Abadlıq və quruculuğun
yeni ünvanı: Lənkəran
“Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)”
və regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilmiş
digər normativ sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin müvəffəqiyyətlə
icrası ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını
qoyub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət
kursu Azərbaycanı təkcə regionun lider dövlətinə
deyil, həmçinin iqtisadi
inkişaf tempinə görə
dünyanın qabaqcıl ölkələrindən birinə
çevirib.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin xüsusi qayğısı ilə sürətlə inkişaf edən bölgələrdən biri də Lənkərandır. Abadlıq işlərinin vüsət aldığı, müasir şəhər infrastrukturunun formalaşdığı bu diyarda regional inkişafın ideal modelinin yarandığı göz önündədir. Azərbaycan Prezidentinin cənub bölgəsinə səfərlərinin birində söylədiyi fikirlərdə də bu, bir daha öz təsdiqini tapıb: “Lənkəran həmişə Azərbaycanın ən fəal bölgələrindən olmuşdur. Lənkəranlılar bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini vermişlər. Xüsusilə müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində lənkəranlıların çox böyük rolu olmuşdur. Bölgənin inkişafının əhəmiyyəti bu gün göz qabağındadır və bu da müstəqilliyimizə əsl töhfədir”.
Tarixdən yarpaqlar
Lənkəranın
sayılıb-seçilən ağsaqqallarından olan Prezident
təqaüdçüsü, əməkdar müəllim
Hacı Mirhaşım Talışlının sözlərinə
görə, bu qədim diyarın adına ilk dəfə məşhur
yunan tarixçisi Herodotun məlumatlarında rast gəlinib. Strabon da öz
əsərində Lənkəranın Boladi,
Məcül, Büstər və Talışkənd kəndlərinin
adını çəkib. Abbasqulu ağa Bakıxanovun “Gülüstani
İrəm” kitabında isə Lənkəranın keçmiş adı Ləngərkünan kimi qələmə alınıb. Bəzi tədqiqatçıların
fikrincə bu ad “ləngiyən
yer” mənasını verir ki, bu da bölgəyə
yağıntının çox
düşməsi səbəbindən müsafirlərin ləngiməsinə
işarədir. Lənkəranın adını talış
dilində “qamış evlər” ifadəsi ilə izah edənlər də az
deyil. O da məlumdur ki, XVII əsrdən ta XX əsrin
əvvəllərinə kimi Lənkərandakı
evlərin dam örtüyü,
bəzən divarları, hətta həyətlərin çəpərləri
də qamışdan olub.
Lənkəran şəhərinin salınması tarixi isə hələ də özünün konkret təsdiqini tapmayıb. Bununla belə bəzi mənbələrdə XIX əsrin əvvəllərində şəhərin üç hissədən ibarət olması və mərkəzi sayılan Qala divarlarına söykənməsi fikri öz əksini tapıb. Məxəzlərə görə, Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirilib. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat obyekti olub. Daha 20 il sonra isə burada evlərin sayı 833-ə çatıb. O zaman Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılıb. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilib. Şəhərə ilk su kəməri yalnız 1913-cü ildə çəkilib. Burada yerli əhali ilə yanaşı, ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayıb. 1841-ci il yanvarın 1-dən Lənkəranda xüsusi şəhər polis idarəsi yaradılıb. XIX-XX əsrlərin qovşağında isə şəhər bələdiyyə idarəsi (Duması) təşkil edilib. İqtisadiyyatın əsasında sənətkarlıq dayanıb, sonralar burada balıqçılıq və meşə materialları istehsalı da sənaye xarakteri alıb. Kənd təsərrüfatında isə çəltikçilik üstünlük təşkil edib. XIX əsrdə Lənkəranda ilk dəfə şəhərsalmanın planlaşdırılması işinə başlanıb. O vaxt şəhərdə məscid və 117 dükandan ibarət iki bazar fəaliyyət göstərib. Bir müddət sonra Qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütöv qalıb və şəhərdə Qala, Böyük bazar, Kiçik bazar və Sütəmurdov kimi dörd tarixi bölgü yaranıb.
