Azərbaycan diasporunu bu günə gətirən uzun yol

 

Ötən əsrin 90-cı illərində təsis olunan diaspor qurumlarımızın əksəriyyəti bu gün də fəaliyyət göstərir

Keçən əsrin sonlarında diasporumuzun hansı şəraitdə formalaşıb, inkişaf etməsi ilə bağlı qəzetimizin ötən saylarında məlumat vermişdik. Hazırda fəaliyyət göstərən güclü Azərbaycan diasporunun əsasını məhz ozamankı təşkilatlar, cəmiyyətlər, mədəniyyət ocaqları qoyub. Bu dəfə həmin qurumlar barədə məlumat verəcəyik. İstinad kimi 1994-cü ildə nəşr olunan “Xarici Ölkələrdə Fəaliyyət Göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri, Cəmiyyətləri” kitabından istifadə edəcəyəm. Keçən əsrin sonlarında yaradılan təşkilatların çoxluğunu nəzərə alıb, bu dəfə yalnız Almaniyada fəaliyyət göstərən cəmiyyətlərdən söz açacağam.

 Azərbaycan-Almaniya münasibətlərinin tarixi yüzilliklərə söykənir. Keçən əsrin əvvəllərində alman şirkətlərinin ölkəmizə maraq göstərib, sərmayə yatırması bu baxımdan təsadüfi deyildi. O zaman bir çox azərbaycanlı gənclər də təhsillərini məhz bu ölkədə alırdı. Bundan sonra baş verən tarixi hadisələr (bolşeviklərin Azərbaycanı işğal etməsi, repressiyalar, II Dünya müharibəsi) nə qədər ziddiyyətli olsa da, müəyyən mənada iki xalqı bir-birinə yaxınlaşdırdı. 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən, 1937-ci il repressiyalarına qədər müxətlif yollarla canlarını qırmızı terrordan qurtaran minlərlə soydaşımız bu ölkəyə pənah apardılar. İkinci böyük dalğa II Dünya müharibəsində qeydə alındı. Bu dəfə də xeyli sayda azərbaycanlı, almanlar tərəfinə keçərək, Azərbaycanın xilası üçün mübarizə apardılar.

 Keçən əsrin 90-cı illərində ölkəmiz ikinci dəfə müstəqillik qazananda Almaniyada yaşayan həmvətənlərimiz müxtəlif təşkilatlar, qurumlar yaratmaqla Azərbaycan həqiqətlərini alman cəmiyyətinə çatdırmaq üçün fəal işə keçdilər. İlk belə qurumlardan biri Berlində yaradılmış “Azərbaycan-Almaniya Cəmiyyəti” idi.  1988-ci ilin əvvəllərində fəaliyyətə başlayan cəmiyyətin əsas məqsədi Almaniyada Azərbaycana olan marağın artdığı bir şəraitdə, geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun mədəniyyəti, iqtisadiyyatı və incəsənəti ilə tanış etmək idi. Həmin ərəfədə artıq ermənilərin torpaq iddiası baş qaldırmışdı. Məhz bu səbəbdən ilk dəfə olaraq Cəmiyyət yardım üçün xüsusi fond yaratdı. Bununla paralel olaraq Almaniya şəhərlərində mitinqlər, aksiyalar keçirmək işinə start verildi. O zaman Qərbdə istedadlı rəssam kimi tanınan, “Azərbaycan-Almaniya Cəmiyyəti”nin ilk sədri İbrahim Əhrari mütəmadi olaraq Azərbaycana səfərlər təşkil etdi. Artıq müharibəyə cəlb edilmiş ölkəmizdə həmin ərəfədə iqtisadiyyat yox səviyyəsində idi. Döyüşdə yaralanan əsgərləri müalicə etmək üçün dava-dərman çatışmırdı. Cəmiyyət bu problemi aradan qaldırmaq üçün mütəmadi olaraq Almaniyadan Azərbaycana yardımlar göndərirdi.

