“Gənc nəslin bizim ədiblərin yaradıcılığı barədə məlumatı geniş deyil”

 

Tərlan Rəsulov: “Teatra tamaşaçıları “Facebook” sosial şəbəkəsi vasitəsilə çağırıram

 Müsahibim “Yuğ” Teatrının  direktoru Tərlan Rəsulovdur. Onunla teatrın fəaliyyəti, nailiyyəti, gələcəyi barədə söhbət etdik.

-Vaqif müəllimsiz  Yuğ” Teatrının işləri necə gedir?

-İşlər həmişəki kimi gedir. Vaqif müəllim iş prinsipini, təşkilati strukturu elə qurmuşdu ki, istənilən halda - onunla, ya onsuz - teatrın işləri sahmanında gedə bilsin. Deyirlər, əvəzedilməz insan yoxdur, amma elə insanlar var ki, onlar, doğrudan da, əvəzedilməzdir. Vaqif müəllim də belə nadir insanlardan idi. Amma əgər sən işi qurursan və o iş sənsiz getmirsə, bu, sənin mənfi cəhətindir. Əsl qurucu, təşkilatçı, rəhbər o insandır ki, qurduğu struktur, sistem onun birbaşa nəzarəti olmadan da işləyə bilsin. Vaqif müəllim hər şeyi hərtərəfli düşünmüşdü.  Bunun nəticəsidir ki, bu gün - Vaqif İbrahimoğlunun yoxluğunda “Yuğ” Teatrı yaradıcı təsisat kimi öz işini tam gücü ilə davam etdirə bilir. Ustadımız özü də tez-tez belə bir ifadəni işlədərdi: “Nə mutlu o şəxsə ki, özündən sonra yolunu davam etdirəcək tələbələri, yetişdirmələri var”. Hazırda zəngin yaradıcı potensiala məxsus olan kifayət qədər gənclərimiz var. Yaşlı nəsil də öz gücünü itirməyib. Sadəcə, Vaqif müəllim fiziki olaraq aramızda yoxdur. Sözsüz ki, içi mən qarışıq, hamımız elə bir məqama çatırıq ki, onun məsləhətinə  ehtiyacımız olur. O məsələləri ki, Vaqif müəllimlə müzakirə edərdik və onların həlli bizim üçün su içimi qədər asan olardı, indi həmin problem üzərində günlərlə düşünməli oluruq. Bizi düzgün istiqamətə yönəldən, yanlışlardan sapındıran Ustadımızı itirdik. Amma Vaqif müəllimin ruhu, öyrətdikləri bu gün də bizi yönəldir, mayak kimi yolumuzu işıqlandırır. Ustadın cızdığı yolla gedərək, biz öz üzərimizdə işləyirik, özümüzü inkişaf etdirməyə çalışırıq.  Bu bir tərəfdən həm də sınaqdır. Ata-ananın himayəsində böyüyən uşaq birdən sərbəst həyata başlayanda özünü necə itirirsə, Vaqif müəllimsiz bizim keçirdiyimiz hisslər də təxminən belədir.  Hər birimiz yaradıcı proses zamanı, müəyyən sənət mübahisələri, müzakirələr zamanı istər-istəməz Vaqif müəllimi yada salırıq. Onun ruhu həmişə başımızın üzərindədir.

-Vaqif müəllim müsahibələrinin birində bəyan eləmişdi ki, teatra yeni baş rejissor gələcək. “Məqam axtarıram çubuğumu ötürüm. Tələbələrim indi mənim həmkarlarımdırlar və buna hazırdırlar”- deyirdi. Vaqif müəllimin vəfatından sonra hələ də teatr baş rejissorsuz fəaliyyət göstərir. Baş rejissorun olması planlaşdırılır, yoxsa onsuz da “Yuğ” Teatrı işlərini qura bilir?

-Əvvəla onu qeyd edim ki, hər hansı bir teatra baş rejissorun təyin olunması Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Nazirlik dövlət teatrları sisteminə daxil olan bütün teatrlar kimi “Yuğ” Teatrının fəaliyyətinə də yaxından bələddir. Hələ ki “Yuğ” Teatrına baş rejissorun təyin olunması planlaşdırılmır. Baş rejissor həm vəzifə, həm də konkret istiqamətləndirici qüvvədir. “Yuğ” Teatrına isə istiqamət artıq verilib. Biz də istiqaməti təyin edib, problemləri demokratik şərtlərlə müzakirə edib, özümüz qərarlar veririk. Hələ ki, Vaqif müəllim tərəfindən əsası qoyulan istiqamət üzrə görüləsi işlər çoxdur. Bir çox eksperimentlər keçirilməli, sınaqlar olmalıdır ki, müəyyən yaradıcı işləri dəqiqləşdirək. Bu missiya indi bizim üzərimizdədir. Ümid edirəm ki, biz bunu bacaracağıq.