Bu
günü füsunkar, sabahı daha
yaraşıqlı
Məşhur rus şairi Nikolay Tixonovun məftunluqla “Cənub mirvarisi” adlandırdığı Lənkəranda hazırda beynəlxalq hava limanı, mədəniyyət abidələri, universitet, 2 texnikum, dram teatrı, olimpiya idman kompleksi, Avropa yarışlarında çıxış edən futbol komandası, regional televiziya kanalı, rəssamlıq məktəbi və s. obyektlər fəaliyyət göstərir. Bu aqrar-sənaye rayonu tərəvəz və çay istehsalına görə respublikada birinci yerdədir. Rayonda balıqçılıq, meyvəçilik və sitrus bağçılığı da inkişaf edib. Burada tərəvəz emalı və konserv müəssisələri, tikiş və mebel fabrikləri, balıq kombinatı, çörək, kərpic zavodları, süd emalı müəssisəsi və çay fabrikləri işləyir. Ayrı-ayrı nazirlik və komitələrin ərazi idarələri, regional müalicə-diaqnostika mərkəzi, uşaq sağlamlıq mərkəzi, əlillərin regional bərpa mərkəzi, “ulduzlu” otellər Lənkəranı bölgənin mərkəzi kimi xarakterizə etməklə, bu günü füsunkar olan qədim diyarın sabahının daha cazibədar, yaraşıqlı olacağından, yerli əhalinin iqtisadi durumunun daha da yaxşılaşacağından xəbər verir.
Hər sahədə yeni artım,
yeni uğur
Yola
salmağa cəmi bir aydan da az qalan 2011-ci il şübhə
yoxdur ki, Lənkəranın tarixinə quruculuq və tərəqqi
ili kimi daxil olacaq. Bunu Şəhər
İcra Hakimiyyəti
başçısının sosial-iqtisadi
məsələlər üzrə müavini
Rüstəm Qurbanovun sadaladığı
faktlardan da aydın
görmək mümkündür. Rüstəm
müüəllim ölkədə
həyata keçirilən islahatların Lənkəran rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir
göstərdiyini, cari ilin 9 ayında
1077 yeni
iş
yerinin
açıldığını və onlardan da
760-nın daimi
olduğunu bildirdi.
Mövcud əmək və
iqtisadi
ehtiyatlardan
səmərəli istifadə
olunması rayonda iqtisadiyyatın dinamik inkişafına imkan yaradıb. Belə ki, 2011-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul
buraxılışı 14,1
faiz artaraq 182,9 milyon manat təşkil edib. Sənayedə 16,2 milyon manatlıq
və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çox məhsul
istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi
2,8 dəfə artaraq xüsusi çəkisi 79,2
faizə çatıb.
Tikinti-quraşdırma
işlərində istifadə edilmiş investisiyanın həcmi
33 milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti
hesabına ümumi sahəsi 42,1 min kvadrat-metr olan yeni yaşayış
evləri tikilərək istifadəyə verilib
və fərdi mənzil
tikintisi
5,4 faiz artıb.
Aqrar bölmədə aparılan islahatlar
istehsalın
axarını müsbət istiqamətə yönəldib. Mövsüm ərzində 3129 ton taxıl,
7112 ton kartof, 123049 ton tərəvəz istehsal olunub və 114,4 ton
yaşıl çay
yarpağı toplanıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 2,1 faiz çoxalıb, diri çəkidə ət istehsalı 10,7 faiz, süd istehsalı 3,4 faiz, yumurta istehsalı 1,1 faiz artıb. Istehsalın artımı sahibkarların maliyyə təminatının yaxşılaşdırılması hesabına baş verib. Ötən 9 ayda sahibkarlara, iş adamları və vətəndaşlara banklar tərəfindən 31,5 milyon manat kredit verilib.
İcra başçısı müavininin sözlərinə görə, rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar 2012-ci ildə də qarşıda bir sıra həlli vacib məsələlər durub. Bu işlərin bir qismi “Regionların 2009-2013-cü illərə aid sosial-iqtisadi inkişafına dair 2-ci Dövlət Proqramı”nda öz əksini tapıb. Belə ki, “Lənkəran” sanatoriyasının, şəhərin su-kanalizasiya sisteminin, Bakı-Astara magistral yolunun Lənkəran hissəsinin, bir sıra kəndara və kənd daxili yollarının yenidən qurulması, şəhər 8 saylı orta məktəbi üçün yeni binanın tikintisi, yeni poçt və tibb məntəqələrinin inşa edilməsi, bir sıra yaşayış məntəqələrində, xüsusi ilə ucqar dağ kəndlərində köhnəlmiş elektrik avadanlıqlarının yenidən qurulması nəzərdə tutulan layihələrdəndir.
