Ticarət-iaşə obyektlərində nağd əməliyyatların minimuma endirilməsi üçün təkliflər hazırlanır

 

İlham Əliyev: “Hər bir ticarət obyektində ödəmələr kredit kartı ilə aparılmalıdır”

 

 Bank sektoru öz inkişaf tempini getdikcə artırsa da, bəzi problemlər hələ də qalır. Bu problemlərdən biri də kredit kartlarından istifadənin istənilən səviyyədə olmamasıdır. Nağd şəkildə ödəmələrin üstünlük təşkil etməsi kartların dövriliyinin qarşısını alır. Kredit kartından zəif istifadə halları vergilərdən yayınmalara da səbəb olur. Prezident İlham Əliyev  yanvarın 14-də ötən ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə bu problemə toxunaraq bildirdi ki, ölkədə vergidən yayınanların sayı hələ də kifayət qədərdir: “Çalışmalıyıq ki, ticarət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minuma endirilsin. Hər bir məntəqədə, ticarət obyektlərində ödəmələr kredit kartları ilə aparılmalıdır. Belə olan halda vergilər bazası səy göstərmədən, avtomatik olaraq genişlənəcək”.

Vergidən yayınma hallarının təkcə ötənilki göstəricilərinə baxsaq, problemin kifayət qədər olduğunu görərik. Vergilər Nazirliyinin verdiyi məlumata görə, ötən il 1492 vergi ödəyicisində qanunvericiliyin pozulması halları aşkarlanıb, bunun da 1003-ü nağd hesablaşmaların aparılması zamanı baş verib. Kredit kartlarından istifadənin azlığı vergidən yayınmaq istəyənlərə də imkanlar yaradır. Çünki bu kartlardan istifadədə  tutulan vergi elektron hesablaşmalar zamanı tutulduğu üçün qanun pozuntularının qarşısı asanlıqla alınır. Eyni zamanda kredit kartından istifadənin digər üstünlükləri də var. Belə ki, bu kartlar insanlara hesablaşma zamanı nağd kredit imkanı yaradır. Həmçinin ödəmə zamanı çeklərə nisbətən daha qarantlıdır.

 Azərbaycanda kredit kartlarından istifadə istənilən inkişaf səviyyəsinə çatmasa da, bu ümumiyyətlə belə kartların olmaması demək deyil. Bu kartların bir yox, bir neçə növü mövcuddur. Ümumilikdə isə banklar istifadəçilərə üç növ kart təqdim edir. Kredit kartları, ödəmə kartlar, debet kartlar. Ölkədə geniş yayılmış daha bir kart isə plastik kartlardır. Onun da bir neçə növü var. Plastik kartların Azərbaycanda ən çox yayılmış növü “Visa”-dır. Bunlar da qiymətlərinə görə bir neçə cür olur. Belə ki, “Visa Elektron”un qiyməti 10 AZN, “Visa Klassik”  50 AZN, ”Visa Gold”” 100 AZN, “Visa Platin” isə 150 AZN-dir. Bu xidmətlərin işlənmə yeri və statusuna görə qiymətləri də fərqlidir. Bu kartlardan istifadə etmək istəyən şəxsiyyət vəsiqəsini banklara təqdim edərək onları  əldə edə bilər. Qiymətlər banklara görə də dəyişir. Bunlar debet kartlar da sayılır.

Debet (elektron) kartlar bankomat və ya ABB-nin filiallarının kassalarında yerləşən  POS- terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilir. Kartlar debet rejimində işləyir, yəni ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanı verilir. Azərbaycanda və dünyanın bir çox ölkələrində debet kartları alınan məhsul və xidmətlərin haqqının ödənilməsi üçün də istifadə edilir.

Plastik kartlar isə  PİN kodla qorunduğu üçün rahat və təhlükəsizdir. Eyni zamanda bu kartlardan dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması mümkündür. İnternet vasitəsilə sifarişlərin ödənməsini və bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz rəsmiləşdirmək olar.

Bu kartların kredit kartlardan fərqi onlardan yalnız alış-veriş və internet üzərindən istənilən ödənişlərdə istifadə edilməsidir. Lakin bu istifadələr zamanı internet üzərindən ödənişlərə görə 3 AZN, alış-verişlərə görə isə 1, 1,5, 2 faizə qədər tutulur. Azərbaycanda bu kartlardan daha çox internet üzərindən sifarişlər və ödəmələr üçün istifadə olunur. Alış veriş üçün sərfəli hesab olunmadığı üçün istifadəsi məhduddur.

Plastik kartdan fərqli olaraq kredit kartında müştəri üçün ayrılmış müəyyən müddət ərzində nəzərədə tutulan kredit pul var. Bu kart aldıqlarının 25%-nin ödənməsini, geri qalan vəsaitin isə kredit olaraq ödəmə imkanını təmin edir. Kredit kartların digər növü revolver kredit kartlarıdır. Belə kartlarla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir. Debet kartlarından fərqli olaraq kredit kartları öz sahibinə daha çox sərbəstlik verir. Lazım olduqda kart sahibi hesabında olduğu məbləğdən daha çox vəsait xərcləyə bilər, lakin yalnız bank tərəfindən təyin olunmuş kredit limiti çərçivəsində. Kredit kartları bankomat və ya Azərbaycan Beynəlxalq Bankının filiallarının kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün də istifadə edilə bilər. Bundan əlavə, onlar bütün dünyada məhsul və xidmətlərin haqqının ödənilməsi üçün qəbul edilirlər. Kredit kartları öz sahibinin maliyyə cəhətdən sabitliyini göstərir. “Visa Gold”, “MasterCard Gold”, “Visa Platinum” və “MasterCard Platinum” kimi elit kartların sahibləri isə əlavə  imtiyaz və güzəştlər alırlar. Kredit kartları həmçinin internet şəbəkəsində də ödəniş üçün qəbul edilir. Hər bir kartın üzərində isə universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədə olma müddətinin bitəcəyi tarix, habelə üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2/CVC2  kodu var.