-Bu hansı  istiqamət idi? Bunu aça bilərsinizmi?

-Bu, Vaqif müəllim tərəfindən tərtib edilmiş, cəsarətlə deyə bilərəm ki, dünyada analoqu olmayan üslubdur, teatr poetikasıdır. Bu poetikanın adını Vaqif müəllim vaxtilə “Psixosof” poetikası qoymuşdu. “Psixosof” poetikası Stanislavski sistemindən köklü surətdə fərqlənir. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, “Yuğ” yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir, insan ruhunun yaşamı, insanın ruhi-psixodelik halı teatrın yaradıcılığının mərkəzində dayanır. Məhz bu fakt “Yuğ” Teatrının təqdim etdiyi tamaşaların dəyərləndirmə vasitələrini də köklü surətdə dəyişir.

Demək olar ki, “Yuğ” Teatrının hər bir tamaşası bu istiqamətdə bir sınaq olub. Bilirsiniz, müəyyən müddət keçəndən sonra nəzəri baxımdan yaradıcı fikirlər meydana gəlir ki, onları da  məhz təcrübi olaraq tamaşalar vasitəsilə yoxlamaq mümkündür. Hər növbəti tamaşada yeni baxış, yeni yanaşma sayəsində o fikirləri sınaqdan keçirir, onun nə dərəcə də işlək olmasını müəyyənləşdiririk.

-Vaqif müəllimdən sonra həmin eksperimentlərə nəzarəti kim yerinə yetirir?

-İndi onu qismən mən, qismən  yaşlı nəsil rejissor və aktyorlar edirlər. Əslində isə, burda hamı birgə işləyir, hamı da birgə buna nəzarət edir. Artıq teatrda çalışan sənətçilərin çoxunun bu sahədə səriştəsi var. “Psixosof” poetikasının konseptual əsasları nəzəri baxımdan tam tərtib olunub. Vaqif müəllim nəzəriyyəni, poetikanı tam qurub.

-”Yuğ  Teatrı yarananda bu nəzəriyyə var idi? Yoxsa “Yuğ” onun yaranmasına şərait yaratdı?

-”Yuğ” Teatrı yarananda bu poetika tam bitkin nəzəriyyə formasında deyildi, ümumi yanaşma, yaradıcı üslub şəklində idi. İllər ötdükcə teatrda qoyulmuş tamaşalar üzərində müəyyən təcrübələr qazanıldı. Bu, çox normal haldır, çünki heç bir nəzəriyyə birdən-birə yarana bilməz. 90-cı illərdən sonra isə bu poetika “Yuğ” Teatrının tamaşalarında aprobasiyadan keçərək tam formalaşdı.

-Daha çox gənclərlə işləyən teatrlardan birisiniz. Hazırda bu istiqamətdə işlər necə gedir?

-Vaqif müəllim həmişə gənclərə böyük etimad göstərib. Teatrda həmişə gənc sənətçilərə mümkün olduğu qədər şərait yaradılıb. Bu gün də “Yuğ” Teatrı öz ənənəsinə sadiq qalır. Təkcə onu demək kifayətdir ki, teatrın bütün rejissorları gənclərdir. Onlar da etimadımızı doğrulda bilir, maraqlı işlərlə bizləri sevindirirlər. Bu baxımdan, son işimiz - “2+1” Eksperimental Teatr Festivalı çərçivəsində nümayiş olunan “Kölgə” və “Tabu” tamaşalarını xüsusi vurğulamaq istəyirəm. Onu da qeyd edim ki, hər iki səhnə əsəri gənc rejissorların quruluşunda hazırlanıb. Yucin Onilin “Qarağaclar altında məhəbbət” əsəri əsasında hazırlanmış “Kölgə” tamaşası Aytən Məmmədovanın, X.L.Borxesin “Bədəməl qadın” əsəri əsasında hazırlanmış “Tabu” tamaşası isə Ruslan Şöhrətoğlunun ilk rejissor təcrübəsidir. Kifayət qədər uğurlu alınan və perspektiv vəd edən bu tamaşalar bizə teatrımızda çalışan gənc sənətçilərin gələcəyinə ümidlə baxmağa əsas verir. 