2013-cü ildə Lənkəran
tamamilə
təbii qazla təchiz olunacaq
Lənkəran
Rayon Qaz İstismar Sahəsinin (QİS) rəisi Xalid Rzayevdən
aldığımız məlumata görə, son bir neçə
ildə rayonda iri miqyaslı qazlaşma işləri
aparılıb və əvvəllər qazdan istifadə
etmiş bir neçə yaşayış məntəqəsinin
qaz təchizatı bərpa
olunub. Hazırda rayonun
Aşağı Nüvədi, Kənarmeşə, Seydəkaran,
Tütəpeştə, Viyən, Cil və
Boladı kəndlərinin də təbii qazla
təchizatı üçün
tikinti-quraşdırma işləri davam etdirilir.
Bundan
başqa Gərmətük, Kosalar, Velədi, Hirkan, Bürcəli,
Parakənd və Xanbulan kəndlərinin də
qazlaşdırılması üçün “Azəriqaz”
İstehsalat Birliyinin Lahiyə Konstruktor Bürosu tərəfindən
layihələr hazırlanır.
Həmçinin
şəhərin bir sıra məktəblərində
qazanxana sistemlərinin təbii qazla işləməsi
üçün lazımi texniki tədbirlər həyata
keçirilib. Nəticədə şəhərdəki
1,3,5,9 və 10 nömrəli orta məktəblərin
qazanxanaları təbii qazla təmin edilərək
istismara verilib.
Bir
sözlə, 2013-cü ildə Lənkəran rayonu tamamilə
təbii qazla təchiz olunacaq.
Bura həm də turizm mərkəzidir
Lənkəran rayonunun ərazisi bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Bu əlverişli coğrafi şərait rayonda turizmin inkişafı üçün münbit zəmin yaradıb. 2011-ci ilin Azərbaycanda “Turizm İli” elan olunması ilə əlaqədar Lənkəranın turizm obyektlərində monitorinq keçirilib, bu müəssisələrdəki xidmətin səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb. Şəhərdə 16 nəfərlik “Xan-Lənkəran” oteli, Sütəmurdov kəndində “Palmalife” Turizm İstirahət Kompleksi tikilərək istifadəyə verilib. Hazırda “Starway”, “Şah” şadlıq saraylarının və digər otellərin tikintisi isə davam etdirilir. Görülən tədbirlər nəticəsində rayona gələn turistlərin sayı artıb. Şəhər Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, bu il rayona 10 mindən çox turist gəlib. Turizm ili çərçivəsində Bakı şəhərində təşkil olunmuş el sənətkarlığı nümunələri sərgisində respublikada ilk dəfə olaraq rayonun milli suvinerləri nümayiş olunub ki, bu da sərginin təşkilatçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Fərəhlidir ki, turizmin inkişafı hesabına yaranan infrastruktur və xidmət sahələri rayonda həm də məşğulluq probleminin həllinə kömək olub.
Gənclər fəal həyat mövqeyində
Lənkəranda
gənclərlə iş, onların fiziki və mənəvi
yüksəlişinin təmin olunması istiqamətində də
əməli işlər həyata keçirilir. Şəhər Gənclər və
İdman
İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramının icrası
istiqamətində müvafiq tədbirlər planı müəyyənləşdirilib.
Gənclərin hərbi-vətənpərvərlik, vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, əsgər həyatı ilə yaxından tanış olması, Vətənə, xalqa, məhəbbət ruhunun yüksəldilməsi məqsədilə “Şahin” və “Sərhəd” hərbi idman oyunlarının rayon birinciliyi yarışları keçirilib, qaliblər zona və respublika yarışlarında uğurlu nəticələr qazanıblar. “Gələcəyin əsgəri”, “Sərhəddən başlanır Vətən” adı altında gənclərin hərbi hissələrə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinə ekskursiyaları təşkil edilib. 2 fevral Gənclər günü və 26 iyun Silahlı Qüvvələr günü münasibətilə “N” saylı hərbi hissədə əsgərlər üçün bayram şənlikləri keçirilib.
Gənclərin Vətənə məhəbbət
ruhunda tərbiyə edilməsi məqsədilə tarixi hadisələrin
qeyd edilməsi və Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün müəyyən
tarixi günlərdə dəyirmi masalar, konfranslar, məktəblilərlə
görüşlər təşkil olunub. “26 fevral 1992-ci il Xocalı
faciəsinə biganə qalmayın! Elektron-post
kampaniyasına sən də qoşul!”
şüarı ilə ilk dəfə lənkəranlı
gənclərin iştirakı ilə internet
aksiyası keçirilib. Aksiyaya qoşulan
minlərlə lənkəranlı gənc Xocalı faciəsi
ilə bağlı həqiqətləri ABŞ
senatorlarına, konqresmenlərinə, dünyanın
aparıcı televiziya və qəzetlərinə,
Avropa Birliyinə, müxtəlif ölkələrin
səfirliklərinə və konsulluqlarına
çatdırmaq üçün fəal
iş aparıb.
