Səbail rayonu ötən ilin hesabatını verdi

 

Səbail rayonunda 1396 daimi iş yeri açılıb

 

Fevralın 1-də Səbail rayonunda 2010-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2010-cu il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.

 Qeyd olunub ki, 2010-cu ildə Səbail rayonunda  nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib,  ilin yekunlarına görə   sənaye müəssisələri üzrə   20172,3 milyon  manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 23,3 % çox məhsul istehsal edilib, 476,8 milyon manatlıq nəqliyyat xidməti göstərilib. İl ərzində rayonda 1396 daimi iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2011-ci ilin yanvar ayının 1-dək  33184 iş yeri açılıb ki, bunlardan 32316-ı  daimidir.

2010-cu ildə Səbail rayonunda yeni inşa olunmuş “Dalğa Plaza” İş,  Bakı Biznes,  “Park Bulvar” ticarət və istirahət mərkəzləri, Bayıl yaşayış sahəsində Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi, Neftçilər prospekti 135 ünvanda inşa olunmuş piyada keçidi, əsaslı təmir-yenidənqurma işləri aparılmış Respublika Kliniki Uroloji xəstəxanası,   “Respublika” mehmanxanası, “Fəvvarələr meydanı”,  “Xaqani” bağı,   Nizami küçəsi,   132-134 saylı Təhsil Kompleksi  açılıb. Eləcə də “Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarının arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması  layihəsi   əsasında Bibiheybət qəsəbəsi yaxınlığından keçən yeni yol istifadəyə verilib.

 

Səbailin içməli su təminatı yaxşılaşacaq

 

Prezident  İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən  Azərbaycanın ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə bağlı rayonun Badamdar qəsəbəsi, Bayıl və 20-ci yaşayış sahələrində yaşayanların içməli su ilə təminatı daha da yaxşılaşacaq. Bundan ötrü keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində “Azərsu” SC tərəfindən  artıq 2 ədəd su anbarı istifadəyə verilib.

Badamdar qəsəbəsində 1966-cı ildə inşa olunmuş  236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən 2010-cu  ilin may ayında  başlanmış əsaslı təmir və yenidənqurulma işləri bitdikdən  sonra sentyabr ayının 7-də  açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edərək,  təmir işlərindən çox razı qalıb.

2010-cu ilin may ayında rayonda Səbail rayon Polis İdarəsinin yeni binası istifadəyə verilib, ilin sonunda Badamdarda Bakı Elektrik şəbəkənin “Badamdar yarımstansiyası”nın və Səbail rayon Enerji təchizatı və satışı idarəsinin yeni inzibati binasının tikintisi  başa çatıb. Sosial obyektlərin tikintisi və təmiri istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən böyük işlər həyata keçirilib. Belə ki, 23 min üzvü olan YAP-ın   Səbail rayon təşkilatı üçün yeni bina inşa olunub, bura bütün lazımi avadanlıqlarla təchiz olunub.

 

Vətəndaş təklif edir

 

Rayon İcra Hakimiyyətinin qəsəbələrdə keçirdiyi açıq qəbullar zamanı sakinlərin səsləndirdiyi müraciətlər nəzərə alınaraq Badamdarın Neftçilər küçəsində 2 istirahət bağı, xeyir-şər mərasimləri və digər tədbirlər keçirilməsi üçün, ümumi sahəsi 525 kv. metr olan 200-250 nəfərlik zalı olan müasir dizaynlı  bina istifadəyə verilib. Bibiheybət qəsəbəsində bankomat və əsas yolda işıqfor quraşdırılıb, xeyir-şər yeri təmir olunaraq bura su çəni qoyulub, qəsəbədəki 50 saylı orta məktəbin istilik sistemi təmir olunub.

 II Dünya müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş işlər çərçivəsində  RİH tərəfindən hazırlanmış layihə sənədləri əsasında Bibiheybət qəsəbəsində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsinin əsaslı təmir-yenidənqurulması aparılıb, may ayının 7-də Bakının cənub-qərb istiqamətində əsas çıxış yolunun kənarında yeni abidə kompleksi  açılıb.