-Festival çərçivəsində Teatr Xadimləri İttifaqı ilə narazılıq yaşanıb. Doğrudurmu?

-Mən buna narazılıq deməzdim. Məsələ ondan ibarətdir ki, “Yuğ”- un festivala təqdim etdiyi iki tamaşa Teatr Xadimləri İttifaqının  səhnəsində oynanıldı. Sonuncu tamaşanın nümayişinin bizim səhnədə olmasını təklif etdik. Çünki tamaşanın oraya daşınması çox çətin idi. İki tamaşanın quruluşunu böyük səhnəyə adaptasiya etmək nisbətən asan idisə, “Tabu” tamaşasının Teatr Xadimləri İttifaqının tamaşa zalına uyğunlaşdırmaq çox vaxt və əmək tələb edirdi.

-”Yuğ” Teatrının “Mən, Məhəmməd Füzuli...” layihəsi çox uğurlu alındı. Bu səpkili layihələrin davamı gələcəkmi?

-Bəli, artıq Mədəniyyət və Turizm Nazirliyinə “Naməlum Axundzadə” adlı teatr layihəsini təqdim etmişik. Bu layihədə Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığına, publisistikasına, ümumiyyətlə, bütün fəaliyyətinə yeni yanaşma, yeni baxış olacaq. Mənə elə gəlir ki, gənc nəslin bizim ədiblərin yaradıcılığı barədə məlumatı, yumşaq desək, o qədər də geniş deyil. Tamaşaçını qınamaq olmaz, kifayət qədər yetərli rəqiblər - internet, sosial şəbəkələr, televiziya var. Biz teatr olaraq, tamaşaçını arxamızca aparmalıyıq. Ona görə bu layihənin üzərində möhkəm dayandıq. Məncə, bu nəsil üçün Axundzadə naməlumdur. Əgər Axundzadəni hansı aspektdən tanıdıqlarına dair gənclər  arasında sorğu keçirsək,  doğru-düzgün cavab verən çox az adam tapılar.

-Tərlan bəy, daha öncə  Axundzadənin  hansısa əsərinə müraciət edibsinizmi?

-İndiyə qədər Axundzadənin heç bir əsərini səhnələməmişik. Layihə çərçivəsində bu ilk və inanıram ki, yaxşı təcrübə olacaq. Bildiyiniz kimi Prezident İlham Əliyev Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Gələn il bununla bağlı tədbirlər keçiriləcək, “Naməlum Axundzadə” layihəsi həm də buna həsr olunur.

-”Yuğ” istənilən əsərə səhnə təcəssümü verə bilərmi?

-”Yuğ”- un poetikası elə tərtib olunub ki, biz istənilən əsəri oynaya bilərik.  Sadəcə bu, rejissorun hansı əsərdən təsirlənib və onunla nəyi demək istəməsi, ona şəxsi yanaşmasından asılıdır. Hərdən elə olur ki, rejissor öz sənət düşüncəsinə uyğun olan hansısa müəllifin əsərinə müraciət etmək istəyir. Bunu heç kim heç vaxt qadağan etmir. Tamaşalar rejissorların nə demək, nə istəmək arzusundan və teatrın repertuar siyasətindən yaranır.  Repertuar teatrın simasıdır, bədii-estetik səviyyəsinin başlıca göstəricisidir. Biz həm klassik və müasir dünya dramaturgiyasını, həm milli dramaturgiyamızı, eləcə də digər xalqların dramaturji nümunələrini əsas götürür, burada yaradıcı heyətin potensial imkanlarını nəzərə almaqla və truppada olan aktyorların bədii özünüifadəsi üçün şərait yaradan repertuar müəyyən etməyə çalışırıq. “Yuğ”- un repertuarında teatrın kredosuna, amalına, poetikasına məhrəmlik duyulur. Elə ilk tamaşası - Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası ilə teatr öz yaradıcılıq yolunun konturlarını cızdı. Daha sonra səhnələdiyi “Açar”, “Dad”, “Oğul” kimi tamaşalarla sənət axtarışlarını davam etdirdi. “Yuğ”- un 22 illik fəaliyyəti dövründə repertuarında yer alan tamaşalara nəzər saldıqda teatrın klassik irsimizin nümunələrinə də (“Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid və s.), müasir yazarların (Ramiz Rövşən, Kamal Abdulla, Afaq Məsud, Vaqif Bayatlı, Firuz Mustafa, Mehman Musabəyov və s.) əsərlərinə də müraciət etdiyinin şahidi oluruq. Repertuarda əcnəbi müəlliflərin (Şekspir, Ekzüperi, Bekket, Höte, Çexov, Qoqol, Yamamoto, Markes, Kafka, Onil və s.) əsərləri əsasında hazırlanan tamaşalar da az deyil. “Yuğ”-un tarixinə qısa ekskursdan da göründüyü kimi, teatrın repertuarı çox rəngarəngdir, amma bu repertuarda rast gəldiyimiz əsərləri birləşdirən bir amil var; onların hər biri ilahi mətləblərə, sakral, arxetipik məna qatına malikdir.