Azərbaycanın
folklor paytaxtı
Ölkəmizin qeyri-maddi mədəni irsinin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul olunan “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Lənkəran 2011-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilib. Bu əlamətdar hadisə münasibətilə il ərzində rayonun ayrı-ayrı mədəniyyət müəssisələrində konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və s. keçirilib. Bu tədbirlərdən “Tarixin canlı şahidləri” - qocaman el sənətkarları ilə görüşlər, “Bayatı axşamları” adlı folklor gecəsi, “Nənələr və nəvələr” folklor gecəsi, Lənkəran mətbəxi festivalı daha yaddaqalan olub.
Lənkəran
Rayon Mədəniyyət və Turizm Şöbəsindən
verilən məlumata görə, “Folklor paytaxtı”
proqramı çərçivəsində şəhərin
Heydər Əliyev parkında rayonun folkloru, adət ənənələri,
milli mətbəxi, el sənətkarlıq nümunələri
və s. nümayiş etdirilib.
Tədbirlər
planına uyğun olaraq tətbiqi sənət
ustalarının əl işlərinin sərgisi də maraqla
qarşılanıb. Sərgidə el
sənətkarlarının əl işləri - dulusçuluq nümunələri, həsirlər
və s. nümayiş
olunub. Tədbirin bədii
hissəsində Separadi kənd mədəniyyət
evinin “Nənələr” folklor
mahnı və rəqs kollektivi və Girdəni
kənd mədəniyyət evinin “Vənəvşə”
folklor rəqs kollektivi,
C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin
muğam ifaçıları rəngarəng konsert
proqramı ilə çıxış ediblər. Bundan başqa, Lənkəran uşaq
rəssamlıq məktəbində “Folklorumuz
və adətlərimiz uşaqların gözü
ilə” adı altında keçirilən sərgidə uşaq rəssamlıq məktəbinin və
eləcə də Lənkəran uşaq
yaradıcılıq mərkəzi şagirdlərinin milli folklorumuza, adət-ənənələrimizə
həsr olunmuş rəsm işləri nümayiş olunub.
Lənkəranın
“Folklor paytaxtı” elan edilməsi ilə bağlı
reallaşan tədbirlər sırasında Kitab bayramı daha
zəngin təəssürat doğurub.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88 illiyi
münasibətilə təşkil edilən IV Ümumrespublika
ənənəvi kitab bayramında müxtəlif sərgilərlə
yanaşı, xalq tətbiqi sənəti ustalarının əl
işlərindən ibarət sərgi də təqdim olunub.
“Folklor
paytaxtı” proqramı çərçivəsində daha bir
tədbir açıq havada keçirilən “Folklor axşamı” mərasimi
olub. Tədbirdə rayonun
Separadi kənd mədəniyyət evinin “Bacılar” talış folklor
mahnı və rəqs kollektivi qədimdə
Lənkəranda ifa olunan
mahnıları, qocaman mədəniyyət
işçisi, el sənətkarı
Surxay Əliyev isə qədim nəfəsli
alətdə maraqlı musiqi nömrələri
ifa ediblər. Tədbir çərçivəsində
həmçinin el sənətkarlığı
nümunələri də nümayiş olunub.
İlin
sonuna qədər “Azərbaycanın folklor paytaxtı”nda bu səpkidə
tədbirlərin davam etdirilməsi xalqımızın
şifahi xalq ədəbiyyatının, adət və ənənələrimizin
təbliği işinə mühüm töhfə olacaq.
Bəli, Lənkəran tikilir, qurulur, yeni layihələrin icrasına başlanılır və hər bir tədbir, atılan addım rayon sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə və şəhərin müasirləşməsinə səbəb olur. Prezident İlham Əliyevin lənkəranlılarla görüşü zamanı söylədikləri bu fikirlər dediklərimizə əyani sübutdur: “Əgər bizim iqtisadi gücümüz olmasaydı, bu gün Azərbaycanda geniş quruculuq-abadlıq işlərini aparmaq mümkün olmazdı. Lənkəranın timsalında bu çox aydın görünür. Mən həmişə demişəm, hər bir bölgənin inkişafı bütövlükdə ölkənin inkişafı deməkdir, hər rayonun, kəndin problemlərinin həlli bütünlükdə ölkədə mövcud problemlərin həlli deməkdir. Biz hamımız çalışmalıyıq ki, doğma vətənimizi daha da möhkəmləndirək, gücləndirək, zənginləşdirək”.
Ağaddin BABAYEV
“Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçün”
Paritet.-2011.-6-7 dekabr.- S.6.