Bununla paralel olaraq qurum, Almaniya ictimaiyyətini Azərbaycan mədəniyyəti, onun zəngin ənənələri ilə tanış etmək məqsədilə konsertlər, poeziya gecələri, musiqi festivalları, sərgilər və digər mədəni tədbirlər keçirirdi. Buradan toplanan vəsait isə Azərbaycan Qaçqınlar Cəmiyyətinin elmi mərkəzinə köçürülürdü. “Azərbaycan-Almaniya Cəmiyyəti” bu gün də fəaliyyətini uğurla davam etdirir. Artıq keçən əsrin sonlarında mövcud olan əsas problemlər aradan qaldırılıb. Sürətlə inkişaf edən Azərbaycan bu cəmiyyətin daha da güclənməsi üçün maksimum yardımlar göstərir. Hazırda cəmiyyətin rəhbəri Çingiz Abdullayevdir.

Keçən əsrin sonlarında Azərbaycanı təbliğ edib tanıtmaq üçün yaradılan “Azərbaycan Akademiyası” Cəmiyyəti də müstəsna xidmətləri ilə yadda qalıb. Burada Berlin şəhərində yaşayan azərbaycanlı mütəxəssislər və Azərbaycanşünaslıqla məşğul olan qeyri-azərbaycanlı elm və mədəniyyət xadimləri toplaşaraq ölkə həqiqətlərini elmi səviyyədə müzakirə edirdilər. Bu cəmiyyətin əsas məqsədi Azərbaycanın elm və mədəniyyətini Qərbi Avropada tanıtmaq, onun Almaniyada inkişafına şərait yaratmaq idi. “Azərbaycan Akademiyası” Cəmiyyətinin prezidenti Avropa ölkələrində yaxşı tanınan alim Əhməd Yəzdanidir. Cəmiyyətin vitse-prezidenti Məsud Pənahi (Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1979-cu ildən Berlində yasayır) “Elm” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “Azərbaycan Akademiyası” Azərbaycanla bağlı araşdırmalara, o cümlədən dilçilik və ədəbiyyatşünaslıq, tarix elmləri, folklorşünaslıq, etnologiya, antropologiya, dilşünaslıq, sənətşünaslıq, təbabət, psixologiya sahəsində aparılan bütün işlərə yardım göstərəcək. Həmçinin Azərbaycanın özündə olan ən vacib elmi axtarış və tapıntıları Qərbdə tanıtmağa, təbliğ etməyə səy ediləcək. Elmi layihə və nəşrlərin uyğun formalarına kömək etməklə, xüsusi dövri və s. mətbu orqanlar təsis etməklə, kitabxanalar, nəşriyyatlar, o cümlədən bütün kooperasiya formalarını yaratmaqla, müxtəlif akademiyalar, elmi müəssisə və təşkilatlarla əlaqələr qurub, inkişaf etdirməyə, türkoloqların mübadiləsinə böyük ümidlər bəsləyirik”.

Bu açıqlama təxminən 20 il bundan əvvəl verilib.  Bu gün Azərbaycan-Almaniya arasındakı mövcud münasibətlər ümidlərin özünü doğrultduğunu bir daha sübut edir. “Azərbaycan Akademiyası”nın o zamankı işləri Azərbaycan elminin dünya miqyasına çıxarılması istiqamətində mühüm addımlar hesab oluna bilər. Yuri Pompeyevin Qarabağ hadisələrinə dair kitabının alman dilinə tərcümə edilib, nəşr olunması buna aid edilə bilər. Keçən əsrin sonlarında Azərbaycan alimlərinin Almaniyaya səfərini də bu cəmiyyət öz hesabına gerçəkləşdirmişdi.

Digər bir cəmiyyət Berlində fəaliyyət göstərən “Azərbaycan Kültür Ocağı” isə soydaşlarımız arasında dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi, incəsənətimizi qoruyub saxlamaq və bunları Avropada yaşayan xalqlara tanıtmaq məqsədi ilə yaradılıb. Ocağın fəaliyyətinə idarə heyəti rəhbərlik edir. Tez-tez xeyriyyə gecələri, konsertlər təşkil olunur. Bu təşkilatın yaranmasından bu günə qədər davam edir. Fərq yalnız bundan ibarətdir ki, o zaman bütün konsertlər Almaniyada yaşayan həmvətənlərimizin hesabına gerçəkləşirdi. Hazırda isə bütün maliyyə problemlərini Bakı özü həll edir.