 Kartların  bu üstünlüklərinə baxmayaraq insanlar arasında məhdud istifadə olunur. Bunu səbəblərini öyrənmək üçün internet sorğu apardıq. Əksəriyyət bu kartlardan istifadə etməməsinin səbəbini Azərbaycanda bank sektorunun kifayət qədər inkişaf etməməsi ilə bağlayır. Lakin sorğuda iştirak edən insanlar arasında  kredit kartlarının istfadəçilərinə də rast gəldik. Səyyad adlı birisi plastik kartı həyatının bir hissəsi hesab edir:” Bir çox mağazalarda POS Terminal xidmətindən asanlıqla istifadə edirəm. Hətta bu kartdan istifadə etdiyim üçün bəzi mağazalar 20-30 faiz endirim də edirlər.”  Bəzi istifadəçilər isə kartın üstün cəhəti kimi üzərində nağd pulun gəzdirilməməsi olduğunu vurğulayırlar.

Azad İqtisadiyyat Mərkəzinin rəhbəri Zöhrab İsmayıl hesab edir ki, kredit kartlardan istifadənin məhdudluğuna səbəb POS terminalların azlığı, əksər mağazalarda bu terminalların quraşdırılmamasıdır: ”Bir çox iaşə obyektlərində çeklərin vurulmaması və ya hamısının vurulmaması da insanlar arasında inamsızlıq yaradır. Eyni zamanda kölgə iqtisadiyyatının mövcudluğu, bank sektorunun tələblərə cavab verməməsi də bu kartların kütləviliyinə təsir edir. Sovet dövründə banklara qoyulan əmanətlərin ləğv olunması insanlar arasında inamsızlıq yaradıb. İnsanlar pullarını daha çox nağd formada saxlamağa üstünlük verir. Digər səbəbsə əmək haqqından başqa qeyri-rəsmi pulların alınmasıdır. Bura xüsusi ilə qrantlar aiddir.” Ekspert bunun həllini insanların maarifləndirilməsində görür.

Ümumiyyətlə, ödənişlərin nağdsız şəkildə ödənilməsində maraqlı olan dövlətin özü də kart sisteminə keçməyi üstün tutur.  Vergilər nazirinin müavini Natiq Əmirov nağdsız ödənişlərin stimullaşdırılması üzrə işlər görüldüyünü deyir: “Ötən ildə nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS (elektron məsafədən ötürmə qurğuları) vasitəsi ilə vergi orqanlarının məlumat bazasının ötürülməsinə başlanılıb. Ticarət və xidmət obyektlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədi ilə 8800 POS terminal quraşdırılıb. Lakin plastik kartlardan istifadə hələ də kifayət qədər deyil. Bununla bağlı nazirlik önəmli təkliflər hazırlayır.”

Nazir müavini POS terminallardan istifadə edən sahibkarlara güzəştlər ediləcəyini bildirdi. Belə ki, satışın təşkil edilməsində POS terminallardan istifadə edən sahibkarlar digərlərinə nisbətən daha az vergi ödəyəcək: “Prezident İlham Əliyev  2011-ci ildə vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması və nağd hesablaşmaların xüsusi çəkisinin minimuma endirilməsi ilə bağlı ciddi tapşırıqlar verib. Həmin tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanır aidiyyəti dövlət orqanları ilə razılaşdıqdan sonra ölkə rəhbərinə təqdim ediləcək”.  Bu ildən etibarən nazirlik vergi, rüsum, icarə haqqı və digər ödənişlərin bankdankənar nağd qaydada ödənilməsi hallarının aradan qaldırılması, inkişaf etmiş ölkələrdə olduğu kimi, ticarət, iaşə və xidmət sahələrində ödənişlərin əsasən plastik kartlarla aparılması üçün ciddi tədbirlərin həyata keçirilməsi planlaşdırır.

Tədbirlər Planında bu ilin yanvar-fevral ayında Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi, Vergi auditi baş idarəsi, Operativ nəzarət idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və Hüquqi təminat idarəsi tərəfindən ticarət, məişət, iaşə və digər obyektlərdə nağd əməliyyatların minimuma endirilməsi və POS-terminallardan plastik kartlar vasitəsilə əməliyyatların aparılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması göstərilir.

Həmçinin bu il ərzində Nazirliyin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi tərəfindən əmlak və torpaq vergilərinin hesablanması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən alınmış informasiya mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, eyni zamanda Kommersiya-hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi və Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi tərəfindən Vergitutma bazasının genişləndirilməsi məqsədilə kameral vergi yoxlamaları üzrə nəzarətin gücləndirilməsi və əlavə hesablanmış vəsaitlərin dövlət büdcəsinə daxil olmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələbi qeyd olunur(APA).

Planda cari il ərzində Analitik-informasiya şöbəsi tərəfindən nağdsız ödənişlərin, o cümlədən POS-terminallardan plastik kartlar vasitəsilə əməliyyatların aparılmasının zəruriliyi və əhəmiyyəti barədə KİV-də maarifləndirici məlumatların yayımlanması və çıxışların təşkil edilməsi öhdəliyi göstərilir.

 

 

 A. NƏRIMANLI

 

Paritet.- 2011.- 1-2 fevral.- S. 12.