“Hər bir azərbaycanlının
bir Vətəni var-Azərbaycan”
Prezident İlham
Əliyev: Hazırda bütün ölkələrdə
diaspor təşkilatlarımız erməni
təbliğatına qarşı Azərbaycan
reallıqlarını ortaya qoyurlar
Azərbaycanın müstəqilliyinin ilk illəri digər sahələrdə olduğu kimi, diaspor sahəsində də acınacaqlı vəziyyətin olması ilə yadda qalıb. Həmin illərdə diasporun mütəşəkkil şəkildə fəaliyyətindən söhbət gedə bilməzdi. Daha çox dağınıq şəkildə, ayrı-ayrı soydaşlarımızın öz yaşadıqları ərazilərdə lokal fəaliyyətindən ibarət olan diasporumuzun birləşməsi, hədəflərin müəyyən edilməsi yenicə müstəqilliyinə qovuşan bir dövlət üçün vacib amillərdən idi, xüsusilə, erməni diasporunun dünya ictimaiyyətinə Azərbaycanın tarixi torpaqlarını işğal etdikdən sonra dezinformasiyalar yayması baxımından. Amma hələ 1993-cü ilə qədər gözləmək lazım idi. Həmin ilin iyun ayının 15-də hakimiyyətə gələn Heydər Əliyev isə 10 illik hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi, diaspor sahəsində də köklü şəkildə dönüş yaradaraq, inkişafa nail oldu.
Yeni dövrün
başlanması...
2003-cü ildə hakimiyyətə gələn
Prezident İlham Əliyevin siyasi iradəsi və fəaliyyəti
nəticəsində isə istər digər sahələrdə,
istərsə də diaspor sahəsində yeni dönəmin
başlanğıcı qoyuldu. Təsadüfi deyil ki, Prezident
İlham Əliyevin səyləri nəticəsində
Azərbaycan diasporu öz
gücünü artırdı, xaricdə
yaşayan soydaşlarımızın təşkilatlanması
prosesi sürətləndi. Dövlət
başçısı ilk illərdən başlayaraq səfər etdiyi
xarici ölkələrdə işgüzar görüşlərlə
yanaşı, həmin ölkələrdə fəaliyyət
göstərən diaspor nümayəndələri
ilə də görüşür.
Onların fəaliyyəti, problemləri ilə maraqlanır, dünya azərbaycanlılarının birləşməsi
istiqamətində yüksək nəticələrə nail olunan addımlar
atır. Hakimiyyətə gəldikdən cəmi
bir il sonra-2004-cü ilin oktyabrında Prezident İlham Əliyevin Ümumrusiya
Azərbaycan Konqresinin II Qurultayında
Rusiyanın keçmiş prezidenti
Vladimir Putinlə birgə iştirakı da diaspor quruculuğunun
Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu bir daha göstərdi.
Məlumat üçün
bildirək ki, həmin qurultayda
orada yaşayan həmvətənlərimizin
təşkilatlanması, onların tarixi Vətənlə
əlaqələrinin daha da
inkişaf etdirilməsi,
soydaşlarımızın Rusiyanın ictimai-siyasi
həyatında daha fəal iştirakı
məsələləri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.
Diaspor quruculuğu, təşkilatların daha da səmərəli işləməsi, vətəndən kənarda yaşayan soydaşlarımızla əlaqələrin yaradılması, onların problemlərinin həlli istiqamətində dövlət başçısı təkcə səfərləri zamanı deyil, Azərbaycana səfər edən müxtəlif xalqların diaspor təşkiatlarının rəhbərləri, o cümlədən başqa dövlətlərin rəsmi nümayəndələri ilə də görüşlərində bu məsələni prioritet olaraq daim önə çəkir. Aparılan məqsədyönlü işlər nəticəsində təkcə 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə və ABŞ-da 40-a yaxın yeni azərbaycanlı icmaları yaradıldı. Yeni icma və birliklərin təsis edilməsi isə Azərbaycanın çağdaş diaspor quruculuğu işinin yeni mərhələsi idi. Diaspor fəaliyyətinin inkişafı üçün dövlət başçısının imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar öz bəhrəsini verdi.