-Oktyabr ayında siz Polşada keçirilən Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin  açılışında iştirak etdiniz. Bu şəbəkə nələr vəd edir?

 

-Orda yaxın iki il ərzində Şərqi Avropada həyata keçirilməsi nəzərdə tutulan teatr və art layihələr, yeni idarəetmə mexanizmləri, çağdaş təşkilatlanma problemləri müzakirə olundu. Mənim missiyam orda keçirilən layihələrə Azərbaycan teatrlarında maraq yaratmaqdan ibarətdir.

-Bizim teatrların Şərqi Avropa teatrları ilə müqayisədə nə kimi çatışmazlığı var?

-Azərbaycan teatrı dünya teatrlarından heç də geri qalmır. Sadəcə, elə tamaşalar var ki, yerli tamaşaçı üçün, elələri də var ki, xarici tamaşaçı üçün nəzərdə tutulmalıdır. Biz Azərbaycan teatrı olduğumuz üçün, ilk növbədə, öz tamaşaçımızı düşünürük. Məncə, Azərbaycan teatrını zəif teatr kimi qiymətləndirmək lazım deyil. Kifayət qədər potensialımız, bacarığımız var. Sadəcə, bayaq dediyim kimi,  əgər festivala gedirsənsə, onun prioritetlərinə cavab verən tamaşa hazırlamalısan. Polşada bir gerçəkliklə qarşılaşdım - Şərqi Avropanın bir çox teatrları da bizim kimi özlərini Avropadan kənar hiss edirlər. O ki qaldı problemlərə, dünyanın bütün teatrlarında eyni problemlər - rejissor, aktyor, kadr, tamaşaçı, maddi-texniki baza və s. - var. Bir misal çəkim: Keti Boyt adlı rejissor İngiltərədə bir tamaşa qoydu. Tamaşa üçün Latviyadan Riqa xoru, İspaniyadan xoreoqraf, Fransadan rəqqasə, Şotlandiyadan səs, işıq effekti verən yüksək səviyyəli texniki avadanlıq gətirilmişdi. Səhnələşdirilən əsər isə Anna Axmatovanın “Rekviem” poeması idi. Tamaşa mənim çox xoşuma gəldi, amma az keçməmiş sizin avropalı dediyiniz tamaşaçı zalı tərk etməyə başladı.  Sizə səmimi deyirəm, orda qoyulan tamaşalar bizim klassik teatrlarımızda qoyulan tamaşalar kimidir.

-Tamaşaçı demişkən, “Yuğ” teatrı tamaşaçı baxımından əziyyət çəkirmi?

-Xeyr. Tamaşaçı qıtlığı yoxdur. Sevinirik ki, tamaşaçılarımızın yaş həddi get-gedə daha da cavanlaşır.  Əvvəllər “Yuğ”- a yalnız yaşlı nəsil - filosoflar, alimlər, intellektual adamlar - gəlirdisə, indi onlarla yanaşı, tamaşaçıların içində gənclərin sayı da kifayət qədər artıb. Ümumiyyətlə,  son zamanlar Azərbaycan əhalisi arasında teatra qayıdış hiss olunur. Şəxsən, mən tamaşalarımıza tamaşaçıları “Facebook” sosial şəbəkəsi vasitəsilə çağırıram. Və bu təcrübə çox yaxşı nəticə verir

 

Nərmin MURADOVA

Paritet.-2011.-8-9 dekabr.-S.16.