 RİH tərəfindən hazırlanmış “Abad həyət” layihəsi əsasında  Badamdarda il ərzində  8 həyətdə əsaslı təmir-abadlıq işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Tofiq Məmmədov küçəsi 9, 14, 18, 22 və 21/7,  11-ci Badamdar küçəsi 40, Badamdar yolu küçəsi 107/109 ünvanlarda yerləşən həyətlərdə mini futbol və voleybol meydançaları, söhbətgahlar, oturacaqlar,  uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılıb, yeni skamyalar qoyulub, blok qapıları dəyişdirilib, binaların giriş hissəsi və pilləkənlər təmir olunub. Həmçinin RİH tərəfindən qəsəbədə yeni idman kompleksinin tikintisi   ümummilli lider Heydər Əliyevin əzəmətli büstünün ucaldılacağı Heydər Əliyev parkının əsaslı yenidənqurulması üçün layihələndirmə və hazırlıq işləri aparılır.

Rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında da müsbət dəyişikliklər baş verib. Bunun nəticəsidir ki, il ərzində əhali abonentlərə satılmış təbii qazın dəyərinin 96,1 %-nin ödənişi təmin olumub, keçən   il  istehlak olunan enerji sərfiyyatına görə   əhali sektorunda yığım 100 % olub. İstehlak olunmuş elektrik enerjisinin haqqının yığılması üzrə ilin yekununa görə rayon enerji təchizatı və satışı idarəsi Bakı şəhəri üzrə birinci yeri tutur.

 

37.500 minə yaxın ağac əkilib

 

Ölkə başçısı tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi  ilə ekoloji problemlərin həllinə olan diqqəti daha da artırıb, keçən il ərzində keçirilən iməcliklərdə minlərlə insan iştirak edib və artıq rayonda 37.500 minə yaxın ağac əkilərək, əvvəl əkilmiş minlərlə ağaclara  qulluq göstərilib.

Qeyd olunub ki, 2009-2010-cu tədris ilində rayonun orta məktəblərini 1592 nəfər bitirib, abituriyentlərin 861 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 162 nəfəri 500-dən yuxarı, 43 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamış,  2 nəfər Prezident təqaüdünə layiq görülüb.

Prezidentin sərəncamı ilə keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublika  müsabiqəsində keçən il Səbail rayonunun  7 və 236 saylı orta məktəbləri, 49 saylı  “İntellekt” məktəb-liseyi qaliblər sırasında olub. Sevindirici haldır ki, Prezidentin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş 100 müəllimdən 13-ü Səbail rayonunun məktəblərində çalışır.

RİH tərəfindən bir sıra tədbirlər də təşkil edilib. Bu tədbirlərdən   Qızıl Aypara Cəmiyyətinin 90 illiyi, dahi rus şairi  Puşkinin anadan olmasının 211-ci ildönümü,  AFFA, Təhsil Nazirliyi və Səbail RİHin birgə təşkilatçılığı ilə keçirilmiş “Məktəbli kuboku”nu, Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Bakı, Zaqatala, Bərdə şəhərlərindəki hərbi hissələrindəki görüşləri, Quba şəhərində hərbi-vətənpərvərlik təmayüllü  “Şahinlər” yay istirahət düşərgəsinin yaradılmasını, rayonun hamilik etdiyi cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin şəxsi heyəti ilə ənənəvi Novruz və Silahlı Qüvvələr günündəki  görüşləri,  Milli Mətbuatın 135 illiyinə həsr olunmuş tədbiri qeyd etmək olar.

Səbail rayonunda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə var. 2010-cu ildə tarixi abidələrin bərpa və konservasiyasına uyğun olaraq İçərişəhərdə yerləşən XI əsr abidəsi olan “Həzrət Məhəmməd” məscidində Avstriyanın “Remmers” şirkəti tərəfindən bərpa və konservasiyası işləri aparılıb və dekabrın 24-də istifadəyə verilib.

Ötən il dekabr ayının sonunda  internetdə 2010-cu ilin yekunları ilə bağlı bir neçə istiqamət üzrə keçirilən rəy sorğusunun yekunlarına görə  9 nominasiya üzrə qaliblər arasında “İlin Rayon İcra Hakimiyyəti” nominasiyası üzrə qalib Səbail rayon İcra Hakimiyyəti   elan olunub.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunub, eləcə də  bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2010-cu ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 10 nəfər orta məktəb şagirdinə RİH tərəfindən qiymətli hədiyyələr təqdim olunub. 

 

 

MURAD

 

Paritet.- 2011.- 3-4 fevral.- S. 10.