“Azərbaycan Kültür Ocağı” öz fəaliyyətini yalnız mədəni tədbirlərlə məhdudlaşdırmayıb. 20 Yanvar hadisəsi, Xocalı faciəsi, eləcə də erməni yalanları ilə əlaqədar etiraz mitinqlərinin keçirilməsində, KİV vasitəsi ilə əsl həqiqətin geniş ictimaiyyətə çatdırılmasında müstəsna xidmətləri olub. Həmçinin Ocaq, Almaniyada yaşayan həmvətənlərimizin, yenicə müstəqillik qazanmış Azərbaycandakı qohumları ilə münasibətlər yaratmalarına, onları axtarıb tapmaq üçün də böyük işlər görüb.   Kültür Ocağı həmçinin “Savalan” adlı jurnalı da təsis etdirib. Bu məcmuə indiyə qədər çap olunur. Burada da Azərbaycan mədəniyyəti, ədəbiyyatı, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilir.

Erməni təcavüzünü olduğu kimi Avropa cəmiyyətinə çatdırmaq üçün “Qarabağ Təşəbbüsü” Təşkilatı yaradılmışdı. Erməni yalanlarının tüğyan etdiyi bir vaxtda bu mühüm əhəmiyyət kəsb edirdi. “Qarabağ Təşəbbüsü” erməni təcavüzü ilə əlaqədar Almaniyada yaradılan ictimai-siyasi və milli-mədəni təşilatlardandır.Bu qurumun ən ümdə vəzifəsi Almaniyada, eləcə də Avropanın digər ölkələrində erməni-azərbaycanlı münaqişəsi ilə bağlı hadisələr barədə həqiqəti yaymaq və təbliğ etməkdir. Bunun gerçəkləşməsi üçün o zaman bütün imkanlardan istifadə edilirdi. O zaman Berlində fəaliyyət göstərən erməni cəmiyyətləri Dağlıq Qarabağdan olan bir qrup erməninin adından qondarma təşkilat yaradıb, konfrans keçirirdilər. Məqsəd dünya ictimaiyyətinin diqqətini yayındırmaq, təcavüzkar tərəf kimi Azərbaycanı göstərmək idi. “Qarabağ Təşəbbüsü”nün üzvləri, o zaman ölkəmizin Almaniyadakı səfirliyinin köməyi ilə bu təşəbbüsün qarşısını aldılar. Bu erməni diasporu üzərində ilk uğurlarımızdan hesab olunurdu.

Ermənistanın həyata keçirdiyi təcavüz nəticəsində meydana çıxan müharibə haqqında Berlinin sakinlərinə obyektiv məlumat verəcək sənədlər yaymışdılar. Bunlar əsasən erməni vəhşiliklərini təsdiq edən broşura və kitablar idi. Alman dilində hazırlanmış bu materiallar ermənilərin tədbirlərini yarımçıq qoyaraq dağılışmaları ilə nəticələnmişdi.

Qarabağla bağlı daha bir təşkilat 1992-ci ilin əvvəllərində Bonn şəhərində yaradılıb. Azərbaycandakı həmvətənləri ilə yaxından əlaqə saxlamaq məqsədi ilə doğma vətəndən uzaqda yaradılan “Qarabağ” Komitəsi xeyriyyə məqsədi ilə yaradılmışdı. Xocalı faciəsindən dərhal sonra komitənin üzvləri Rusiyanın Almaniyadakı səfirliyi qarşısında geniş etiraz aksiyasını gerçəkləşdirmişdi. Komitə dəfələrlə Azərbaycanın Müdafiə Nazirliyinə dərman, tibb ləvazimatları göndərmişdilər. Almaniyada yaşayan həmvətənlərimiz o zaman imkanları daxilində komitənin hesabına pul köçürürdülər və bu Bakıya çatdırılırdı.

Komitə eyni zamanda Almaniyada Azərbaycan haqqında həqiqətləri yaymaq, Qarabağ hadisələri barədə düzgün, obyektiv məlumatları alman cəmiyyətinə çatdırmaq, diskussiyalar keçirmək, milli mədəniyyətimizi, abidələrimizi təbliğ etmək məqsədini qarşıya məqsəd qoymuşdu. Çəkilən zəhmət təbii ki, nəticəsiz qala bilməzdi. Bu gün Almaniya dövləti Dağlıq Qarabağ münaqişəsində birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə edirsə, burada diasporumuzun da xüsusi xidmətlərinin olduğunu nəzərə almaq lazımdır.

 

Məhəmməd TAĞIYEV

Paritet.-2011.-8-9 dekabr.-S.10.