“Qərbi Avropa Azərbaycan
diasporunun ən fəal və
ardıcıl fəaliyyət göstərdiyi bölgələrdən
biridir”
İlham Məmmədov: “Biz
tezliklə erməni diasporunun və lobbisinin antiazərbaycan fəaliyyətinin təsirini
heçə endirəcəyik”
(əvvəli
ötən sayımızda)
Bu
gün dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar və türklər iki ölkənin
maraqlarının müdafiəsi üçün səylərini
birləşdirərək erməni lobbisinin antiazərbaycan və
antitürkiyə fəaliyyətinin qarşısını
birgə alırlar.
Azərbaycan
diasporunun sıx əməkdaşlıq etdiyi yəhudi diasporu
ilə də əlaqələri müxtəlif ölkələrdə,
xüsusilə ABŞ və Avropada Azərbaycanın
maraqlarının qorunması baxımından əhəmiyyətlidir.
Məhz bu əlaqələrin sayəsindədir
ki, İsrail parlamentinin erməni genosidini
tanımasının qarşısı neçə illərdir
ki, alınır. ABŞ-da
uydurma “erməni genosidinin”
geniş miqyasda
tanınmasının qarşısının alınmasına
da Azərbaycan və yəhudi
diasporlarının əməkdaşlığının böyük töhfəsi vardır. Yəhudi diasporu
ilə sıx əlaqələrin yaranmasını, hazırda
Azərbaycan diasporunun özünün
sıralarında, Azərbaycanda doğulub
boya-başa çatmış yəhudi
xalqının çoxlu nümayəndəsinin
olması ilə də əlaqələndirmək olar. Azərbaycan diasporunun
sıralarında hazırda yəhudilərlə yanaşı,
digər qeyri millətlərin, o cümlədən rus,
ukraynalı, gürcülərin olması Azərbaycan diasporunun mövqelərini daha
da gücləndirən, adı çəkilən
xalqların diasporları ilə sıx tərəfdaşlıq
münasibətlərini labüd edən
amillərdəndir.
-Bu gün Qarabağ həqiqətləri
Qərbi Avropa ictimaiyyətinə necə
çatdırılır?
-Azərbaycan
dövlətinin yeritdiyi ardıcıl xarici siyasət kursu və
Qərbi Avropada məskunlaşan diasporumuzun birgə səyləri
nəticəsində Azərbaycanın Ermənistanın təcavüzünə
məruz qaldığını, Azərbaycan
torpaqlarının işğal olunduğunu, 1 milyon azərbaycanlının
öz doğma yurd-yuvalarından qaçqın
düşdüyünü, erməni qəsbkarlarının
Xocalıda dinc əhaliyə qarşı soyqırımı
törətdiyinin Avropa ictimaiyyətinə
çatdırılmasına nail olmaq mümkün olmuşdur.
Qərbi Avropanın müxtəlif siyasətçiləri,
ictimai xadimləri, dövlət və
hökumət nümayəndələri dəfələrlə
vurğulayıblar ki, Azərbaycan
torpaqlarının işğalının davam
etməsi faktı yolverilməzdir və bu
ədalətsizliyə son
qoyulmalıdır. Son bir neçə ildə Avropa Şurasının, Avropa
Parlamentinin, Avropa
İttifaqının bir sıra sənədlərində
Azərbaycanın torpaqlarının işğalı
faktının pislənməsi məhz Qərbi Avropa ölkələrinin ictimai
rəyində baş verən dəyişikliklərin
nəticəsidir. Bu dəyişikliklərin
baş verməsində isə şübhəsiz
ki, həmin ölkələrdə yaşayan Azərbaycan diasporunun
da xidməti vardır”.
-”Həftə sonu” məktəblərinin
təşkili məsələsi hansı yerdədir, bu məktəblərin
məqsədi və xeyirləri barəsində
danışardınız.
- Bu və ya digər diasporun mövcudluğunun ilkin şərti onun titul dövlət, yəni doğma Vətəni ilə bağlarının itməməsidir. Bu baxımdan azərbaycanlılar digər millətlərdən sözün həqiqi mənasında müsbət mənada fərqlənir. Bizim xalqımız harada və nə qədər müddət olmasından asılı olmayaraq öz adət-ənənələrini, milli mənliyini və mentalitetini qoruyub saxlayır, assimilyasiyaya qarşı davamlıdır. Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Siz bilirsiniz ki, Azərbaycan diasporunun formalaşmasının sonuncu mərhələsi məhz 20 il əvvəl başlayıb. Hazırda Qərbi Avropanın ayrı-ayrı ölkələrində elə yaşadıqları ölkələrin vətəndaşı olaraq dünyaya gələn minlərlə soydaşımız vardır. Azərbaycan diasporunun sabahı, gələcəyi həmin gənclərdir. Buna görə də onların Azərbaycanla, onların tarixi Vətəni ilə bağlılığını möhkəmlətmək, doğma ana dilləri olan Azərbaycan dilini unutmamaları üçün “Həftəsonu” məktəblərinin mühüm əhəmiyyəti vardır. Hazırda Qərbi Avropa ölkələrində 10-a yaxın “Həftəsonu” məktəbində yüzlərlə azərbaycanlı doğma ana dilini və ədəbiyyatını, milli folklorumuzu öyrənir. Milli adət-ənənələrimizin yeni nəslə aşılanması üçün diaspor təşkilatlarının nəzdində rəqs, musiqi dərnəkləri fəaliyyət göstərir. “Həftəsonu” məktəblərinin açılmasında, onların dərslik və digər vəsaitlərlə təmin olunmasında DİDK yaxından iştirak edir.
