Türkiyədə diasporumuza
ehtiyac varmı?
İlk dəfə olaraq
dünya azərbaycanlılarının həmrəyliyinə
yönələn tədbirlər məhz Türkiyədə keçirilib
II yazı
(əvvəli ötən
sayımızda)
“Azərbaycan türkləri
Türkiyənin onurğa sütunudur”
Bu gün
belə bir fikir eşidilir ki, Türkiyədə
diasporun fəaliyyət göstərməsinə
ehtiyac yoxdur. Bu fikrin kökündən
yanlış olduğunu deyən
soydaşımız “Türkiyə ilə Azərbaycan qardaş dövləti olsa
da, ancaq nəzərə
almaq lazımdır ki,
Türkiyə özü ayrı bir dövlətdir” sözlərini dilə gətirib: “Türkiyədəki Azərbaycan
türklərinin təşkilatlanması, vahidləşməsi
Azərbaycanın maraqlarını müdafiə edəcək
diasporunun olması zəruridir və labüddür. Onlar Azərbaycanla
nəfəs almalıdırlar və Azərbaycanın türk dünyasının bir
parçası olduğunu yaddan
çıxarmamalıdırlar. Həm də Azərbaycan
türkləri Türkiyənin onurğa sütunudur”.
O, azəri
mediasına müsahibəsində isə Türkiyədə
Azərbaycanı yaxşı tanımadıqlarını
bildirib: “Ən pisi isə, Cənubi Azərbaycanı heç
tanımırlar. Biz fəaliyyətlərimizlə İzmirdə Azərbaycanın
bütöv olaraq
tanınması üçün əlimizdən
gələni edirik. Ən acısı da odur ki,
Türkiyədə yaşayan Türkiyə
azərbaycanlılarının özləri də Azərbaycanı,
mədəniyyətini, tarixini yaxşı tanımırlar, hətta
Cənubi Azərbaycanı çox az tanıyırlar. Biz hər
şeydən öncə öz
insanlarımıza mədəniyyətimizi, incəsənətimizi,
tariximizi, ümumiyyətlə bütöv ölkəmizi tanıtmağa
çalışırıq”. C.Mehmetxanoğlu
ilin sonuna kimi “Türkiyədə
yaşayan Azərbaycan türkləri”
adlı kitabın nəşr olunacağını da diqqətə çatdırdı.
Yeri
gəlmişkən, C. Mehmetxanoğlunun təşəbbüskarlığı
ilə bu il “Türkiyədə yaşayan Azərbaycan Türklərinin
I Qurultayı” keçirilib. Qurultaya
400-dən çox nümayəndə
qatılıb. Azərbaycanın bütün
məsələləri bu qurultayda
dilə gətirilib.
Təbii
ki, Türkiyədəki Azərbaycan diasporunun bugünkü
durumu, statistikasını öyrənmək üçün
bir mənbə kifayət etmir. Bu və
digər məsələləri araşdırdıqda oxşar və fərqli fikirlərlə
rastlaşırıq. Azərbaycanın Yaponiyadakı səfirliyinin
keçmiş əməkdaşı,
hazırda Ankarada doktorantura
təhsili alan politoloq
Vurğun Həsənliyə görə
isə, Türkiyədəki azərbaycanlılar iki qrupa bölünür:
“Birincisi 20-ci əsrin əvvəllərində
bu ölkəyə gələnlər. İkincisi isə, Azərbaycan müstəqilliyini
əldə etdikdən sonra Türkiyəyə
gələn azərbaycanlılar”. Statistikaya
gəldikdə isə, V.Həsənli dəqiq rəqəm deməyin
çətin olduğunu bildirdi:
“Lakin müxtəlif mənbələrə
əsasən, təxminən Türkiyədə iki milyondan çox
Azərbaycan türkünün
yaşadığı ehtimal olunur. Bunların 150.000-dən çoxu
müstəqillik əldə etdikdən sonra
müxtəlif məqsədlər üçün
Azərbaycan Respublikasından gələnlərdir
Diaspor işində
tələbə potensialı
Lakin həmsöhbətimiz Türkiyədə Azərbaycanın əsas gücünün buranın universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkil etdiyini düşünür: “Tələbələr də iki yolla bu ölkəyə gəldiyi üçün dəqiq rəqəm yoxdur. Sadəcə dövlət xətti vasitəsilə təhsil alanların sayı məlumdur. Ümumi rəqəmin isə, 3000 civarında olduğu ehtimal edilir. Tələbələr ona görə əsas potensialdır ki, onların gördükləri və görəcəkləri işlər ciddi nəticə doğura bilir. Türkiyədə Azərbaycanla bağlı görülmüş tədbirlərin çoxu tələbələrin təşəbbüsü ilə həyata keçirilmiş tədbirlərdir. Belə ki, tələbələr mütəşəkkil şəkildə koordinasiya edilməli və istiqamətləndirilməlidir. Həmçinin Türkiyədəki siyasətçi və dövlət adamlarının çoxunun universitet müəllimləri olduğunu nəzərə aldıqda, buradakı azərbaycanlı tələbələr vasitəsilə daha faydalı işlər görülə biləcəyini unutmamalıyıq”.
