Xalçada Yeni Nəfəs

 

Sərgidə 28 ədəd xalça eskizi nümayiş etdirilib

 

Sözügedən muzeydən qəzetimizə verilən məlumata görə tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru Röya Tağıyeva  keçirilən sərginin məqsədindən danışaraq bildirib ki,  bu cür sərgini keçirməkdə məqsədləri mədəniyyətlərarası dialoqda xalçanın rolunu qədim ənənələrə malik Azərbaycan xalça sənətinə gənclərin münasibətini nümayiş etdirməkdir: ”Müasir gənclərimiz xalqımızın qədim zəngin  sənət növlərindən olan xalçaçılıq sənətini qorumaqla yanaşı ona yeni-yeni nəfəslər veriblər. Bu da xalça sənətinin bir daha  bitib tükənməyən zənginliyindən xəbər verir. Hər dəfə ona müraciət edildikdə  yeni məqamlar ortaya  çıxır. Burada keçmişlə müasirliyin harmoniyası parlaq şəkildə öz əksini tapır. Bugünkü sərgidə nümayiş olunan  eskizlərdə  dünyanın  ən müqəddəs varlığı olan ananın övladına məhəbbəti, həmçinin  insanların gündəlik  ritmik həyatlarının müxtəlif çalarları  təsvir edilmişdir. Rəssamlar, eyni zamanda, öz əsərlərində qədim adət-ənənələrimizi, qədim əyləncə növü olan xoruz döyüşlərində əks etdirmişlər. Xoruzlar döyüşkən olduğu üçün mübarizlik simvolu hesab edilir. Çünkü insanlar həyatda öz amalları uğrunda mübarizə aparırlar”.

Gənclərin əsərlərinin bir qismində  insanların zaman-zaman düşdükləri hisləri rəng çalarları vasitəsilə ilə fəsillərə oxşadıblar deyən Rəssamlar İttifaqının sədr müavini  Ağəli İbrahimov isə  bildirib ki,  gənclər yaz fəslinin gəlişi ilə əlaqədar təbiətin canlandığı kimi, onların qəlblərində  yeni-yeni arzular doğulduğundan əldə etdikləri xoşbəxtliyin istiliyini bütün varlığı ilə duymaqla yanaşı  ətrafındakılara da  bu xoşbəxtliyin  enerjisini yayırlar: ”Bəzi xalçalarda isə rəssamların solğun boyalarında insan övladının  heç gözləmədiyi  bir anda başına gələn hadisənin təsirindən payızın saralan yarpaqları kimi ümidini itirmiş tənhalığa çəkilərək ətrafdakılarına qarşı olan soyuq münasibətini  görmək olar . Xalılarda istifadə edilən hər rəngin bir mənası var”.

Tədbirdə çıxış edən digər sənət adamları da belə sərgilərin keçirilməsini yüksək qiymətləndirərək bildiriblər ki, gənc nəslin  xalça sənətinə maraq göstərməsi çox təqdirəlayiq bir haldır.

Məlumat üçün bildirək ki, sərgidə  Azərbaycan Dövlət  Rəssamlıq Akademiyasının III- kurs  tələbələri olan Yuliya ƏləkbərovanınGünəşin doğması” (2008-ci il), “Analiq” (2009-cu il), “Günəş” (2009-cu il), “Cənnət bağı” (2010-cu il), Leyla VazehininBaharın müjdəsi” “2009-cu il), “Xəzanın səsi” (2010-cu il), “Yeni nəfəslər” (2010-cu il), “Şirin gecə” (2010-cu il), Ayturan  İbrahimovanınKilim” (2008-ci il), “Gənclik nəğməsi” (2009-cu il), “Ellərin bayramı” (2009-cu il), “ü sevgi” (2010-cu il), s.  adlı 28 ədəd xalça eskizləri nümayiş etdilib.

 

 

Günay

 

Paritet.- 2011.- 3-4 fevral.- S. 16.