-Avropada məskunlaşan azərbaycanlıların
hüquqlarının müdafiəsi istiqamətində
hansı işləri həyata keçirirsiniz?
-
Diaspor qurumlarının bir vacib şərti - tarixi Vətənlə
bağların qorunub saxlanmasını yuxarıda qeyd etdik. Digər
vacib məqam, yəni bir
millətin, xalqın nümayəndələrinin bir araya gəlməsinin səbəbi
onların öz hüquqlarını qoruya bilməsi ilə bağlıdır. Fikrimi izah edim.
Məlum olduğu kimi, bu və ya digər səbəbdən etnik
vətənindən digər ölkəyə müvəqqəti
və daimi yaşayış üçün gedən insanların
hamısı həmin ölkənin yerli əhalisinə
münasibətdə milli azlıq və ya miqrant statusunda
olurlar. Təbii ki,
bu zaman onların yad mühitdə yerli adət-ənənələrə,
qayda-qanunlara adaptasiya
olunması, öz həyatlarını
qurması yolunda müəyyən maddi-mənəvi,
hüquqi, məişət problemləri
ilə üzləşirlər. Həmin ölkəyə daha əvvəl gəlmiş və
qarşıya çıxan problemlərin həlli təcrübəsinə
malik insanlar yenicə
ölkəyə qədəm basmış soydaşlarına
yardım göstərirlər. Xarici
ölkədə yaşayan eyni etnik qrupun
üzvlərinin bir-birini dəstəkləməsi
və üstəgəl tarixi Vətənlə
bağlılıqlarının qoruyub saxlamağa can atması
diasporların mövcudluğunun əsas səbəbləridir.
Qərbi
Avropa ölkələri yüksək səviyyədə
inkişaf etmiş insan haqları və demokratiyanın bərqərar
olunduğu cəmiyyətlərdir və burada digər millətlərə
qarşı hansısa fobiya və şovinist meyllərə
demək olar ki, rast gəlinmir. Sadəcə olaraq soydaşlarımızın bəzən hüquqi yardıma ehtiyacı olur
ki, bu məsələdə
də Azərbaycan səfirlikləri, DİDK onlara
köməklik edir.
-Avropada “Azərbaycan və azərbaycanlı
imici” necə tanınır?
-Qərbi
Avropada azərbaycanlılar zəngin mədəniyyətə,
incəsənətə, elmə malik xalqın nümayəndələri
kimi tanınıblar. 2011-ci ilin
may ayında Azərbaycan nümayəndələrinin
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində
qalib gəlməsi Azərbaycana və azərbaycanlılara
marağı daha da
artırıb. Avropada azərbaycanlıların
müsbət imicinin formalaşmasına son vaxtlar Azərbaycan
dövlətinin iqtisadi qüdrətinin
artmasının, Azərbaycanın Avropanın yanacaq
təhlükəsizliyinin təminatçısı kimi tanınmasının da
təsiri olmuşdur. Digər
tərəfdən Azərbaycan prezidentinin
yeritdiyi müstəqil xarici
siyasət kursu sayəsində
Avropanın, demək olar ki,
bütün ölkələri ilə
sıx tərəfdaşlıq münasibətlərinin
formalaşması, həmin dövlətlərin nəzərində
Azərbaycanın vacib tərəfdaş
imicinin olması da Avropada məskunlaşan azərbaycanlıların
mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirən amildir.
-Gənclərin diaspor fəaliyyətinə
cəlb edilməsi istiqamətində hansı addımlar
atılıb?