Dünya azərbaycanlılarını bir arada birləşdirmək, onların tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı tarixi rol oynadı. Belə qurultayların keçirilməsinin vacibliyini daim diqqətə çatdıran Prezident İlham Əliyev “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli sərəncamla bu işi davam etdirdi. Sərəncamın məqsədi isə xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək idi. Sərəncamda bildirilir ki, respublikamız xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Diaspor quruculuğu konkret bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə malik, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğu üçün qazanılan nailiyyətləri və qarşıda duran vəzifələri daim diqqətdə saxlamaq və müzakirə etmək zəruridir. Qurultayda iştirak etmək üçünsə Türkiyə, Almaniya, İsveçrə, Litva, Latviya, Estoniya, Bolqarıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən iki yüzə yaxın nümayəndə doğma Vətənə gəldi. Bu isə, bir daha dünyaya Azərbaycanın həmrəyliyini, hər bir azərbaycanlının tarixi Vətəninin Azərbaycan olduğunu nümayiş etdirdi.
“Hər
bir azərbaycanlının bir Vətəni var-Azərbaycan”
Prezident İlham Əliyevin
qurultaydakı çıxışında da diaspor fəaliyyətinə
verdiyi dəyər bir daha özünü göstərdi. Dövlət
başçısı çıxışında bildirib ki, Azərbaycan
dövlətinin möhkəm olması dünyada
yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir.
Qeyd edilib ki, Azərbaycanın potensialının
artmasında, dünyada mövqelərinin
güclənməsində diasporun çox böyük rolu var: “Mən
istəyirəm ki, Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan
həqiqətlərinin dünya birliyinə
çatdırılmasında, azərbaycanlıların
yaşadıqları ölkələrin ictimai-siyasi
həyatında fəal iştirakında bu
rol daha da güclü olsun. Mən çox
istəyirəm ki, azərbaycanlılar
yaşadıqları bütün ölkələrin
siyasi həyatında daha
fəal rol oynasınlar. Siyasi
partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi
möhkəmləndirir. Bizim diasporumuz həm siyasi, həm
də iqtisadi proseslərdə fəal iştirak etməklə, Azərbaycanın
mövqelərini daha da
möhkəmləndirəcək ki, gücümüz daha da artsın. Bizim gücümüz sizin fəaliyyətinizdir.
Sizin gücünüzsə, Azərbaycan
dövlətinin güclü
olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin mövqeləriniz də bir
o qədər güclü
olacaqdır. Azərbaycanlıların yığcam
yaşadıqları, yaxud da
çox böyük sayda yaşadıqları ölkələrin
dövlət, hökumət başçıları ilə mənim
bu barədə çox
geniş söhbətlərim olubdur. Elə bir görüş olmayıbdır ki, biz bu
məsələyə toxunmayaq. Elə bir tədbir olmayıb ki,
mən bu mövzunu
dilə gətirməyim. Hər dəfə bunu
edirəm və edəcəyəm. Çünki
bu, bizim
xalqımızın nüfuzunu möhkəmləndirir”.
Azərbaycan xalqının
böyük xalq olduğunu diqqətə çatdıran
dövlət başçısı bildirib ki, hər bir azərbaycanlının
bir Vətəni var-Azərbaycan: “Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim
hamımızın bir Vətəni var- Azərbaycan.
Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək,
zənginləşdirək, qüdrətli dövlətə
çevirək.
Mən
əminəm ki, artıq mövcud olan gözəl meyillər
bu qurultaydan sonra daha da güclənəcəkdir. Azərbaycanlılar
daha da möhkəm təşkilatlanacaq, yaşadıqları
ölkələrdə daha da möhkəm mövqelərə
sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq
Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə
nail olacaqlar” (diaspora.gov.az).
Qısa
zamanda diaspor təşkilatlarının sayı 336-dan 416-a
çatdırıldı
Prezident İlham Əliyevin diaspor sahəsində
ən mühüm addımlarından biri də 2008-ci il 19
noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin əsasında Diasporla İş üzrə
Dövlət Komitəsinin yaradılması oldu. Belə bir komitənin yaradılması labüd idi. Çünki müasir
dövrdə dövlətlərin beynəlxalq münasibətlərində
diaspor fəaliyyəti mühüm
amillərdəndir. Məhz buna
görə də DİDK-nin
yaradılması digər xalqların diaspor
qurumları və müxtəlif ölkələrin bu fəaliyyət üzrə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın
qurulması imkanlarını genişləndirməkdə əsas
prinsipləri yerinə yetirir.
