Diasporumuz Dağlıq Qarabağdakı qondarma rejimi legitimləşdirmək
cəhdlərinə qarşı
ABŞ və
İsveçdəki diaspor
qurumlarımız hərəkətə keçdi
Vaşinqtondakı Azərbaycan və
türk diasporları Hyuston Beynəlxalq Məsələlər
Şurası üzvlərinin işğal olunmuş Azərbaycan
ərazilərinə planlaşdırılan icazəsiz səfərinə
etiraz edir.
Türk-Amerika
Assosiasiyaları Assembleyasından
bildirilib ki, Hyuston Beynəlxalq Məsələlər
Şurasının saytında 2012-ci ilin iyununda Ermənistana və
Azərbaycanın işğal olunmuş ərazilərinə
səfər planlaşdırılması barədə məlumat
yerləşdirilib: “Hyuston şəhərinin ən nüfuzlu
vətəndaş forumlarından biri olan bu təşkilatın
Azərbaycanın erməni işğalı altında olan ərazisinə,
Dağlıq Qarabağa rəsmi Bakıdan icazəsiz səfər
planlaşdırması diqqətdən yayına bilməz.
Azərbaycan
rəhbərliyinin icazəsi olmadan belə bir səfəri təşkil
etmək Azərbaycanın suverenliyinə,
bütövlüyünə və xalqına qarşı
hörmətsizlikdir”.
Diaspor
üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə
icazəsiz səfər planlarına etiraz olaraq, Hyuston ictimaiyyətinə,
Beynəlxalq Məsələlər Şurasının rəhbərliyinə
və yerli media orqanlarına onlarla məktub göndərib(APA).
Məktubda
qeyd olunur ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına
Dağlıq Qarabağ və ətrafdakı digər
işğal edilmiş bölgələrə, həmçinin
Azərbaycan və Ermənistan qoşunlarının təmas
xəttində yerləşən ərazilərə səfərləri
qadağan edib, çünki Dövlət Departamenti onların
təhlükəsizliyinə təminat verə bilmir.
İsveç
Azərbaycanlıları Konqresinin üzvləri isə 2006-cı ildə Azərbaycan
hökumətinə xəbər vermədən işğal
altındakı Dağlıq Qarabağa səfər etmiş
İsveç millət vəkilləri ilə
görüşüblər.Konqresdən verilən xəbərə görə,
Sol Partiya fraksiyasına daxil olan deputatlar danışıqlar
prosesinin mövcud durumu və erməni tərəfinin
destruktiv mövqeyi barədə məlumatlandırılıb.
Konqres üzvləri bildiriblər ki,
danışıqlar prosesi davam
edərkən dünya ictimaiyyəti və
İsveç parlamenti
azərbaycanlı qaçqın və məcburi
köçkünlərin hüquqlarının pozulmasına laqeyd qalmamalı və onların öz torpaqlarına qayıtmasına kömək
etməlidir. Onlar qeyd
ediblər ki, gələn il
İsveç parlamentində Dağlıq
Qarabağ münaqişəsinin
müzakirəsinin planlaşdırılması çox vacib
addımdır.
Deputatlara
Dağlıq Qarabağ münaqişəsi və Xocalı
faciəsi haqqında əcnəbi müəlliflərin
yazdığı kitablar və materiallar təqdim edilib.
Dekabrın 1-də isə İsveçin Höteborq şəhərində
yeni fəaliyyətə başlayan “Qarabağ-Azərbaycan” Mədəniyyət
Assosiasiyasının rəhbərliyi Avropa Şurası
Parlament Assambleyasının (AŞ PA) Siyasi komitəsinin
keçmiş sədri, İsveçin bu qurumdakı nümayəndə
heyətinin sabiq rəhbəri Yoran Lindblad ilə
görüşüb. Dərnəyin sədri
Ceyhun Avşar və qurumun İdarə Heyətinin üzvü,
təşkilati məsələlər üzrə müavin Zamin Xəlilovun iştirak etdiyi
görüşdə isveçli siyasətçi
dərnəyin yaranma səbəbləri
ilə maraqlanıb, gələcək fəaliyyət istiqamətləri
və birgə əməkdaşlığın
formaları haqda təkliflər verib. Görüş
zamanı Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə,
Azərbaycan həqiqətlərinin İsveç
ictimaiyyətinə çatdırılması məsələləri
ilə bağlı fikir mübadiləsi
aparılıb.
Qeyd
edək ki, “Qarabağ-Azərbaycan” Kültür Dərnəyi
noyabrın 19-dan fəaliyyətə başlayıb. Təşkilatın
yaranmasında əsas məqsəd İsveçin
Höteborq şəhərində yaşayan soydaşlarımız arasında mədəniyyətimizi,
tariximizi, dilimizi, yaşatmaq və təbliğ edib
həmrəyliyə nail olmaqdır.
Xüsusilə dərnəyin əsas fəaliyyət istiqaməti
Qarabağ həqiqətlərini daha da sıx təbliğ
edib yerli insanların
münaqişənin mahiyyəti haqqında məlumatlandırılması
olacaq.
Paritet.-2011.-3-5 dekabr.- S.10.