-Gənclər hər hansı bir xalqın, o cümlədən Azərbaycan xalqının gələcəyidir. Diasporda da bu belədir. Diasporumuzdakı gənclər bizim Azərbaycan diasporunun gələcəyidir. Sabah Azərbaycanın maraqları naminə məhz onlar fəaliyyət göstərəcəklər. Buna görə də Komitə diasporumuzun gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Elə bu səbəbdən artıq xeyli müddətdir ki, Komitədə Gənclərlə İş üzrə şöbə yaradılıb və o, bilavasitə gənclərlə işləyir. Sevindirici haldır ki, diasporumuzdakı gənclər olduqca fəaldırlar və Azərbaycanın maraqları naminə səy göstərirlər. Buna misal kimi Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərovu, Norveç Gənclər təşkilatının (NAYO) sədri Ramil Əliyevi, Kaspian Xəzri məktəbinin rəhbəri Simuzər Balaoğlanovanı, Benilüks Azərbaycanlıları Konqresinin gənclər qanadının sədri Musa Pünhanı və bir çox başqalarını göstərmək olar. Gənclərin daha bir üstünlüyü onların müasir biliklərə malik olması, informasiya-kommunikasiya texnologiyalarını öz fəaliyyətlərində geniş tətbiq etməsidir. Həmin gənclər yaşadıqları ölkənin ictimai-siyasi həyatında iştirak edir, yerli əhali tərəfindən özününkü kimi qəbul olunur. Onlar yaşadıqları ölkənin də sabahı, idarəediciləri və qanunvericiləridir. Bu mənada diasporumuzun gəncləri ilə iş xüsusi məsuliyyət tələb edən bir işdir. Biz öz işimizi elə qururuq ki, onlar qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının nümayəndəsi olduqlarını unutmasınlar, əksinə onlarda tarixi Vətənə məhəbbət, bağlılıq hissləri güclənsin. Bu baxımdan adını yuxarıda çəkdiyimiz “Həftəsonu” məktəblərinin, müxtəlif dərnəklərin rolu əvəzsizdir.
-Qərbi
Avropadakı diasporumuz əsasən
hansı ölkədə daha fəaldır,
bunun səbəbləri nədir?
-Mən Qərbi Avropadakı ölkələrini Azərbaycan diasporunun fəal olduğu və olmadığı ölkələrə ayırmaq istəməzdim. Hər bir ölkənin özünün xüsusiyyətləri, daxili və xarici siyasi faktorları, həmin ölkələrdə azərbaycanlıların sayı və s. kimi məqamlar vardır. Məsələn təkcə Almaniyada Azərbaycan diaspor təşkilatlarının sayı 40-a yaxındır. Bu ölkədə 200 mindən artıq azərbaycanlı yaşayır. Bildiyiniz kimi, bu ölkədə 3 milyonadək türk yaşayır və onlar da Azərbaycanı daim dəstəkləyir. Erməni diasporunun bu ölkədə Azərbaycanın maraqları əksinə hansısa bir addım atması mümkün deyil. Bu bizə Almaniyadakı Azərbaycan diasporunun kifayət qədər güclü olduğunu söyləməyə əsas verir. Amma, məsələn götürək Danimarkanı. Burada azərbaycanlıların və diaspor təşkilatlarının sayı Almaniyadakından qat-qat azdır. Lakin buna baxmayaraq Danimarkada parlament seçkilərində qalib gəlməsi əvvəlcədən 100% dəqiqliklə proqnozlaşdırılan Sosial demokrat partiyası seçkilərdən əvvəl Azərbaycan icması ilə görüşüb seçkilərdə onları dəstəkləmək üçün müraciət etmişdir. Bu həmin ölkədəki diasporumuzun ictimai-siyasi proseslərə təsir imkanlarının geniş olmasından xəbər verir. Eyni sözləri Benilüks ölkələrindəki diasporumuz haqqında da demək olar. Sayı çox olmasa da, bu ölkələrdə məskunlaşmış soydaşlarımız öz fəallıqları ilə seçilirlər. Norveçdə isə ümumiyyətlə azərbaycanlıların və təşkilatların sayı çox azdır. Lakin bu təşkilatlar, xüsusilə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - NAYO artıq 140-dan çox layihə həyata keçirib, Norveçin gənclər və əcnəbilər siyasətində mövqeyə malikdir, lobbiçilik fəaliyyəti göstərir. Və yaxud götürək İsveçi. İsveçdə məskunlaşmış soydaşlarımızın çox hissəsi Cənubi Azərbaycandan mühacirət etmişlər. Lakin onlar da Azərbaycan Respublikasını öz Vətənləri sayaraq, hər bir məsələdə bizim yanımızdadırlar, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini yaşadıqları ölkənin ictimaiyyətinə daim çatdırır və Azərbaycanın təbliğinə öz töhfələrini verirlər. Bu sadalamanı davam etdirmək olar. Buna görə də Azərbaycan diasporunun bu ölkədə zəif, digərində güclü olması kimi fərqlərin qoyulması düzgün olmazdı. Azərbaycan diasporu artıq qeyd etdiyim kimi, hələ gəncdir. Lakin buna baxmayaraq, biz təşkilatlanma mərhələsini artıq başa vurmuşuq. İndi qarşımızda duran başlıca vəzifə fəaliyyətimizin effektivliyini artırmaq, hədəfləri dəqiq müəyyənləşdirib mövcud potensialı düzgün istiqamətləndirərək qarşıya qoyulan məqsədlərə çatmaqdır.
Asif
NƏRİMANLI
Paritet.-2011.-8-9 dekabr.-S.5.