Onun
sözlərinə görə, Türkiyədə təxminən
30-a yaxın mərkəzi idarəsi olan, müxtəlif adlarda
fəaliyyət göstərən Azərbaycan diaspor
icmaları mövcuddur: “Ancaq koordinasiya şəklində fəaliyyət
göstərən “Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyası”dır. Sözügedən dərnəyin
Türkiyənin bir çox
böyük şəhərlərində
filialları “Azərbaycan Evi” adı
altında fəaliyyət göstərir. Ən qədim tarixə
sahib olan isə,
1949-cu ildə qurulmuş “Azərbaycan Kültür Dərnəyi”dir. Bu
dərnək Türkiyədə Azərbaycan mədəniyyətinin
tanıdılması istiqamətində çox
mühüm işlər görmüşdür.
Eyni zamanda, Sovet dövründə Türkiyədə fəaliyyət
göstərmiş yeganə dərnəkdir”.
V.Həsənli
də “Türkiyədə
diasporumuza ehtiyac yoxdur” fikrinə qarşı çıxaraq
burada türk xalqının bizim lobbiçiliyimizi etdiyini dedi:
“Lakin müasir dünyada ölkələrin siyasi və ictimai
düşüncəsinə bir çox subyekt ciddi təsir
göstərə bilir. Bu subyektlər o ölkədəki
müxtəlif təşkilatlar, siyasi partiyalar, media qrupları və
buna bənzər müxtəlif
orqanlardır. Əsas subyektlərdən olan
media ictimai
düşüncənin formalaşmasında əsas silah kimi hər kəs tərəfindən
qəbul edilir
“Bəzən Azərbaycan əleyhinə
güclü təbliğat aparıldığının
şahidi oluruq”
“Bu
çərçivədə media təbliğatda əvəzsiz
rol oynayır” deyən politoloq Türkiyədəki bəzi
media orqanlarının mütəmadi olaraq Azərbaycan əleyhinə
təbliğat apardıqlarından təəssüfləndiyini
vurğuladı: “Bu da istər-istəməz, oxucular
arasında Azərbaycana qarşı mənfi düşüncə
yaradır. Həmçinin Türkiyədəki mütəşəkkil
və oxumuş erməni
varlığını da işin
içinə əlavə etdikdə, bəzən Azərbaycan
əleyhinə güclü təbliğat
aparıldığının şahidi oluruq. Ona görə də,
“Türkiyədə diasporun fəaliyyətinə
ehtiyac yoxdur”
anlayışını tərk etməliyik. Əlbəttə
bunun yanında türk
xalqının dəstəyini itirməməli və o dəstəkdən maksimum
yararlanmalıyıq”.
Onun
fikrincə, Türkiyə kimi ölkədə ermənilər
əleyhimizə kampaniya apara bilirsə, diasporumuzun buradakı
fəaliyyəti ironiya yaradır: “Qısası, artıq qlobal
dünyada cılız və barmaq sayı qədər fəaliyyət
diasporda yetərli sayılmır. Bunun
üçün rəqibin gücü ölçülməli, ona qarşı önləmlər
alınmalı və iş o səviyyədə qurulmalıdır ki, qarşı tərəfdəkinin gördüyü iş
kölgədə qalmalıdır. Yoxsa, klassik işlər artıq uğur
gətirmir. Yeniliklər edilməli və səs gətirəcək
fəaliyyətlərə imza
atılmalıdır”.
Bir
çoxları kimi V. Həsənli də Türkiyədəki
soydaşlarımızın həmrəyliyinin qaneedici
olmadığını dedi: “Türkiyə azərbaycanlılarının
içindən güclü siyasətçilər,
yazıçılar və ictimai xadimlər çıxmışdır.
