baxımdan təbii ki, soydaşlarımızın üzləşdiyi çətinliklər var və biz də çalışırıq ki, onlara qarşılaşdıqları problemlərin həllində dəstək olaq. Ermənilərə qarşı mübarizəyə gəlincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan haqlı tərəfdir, buna görə də biz sözümüzü qəti şəkildə deyə bilirik. Azərbaycan iqtisadiyyatı inkişaf edir və indi bizim iqtisadiyyatımız Cənubi Qafqazın digər iki ölkəsi Gürcüstan və Ermənistanın ikisinin birlikdə iqtisadiyyatından daha böyükdür. Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, musiqisi var ki, tək Qərbi Avropa deyil, bütün dünya bizim bu sərvətlərimizə heyrandır. Odur ki, bizim çətinlik çəkdiyimiz sahə yoxdur. Bizə tələb olunan yeganə məsələ təcrübədir ki, bu da Azərbaycan diasporunun hələ gənc olmasından irəli gəlir. Lakin son illər ərzində Azərbaycan dövlətinin düşünülmüş siyasəti sayəsində Azərbaycan diasporunun inkişaf tempi o qədər yüksəkdir ki, əminəm ki, biz tezliklə dünyanın ən qədim diasporlarından biri olan erməni diasporunun və lobbisinin antiazərbaycan fəaliyyətinin təsirini heçə endirəcəyik. Erməni lobbisi artıq əvvəlki kimi sərbəst fəaliyyət göstərə bilmir. Əgər əvvəllər hər hansı bir antiazərbaycan qərarın əldə olunması üçün potensiallarının cüzi bir qismini sərf edirdilərsə, indi dəridən-qabıqdan çıxsalar belə öz mənfur istəklərinə nail ola bilmirlər. Azərbaycan diasporu müxtəlif vasitələrlə, o cümlədən bəyanat, məktub göndərmə kampaniyası, etiraz aksiyaları və müxtəlif nümayişlər vasitəsilə ermənilərin antiazərbaycan təbliğatının qarşısını hər dəfə daha asanlıqla alır.
-Regionda fəaliyyət göstərən
hansı dövlətlərin diaspor təşkilatları ilə
əməkdaşlıq edilir və bu əməkdaşlıq
hansı istiqamətdədir?
- Dövlətlər arasında olduğu kimi diasporlar arasında da strateji tərəfdaşlıq, müttəfiqlik kimi münasibətlər mövcuddur. Bu mənada türk və yəhudi diasporları Azərbaycan diasporu ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan və Türk diasporları arasında münasibət isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi “Bir millət-İki dövlət” prinsipi üzərində cərəyan edir. 9 mart 2007-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, 17-19 noyabr 2007-ci il tarixlərində prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda - Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası və bunun nəticəsi olaraq dünyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi Azərbaycan diasporunun inkişafında çox mühüm mərhələ idi.
Asif NƏRİMANLI
(ardı gələn
sayımızda)
Paritet.-2011.-6-7 dekabr.- S.5.