Dövlət başçısının II Qurultayın keçirilməsindən sonra diaspor quruculuğu istiqamətində səylərin artırılması üçün gördüyü işlərin nəticəsi olaraq, bu gün xaricdə yaşayan azərbaycanlılar ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni həyatına daha sıx inteqrasiya edir, xarici ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, siyasi partiya və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrini genişləndirərək, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə real təsir imkanlarına yiyələniblər, o cümlədən digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri yaradıblar. Diaspor təşkilatlarının sayı isə 336-dan 416-a çatdırılıb. Bu isə qısa zaman kəsiyində xarici dövlətlərdə 80 təşkilatın yaradılması deməkdir. Təbii ki, bu uğurların arxasında da Azərbaycan dövləti və birbaşa olaraq bu istiqamətdə hədəflər müəyyənləşdirərək, bu hədəflərə doğru ardıcıl addımlar atan Prezident İlham Əliyevin xidmətləri durur.
Diaspor
təşkilatlarımız keyfiyyət baxımından
güclənir
Dünya Azərbaycanlılarının
II Qurultayından sonra, onlara Azərbaycan dövlətinin dayaq
olduğunu bir daha anlayan soydaşlarımız daha əzmlə
mübarizəyə başladılar. Bu ilin iyul ayının 5-də Bakıda reallaşan Dünya Azərbaycanlılarının
III Qurultayı isə dövlət
başçısının diaspor fəaliyyətinə
verdiyi önəmi bir
daha göstərir. Əvvəlki illərə
nisbətən diaspor nümayəndələri
bu dəfə doğma
Vətənə görülən işlər,
qazanılan uğurlarla birlikdə gəlmişdilər.
Dövlət başçısı III Qurultayda çıxışı zamanı da qazanılan uğurları qeyd edərək, artıq Azərbaycan diasporunun formalaşdığını vurğulayıb: “Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülüb, təşkilatların sayı artıb. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir. Mən çox şadam ki, bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıbdır. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması, əlbəttə ki, onların fəaliyyətini daha da gücləndirir. Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində iştirak etsin, öz dəstəyini versin, öz köməyini göstərsin və eyni zamanda, diaspor təşkilatları tərəfindən də lazım olanda kömək görsün. Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir”. Dövlət başçısı qeyd edib ki, diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Onun sözlərinə görə, hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyur.
Xarici ölkələrdə
Azərbaycan evləri yaradılıb
Prezident İlham Əliyevin diaspor sahəsində gördüyü işlərin nəticəsidir ki, qısa zaman kəsiyində Azərbaycan diasporu çoxlarının yüz illərlə qazana bilmədiklərini əldə edib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində təşəbbüslərin və praktik addımların sayı artırılır. Yeri gəlmişkən deyək ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”ndan irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində daha fəal iş aparılıb, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyəti təkmilləşdirilib və təşkilati və əlaqələndirmə funksiyalarının səmərəli həyata keçirilməsi məqsədi ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcra Katibliyi təsis edilib. Eyni zamanda, lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin daha effektiv təbliğ edilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına da başlanıb. Dövlət başçısı qurultaydakı çıxışında da bu məsələlərə toxunaraq bildirib ki, aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətindədir: “Orada həm Azərbaycan mədəniyyət evlərinin fəaliyyəti təşkil edilməlidir, eyni zamanda, Azərbaycan ticarət evləri də yaradılmalıdır. Göstəriş verilmişdir ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılmalıdır. Orada Azərbaycan məhsulları təqdim edilməlidir, satılmalıdır, digər təbliğat xarakterli materiallar yayılmalıdır. Yəni, bu, bizim planlarımızda var və bu ildən başlayaraq artıq bu proses icra edilməyə başlanmışdır”.
A. CƏLALOĞLU
Paritet.-2011.-15-16 dekabr.- S.4.