Onlar Türkiyə tarixində və
ictimai proseslərində müstəsna rol oynamışdır. Ancaq
buna baxmayaraq, öz aralarında əlaqə olduqca
zəifdir. Məsələn “Türkiyədəki Azərbaycanlıların
I Qurultayı”na dəvət olunan bir çox Azərbaycan dərnəkləri
qurultayda iştirak etməmişdir.
Bu həm aralarındakı lazımsız
rəqabətdən, həm də vahid məqsədlərinin
olmamasından irəli gəlir. Yəni bəzi fiziki şəxslər və ya
qruplar öz məqsədləri
üçün Azərbaycanla
bağlı dərnək açmış və
yarandığı gündən bugünədək Azərbaycanın
təbliğatı istiqamətində heç
bir ciddi addım
atmamışdır”.
Keçmiş
diplomatın sözlərinə görə, öncə bu kimi
dərnəklər ifşa olunmalı və ciddi iş aparan təşkilatlar
isə təşkilatlanmalıdır: “Yoxsa heç bir
uğur əldə edə bilməz, ermənilərin bizdən
daha güclü təbliğat aparması üçün
münbit şərait yaradarıq. Çünki hər məqsədyönsüz
və şəxsi mənafe üçün
görülmüş iş
türk insanında Azərbaycan
haqqında mənfi düşüncə formalaşdıracaq.
Bu da bizim
səhvimiz nəticəsində ermənilərin bizdən daha güclü iş aparmasına zəmin yaradacaq”.
O təklif
edir ki, əslində biz ABŞ-dakı yəhudi təşkilatçılığını
nümunə ala bilərik: “ABŞ-dakı yəhudilər
qüsursuz şəkildə təşkilatlanaraq məqsədyönlü
fəaliyyət həyata keçirmiş və düyanın ən
güclü dövlətinin dəstəyini
qazanmışdır. Hətta ABŞ, öz
çıxarlarına zərər gəlsə belə, İsrail əleyhinə heç
bir iş görmür. Çünki
yəhudi lobbisi dağınıq və əlaqəsiz
formada deyil, vahid mövqe istiqamətində
qruplaşmışdır. Bu nümunəni
bütün dəyərlərimizin eyni olduğu qardaş Türkiyədə gerçəkləşdirə
bilərik. Ancaq buradakı
soydaşlarımız öncə şəxsi mənafeləri
bir kənara ataraq, bir araya gəlməyi və
vahid məqsədlərinin nə olduğunu axtarıb tapmağı bilməlidirlər.
Daha sonra təşkilatlanaraq məqsədyönlü
fəaliyyət planı hazırlamalıdırlar. Əlbəttə
bunların qısa zaman ərzində mümkün olması inandırıcı
görsənməsə belə, artıq sözügedən məsələləri
həyata keçirməyin zamanı gəldiyini
düşünürəm. Yoxsa olduğumuz yerdə saymaqdan
başqa bir şey edə bilmərik”.
Hər iki ölkənin diaspor təşkilatları
mütəşəkkil və əzmkar şəkildə
fəaliyyət
göstərir
Müasir dövrdə Türkiyədə
də Azərbaycan dostluğunun fəaliyyətində xeyli
canlanma yaranır. Türkiyədə Azərbaycan
parkının salınması, Azərbaycan evlərinin və
təşkilatlarının sayının artması, İzmir şəhərində sabiq prezident Heydər
Əliyevin büstünün qoyulması,
Türkiyənin çeşidli TV
kanallarında Azərbaycana həsr olunan
proqramların sayının çoxalması və s. hadisələr və proseslər bu nəticəyə gəlməyə imkan verir. Bakı-Tiflis-Ceyhan
neft kəmərinin Türkiyədən
keçməsi,Bakı-Tiflis-Qars dəmir yolunun
çəkilişi,TransAnadolu qaz xətti
barədə ilkin anlaşmalar,
dövlətlərarası münasibətlərin inkişaf etməsi, Azərbaycan diasporunun mövqeyi qardaş ölkədə güclənməsinə
şərait yaradır.
Ayrıca “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” qəbul olunub. Hər iki ölkənin diaspor təşkilatları mütəşəkkil və əzmkar şəkildə fəaliyyət göstərir və bu birliyin Azərbaycan və Türkiyə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz rolu var. İnanırıq ki, soydaşlarımız Türkiyədə daha aktiv və siyasi gücə malik olan etnik diaspor olmaqla yanaşı, Azərbaycanın haqq səsi və ədalətli mövqeyini müdafiə etməklə Azərbaycanı layiqincə təmsil edəcəklər.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-13-14 dekabr.- S.5.